Məhkəmə qərarları › İş №2(004)-71/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-71/2023

27.02.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-71/2023 27.02.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi Allahverdiyeva Aytac Fizuli qızının katibliyi İddiaçı İddiaçının vəkili və nümayəndəsi Nümayəndə1 Cavabdehin vəkili və nümayəndəsi Nümayəndə2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsi X1 İdarəsinə qarşı pul tələbi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, maddi zərərin əvəzi olaraq 1865 manat və mənəvi zərərə görə 2000 manat, ümumilikdə 3865 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddianı müdafiə edərək izahatında göstərmişdir ki, ona məxsus şəxsi avtomobili 25 fevral 2022-ci il tarixdə Yol Patrul Xidməti əməkdaşı tərəfindən saxlanılmış və polisin mühafizə olunan duracağına yerləşdirilmişdir. Onun barəsində isə İnzibati Xətalar Məcəlləsinin 342-ci maddəsinin tələbini pozduğuna və maşına əlavə avadanlıq quraşdırmaqla onun standartlarını pozduğuna görə inzibati tənbeh vermə haqqında Qərar qəbul edilmiş və o, 150 manat məbləğində cərimə edilmişdir. Bu qərardan o, Səbail Rayon Məhkəməsinə şikayət vermiş, şikayət təmin edilməmiş və qərar dəyişdirilmədən saxlanılmış, bundan sonra məhkəmənin qərarından apellyasiya şikayəti vermiş və Bakı Apellyasiya Məhkəməsinin 27 aprel 2022-ci il tarixli qərarı ilə şikayəti təmin edilmiş, inzibati tənbeh vermə haqda qərar ləğv edilmiş və barəsində aparılan inzibati iş üzrə icraata xitam verilmişdir. Onun maşını 25 fevral 2022-ci il tarixdən 04 may 2022-ci il tarixə qədər (qərar 27 aprel tarixdə qəbul olunsa da, cavabdeh tərəfindən 04 may tarixində icra edilmişdir) inzibati orqanın əməkdaşının yol verdiyi kobud səhv və yanlış hüquqi qənaət nəticəsində əsassız olaraq duracaqda saxlanılmış və o, maşınını istifadə etmək hüququndan məhrum olmuşdur. Hazırkı iddianın məqsədi isə bu qanunsuz əməl nəticəsində ona dəymiş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi ilə bağlıdır. Belə ki, “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.8-ci maddəsinə görə, şəxsin barəsində ictimai işlər, inzibati həbs və ya cərimə növündə inzibati tənbeh tətbiq edilməsi nəticəsində həmin şəxsə vurulmuş ziyan ödənilməlidir. Həmin Qanunun 4.3-cü maddəsinə görə, inzibati xəta haqqında işə xitam verildikdə vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş hallarda, miqdarda və qaydada ödənilməsi hüququ yaranır. Həmin Qanunun 5-ci maddəsinə görə isə, ödənilməli olan ziyanın tərkibinə müsadirə edilməsi, dövlət nəfinə keçirilməsi, istintaq orqanları tərəfindən götürülməsi, üzərinə həbs qoyulması ilə vurulmuş əmlak ziyanı, vurulmuş fiziki və mənəvi ziyan daxildir. Müvafiq hüquqazidd əməl və əmlakından qanunsuz olaraq məhrum edilməsi nəticəsində ona dəymiş maddi zərərin əvəzi olaraq yekun tələbi 1865 manat təşkil edir. Belə ki, 25 fevral 2022-ci il tarixdən 04 may 2022-ci ilə qədər o, işə məcburən taksi ilə gedib-gəlmişdir. Yaşayış yeri Bakı şəhəri, Nizami rayonu Rüstəm Rüstəmov 36 (Neftçilər metrosu yaxınlığıdır), işlədiyi yer “Expro Eurasia Limited” şirkəti isə Bakı şəhəri, Salyan şossesi 13-cü km-də yerləşir. Hər gün evdən işə və işdən evə getmək üçün taksi xidmət haqqı isə 20 manat təşkil etmişdir (10 manat gediş + 10 manat gəliş) və bu qiymətlər kifayət qədər məşhur olan və ən çox istifadə edilən Bolt və Uber taxi proqramları, 189 Taxi xidməti ilə müəyyən edilir. 5 günlük iş həftəsi üzrə çalışdığı üçün, eləcə də 25 fevraldan 04 maya qədər olan ancaq iş günlərini hesablasaq (bayram və istirahət günləri istisna olmaqla), o, bu müddət ərzində taksi xidmətinə 780 manat məbləğində vəsait xərcləmişdir (39 iş günü x 20 manat). O, bu müddət ərzində yalnız işə deyil, digər yerlərə də gedib-gəlmişdir ki, bu da əlavə xərclərlə nəticələnmişdir. Orta hesabla hər gün üçün bu məbləği 5 manat qəbul edilsə və digər yerlərə tək iş günü deyil, həmçinin qeyri-iş günləri getdiyi də nəzərə alınsa, bu dövr üçün qeyri-iş məqsədli gedişgəlişləri və xərcləri isə 335 manat təşkil etmişdir (67 təqvim günü x 5 AZN). Avtomobilin duracaqda qaldığı bütün müddət ərzində təkcə taksi xidmətindən istifadə etdiyi üçün o, ümumilikdə 1115 manat vəsait xərcləmişdir. Maşınının uzun müddət ərzində qeyri-işlək vəziyyətdə və açıq hava şəraitində saxlanılması onun akkumulyatoruna və rəng örtüyünə təsirsiz ötüşməmişdir. Bu barədə avtotəmir sahəsi olan "xxxx" MMC-dən qüsur aktı da alınmışdır. Akta əsasən, maşının rənglənməsinə zərurət olmasa da, “uzun müddət açıq hava şəraitində tozlu, qumlu vəziyyətdə saxlanıldığına görə kuzanın müxtəlif hissələrində rənglərin solması və bozarmaların əmələ gəldiyi” qeyd olunmuşdur və ümumi cilalanmaya ehtiyac olduğu və cilalanma xərci kimi 300 manat vəsait tələb olunduğu bildirilmişdir. Eləcə də, həmin Akta əsasən avtomobil 2 aydan çoxdur sürülmədiyinə görə və mühərriki işə salmaqda yaratdığı çətinlik akkumulyatorun da dəyişilməsinə zərurət olduğu bildirilmiş və xərc olaraq 450 manat olaraq göstərilmişdir. “BMW” markalı avtomobillər üçün yalnız orijinal ehtiyyat hissələrindən istifadə zəruridir, bu barədə istehsalçının da ciddi tövsiyyələri mövcuddur. Yəni, akkumulyatorun qiymətinin orta bazar qiymətinə nisbətən yüksək olması tam təbiidir və alternativ marka və modellərdən istifadə avtomobilin işləmə sisteminə xələl gətirə bilər. Eyni zamanda, qiymətin yüksək olmasının digər səbəbi isə amperajın yuxarı olmasıdır - bu amperdə olan akkumulyatorların orta bazar qiyməti Aktda göstərilən qiymət civarındadır. Beləliklə, ona dəymiş maddi zərərin ümumi məbləği 1865 manat təşkil edir (1115 AZN taksi haqqı + 750 AZN cilalanma və akkumulyator xərci). Qeyd olunan maddi zərərlərdən əlavə, inzibati orqanın əməkdaşının qanunsuz hərəkətləri nəticəsində ona mənəvi zərər də dəymişdir. Belə ki, qanunun aliliyinə tam dərindən inanan bir şəxs kimi və hüquqlarının təmin olunacağına olan ciddi etibarı nəticəsində və bunun qarşılığında inzibati orqanın və birinci instansiya məhkəməsinin qanunsuz qərarları onda stress və mənəvi tarazlığın pozulması, eləcə də əsəb hissləri yaratmışdır. O, bu məsələni apellyasiya məhkəməsinə qədər aparmışdır, halbuki ona tətbiq olunan cərimə məbləği cəmi 150 manat idi ki, bu da onun maddi vəziyyətinə demək olar ki, təsir etmirdi və o, cəriməni dərhal ödəyərək maşınını duracaqdan götürə bilərdi. Ona görə də həm inzibati, həm də məhkəmə qaydasında şikayətlər verməyinin səbəbi cərimənin məbləği deyil, onun inzibati orqanların və məhkəmələrin qərarlarının ədalətliliyinə olan sarsılmış inamını bərpa etmək məqsədi daşıyırdı. O, bu məqsədinə çatsa da, lakin ona qədər ciddi mənəvi natarazlıq yaşamışdır. Məhkəmə iclasında iddiaçı və iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Bundan əvvəlki məhkəmə iclasında iddiaçı avtomobilin duracaqdan özü tərəfindən sürülərək aparıldığını bildirmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddiaya etiraz edərək, iddianın rədd edilməsini xahiş etmişdir. Etirazda göstərilmişdir: İddiaçı Yasamal Rayon Məhkəməsində cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsinin X1 İdarəsinə qarşı iddia qaldırıb, cavabdehdən onun xeyrinə 1865 manat maddi zərər, 2000 manat mənəvi zərər, cəmi 3865 manat pulun tutularaq ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsində maddi zərərin 1115 manat hissəsinin taksi xidməti üçün ödənilmiş vəsait, 750 manat hissəsinin cilalanma və akumulyator xərcindən ibarət olduğu qeyd edilir. İddia ərizəsi aşağıdakılara əsasən əsassız olduğu üçün rədd edilməlidir. 1. İddiaçı İrəvan oğlunun özünə məxsus nəqliyyat vasitəsini duracaqdan götürmək imkanı və hüququ olsa da, bunu etməmiş, nəqliyyat vasitəsini duracaqda saxlamışdır. İddiaçı mülki işə hər hansı sənəd əlavə etməmişdir ki, nəqliyyat vasitəsini duracaqdan götürmək istəyir, lakin Bakı şəhər Baş Polis İdarəsinin X1 İdarəsi buna etiraz edir və ya imkan vermir, maneə yaradır. Bakı şəhər Baş Polis İdarəsinin X1 İdarəsinin hüququ və vəzifəsi yoxdur ki, iddiaçının nəqliyyat vasitəsini aparıb ona ünvanında təqdim etsin, özgə əmlakını sahibinin icazəsi olmadan idarə etmək qanunla müəyyən edilmiş məsuliyyət yaradır. İddiaçının imkanı olduğu halda və ya ona hər hansı maneə və əngəl yaradılmadığı halda nəqliyyat vasitəsini duracaqdan götürməməsini hüquqdan sui-istifadə kimi dəyərləndirilməlidir. İddiaçı hüquqdan sui-istifadə etmişdir ki, hazırkı iddianı qaldırmağa əsas gətirə bilsin. Mülki Məcəllə Maddə 16.1 . Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda suiistifadə edilməsinə yol verilmir. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 2. İddiaçı 1115 manat taksi xidməti üçün xərc çəkdiyini göstərsə də, bunu sübut edəcək hər hansı sənədi məhkəməyə təqdim etməmişdir. Real bazar qiymətindən dəfələrlə artıq və şişirdilmiş bu rəqəmlər haradan götürülüb? Bəlli deyil. Bu haqda müqavilə və ya kassa çekləri, qaimələr hansı səbəbdən işə əlavə edilməyib, aydın deyil. İddiaçı bildirir ki, Nefçilər metro stansiyasının yaxınlığında yaşayır və gündəlik Qaradağ rayonu Lökbatan qəsəbəsinə işə gedir. Sual yaranır hansı səbəbdən iddiaçı metro və avtobus xidmətindən istifadə etməmişdir? Məlum olduğu kimi həmin dövrdə sərnişin daşıma qiyməti 0,3 manat olmuşdur. Üstəlik 20 yanvar və ya 28 may metro stansiyalarından Qaradağ rayonuna taksi ilə gediş 1 manatdır. İddiaçı məhkəməyə sübut təqdim etməmişdir ki, inzibati xəta haqqında protokol tərtib edilməzdən əvvəl işə məhz öz avtomibili ilə gedib-gəlib. 3. İddiaçı göstərir ki, avtomobilin cilalanmaya ehtiyacı olub və ya akumulyatoru sıradan çıxıb. Buna baxmayaraq qeyd edilənləri də təsdiq edəcək sübutlar məhkəməyə təqdim edilməyib. İddiaçı qeyd etsə də ki, cilalanmaya ehtiyac var, bunun məhz dayanacaqda baş verməsini sübut edə bilmir. Nəqliyyat vasitəsi duracaqda 2 ay qaldığı halda cilalanmaya ehtiyac qalmır, həm də qış günlərində, yəni günəşsiz havada. Cilalanmaya ehtiyac olsa belə, bu nəqliyyat vasitəsində daha əvvəldən olan qüsur olmuşdur. Akumulyatorun sıradan çıxmasının isə onlara aidiyyatı yoxdur. Çünki avtomobil normal şəkildə duracaqdan aparılmışdır, sonradan hansısa problemin yaranması iddiaçının özünə aiddir. Ona görə də, iddiaçı avtomobilini vaxtında duracaqdan götürsə idi, hazırkı bəhanələri gətirməyə imkanı qalmayacaqdı. Qeyd edilənləri nəzərə alıb, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb və toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş: Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(103)-973/2022 saylı qərarından görünür ki, Bakı Şəhər Baş Polis İdarəsinin X1 İdarəsinin 16 mart 2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdə saat 09:20 radələrində Bakı şəhəri, Neftçilər prospektində “BMW” markalı “** VY ***” dövlət qeydiyyat nişanlı avtomobillə (nəqliyyat vasitələrinin sürücüləri tərəfindən normativ tələblər pozulmaqla avadanlığın quraşdırılmasına görə) inzibati xətanı törətmişdir. Buna görə də İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsi ilə təqsirli bilinib 150 manat cərimə edilmişdir. İddiaçı şikayətlə məhkəməyə müraciət edərək Bakı Şəhər Baş Polis İdarəsinin X1 İdarəsinin 16 mart 2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilərək, icraata xitam verilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 30 mart 2022-ci il tarixli qərarı ilə İddiaçı şikayəti təmin edilməmiş, Bakı Şəhər Baş Polis İdarəsinin X1 İdarəsinin 16 mart 2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs İddiaçı tərəfindən şikayət vermiş və qərarın ləğv edilməsi, şikayətinin təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı iş materiallarında olan videogörüntüyə tərəflərin iştirakı ilə baxış keçirilərkən müəyyən edilmişdir ki, səsboğucu başlıqlar aksesuar kimi quraşdırılıb və avtomobilin işlənmiş qazların xaricetmə sisteminə heç bir müdaxilə olmayıb. Səsboğucu başlıq nəqliyyat vasitəsində işlənmiş qazların xaricetmə sisteminə qoşulmamışdır (tüstü çıxmır). Konstruksiyada heç bir dəyişiklik olmadığından funksiyası yalnız görünüş üçün maket kimi olduğundan təyinatı avadanlıq yox məhz aksesuar hesab edilməlidir. İstehsalçı şirkət tərəfindən işlənmiş qazların xaric olunması üçün 2 çıxış qoyulmuş, sonradan sürücü tərəfindən əlavə edilmiş çıxışlar katalizator sistemindən çəkilmədiyindən bu hal qayda pozuntusu kimi nəzərə alınmamalıdır. Bu başlıqların heç bir funksiyası olmadığından texniki göstəriciləri pozmamaq şərti ilə nəqliyyat vasitəsinə əlavə edilmiş kimi hesab edilməlidir. Bu halda nəqliyyat vasitəsinin sürücüsi tərəfindən normativ tələblər pozulmaqla avadanlıq quraşdırılmamış və nəticədə İddiaçı tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilməmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin Bakı Şəhər Baş Polis İdarəsinin X1 İdarəsinin 16 mart 2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmasına dair 30 mart 2022-ci il tarixli qərarı ləğv edilmiş, İddiaçı tərəfindən verilmiş şikayət təmin edilmiş, Bakı Şəhər Baş Polis İdarəsinin X1 İdarəsinin 16 mart 2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilərək iş üzrə icraata xitam verilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İddiaçı maddi zərər tələlərini təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Belə ki, iddiaçı avtomobilinin DYPİ-nin mühafizə ollunan duracağında saxlanılan zaman taksi xidmətlərindən istifadə etməsini və bu xidmətlərə görə cəmi 1115 manat məbləğində vəsait ödəməsini təsdiq edən hər hansı mötəbər sübut növünü, maliyyə arayışını və ya məhkəmə tərəfindən təklif edilməsinə və izah edilməsinə baxmayaraq “Uber”, “BOLT” taksi xidmətlərinin ona məxsus mobil telefonunda yerləşdirilmiş mobil tətbiq proqramından onun gedişləri barədə çıxarışları məhkəməyə təqdim etməmişdir. Bundan əlavə iddiaçı avtomobilin məhz mühafizə duracağında saxlanıldığı zaman akkumlyatorunun sıradan çıxmasını, duracağa yerləşdiriliməmişdən əvvəl saz vəziyyətdə olmasını, eyni zamanda da avtomobilin rəng örtüyünün də məhz duracaqda saxlanılan zaman zədələnməsini, bundan əvvəl isə hər hansı problemlərin rəng örtüyündə olmamasını təsdiq edən sübutları da məhkəməyə təqdim edə bilməmişdir. Bundan məhkəmədə iddiaçı avtomobili duracaqdan özü tərəfindən sürülərək aparıldığını bildirmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddiaçının avtomobilinə iddia ərizəsində göstərilən zərərlərin məhz cavabdehin qanunsuz hərəkətləri nəticəsində dəyməsini təsdiq edən sübutlar təqdim edilmədiyindən məhkəmə hesab edir ki, maddi zərər tələbi əsassızdır və rədd edilməlidir. Bundan əlavə məhkəmə mənəvi zərər tələbi ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsinin birinci və ikinci hissələrinə əsasən hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 23.1. Fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Marağı olan şəxslərin tələbi ilə fiziki şəxsin şərəf və ləyaqətinin müdafiəsinə onun ölümündən sonra da yol verilir. 23.4. Şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» 31 may 2002-ci il Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair» 24 aprel 2020-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu qeyd etmişdir ki, «Beləliklə, mənəvi zərərin vurulmasının sübut edilməsinin kifayət qədər mürəkkəb olması mübahisəsizdir. Bu növ iddialarda şəxs maddi deyil, mənəvi aləmində, şüurunda baş vermiş mənfi halları, sarsıntını, yaşamaq eşqinin azalmasını və s. məhkəmə qarşısında sübut etməlidir. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, məhkəmədə mənəvi zərərlə bağlı işə baxılarkən zərərçəkmiş şəxsin mənəvi və fiziki iztirablar keçirməsi ilə əlaqədar zərərin hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində vurulması, zərər vuranın təqsirinin dərəcəsi və mübahisənin həlli üçün əhəmiyyət kəsb edən digər hallar ətraflı araşdırılaraq müəyyən edilməlidir. Vurulmuş mənəvi zərərə görə təzminatın məbləğinin hesablanması zamanı məhkəmələr cavabdehin maddi durumunu nəzərə almalıdır.» “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu 03 noyabr 2008-ci il 7 saylı Qərarının 10-cu bəndində izah etmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.) ,habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Məhkəmə cavabdehin qanunsuz qərarı əsasında iddiaçının uzun müddət avtomobilsiz qalmasını, məcbur olaraq vəkilə, məhkəməyə müraciət etməsini, bu halların şəxsin mənəvi sarsıntı keçirməsinə əsas olmasını nəzərə alaraq hesab edir ki, iddia mənəvi zərərin ödənilməsi hissəsində qismən təmin edilərək, 300 manat müəyyən edilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikası qanunu 9.1.13. təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxsə vurulmuş ziyanın ödənilməsi haqqında mübahisələr üzrə - tərəflər dövlət rüsumu ödəməkdən azaddırlar. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222.2-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsi X1 İdarəsindən mənəvi zərərin əvəzi olaraq 300 (üç yüz) manat məbləğində pul İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi verildiyi gündən bir ay müddətində “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Təhminə Xəlilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar