Məhkəmə qərarları › İş №2(004)-699/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-699/2021

04.02.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-699/2021 04.02.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdeh Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət edərək ona dəymiş 6619,25 manat (3893,68 ABŞ dolları) maddi zərər, 3500 manat məbləğində mənəvi zərərin və ödənilmiş dövlət rüsumunun əvəzi olan 31 manat məbləğində pulun cavabdehlər Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Azərbaycan Respublikasının Maliyyə Nazirliyindən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil izahat verərək bildirir ki, iddiaçı ictimai şəxsdir. Braziliyada qəbilələrin fəaliyyəti haqqında araşdırma aparmaq üçün maliyyə vəsaiti yığaraq bütün xərcləri özü ödəyərək Braziliyaya getmişdir. Lakin orada olarkən məlum pandemiya səbəbindən yollar bağlanmış və fors-major hal nəticəsində iddiaçı köməksiz vəziyyətdə qalmışdır. Bu zaman Azərbaycanın Braziliyadakı səfirliyinə müraciət edərək çarter reysləri ilə Bakıya yola salınmasını xahiş etmişdir. Azərbaycan səfirliyi isə onun müraciəti üzrə heç bir tədbir görməmişdir. İddiaçı isə pulu bitdiyi üçün ucuz və təhlükəli yerlərdə qalmışdır. Səfirlik Azərbaycan vətəndaşının taleyini axarına buraxmışdır. Halbuki dövlətin vəzifəsi vətəndaşa kömək etməkdir. İddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin nümayəndəsi X2 izahat verərək bildirir ki, iddianı qəbul etmir. Məsələ ilə bağlı onlar səfirliyə müraciət etmiş, səfirliyin cavabını məhkəməyə təqdim etmişdir. Dəfələrlə iddiaçıya bildirilmişdir ki, Braziliyada yollar bağlıdır, onun Azərbaycana gəlməsi mümkün deyil. Eyni zamanda Braziliya və Azərbaycan Respublikası arasında birbaşa hava uçuş xətti də yoxdur. İddiaçı xarici dövlətin ərazısındə olduğu müddətdə istəkləri çox olmuşdur. Bir dəfə Çiliyə getmək istədiyini bildirmişdir. Hesab edir ki, iddiaçının məqsədi vətənə gəlmək olsaydı, Çiliyə getmək istəməzdi. Bildirir ki, nazirlik vətəndaşın Azərbaycana gətirilməsi üçün X4 ilə əlaqə qurmuşdur, razılıq əldə olunaraq iddiyaçıya da bildirilmişdir ki, X4 ilə gələ bilər, lakin iddiaçı imtina etmişdir. Bu barədə iddiaçının nazirliyin əməkdaşları ilə yazışma da vardır. İddianın rədd olunmasını xahiş edir. Cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmədə nümayəndənin iştirakını təmin etməmiş və bunun səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası MPMnin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Azərbaycan Respublikası Baki şəhəri Yasamal rayon Məhkəməsinin icraatında olan xx xxxxxxx 2020ci il tarixli 2(004)-5627/2020 nömrəli, iş üzrə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə qarşı maddi ziyanın ödənilməsi tələbinə dair Azərbaycan Respublikasının Braziliya Federativ Respublikasındakı Səfirliyinin cavab məktubundan çıxarışa əsasən 15 aprel tarixində Türkiyə dövləti tərəfindən öz vətəndaşlarının vətənə qaytarmaq məqsədi ilə Braziliya üzrə siyahıların hazırlanmasını nəzərə alaraq, vətəndaş İddiaçı ilə növbəti dəfə əlaqə yaradılmış və onun adını sözügedən siyahıya əlavə edilməsi məsələsi təklif olunmuşdur. Bu təklif, vətəndaşın Braziliyanı tərk etmək istəyindən (İddiaçı Braziliyanı tərk edib, öz xala oğlunun yanına, Çili Respublikasına getmək istəyirdi), onun Türkiyədə qohum, yaxud yaxın dost və iş yoldaşlarının mövcudluğun ehtimalına əsaslanaraq verilmişdir. Digər tərəfdən qardaş Türkiyə dövlətindən uçuşlar bərpa ediləndən sonra vətəndaş üçün Azərbaycana qayıtmaq imkanı daha real və rahat hesab edilmişdir (Braziliyanı o zaman başqa yol ilə tərk etmək mümkün deyildi). Belə ki, məsələ bütövlükdə vətəndaşa izah edilmiş və bununla bağlı münasibətin bildirilməsi xahiş olunmuşdur.Təklifə cavab olaraq vətəndaş İddiaçı, məlumata görə təşəkkür edərək, yalnız Azərbaycana qayıtmaq niyyəti olduğunu bildirmişdir. İşin halları odur ki, iddiaçı müəyyən araşdırmalar aparmaq üçün Braziliyaya getmiş, lakin “COVİD-19” virusunun yayılmasının qarşısının alınması üzrə görülən tədbirlər nəticəsində araşdırmanı apara bilməmiş və zərərə məruz qalmışdır. Ona dəymiş zərərin cavabdehlərdən tutularaq ona ödənilməsini məhkəmədən xahiş edir. Məhkəmə hesab edir ki, iddia əsassızdır. Çünki, cavabdehlərin hər hansı təqsirli hərəkət və ya hərəkətsizliyi nəticəsində iddiaçıya zərər dəyməsi iş materialları ilə sübut olunmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096.2). “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci il tarixli, 07 saylı Qərarında göstərilir ki, mənəvi zərər, insanın anadan gəlmə və ya qanun əsasında ona məxsus olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqların, habelə əmlak hüquqlarının pozulması nəticəsində fiziki əzab çəkməsi kimi başa düşülür. Fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə isə ona qarşı törədilmiş qanunsuz hərəkətin və ya hərəkətsizliyin onun şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztrab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi başa düşülür. Şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü biruzə verir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Kraska İsveçreyə qarşı iş üzrə xx xxxxx 1993-cü il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə görə, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin təsir dairəsi digər məsələlərlə yanaşı (məhkəmə) üçün öz qərarına aid olub-olmamasına qabaqcadan qiymət vermədən tərəflərin təqdim etdiyi bütün müraciətləri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq öhdəliyi yaradır (§ 30). Həmin Məhkəmənin Van de Huk Niderlanda qarşı işi üzrə xx xxxxx 1994-cü il tarixli qərarında göstərilmişdir ki, sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq Məhkəmə xatırladır ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göründüyü kimi prosessual qanunvericilik hər bir tərəfin üzərinə öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsi qoyur. Eyni zamanda həmin sübutlar həqiqəti əks etdirməli və təkzibolunmaz şəkildə iddia edən şəxsin dəlillərini təsdiq etməlidir Beləliklə, məhkəmə qeyd edir ki, İddiaçı ona dəymiş 6619,25 manat (3893,68 ABŞ dolları) maddi zərər, 3500 manat məbləğində mənəvi zərərin və ödənilmiş dövlət rüsumunun əvəzi olan 31 manat məbləğində pulun cavabdehlər Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Azərbaycan Respublikasının Maliyyə Nazirliyindən onun xeyrinə tutulması barədə iddia tələbi rədd edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı ona dəymiş 6619,25 manat (3893,68 ABŞ dolları) maddi zərər, 3500 manat məbləğində mənəvi zərərin və ödənilmiş dövlət rüsumunun əvəzi olan 31 manat məbləğində pulun cavabdehlər Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Azərbaycan Respublikasının Maliyyə Nazirliyindən onun xeyrinə tutulması barədə iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar