Məhkəmə qərarları › İş №2(004)-7292/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-7292/2025

26.02.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-7292/2025 26.02.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddəsi ilə təqsirləndirilən, Cavabdeh 22000 manat məbləğində dəymiş maddi zərərin və 3000 manat mənəvi zərərin ondan tutulub iddiaçıya qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinməsi, barəsində Azərbaycan Respublikası CM-nin 46.2- ci maddəsi tətbiq edilməklə ona 03 il müddətinə cəza çəkdiyi müddətdə dövlət orqanlarında, yerli özünü idarə orqanlarında, dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarında, habelə digər kommersiya və qeyri-kommersiya təşkilatlarında təşkilatisərəncamverici və ya inzibati- təsərrüfat funksiyalarını yerinə yetirmə hüququndan məhrum edilmə növündə əlavə cəza təyin edilməklə 04 (dörd) il 04 (dörd) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, Azərbaycan Respublikası CM-nin 69.3 maddəsinə əsasən Cavabdeh barəsində seçilmiş olan “həbs”, “ev dustaqlığı” qətimkan tədbiri və tutma ilə əlaqədar cəmi 01 il 01 ay 15 gün müddət ona təyin edilən cəzasından çıxılsın, üzərində 03 (üç) il 02 (iki) ay 15 (on beş) gün azadlıqdan məhrum etmə cəzası saxlanılması, Cəzasının əvvəli 13 oktyabr 2025- ci il tarixdən hesablanması, Cavabdeh barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvədə qalması, Cavabdeh cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, Zərərçəkən-mülki İddiaçı mülki iddiası qismən təmin edilməsi, Cavabdeh X4 xeyrinə maddi ziyana görə 22000 manat, mənəvi zərərə görə 1200 (min iki yüz) manat, dövlət rüsumuna görə 133 (yüz otuz üç) manat, cəmisi 27.133 (iyirmi yeddi min yüz otuz üç) manat məbləğində pul tutulması, digər zərərçəkənlərə mülki qaydada iddia qaldırmaq hüquqları izah edilməsi, Təqsirləndirilən şəxs Cavabdeh müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili X3 məhkəmədə göstərdiyi 50 saat hüquqi yardıma görə 550 (beş yüz əlli) manat məbləğində pul Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilməsi barədə hökm çıxarılmışdır. Belə ki, Cavabdeh öz qulluq mövqeyindən istifadə etməklə, etibardan sui-istifadə etmə və aldatma yolu ilə, təkrarən, özgənin əmlakını ələ keçirərək zərərçəkmiş şəxslərə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, o, təkrarən bacısı X1 olduğu Azərbaycan Respublikası iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş idarəsində vergi ödəyicisi kimi qeydiyyatdan keçən «ŞORANLİQ- 94» çoxprofilli şirkətində icraçı vəzifəsində işləyərkən öz qulluq mövqeyindən istifadə edərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə İddiaçı«ŞORANLİQ-94» çoxprofilli şirkətinin Abşeron rayonu, Masazır qəsəbəsi, Həzi Aslanov küçəsində yerləşən torpaq sahəsində öz mülkiyyətinə aid olmayan 1,5 sot torpaq sahəsində 135 kv.metr, 5 daşı kürsü üzərində 2 mərtəbəli, 4 otaqdan ibarət tam təmirli fərdi yaşayış evini 60000 manata xx.xx.2023-cü il tarixinə kimi tikib təhvil verəcəyinə dair yalan vəd verib aldatmış, bu niyyətlə görünüş və İddiaçı etibarını qazanmaq üçün xx.xx.2022-cü il tarixdə Xirdalan şəhəri yerləşən 2 saylı notariat ofisində uydurma müqavilə bağlamaqla ilkin ödəniş adı ilə 20000 manat, aylıq ödəniş adı ilə isə 2023-cü ilin mart ayında «ŞORANLİQ-94» çoxprofilli şirkətinin Abşeron rayonu, Masazır qəsəbəsi, H.Aslanov küçəsində yerləşən ofisində 500 manat, ümumilikdə 22000 manat pulu vahid niyyətlə əhatə olunmuş qəsdlə alıb ələ keçirərək, vədinə əməl etməyib İddiaçı 22.000 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bununla əlaqədar ibtidai istintaq zamanı iddiaçı zərərçəkmiş şəxs qismində tanınmışdır. İddiaçı ifadə verərək hər şeyi aşağıdakı şəkildə ətraflı olaraq göstərmişdir: Belə ki, məhkəmə iclasında zərərçəkrniş şəxs qismində dindirilmiş İddiaçı ifadəsində göstərmişdir ki, Cavabdeh «ŞORANLİQ-94» çoxprofilli şirkətinin Abşeron rayonu, Masazır qəsəbəsi, H.Aslanov küçəsində yerləşən torpaq sahəsində 1,5 sot torpaq sahəsində 135 kv.metr, 5 daşı kürsü üzərində 2 mərtəbəli, 4 otaqdan ibarət tam təmirli fərdi yaşayış evini 60000 manata xx.xx.2023-cü il tarixinə kimi tikib təhvil verəcəyinə dair yalan vəd verib xx.xx.2022-ci il tarixdə Xirdalan şəhəri, 2 saylı notariat ofisində müqavilə bağlamaqla ilkin ödəniş adı ilə 20000 manat, aylıq ödəniş adı ilə isə 2023-cü ilin mart ayında "ŞORANLİQ-94" çoxprofilli şirkətinin Abşeron rayonu, Masazır qəsəbəsi, Əliağa Vahid küçəsində yerləşən ofisində 500 manat, ümumilikdə 22000 manat pul almışdır. Bununla əlaqədar ibtidai istintaq zamanı iddiaçı zərərçəkmiş şəxs olaraq ifadə verərək hər şeyi ətraflı olaraq göstərmişdir. Lakin ibtidai istintaq zamanı mülki iddia verməmişdir. Bu səbəbdən məhkəməyə mülki iddia ilə müraciət etmək məcburiyyətindədir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada Cavabdeh qeydiyyatda olduğu ünvan üzrə bildiriş göndərilməklə yanaşı, eyni zamanda Cavabdeh xx.xx.2025-ci il tarixli hökmlə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsini nəzərə alaraq, Cavabdeh çatdırılması üçün Bakı İstintaq Təcridxanasına bildiriş göndərilmiş, cavabdeh tərəfindən iddiaya dair etiraz, məhkəmə iclasında şəxsən iştirakına dair vəsatət daxil olmamışdır. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, işdə olan sübutları araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Abşeron Rayon Məhkəməsinin 1(012)-663/2025 saylı, 03 dekabr 2025-ci il tarixli hökmünə əsasən Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinərək, barəsində Azərbaycan Respublikası CM-nin 46.2-ci maddəsi tətbiq edilməklə ona 03 il müddətinə cəza çəkdiyi müddətdə dövlət orqanlarında, yerli özünü idarə orqanlarında, dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarında, habelə digər kommersiya və qeyri-kommersiya təşkilatlarında təşkilati-sərəncamverici və ya inzibatitəsərrüfat funksiyalarını yerinə yetirmə hüququndan məhrum edilmə növündə əlavə cəza təyin edilməklə 04 (dörd) il 04 (dörd) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Cavabdeh barəsində seçilmiş olan “həbs”, “ev dustaqlığı” qətimkan tədbiri və tutma ilə əlaqədar cəmi 01 il 01 ay 15 gün müddət ona təyin edilən cəzasından çıxılmış, üzərində 03 (üç) il 02 (iki) ay 15 (on beş) gün azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasının əvvəlinin 13 oktyabr 2025-ci il tarixdən hesablanması, Cavabdeh barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hokm qanuni qüvvəsini alanadək qüvvədə qalması, Cavabdeh cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, zərərçəkən-mülki iddiaçı X4 mülki iddiasının qismən təmin edilməsi, Cavabdeh X4 xeyrinə maddi ziyana görə 25.800 (iyirmi beş min səkkiz yüz) manat, mənəvi zərərə görə 1200 (min iki yüz) manat, dövlət rüsumuna görə 133 (yüz otuz üç) manat, cəmi 27,133 (iyirmi yeddi min yüz otuz üç) manat məbləğində pulun tutulması, digər zərərçəkənlərə mülki qaydada iddia qaldırmaq hüquqlarının izah edilməsi hökm edilmişdir. İş materialarında olan hökmlə müəyyən olunmuşdur ki, Cavabdeh təkrarən bacısı X1 olduğu Azərbaycan Respublikası iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində vergi ödəyicisi kimi qeydiyyatdan keçən «ŞORANLİQ-94» çoxprofilli şirkətində icraçı vəzifəsində işləyərkən öz qulluq mövqeyindən istifadə edərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə İddiaçı «ŞORANLİQ-94» çoxprofilli şirkətinin Abşeron rayonu, Masazır qəsəbəsi, “Mətanət A” şirkətinin arxasında yerləşən öz mülkiyyətinə aid olmayan 1.5 sot torpaq sahəsində 135 kv.metr mişar daşı kürsü üzərində 2 mərtəbəli, 4 otaqdan ibarət tam təmirli fərdi yaşayış evini 60000 manata xx.xx.2023-cü il tarixinə kimi tikib təhvil verəcəyinə dair yalan vəd verib aldatmış, bu niyyətlə görünüş və İddiaçı etibarını qazanmaq üçün xx.xx.2022-ci il tarixdə ünvan 1 ünvanda yerləşən 2 saylı notariat ofisində uydurma müqavilə bağlamaqla ilkin ödəniş adı ilə 20000 manat, həmin tarixdə Abşeron rayonu, Masazır qəsəbəsi, H.Əliyev prospekti döngə 2 ünvanda yerləşən «ŞORANLİQ-94» çoxprofilli şirkətin ofisində ofis haqqı adı ilə 1000 manat, xx.xx.2022-ci il tarixdə eyni ünvanda 500 manat, xx.xx.2022-ci il tarixdə eyni ünvanda 500 manat, ümumilikdə 22000 manat pulu vahid vahid niyyətlə əhatə olunmuş qəsdlə alıb ələ keçirərək, vədinə əməl etməyib İddiaçı 22000 (iyirmi iki min) manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Hökmdən görünür ki, Cavabdeh ifadəsində bildirmişdir ki, zərərçəkənləri aldatmaq fikri olmamışdır. Əldə etdiyi pulları tikintiyə qoymuşdur. Həbsi ilə əlaqədar tikintini tamamlaya bilməmişdir. İddiaçı Abşeron rayonu Masazır qəsəbəsi “Mətanət A” şirkətinin arxasında yerləşən 1.5 sot torpaq sahəsində 135 kv.metr mişar daşı kürsü üzərində 2 mərtəbəli, 4 otaqdan ibarət tam təmirli fərdi yaşayış evini 60000 manata razılaşıb 22000 manat pul almışdır. Məhkəmə, cavabdehin Cavabdeh sözügedən ifadəsini iddianın etirafı olaraq qiymətləndirir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş mübahisəsiz halları odur ki, İddiaçı tərəfindən Cavabdeh fərdi yaşayış evi tikmək məqsədilə 22000 manat məbləğində pul verilmiş, həmin mənzil tikilib təhvil verilməmiş, iddiaçı tərəfindən verilmiş 22000 manat məbləğində pulu isə qaytarmamışdır. Hal-hazırda iddiaçı cavabdehdən 22000 manat məbləğində dəymiş maddi zərərin və 3000 manat mənəvi zərərin tutulub ona ödənilməsini tələb edir. Məhkəmə hesab edir ki, iddiaçı hazırki iddianı qaldırmaqda haqlıdır. İş materiallarından da müəyyən olunur ki, Cavabdeh tərəfindən İddiaçı 22000 (iyirmi iki min) manat məbləğində ziyan vurulmuşdur. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 65.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə, kommersiya və ya inzibati mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. İddianın təmin edilməsi hüququnu təsdiq edən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü mülki işə baxılarkən məhkəmə üçün bu hissədə məcburidir. 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Məhkəmə iddia tələbinin “cavabdehdən 3000 manat mənəvi zərərin tutulub iddiaçıya ödənilməsi” hissəsinə münasibət bildirərək qeyd edir ki, iddia tələbi həmin hissədə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iddiaçı vurulmuş mənəvi zərərin məbləği olaraq 3000 (üç min) manat tələb etsə də, iddiaçıya mənəvi zərərin dəyməsi sübuta yetmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli Qərarında göstərilir ki, Mülki Məcəllənin 23-cü maddəsində mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s.vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Qeyd edilən Plenum Qərarının 11-ci bəndinə görə mənəvi zərərin ödənilməsi barədə işlərə baxıldıqda mülki prosessual qanunvericiliyin ümumi müddəaları ilə bərabər xüsusi qanunvericilikdə məyyən olunmuş müddəalar, habelə adətlər, əxlaq normaları da nəzərə alınmalıdır. “Şəxsiyyət Hüquqlarının Müdafiəsi Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 dekabr 2025-ci il tarixli 20 nömrəli qərarının 5.5-ci bəndinə əsasən fiziki şəxsin şəxsiyyət hüquqlarının pozulması ona maddi və (və ya) mənəvi zərərin vurulmasına səbəb ola bilər. Şəxsin əmlak hüquqlarının pozulması isə o halda mənəvi zərərə səbəb ola bilər ki, bu pozuntu həmin şəxsin şəxsiyyət hüquqlarına hüquqazidd müdaxilə ilə nəticələnmiş olsun. Həmin Qərarın 8-ci bəndinə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Göründüyü kimi, iddiaçı fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması, mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunması, hansı mənəvi sarsıntı və iztirablar keçirməsi barədə sübutları məhkəməyə təqdim edə bilməmiş, həmçinin qeyd edilən hallar məhkəmə tərəfindən müəyyən edilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, fiziki şəxsin şəxsiyyət hüquqlarının pozulması ona maddi və (və ya) mənəvi zərərin vurulmasına səbəb ola bilər, əmlak hüquqlarının pozulması isə yalnız o halda mənəvi zərərə səbəb ola bilər ki, bu pozuntu həmin şəxsin şəxsiyyət hüquqlarına hüquqazidd müdaxilə ilə nəticələnmiş olsun. İş materiallarına əsasən müəyyən edilmişdir ki, mübahisə yalnız əmlak hüquqları ilə bağlı olmuş və iddiaçının hər hansı şəxsiyyət hüquqlarına o cümlədən şərəf və ləyaqətinə, şəxsi və ailə həyatına və ya digər qeyri-əmlak hüquqlarına müdaxilə edildiyi təsdiq olunmamışdır. Bu səbəbdən mənəvi zərərin ödənilməsi tələbi əsassız hesab edilməli və təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə qeyd edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 22000 (iyirmi iki min) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 145.20 (bir yüz qırx beş manat iyirmi qəpik) manat pul alınaraq İddiaçı ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 22000 (iyirmi iki min) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 145.20 (bir yüz qırx beş manat iyirmi qəpik) manat pul alınaraq İddiaçı ödənilsin. Ödənilmiş dövlət rüsumunun qalan hissəsi, yəni 19.80 (on doqquz manat səksən qəpik) (165-145.20=19.80) iddiaçıya aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar