Məhkəmə qərarları › İş №2(004)-701/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-701/2025

18.03.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-701/2025 18.03.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8 Gülaoğlan oğlu, İddiaçı9 Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ və Yasamal rayon İcra Hakimiyyəti müstəqil tələbə irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə Cavabdeh qarşı "qeyri-yaşayış sahəsinin giriş-çıxışının binanın həyətinə açılmasının qadağan edilməsi" tələbinə dair; müstəqil tələb irəli sürən üçüncü şəxs "xxxx" MMMC-nin Cavabdeh qarşı "mülkiyyət hüquqlarının müdafiəsi, qeyri-yaşayış sahəsinin giriş-çıxışının binanın həyətinə açılmasının qadağan edilməsi” tələbinə dair iddia ərizələri üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8 Gülaoğlan oğlu, İddiaçı9 Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ və Yasamal rayon İcra Hakimiyyəti müstəqil tələbə irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə Cavabdeh qarşı "qeyri-yaşayış sahəsinin giriş-çıxışının binanın həyətinə açılmasının qadağan edilməsi" tələbinə dair; müstəqil tələb irəli sürən üçüncü şəxs "xxxx" MMMC-nin Cavabdeh qarşı "mülkiyyət hüquqlarının müdafiəsi, qeyri-yaşayış sahəsinin giriş-çıxışının binanın həyətinə açılmasının qadağan edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona məxsus ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin giriş-çıxışmm binanın həyətinə açılmasının qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onlar, ünvan 2 ünvanında "xxxx" MTK tərəfindən inşa edilmiş binanın sakinləridirlər. Yuxarıda qeyd olunan ünvanda "xxxx" MTK tərəfindən inşa edilmiş 16-18 mərtəbəli yaşayış binasının təsdiq edilmiş texniki pasportu və digər müvafiq tikinti-texniki icazə sənədlərinə əsasən binanın 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahələrinin giriş-çıxışı binanın həyət tərəfindən deyil, blok tərəfindən nəzərdə tutulmuşdur. Bir müddət əvvəl cavabdeh sakinlərlə ciddi mübahisələrinə və sakinlərin qəti narazılıqlarına baxmayaraq, “necəsə” özünə məxsus qeyri-yaşayış sahəsinin giriş-çıxışını küçə tərəfdən deyil, binanın həyəti tərəfdən açmağa “müvəffəq oldu” və orada stomatoloji klinika açdı. Həmin klinika uşaqların oyun meydançasının düz yanında olmaqla, uşaqların normal oyun oynamasına hazırda da maneə yaradır. Bununla bağlı dəfələrlə Cavabdehla aralarında mübahisələr yaranmış, hazırda da davam etməkdədir. Cavabdeh bu layihəsini uğurla həyata keçirdiyindən ilhamlanaraq onun yanında olan qeyri-yaşayış sahəsini də alaraq, hazırda aidiyyəti dövlət qurumlarının da “dəstəyi” və “köməyi” ilə onun da giriş-çıxışını həyətə açmağı planlayır və bu yöndə artıq aktiv hərəkətlərə başlamışdır. Bu hərəkətlər isə açıq-aşkar sakinlərin konstitusion hüququ olan mülkiyyət hüquqlarının pozulması ilə nəticələnir. Belə ki, cavadeh tərəfindən müvafiq qanunvericiliyə uyğun olmayaraq, onların istəyi və razılığı olmadan qeyri-yaşayış sahəsinin giriş-çıxışının sakinlərin ümumi mülkiyyətində olan binanın həyətinə açılması onların və uşaqların həyətdən normal şəkildə istifadə etməsinə, həyətə düşüb normal gəzmək, oynamaq və sair bu kimi hüquqlarının pozulmasına səbəb olmaqla, həyəti cavabdeh və onun kimi digər qeyri-yaşayış sahəsi alanların “şəxsi biznes məkanina” çevirəcək ki, bu da yolverilməzdir. Xüsusilə nəzərə alınmalıdır ki, həmin sahə sakinlərin uşaqlarının oyun meydançası olan ərazini də əhatə edir. Lakin məlum olduğu kimi həmin bina sakinlərinin hamısının bu və ya digər səbəbdən hazırkı ərizə ilə çıxış etmək imkanı yoxdur. Bu hal isə mülki qanunvericilikdə çox mükəmməl qaydada tənzimlənmişdir. Yuxarıda qeyd edilənlərdən də göründüyü kimi, hazırkı ərizə ilə məhkəməyə müraciət edən onlar çoxmənzilli binanın mülkiyyətçiləri kimi həm də bütün digər mülkiyyətçilərin xeyrinə ümumi mülkiyyətdə olan sahələrin qorunmasını təmin etməyə çalışırlar ki, bu da istinad olunan normaların tələblərinə tam uyğundur. Əvvəldə də bildirdikləri kimi binanın original texniki pasportu və digər müvafiq tikinti-texniki icazə sənədlərində sözügedən binanın bütün qeyri-yaşayış sahələrinin giriş-çıxışları binanın blok tərəfindən nəzərdə tutulmuşdur. Bununla bağlı, tərəflərindən hazırda cavabdehə məxsus analoji qeyri-yaşayış sahəsinin əvvəlki mülkiyyətçisinə məxsus texniki pasport da təqdim edilir. Həmin texniki pasporta vizual baxmaq kifayətdir ki, müəyyən edilsin ki, həqiqətən də onların dedikləri əsaslıdır və giriş-çıxışlar məhz blokdan nəzərdə tutulmuşdur. Hazırkı halda isə cavabdeh qanunsuz və əsassız olaraq, özünə məxsus qeyri-yaşayış sahəsinin giriş-çıxını həyət tərəfdən açmağa səy göstərir. Halbuki yuxarıda istinad olunan müvafiq maddi hüquq normalarından da göründüyü kimi binanın həyəti ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə, yəni onlara məxsusdur. Cavabdehin qeyri-yaşayış sahəsinin giriş-çıxışını həyət tərəfdən etməsi bütün bina sakinlərinə məxsus həyətin onların istifadəsində olan hissəsinin azaldılmasına və onların yuxarıda sadaladıqları məhrumiyyətlərlə üzləşməsinə gətirib çıxaracaq ki, bu da qanuna zidd olmaqla, onların sakinlərə məxsus binanın həyətindən normal istifadə etmək hüquqlarını pozmaqdadır. Yuxarıda qeyd etdikləri normalardan müəyyən olunduğu kimi çoxmənzilli binada ümumi mülkiyyətin azaldılmasına yalnız binanın bütün sahə mülkiyyətçilərinin razılığı ilə yol verilir. Məhkəmə gedişatında müstəqil tələb irəli sürən üçüncü şəxs qismində işə qoşulmuş "xxxx" MMMC məhkəməyə iddia ərizəsi verərək, Cavabdeh məxsus ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin giriş-çıxışının binanın həyətinə açılmasının qadağan edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 3 ünvanında "xxxx" MTK tərəfindən inşa edilmiş 16-18 mərtəbəli yaşayış binasının təsdiq edilmiş layihə və digər müvafiq tikinti-texniki icazə sənədlərinə əsasən binanın 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahələrinin giriş-çıxışı binanın həyət tərəfindən deyil, blok tərəfindən nəzərdə tutulmuşdur. Bir müddət əvvəl cavabdeh sakinlərlə ciddi mübahisələrinə və sakinlərin qəti narazılıqlarına baxmayaraq, “necəsə” özünə məxsus qeyri-yaşayış sahəsinin giriş-çıxışını küçə tərəfdən deyil, binanın həyəti tərəfdən açmağa “müvəffəq oldu” və orada stomatoloji klinika açdı. Həmin klinika uşaqların oyun meydançasının düz yanında olmaqla, uşaqların normal oyun oynamasına hazırda da maneə yaradır. Bununla bağlı dəfələrlə Cavabdehla aralarında mübahisələr yaranmış, hazırda da davam etməkdədir. Hörmətli Cavabdeh bu layihəsini uğurla həyata keçirdiyindən ilhamlanaraq onun yanında olan qeyri-yaşayış sahəsini də alaraq, hazırda aidiyyəti dövlət qurumlarının da “dəstəyi” və “köməyi” ilə onun da giriş-çıxışını həyətə açmağı planlayır və bu yöndə artıq aktiv hərəkətlərə başlamışdır. Bu hərəkətlər isə açıq-aşkar sakinlərin konstitusion hüquqları olan mülkiyyət hüquqlarının pozulması ilə nəticələnir. Belə ki, cavabdeh tərəfindən müvafiq qanunvericiliyə uyğun olmayaraq, onların istəyi və razılığı olmadan qeyri-yaşayış sahəsinin giriş-çıxışının onlar sakinlərin ümumi mülkiyyətində olan binanın həyətinə açılması onların və uşaqların həyətdən normal şəkildə istifadə etməsinə, həyətə düşüb normal gəzmək, oynamaq və sair bu kimi hüquqların pozulmasına səbəb olmaqla, həyəti cavabdeh və onun kimi digər qeyri-yaşayış sahəsi alanların “ŞƏXSİ BİZNES MƏKANİNA” çevirəcək ki, bu da yolverilməzdir. Xüsusilə nəzərə alınmalıdır ki, həmin sahə sakinlərin uşaqlarının oyun meydançası olan ərazini də əhatə edir. Əvvəldə də bildirdiyi kimi binanın layihəsində və digər müvafiq tikinti-texniki icazə sənədlərində sözügedən binanın bütün qeyri-yaşayış sahələrinin giriş-çıxışları binanın blok tərəfindən nəzərdə tutulmuşdur. Hazırkı halda isə cavabdeh qanunsuz və əsassız olaraq, özünə məxsus qeyri-yaşayış sahəsinin girişçıxışını həyət tərəfdən açmağa səy göstərir. Halbuki yuxarıda istinad olunan müvafiq maddi hüquq normalarından da göründüyü kimi binanın həyəti ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə, yəni sakinlərə məxsusdur. Cavabdehin qeyri-yaşayış sahəsinin giriş-çıxışını həyət tərəfdən etməsi bütün bina sakinlərinə məxsus həyətin istifadəsində olan hissəsinin azaldılmasına və onların yuxarıda sadaladıqları məhrumiyyətlərlə üzləşməsinə gətirib çıxaracaq ki, bu da qanuna zidd olmaqla, onların sakinlərə məxsus binanın həyətindən normal istifadə etmək hüquqlarınızı pozmaqdadır. Yuxarıda qeyd etdiyi normalardan müəyyən olunduğu kımı çoxmənzilli binada ümumi mülkiyyətin azaldılmasına yalnız binanın bütun sahə mülkiyyətçilərinin razılığı ilə yol verilir. İddiaçıların və müstəqil tələb irəli sürən üçüncü şəxsin nümayəndəsi və vəkili Vəkil1 elektron kabinet vasitəsilə məhkəməyə müraciət edərək, bildirmişdir ki, həm məhkəmə iclasında araşdıran hallarla, həm də yerli baxışda müəyyən edilən hallarla aşkar surətdə bəlli oldu ki, onların iddiası əsaslıdır. Yerli baxış zamanı elan olunan Şirinov adında bir şəxsin sizə təqdim etdiyi məktub və digər sənədin hazırrkı iddianın əsaslı olmasına hər hansı təsiri yoxdur. Üstəlik hazırkı iddia xeyli müddətdir ki, icraatdadır və baxış iclasındadır ki, bu mərhələdə əsassız yerə hansısa sənədin təqdim edilməsi mülki prosessual qanunvericiliyə görə yolverilməzdir. Göstərilənlərə əsasən (səhhətindəki problemlə bağlı iştirak edə bilmir) işə onların iştirakı olmadan baxaraq, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçıların nümayəndələrinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmış cavabdeh və müstəqil tələbə irəli sürməyən üçüncü şəxslər məhkəmə iclasına gəlməmiş, nümayəndələrinin iştirakını təmin etməmişdirlər. Məhkəməyə gəlməyən tərəflərin (nümayəndələrinin) iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, birinci iddia və ikinci iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: ƏMDX DƏDK və RPHŞ Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 4 mənzil 131 İddiaçı6 xüsusi mülkiyyətindədir. ƏMDX DƏDK və RPHŞ Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 4 ünvanda yerləşən 18 saylı mənzil İddiaçı9 xüsusi mülkiyyətindədir. ƏMDX DƏDK və RPHŞ Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 4 ünvanda yerləşən 81 saylı mənzil İddiaçı4 xüsusi mülkiyyətindədir. ƏMDX DƏDK və RPHŞ Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 4 ünvanda yerləşən 22 saylı mənzil İddiaçı2 xüsusi mülkiyyətindədir. ƏMDX DƏDK və RPHŞ Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 4 ünvanda yerləşən 49 saylı mənzil İddiaçı8 xüsusi mülkiyyətindədir. ƏMDX DƏDK və RPHŞ Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 4 ünvanda yerləşən 147 saylı mənzil İddiaçı7 xüsusi mülkiyyətindədir. ƏMDX DƏDK və RPHŞ Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 4 ünvanda yerləşən 4 saylı mənzil İddiaçı3 xüsusi mülkiyyətindədir. ƏMDX DƏDK və RPHŞ Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 4 ünvada yerləşən, ümumi sahəsi 155 kv.m. olan qeyri-yaşayış Cavabdeh xüsusi mülkiyyətindədir. Azərbaycan Respublikası Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti Başçısının Müavinin Cavabdeh ünvanlanmış 13 dekabr 2024-cü il tarixli cavab məktubundan görünür ki, Məmməd Rahim küçəsi 539-540-cı məhəllə, ev 4A ünvanda yerləşən və mülkiyyətində olan 155,0 kv.m qeyri-yaşayış sahəsinin giriş qapısının blokdan olması səbəbindən bina sakinlərində yaranmış narazılığın aradan qaldırılması məqsədilə giriş-çıxışın təşkil edilməsi üçün mövcud olan vitrin pəncərəsindən qapı açılmasına razılıq verilməsi barədə müraciətə baxılmışdır. Sakinlərin ümumi istifadəsində olan blokdan girişin ləğv edilməsinə və qeyri-yaşayış sahəsinə müstəqil giriş-çıxışın təşkil edilməsi üçün mövcud vitrin pəncərəsinin dəyişdirilərək yerində giriş qapısı olan yeni vitrin-girişin quraşdırılmasına Yasamal Rayon İcra Hakimiyyəti etiraz etmir. Eyni zamanda işlər aparılarkən zəruri təhlükəsizlik tədbirlərinin görülməsi, binanın yükdaşıyan konstruksiyalarına və fasad elementlərinə toxunulmaması, inşaat norma və qaydalarının tələblərinə əməl olunması, girişin qarşısının abadlaşdırılması və ərazinin sanitar təmizliyinin qorunması ona (Cavabdeh) tapşırılır. Məhkəmə tərəfindən keçirilən yerində müayinə zamanı müəyyən olunmuşdur ki, Cavabdeh mülkiyyətində olan qeyri-yaşayış sahəsindən binanın həyətə baxan tərəfindən giriş-çıxış qapısı qoyulması üçün pəncərədən qapı yeri açılmış və sonradan hörülmüşdür. Bina sakinlərinin bildirdiyinə görə binanın baş tərəfində olan qeyri-yaşayış sahəsində stomotoloji klinika fəaliyyət göstərir. Həmin klinika cavabdehə məxsusdur. Klinikaya binanın blokundan daxil olmaq mümkündür. Bundan əlavə klinikadan binanın həyətinə giriş-çıxış qapısı da qoyularaq dəmir qəfəslə əhatələnmişdir. İddiaçıların və müstəqil tələb irəli sürən üçüncü şəxsin nümayəndəsi və vəkili Vəkil1 bildirdi ki, cavabdeh, iddiada qeyd edilən, təmiri başa çatmamış qeyri-yaşayış sahəsindən binanın həyətinə birbaşa giriş-çıxış üçün qapını pəncərədən açmaq istəyir və bununla bağlı addımlar atır. Obyektin giriş çıxışının binanın həyətindən açılması sakinlərin həyətə düşüb normal gəzmək, uşaqların oynamaq və sair bu kimi hüquqlarının pozulmasına səbəb olacaq. Xüsusilə nəzərə alınmalıdır ki, həmin sahə sakinlərin uşaqlarının oyun meydançası olan ərazini də əhatə edir. "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssisi Orxan Kərimov bildirdi ki, layihə sənədinə əsasən açılacaq obyektin olduğu hissədə qapı deyil, pəncərə qoyulması nəzərdə tutulmuşdur. Verilən suala cavab olaraq bildirdi ki, çoxmərtəbəli yaşayış binasının layihəsindən görünür ki, binanın 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahələrinə giriş-çıxış binanın həyəti tərəfdən deyil, blok tərəfdən nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 213.6-cı maddəsinə əsasən ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) (bundan sonra – çoxmənzilli binanın ümumi əmlakı) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsinin sərhədi və ölçüləri torpaq qanunvericiliyinin və şəhərsalma fəaliyyəti haqqında qanunvericiliyin tələbləri nəzərə alınmaqla müəyyən edilir. 35.2-ci maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi mülkiyyətə sahiblik edir, ondan istifadə edir və bu Məcəllə və mülki qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam verir. 35.4-cü maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağında qəbul edilmiş qərara əsasən çoxmənzilli binada ümumi mülkiyyət obyektləri digər şəxslərin istifadəsinə verilə bilər, bu şərtlə ki, belə qərar vətəndaşların və hüquqi şəxslərin hüquqlarını və qanuni mənafelərini pozmasın. 37.1-ci maddəsinə əsasən çoxmənzilli binada mülkiyyətə sahə əldə edilərkən bu binada ümumi əmlaka ümumi mülkiyyət hüququnda pay həmin əldə edənə keçir. 37.2-ci maddəsinə əsasən müqavilənin çoxmənzilli binada sahəyə mülkiyyət hüquqlarının keçməsi ilə bərabər binada ümumi əmlaka ümumi mülkiyyət hüququnda payın keçməsini məhdudlaşdıran müddəaları əhəmiyyətsizdir. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, iddiaçılar Rahat Məkan” MTK tərəfindən inşa edilən, ünvan 2 ünvanında yerləşən binanın sakinləridirlər. Həmin binanın birinci mərtəbəsində cavabdehə məxsus qeyr-yaşayış obyekti mövcuddur. Hazırki mübahisənin mahiyyətini Cavabdeh tərəfindən özünə məxsus ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin giriş-çıxışını küçə tərəfdən deyil, binanın həyəti tərəfdən açması təşkil edir. İş materiallarına əlavə edilmiş çoxmərtəbəli yaşayış binasının təsdiq edilmiş layihəsindən açıq-aşkar görünür ki, binanın 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahələrinə giriş-çıxış binanın bloku tərəfindən nəzərdə tutulmuşdur. Qeyri-yaşayış sahələrindən binanın həyətinə ayrıca giriş-çıxışın açılması nəzərdə tutulmamışdır. Birgə iddiaçılar və müstəqil iddia irəli sürən üçüncü şəxs cavabdehə məxsus ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin giriş-çıxışının binanın həyətinə açılmasının qadağan edilməsini tələb edir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 35.3-cü maddəsinə əsasən çoxmənzilli binada ümumi mülkiyyətin azaldılmasına yalnız həmin binanın yenidən qurulması yolu ilə binanın bütün sahə mülkiyyətçilərinin razılığı ilə yol verilir. Belə olduğu halda, məhkəmə hesab edir ki, hər iki iddia tələbi əsaslı olub təmin edilməlidir. Odur ki, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8 Gülaoğlan oğlu, İddiaçı9 Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ və Yasamal rayon İcra Hakimiyyəti müstəqil tələbə irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə Cavabdeh qarşı "qeyri-yaşayış sahəsinin giriş-çıxışının binanın həyətinə açılmasının qadağan edilməsi" tələbinə dair birinci iddia təmin olunmalı; müstəqil tələb irəli sürən üçüncü şəxs "xxxx" MMMC-nin Cavabdeh qarşı "mülkiyyət hüquqlarının müdafiəsi, qeyri-yaşayış sahəsinin giriş-çıxışının binanın həyətinə açılmasının qadağan edilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməli; Cavabdeh ona məxsus ünvan 7 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin giriş-çıxışının binanın həyətinə açılması qadağan edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Birinci iddia üzrə ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilməlidir. İkinci iddia üzrə ödənilmiş dövlət rüsumu müstəqil tələb irəli sürən üçüncü şəxsə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8 Gülaoğlan oğlu, İddiaçı9 Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ və Yasamal rayon İcra Hakimiyyəti müstəqil tələbə irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə Cavabdeh qarşı "qeyri-yaşayış sahəsinin giriş-çıxışının binanın həyətinə açılmasının qadağan edilməsi" tələbinə dair birinci iddia təmin olunsun. Müstəqil tələb irəli sürən üçüncü şəxs "xxxx" MMMC-nin Cavabdeh qarşı "mülkiyyət hüquqlarının müdafiəsi, qeyri-yaşayış sahəsinin giriş-çıxışının binanın həyətinə açılmasının qadağan edilməsi” tələbinə dair iddia ərizəsi təmin edilsin. Cavabdeh ona məxsus ünvan 7 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin girişçıxışının binanın həyətinə açılması qadağan edilsin. Birinci iddia üzrə ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilsin. İkinci iddia üzrə ödənilmiş dövlət rüsumu müstəqil tələb irəli sürən üçüncü şəxsə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar