Məhkəmə qərarları › İş №2(004)-761/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-761/2021

21.04.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-761/2021 21.04.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Məmmədova Ayşən Müşfiq qızının katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikasının Milli Depozit Mərkəzinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Milli Depozit Mərkəzinə qarşı “səhmlərin bərpa edilməsi, emitentin təqdim etdiyi sənədlərin verilməsi, səhmlərin qanunsuz olaraq dövriyyədən çıxarılması və bərpa edilməməsi nəticəsində vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Milli Depozit Mərkəzinə qarşı “səhmlərin bərpa edilməsi, emitentin təqdim etdiyi sənədlərin verilməsi, səhmlərin qanunsuz olaraq dövriyyədən çıxarılması və bərpa edilməməsi nəticəsində vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi xx.xx.2020-ci il tarixdə Bakı şəhəri Yasamal rayon Məhkəməsinə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Milli Depozit Mərkəzinin üzərinə “xxxx” ASC-nin səhmlərinin bərpa edilməsi, səhmlərin ləğv edilməsi zamanı emitentdən Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən alınmış sənədlərin surətlərinin ona təqdim edilməsi öhdəliyinin qoyulması, səhmlərin qanunsuz olaraq dövriyyədən çıxarılması və bərpa edilməməsi nəticəsində ona vurulmuş maddi zərərin əvəzi olaraq 3.600 manat və mənəvi zərərin əvəzi olaraq 20.000 manat kompensasiyanın cavabdeh Azərbaycan Respublikası Milli Depozit Mərkəzindən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, cavabdeh Azərbaycan Respublikasının Milli Depozit Mərkəzinin üzərinə “xxxx” ASC-nin səhmlərinin bərpa edilməsi, səhmlərin ləğv edilməsi zamanı emitentdən Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən alınmış sənədlərin surətlərinin ona təqdim edilməsi öhdəliyinin qoyulması (Cəmiyətin ləğvetmə Balansının təsdiq edilməsi və qalıq əmlakın bölüşdürülməsi haqqında keçirilmiş ümumi yığıncağının protokolunun təsdiq edilmiş surətini; Ləğvetmə balansının surətini və təhvil aktının surətini; Qalıq əmlakın bölünməsi (istifadə edilməsi) planını əks etdirən hesabatı və həmin əmlakın iştirakçılara təqdim edilməsini təsdiq sənədin surətini; Səhmlərə görə ödənişlərin edilməsini təsdiq edən sənədin surətini; Səhmlərin dövriyədən çıxarılmasına dair müvafiq icra hakimiyəti orqanı tərəfindən verilən arayışın surətini;) və səhmlərin qanunsuz olaraq dövriyyədən çıxarılması və bərpa edilməməsi nəticəsində ona vurulmuş maddi zərərin əvəzi olaraq 3.600 manat və mənəvi zərərin əvəzi olaraq 20.000 manat kompensasiyanın cavabdeh Azərbaycan Respublikası Milli Depozit Mərkəzindən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, o, “xxxx” ASCnin səhmdarıdır, 360 ədəd səhmin sahibidir. xx.xx.2017-ci il tarixdə “xxxx” ASC-nin təsisçilərinin ümumi yığıncağı keçirilmiş və “xxxx” ASC-nin təsviyə yolu ilə ləğv edilməsi qərara alınmışdır. Onun səhmdarı olduğu ASC ləğvetmə prosesində olsa da, sonradan ləğv edilməmişdir. Lakin bu ləğvetmə prosesi və ondan sonrakı mərhələ birbaşa olaraq ona məxsus olan səhmlərə dair mülkiyyət hüququnun itirilməsi ilə nəticələnmişdir. Qanunvericiyə əsasən səhmlərin dövriyyədən çıxarılmasını texniki cəhətdən hal-hazırda Azərbaycan Respublikasının Milli Depozit Mərkəzi həyata keçirir. Bu prosedur ləğv edilmiş Qiymətli Kağızlar Komitəsinin 2004-cü ildə təsdiq olunmuş “İnvestisiya qiymətli kağızlarının dövriyyədən çıxarılması və ləğv edilməsi” qaydalarına və Milli Depozit Mərkəzinin daxili qaydalarına müvafiq olaraq icra olunur. Həmin qaydalara əsasən səhmləri dövriyyədən çıxartmaq üçün səhmdar cəmiyyətin ləğv edilməsi haqqında qərar kifayət edir. Məlumat üçün qeyd edr ki, hər hansı bir açıq səhmdar cəmiyyət ləğv etmə haqqında qərar qəbul etdikdə və Vergilər Nazirliyi tərəfindən hüquqi şəxslərin dövlət reyestrinə bu barədə qeyd edildikdən sonra səhmdarlara məxsus səhmlər dəyərsizləşir. Belə ki, İnvestisiya qiymətli kağızların dövriyyədən çıxarılması və ləğv edilməsi Qaydalarının 2.13-cü bəndinə əsasən qiymətli kağızların dövriyədən çıxarılması və ləğv edilməsi barədə məlumatın dərc edildiyi gündən etibarən onların dövriyyəsinə yol vermir və onlarla bağlanmış müqavilələr əhəmiyyətsizdir. Bu prosesin sonu olaraq, hələ tam ləğv edilməmiş hüquqi şəxsin səhmləri ləğv edilir. Normadan göründüyü kimi, ləğvetmə prosesində olan cəmiyyətin səhmdarları əlverişsiz şəraitə salınırlar. Lakin hüquqi şəxslərin ləğvetmə prosesi Mülki Məcəllədə çox dəqiq tənzimlənmişdir. Belə ki, Mülki Məcəllənin 59.6-cı maddəsinə əsasən ləğvetmə prosesinin ümumi müddəti hüquqi şəxsin ləğv edilməsi barədə məlumatın hüquqi şəxslərin dövlət reyestrinə daxil edildiyi andan etibarən bir ildən çox olmamalıdır. Həmin müddətin keçməsi ləğvetmə prosesinin yenidən başlanmasına səbəb olur. Normadan göründüyü kimi, hüquqi şəxs tərəfindən ləğv prosesi bir il ərzində başa çatdırılmadığı halda, cəmiyyət yenidən səhmdarların ümumi yığıncağını çağırmalı və bütün prosesləri yenidən həyata keçirilməlidir. Odur ki, “Ləğvetmə prosesində” statusundan avtomatik olaraq çıxarılmış cəmiyyət qeydiyatda olan cəmiyyətlərin sırasına daxil edilməlidir. Cəmiyyətin yenidən ləğv edilməsi üçün səhmdarların ümumi yığıncağı çağırılmalı və bununla bağlı bütün zəruri tədbirlər görülməlidir. Qanunvericilikdə bu mexanizm imperativ qaydada təsbit olunub və müvafiq icra hakimiyyətinə heç bir diskresion səlahiyyət verilməyib. Lakin bütün yuxarıda qeyd edilənlərə baxmayaraq adı çəkilən cəmiyyətin ləğvetmə prosesi bir il müddətinin bitməsinə baxmayaraq Milli Depozit Mərkəzi tərəfindən ona məxsus səhmlər dövriyyədən çıxarılmışdır. Bununla da Milli Depozit Mərkəzi ona səhmdar kimi maddi və mənəvi ziyan vurmuşdur. Onun səhmləri bir investisiya aləti olmaqla, özünə məxsus səhmləri sərf edən qiymətlərə satmaq imkanı yaradır. Lakin Milli Depozit Mərkəzinin bu cür qanunsuz hərəkəti onlar minoritar səhmdarların hüquqlarının həyata keçirilməsinə maneəçilik törətmişdir. Əlavə olaraq, artıq aktuallığını itirmiş və mövcud qanunvericiliyə zidd olan qaydalar əsasında ona məxsus səhmləri dövriyyədən çıxarmaq birbaşa onun mülkiyyət hüququna qəsddir. Vergilər Nazirliyinin 8 saylı Ərazi İdarəsi xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli və Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi İdarəsi xx.xx.2020-ci il tarixli məktublarla onun müraciətinə cavab verilərək bildirmişdir ki, “xxxx” ASC (VÖEN **********) ləğv edilməyib. Belə ki, cəmiyyət ləğv edilmə prosedurları qanunvericilikdə müəyyən edilmiş bir il müdətində başa çatdırılmadığından cəmiyyətin ləğv prosesində olması barədə qeyd hüquqi şəxslərin dövlət reyestrindən çıxarılmışdır. Bu səbəbdən hesab edir ki, onun səhmləri depo hesabına bərpa edilməlidir. Səhmləri aktiv olmadan səhmdar kimi ümumi yığıncağın iclasında iştirak etmək və səs vermək hüquqlarını həyata keçirə bilmir. Odur ki, iddia tələbinin təmin edilməsini xahiş edir. Cavabdeh Azərbaycan Respublikasının Milli Depozit Mərkəzinin nümayəndəsi X3 məhkəmə iclasında iddianı qəbul etmədi və yazılı etiraz təqdim edərək bildirdi ki, iddiaçı öz ərizəsində investisiya qiymətli kağızlarının dövriyyədən çıxarılması prosesinin Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin xx xxxxxx 2004-cü il tarixli Əmri ilə təsdiq edilmiş “investisiya qiymətli kağızlarının dövriyyədən çıxarılması və ləğv edilməsi” Qaydalarına uyğun həyata keçirilməsinin nəticəsi kimi ləğvetmə prosesində olan səhmdar cəmiyyətlərinin səhmdarlarının əlverişsiz şəraitə salındığını iddia edir və bu prosesin Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəqiq tənzimləndiyini bildirir. Hesab edir ki, iddia tamamilə əsassızdır. Belə ki, Mülki Məcəllənin 1078-27-ci maddəsinə əsasən qiymətli kağızların dövriyyədən çıxarılması qaydaları maliyyə bazarlarına nəzarət orqanı tərəfindən müəyyən edilir. Buna müvafiq olaraq, digər səhmdar cəmiyyətlərinin ləğvi prosesində olduğu kimi İddiaçı səhmdarı olduğu “xxxx” ASC-nin ləğvi prosesində də Milli Depozit Mərkəzi tərəfindən qanunvericiliyin tələblərinə riayət edilmiş, Mülki Məcəllə, “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanunu və digər normativ hüquqi aktlar rəhbər tutulmuş və hər hansı ziddiyyət doğuran hərəkət və ya hərəkətsizliyə yol verilməmişdir. Nəticə etibarilə, Milli Depozit Mərkəzinin səhmdarların hüquqlarının həyata keçirilməsinə maneçilik törətməsi kimi iddianın heç bir hüquqi əsası yoxdur. İddiaçı ifadə etdiyi kimi Milli Depozit Mərkəzi tərəfindən səhmlərin dövriyyədən çıxarılaraq ona maddi və mənəvi zərər vurulması iddiası qəbuledilməzdir. Belə ki, Milli Depozit Mərkəzinin səhmdarların səhmləri (qiymətli kağız mülkiyyətçilərinin qiymətli kağızları) üzərində sərəncam vermək səlahiyyəti yoxdur. “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununun (Qanun) 29.2-ci maddəsinə əsasən Mərkəzi depozitar depozitar sistemində qiymətli kağız mülkiyyətçilərinin (nominal saxlayıcıların) və ya emitentlərin tapşırıqlarını icra etməməsi və ya yalnış, təhrif edilmiş şəkildə icra etməsi nəticəsində onlara vurduğu zərərə görə məsuliyyət daşıyır. Qeyd edilən müddəaya uyğun olaraq, qiymətli kağızların dövriyyədən çıxarılması barədə qərar emitent (burda səhmləri buraxmaq hüququna malik səhmdar cəmiyyəti) tərəfindən verildiyindən Milli Depozit Mərkəzi bu barədə hər hansı bir qərar vermək səlahiyyətinə dolayısı ilə səhmləri dövriyyədən çıxarmaqla səhmdarlara ziyan vurmaq, onlara məxsus qiymətli kağızları dəyərsizləşdirmək hüququna və ya imkanına malik deyildir. Qiymətli kağızların dövlət reyestrində səhmdar cəmiyyətinin səhmlərinin dövriyyədən çıxarılması barədə qeydlərin aparılması maliyyə bazarlarına nəzarət orqanı tərəfindən həyata keçirilir. Milli Depozit Mərkəzinin fəaliyyəti nəticəsində iddiaçıya hər hansı bir maddı ziyan vurmamışdır, maddi ziyan vurmadığına görə mənəvi zərər vurulması halları da mövcud deyildir. Milli Depozit Mərkəzi Azərbaycan Respublikasının mərkəzi depozitarı olaraq, respublikada qiymətli kağızlar üzrə depozitar sistemini idarə edir. Milli Depozit Mərkəzinin əsas məqsədi Azərbaycan Respublikasının ərazisində qiymətli kağızların saxlanılmasını, onlar üzərində mülkiyyət və digər hüquqların uçotunu, habelə qiymətli kağızlarla bağlı əqdlərın qeydiyyatını aparan depozitar sisteminin işinin təşkili və əlaqələndirilməsidir. Milli Depozit Mərkəzinin fəəaliyyətinin əsas prinsiplərindən biri investorların maraqlarının təmin edilməsidir. Milli Depozit Mərkəzində olan hazırkı mübahisəyə dair sənədlər - “xxxx” ASC-nin ləğvetmə balansının təsdiq edilməsi və qalıq əmlakının bölüşdürülməsi haqqında keçirilmiş ümumi yığıncağın protokolunun surəti; “xxxx” ASC-nin ləğvetmə balansının və təhvil aktının surətləri; “Qalıq əmlakın bölünməsi planının əks etdirən hesabatı və həmin əmlakın iştirakçılara təqdim edilməsin təsdiq edən sənədin surəti; Azərbaycan Respublikasının Mərkəzi Bankının məktubu; Azərbaycan Respublikasının Maliyyə X1 məktubu; Səhmlərə görə ödənişlərin ödənilməsini əks etdirən sənədlər Milli Depozit Mərkəzinin xx.xx.2021-ci il tarixli məktubu ilə məhkəməyə təqdim edilmişdir. Bu sənədlərdən başqa MDM-də yalnız Dövlət Vergi Xidmətinin məktubları və qəzetdə verilmiş elan vardır. Hesab edir ki, Milli Depozit Mərkəzi iddiaçıya qarşı hər hansı bir qanunsuz hərəkət etməmişdir, emitentin qərarlarını icra etmişdir. Bu səbəbdən, iddianın rədd edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdırıb hesab edir ki, hazırkı mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Çünki, “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli 10 nömrəli qərarının 13-cü bəndinə əsasən əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrıayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxxxx 2020-ci il tarixli Qərarının icrası üzrə məhkəmə aidiyyətinin müəyyən edilməsi meyarları və onların xüsusiyyətlərini, habelə bu meyarlar üzrə yoxlanılma ardıcıllığını əks etdirən cədvəldə göstərilir ki, - Fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslər (əcnəbilər və vətəndaşlığı olmayan şəxslər daxil olmaqla, kommersiya hüquqi şəxsləri ilə bağlı korporativ tələblər, investisiya qiymətli kağızları (istiqraz və səhm), veksel, depozitar qəbz, investisiya fond payı üzrə çağırış icraatı işlərində) kommersiya mübahisəsinin subyektlərinin dairəsinə (müəyyən şərtlər çərçivəsində mülki hüquq münasibətlərinin bütün tərəfləri kommersiya mübahisəsinin subyekti ola bilərlər) aiddir. Göründüyü kimi, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxs - “xxxx” ASC-nin səhmdarı olan İddiaçı hazırkı iddia tələbləri kommersiya hüquqi şəxsləri ilə bağlı, yəni “xxxx” ASCdə olan səhmlərinin qanunsuz olaraq dövriyyədən çıxarılması ilə bağlı yaranan korporativ tələblərdir, investisiya qiymətli kağızları (istiqraz və səhm) və kommersiya mübahisəsinin subyektlərinin dairəsinə aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir. Bu səbəblərdən hazırkı işə kommersiya məhkəməsi tərəfindən baxılmalıdır. İddiaçı iddia tələbində “xxxx” ASC-də olan 360 ədəd səhminin olduğunu, “xxxx” ASC-nin təsisçilərinin xx.xx.2017-ci il tarixdə keçirilmiş ümumi yığıncağında “xxxx” ASC-nin təsviyə yolu ilə ləğv edilməsinə dair qərar qəbul edilsə də, cəmiyyətin ləğv edilmə prosedurları qanunvericilikdə müəyyən edilmiş bir il müdətində başa çatdırılmadığından, cəmiyyətin ləğv prosesində olması barədə qeydin hüquqi şəxslərin dövlət reyestrindən çıxarıldığını, bu səbəbdən onun səhmlərinin depo hesabına bərpa edilməli olmasını, səhmləri aktiv olmadan səhmdar kimi ümumi yığıncağın iclasında iştirak etmək və səs vermək hüquqlarını həyata keçirə bilmədiyini, nəticədə ona maddi və mənəvi zərər vurulduğunu iddia edir. Vergilər Nazirliyinin 8 saylı Ərazi İdarəsi xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli və Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi İdarəsi xx.xx.2020-ci il tarixli məktublarla İddiaçı müraciətinə cavab verilərək bildirmişdir ki, “xxxx” ASC (VÖEN **********) ləğv edilməyib. Belə ki, cəmiyyət ləğv edilmə prosedurları qanunvericilikdə müəyyən edilmiş bir il müdətində başa çatdırılmadığından cəmiyyətin ləğv prosesində olması barədə qeyd hüquqi şəxslərin dövlət reyestrindən çıxarılmışdır. İddiaçı fərdi sahibkar statusuna malik olmayan fiziki şəxs olmaqla - “xxxx” ASC-nin 360 ədəd səhminin sahibidir. Cavabdeh Milli Depozit Mərkəzi isə hüquqi şəxsdir. İşdə iştirak edən şəxslərin subyektiv tərkibinə görə hazırkı mülki iş kommersiya məhkəməsinə aiddir. Yaranmış mübahisə kommersiya hüquqi şəxslərin səhmləri ilə bağlı yaranan korporativ tələblər olmaqla kommersiya mübahisədir. Azərbaycan Respublikası MPM-in 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Azərbaycan Respublikası MPM-in 32.3-cü maddəsinə əsasən hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Azərbaycan Respublikası MPM-in 32.4-cü maddəsinə əsasən aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Azərbaycan Respublikası MPM-in 32.5-ci maddəsinə əsasən aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər. Azərbaycan Respublikası MPM-in 32.6-cı maddəsinə əsasən iş bir məhkəmədən başqa məhkəməyə aidiyyət haqqında qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra göndərilir. Azərbaycan Respublikası MPM-in 32.7-ci maddəsinə əsasən bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 24.2, 26.1, 32, 263264, 266- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Milli Depozit Mərkəzinə qarşı “səhmlərin bərpa edilməsi, emitentin təqdim etdiyi sənədlərin verilməsi, səhmlərin qanunsuz olaraq dövriyyədən çıxarılması və bərpa edilməməsi nəticəsində vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki iş, işdə iştirak edən şəxslərin subyektiv tərkibinə görə və kommersiya hüquqi şəxslərin səhmləri ilə bağlı yaranan korporativ tələblər kimi kommersiya mübahisəsi üzrə mülki icraat qaydasında baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən:Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar