Məhkəmə qərarları › İş №2(004)-69/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-69/2021

15.09.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-69/2021 15.09.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyinin, Dəmirova Nəcimə Arif qızının katibliyi, İddaçı İddiaçı iştirakı ilə, İddaçı İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddaçı İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh təşkilat olan Cavabdeh ASC-nin işçiləri üzündən ona vurulmuş maddi ziyan hesab etdiyi 10000 manat məbləğin, mülkündəki tikililərə dəymiş ziyanla bağlı ona vurulmuş mənəvi ziyan hesab etdiyi 5000 manat pulun cavabdeh təşkilatdan alınıb onun xeyrinə verilməsi, məhkəməyə ödədiyi məhkəmə xərci olan 30 manat məbləğində dövlət rüsumunun cavabdeh təşkilatdan alınıb, onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1ndə yerləşən 45-45”a” nömrəli evləri 1998-ci ildə alqı-satqı yolu ilə pul verib əvvəlki sahibindən almışdır. Mülk onun adına olmaqla, onun mülkiyyətindədir. Həmin evdən başqa onun yaşamağa yeri yoxdur. Mülk ona və ailəsinə xidmət edir. Mülkü bu günə kimi o idarə etmiş, hər cür kommunal xidmətlərini o ödəmişdir. Ailəlidir, iki övladı var. Özü və həyat yoldaşı xəstə olmaqla 2-ci qrup əlildirlər, oğlu və qızı Unversitetdə oxuyurlar, qızı xəstə olmaqla, 3-cü qrup əlildir. Yaşayış səviyyələri maddi cəhətdən ağırdır. Son zamanlar Gəncə səhərində Kanalizasiya və Su borularının yeniləşdirilməsi ilə bağlı aparılan təmir işləri zamanı şirkət işçiləri tərəfindən 3 dəfə təkrar küçəni naşılıqları üzündən yəni maillik borularda az olduğundan və yerin çökməsi nəticəsində yenidən qazılmışdır. Bunun da nəticəsində onun həyətində olan qarajın bir qolu və içərisində olan beton döşəmə çökmüş, qarajın divarında çatlar əmələ gəlmiş, qarajın qapısı açılmır. Bundan əlavə hamam, tualetin kafel və metlaqlarında çatlar əmələ gəlmişdir. Qarajın üstündə olan külüfrənginin metlaqlarında çatlar əmələ gəlmişdir. Bundan başqa həyətin küçə barısında çatlar əmələ çəlmiş və onun mövcud kanalizasiya xətti itmişdir. Bununla bağlı olaraq orada yaşayan sakinlərin iştirakı ilə akt tərtib edilmiş və imzalanmışdır. O, çıxılmaz vəziyyətdə qalmışdır. Belə vəziyyətlə qarşılaşdığından daim əsəb və sarsıntı keçirməli olmuşdur. Artıq dözülməz vəziyyətdir. Cavabdeh təşkilatın gördüyü işlərdən başqa evinin yaxınlığında heç bir iş görülməmişdir. Ona vurulmuş ziyanla bağlı “Azəraqrotikinti” şirkətinin rəhbərliyinin qəbulunda olub, bu məsələ barədə ona bildirmişdir. O, da Kazım adlı işçisini göndərib, yerində baxmışdır. Kazım adlı şəxs baxan zaman ona bildirmişdir ki, həqiqətən onların gördükləri işlərin nəticəsində ona dəymiş ziyandır. Lakin o, sonradan İbrahim müəllim ilə əlaqə saxlayanda bildirmişdir ki, ziyan onlar tərəfindən dəyməyib, köhnədən olmuşdur. O, buna görə də məcburiyyət qarşısında qalıb hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçı yuxarıda qeyd olunan məzmunda izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi izahatında bildirmişdir ki, iddiaçının göstərdiyi problemlər Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən aparılmış təmir işləri ilə bağlı yaranmamışdır. Odur ki, o, məhkəmədən iddia ərizəsinin təmin olunmaması barədə qətnamə qəbul olunmasını xahiş etdi. Məhkəmə işdə iştirak edən iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, işdə olan sübutları araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan ******* saylı Çıxarışdan gprünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, 20 yanvar küçəsi 45-45A fərdi yaşayış evi İddiaçı mülkiyyətindədir. İş materiallarında olan 10/1729 saylı, 22.07.2021-ci il tarixli ekspert rəyindən görünür ki, İddiaçı məxsus ünvan 1 45-45A nömrəli evində çatlar, evin həyətində olan qarajın divarlarında çatlar və beton döşəmənin çökməsi, həmçinin evin mövcud kanalizasiya sisteminin itməsi yeni kanalizasiya xəttinin düzqün çəkilməməsi (qoşulmadığından) səbəbindən əmələ gəldiyi müəyyən edilir. Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən fərdi yaşayış evi qarşısında Gəncə şəhərində Kanalizasiya və Su borularının yeniləşdirilməsi ilə bağlı aparılan qazıntı işlərinin nəticəsində əmələ gəldiyi müəyyən edilir. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin yaxınlığında torpağın alt qatında olan magistral su və kanalizasiya xəttinin suyun (və ya digər mayenin) sızması nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün görülməli təmir-bərpa işlərinin dəyərinin mövcud bazar qiymətlərinə uyğun olaraq ümumi dəyərinin təqribən 8084 manat məbləğində olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096.2). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçıya məxsus ünvan 1 45- 45A nömrəli evə Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən aparılmış qazıntı işləri nəticəsində qəzalı vəziyyətə düşmüşdür. Hazırda iddiaçı X1 cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mənzilinə dəymiş 5000 manat məbləğində maddi ziyanın və 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, cavabdeh tərəfindən iddiaçıya vurulmuş zərər 10000 manat məbləğində deyil, məhkəmə əmtəəşünaslıq ekspertizası tədqiqatına uyğun müəyyən edilməlidir. İş materiallarında olan 10/1729 saylı, 22.07.2021-ci il tarixli ekspert rəyindən görünür ki, İddiaçı məxsus ünvan 1 45-45A nömrəli evində çatlar, evin həyətində olan qarajın divarlarında çatlar və beton döşəmənin çökməsi, həmçinin evin mövcud kanalizasiya sisteminin itməsi yeni kanalizasiya xəttinin düzqün çəkilməməsi (qoşulmadığından) səbəbindən əmələ gəldiyi müəyyən edilir. Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən fərdi yaşayış evi qarşısında Gəncə şəhərində Kanalizasiya və Su borularının yeniləşdirilməsi ilə bağlı aparılan qazıntı işlərinin nəticəsində əmələ gəldiyi müəyyən edilir. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin yaxınlığında torpağın alt qatında olan magistral su və kanalizasiya xəttinin suyun sızması nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün görülməli təmirbərpa işlərinin dəyərinin mövcud bazar qiymətlərinə uyğun olaraq ümumi dəyərinin təqribən 8084 manat məbləğində olduğu müəyyən edilmişdir. Belə olduğu halda məhkəmə hesab edir ki, iddia tələbi qismən edilməli, Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən 8084 manat məbləğində pul İddiaçı xeyrinə tutulsun. Məhkəmə hesab edir ki, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Qeyd olunanlardan əlavə məhkəmə hesab edir ki, iş üzrə ekspertiza təqdiqatının dəyəri olan 100 manat Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən 8084 (səkkiz min səksən dörd) manat məbləğində pul və 30 (otuz) manat dövlət rüsumu İddiaçı xeyrinə tutulsun. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri olaraq 100 (yüz) manat məbləğində pul vəsaiti Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar