Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-6836/2025 11.02.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ İddiaçı (Qanuni nümayəndə) Cavabdeh qarşı əmlak tələbinə dair mülki iş üzrə (açar sözlər: əmlakın qaytarılması) Hakim Əsədzadə Aytəkin Aqil oğlunun sədrliyi, Əhmədzadə Ülkər Təbriz qızının katibliyi ilə, İddiaçı (Qanuni nümayəndə) Cavabdeh qarşı əmlak tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. 3 saylı Bakı “ASAN Xidmət” X4 tərəfindən verilən doğum haqqında şəhadətnaməyə əsasən X5 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində doğulmuş, anası Qanuni nümayəndə, atası Cavabdehdur.
2. X1 məxsus hesabdan çıxarışdan görünür ki, xx.xx.2024-cü il tarixdə “Purchase AzerGold” təyinatı üzrə 810 manat məbləğdə vəsait balansdan silinmişdir.
3. xx.xx.2024-cü il tarixli, **********6 nömrəli qəbzdən görünür ki, “AzərGold aksesuar” üçün 810 manat ödənilmişdir.
4. Qanuni nümayəndə və Atakişiyev Cənnət tərəfindən təsdiq edilmiş xx.xx.2025-ci il tarixli aktdan görünür ki, xx.xx.2025-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti, 31/68, “MAİN” yaşayış kompleksində bina 53, 63 nömrəli mənzildən Qanuni nümayəndə özünə məxsus əşyaları göstərilən mənzildın götürərək çıxartdı. Mebel əşyalarını isə başqa tarixdə götürəcəyini bildirdi. “Mebel əşyalarını xx.xx.2025-ci il tarixdə götürəcəm. İmza: X6.”
5. Kazımov Seyran və Atakişiyev Cənnət tərəfindən təstiq edilən aktdan görünür ki, xx.xx.2025-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti, 31/68, “MAİN” yaşayış kompleksində bina 53, 63 nömrəli mənzildən Qanuni nümayəndə özünə məxsus cehiz əşyalarını, mebellərini götürərək mənzildən aparmışdır.
İddia tələbinin və ona etirazın dəlilləri, məhkəmə icraat iştirakçılarının izahatları
a) iddia tələbi
6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə müraciət edərək, oğlu xx.xx.2023-cü il təvəllüdlü X3 babası tərəfindən bağışlanmış 1 ədəd qızıl beşlik pulun qaytarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması və ödənilmiş dövlət rüsumunun əvəzi 30 manat məbləğdə pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddianın əsaslarına görə, xx.xx.2023-cü il təvəllüdlü X2 1 yaşı ilə əlaqədar babası xx.xx.2025-ci il tarixdə “AzərGold”dan 810 manata qızıl beşlik alaraq nəvəsinə hədiyyə etmişdir. Cavabdehə qaytarılması barədə müraciət olunsa da, qaytarmır.
b) iddiaya qarşı etiraz
8. Cavabdeh iddiaya qarşı etirazla məhkəməyə müraciət edərək iddianın təmin olunmamasını xahiş etmişdir.
9. Etirazın əsaslarına görə, tələbdən görünür ki, yetkinlik yaşına çatmayan övladının mənafeyinin müdafiəsi üçün iddia qaldıran keçmiş həyat yoldaşı Qanuni nümayəndə övladına babası tərəfindən bağışlanmış 1 ədəd 5-lik pulun qaytarılmasını tələb edir, lakin həmin əşyanın onda qalması ilə bağlı sübut təqdim etməyib, edə də bilməz, çünki onda ona və uşağına məxsus olan əmlak yoxdur. Cavabdehin yaşadığı mənzildə heç bir əşyası qalmamışdır. O özünə məxsus və eyni zamanda övladına məxsus əşyaların hamısını aparmışdır. O bu prosesə 3 ay müddətində hazırlaşırdı. Mütəmadi olaraq ata evinə qayıdacağını ona bildirirdi. O ilk dəfə xx.xx.2025-ci il tarixdə evdən gedəndə özünə və uşağa məxsus əşyaları (öz geyim əşyalarını, uşaq paltarlarını, çanta, aksesuarları, qızıl və zinət əşyalarını, kosmetik məhsulları) aparmışdır, bundan sonra xx.xx.2025-ci il tarixində onun xahişi ilə evdə qalan əşyaları (üst geyimləri, ayaqqabıları, çanta, uşaq oyuncaqları) onun yaşadığı evə çatdırılmışdır və bundan sonra yaşadığımız mənzildə qalan cehiz əşyalarını iki dəfəyə xx.xx.2025 və xx.xx.2025-ci il tarixlərdə aparmışdır. O evlilik müddətində Qanuni nümayəndə nikahdan əvvəl bankdan götürdüyü kredit borcunu nikah müddətində xx.xx.2023-cü il tarixdə 4119 manat bir dəfəyə ödəməklə bağlamış, əvvəl isə xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək aylıq kredit borcunu ödəmiş, bundan əlavə onun bir illiyi 1500 manat təşkil edən təhsil haqqını ödəmiş, ona 1740 manat dəyərində mobil telefon almışdır. Ona qarşı irəli sürülən tələb əsassızdır və təmin edilməməlidir.
c) məhkəmə icraat iştirakçılarının izahatları
10. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş iddiaçı məhkəmə iclasına gəlməmişdir.
11. Cavabdehin vəkili və nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək iddianın təmin olunmamasını xahiş etmişdir.
Tətbiq edilən hüquq
12. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər; Maddə 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur.
13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 119. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
Məhkəmə baxışının hədləri
14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
Məhkəmənin mövqeyi
15. İddiaçının tələbi xx.xx.2023-cü il təvəllüdlü X3 iddiaçının atası tərəfindən hədiyyə edilən əşyanın - qızıl beşliyin qaytarılmasıdır.
16. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir.
17. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Bu növdə iddiaların təmin edilə bilməsi üçün isə iddiaçı onun əmlakın mülkiyyətçisi olduğunu, həmin əmlakın cavabdehin faktiki sahibliyində olduğunu və bu sahibliyin qanunsuz olduğunu sübut etməlidir. Hazırkı işin halları baxımından isə bunların heç biri sübut olunmur. İddiaçı Hacıağa Kazımov tərəfindən alınmış qızıl beşliyin ona hədiyyə edildiyini bildirsə də, bununla bağlı da (ilkin şərt – mülkiyyətçi statusu) sübut təqdim edilməmişdir.
18. Bundan əlavə, iş materiallarında olan aktlardan görünür ki, Qanuni nümayəndə tərəfindən ona məxsus əşyalar xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixlərdə - hazırkı iddia təqdim edildikdən sonra mənzildən çıxarılmış, iddiaçı isə keçirilmiş məhkəmə iclaslarının heç birində iştirak etməmiş, iddia ilə bağlı əlavə mülahizə, dəlil təqdim etməmişdir.
19. Odur ki, sadalananlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir.
20. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi:
İddiaçı (Qanuni nümayəndə) Cavabdeh qarşı əmlak tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
HAKİM Aytəkin Əsədzadə