Məhkəmə qərarları › İş №2(004)-765/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-765/2025

02.06.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-765/2025 02.06.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı qarajın köçürülməsi tələbinə dair iş üzrə (açar sözlər: qarajın köçürülməsi) Hakim Əsədzadə Aytəkin Aqil oğlunun sədrliyi, Ələsgərov Pərvin Asif oğlunun katibliyi, İddiaçı, Cavabdeh vəkili və nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı qarajın köçürülməsi tələbinə dair mülki işə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. xx.xx.2007-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2006-cı il tarixdə vəfat etmiş X1 vərəsəsi Bakı şəhəri, Ələsgər Ələkbərov küçəsi 18a nömrəli binanın 19 nömrəli mənzilində yaşayan oğlu – İddiaçıdur. Şəhadətnamə verilən miras Bakı şəhəri, Ələsgər Ələkbərov küçəsi 18a, 19 nömrəli mənzildən ibarətdir.

2. Oktyabr rayon X5 İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 6/10 nömrəli qərarından görünür ki, Ə.Ələkbərov küçəsi, məhəllə 507/511, ev 18a, mənzil 19 ünvanında yaşayan T.S.Hüseynovaya yaşayış yerinin yaxınlığında metal qaraj quraşdırılması üçün icazə verilmişdir.

3. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi idarəsi tərəfindən İddiaçı ünvanlanmış məktubdan görünür ki, ünvan 2 qarajın qeydiyyatı barədə məlumat yoxdur.

4. Bələdiyyə torpaq sahəsinin icarəyə verilməsi haqqında xx.xx.2004-cü il tarixli müqavilədən görünür ki, ünvan 3 ünvanında yerləşən 19,2 kv.m-lik sahə qaraj olaraq istifadə üçün Cavabdeh istifadəsinə verilmişdir.

5. xx.xx.2007-ci il tarixdə verilmiş texniki pasportdan görünür ki, Cavabdeh məxsus texniki pasporta göstərilən qarajın yeri ünvan 3 nömrəli binanın həyəti olaraq göstərilmişdir.

6. Texniki pasporta əlavə edilən situasiya planından görünür ki, 20 nömrəli bina M.Rahim küçəsi ilə Ə.Ələkbərov küçəsinin kəsişməsində yerləşir.

7. xx.xx.2024-cü il tarixdə verilmiş 04/506 invertar nömrəli texniki pasportdan görünür ki, Cavabdeh məxsus texniki pasporta göstərilən qaraj ünvan 3 nömrəli binanın yaxınlığındadır.

8. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi idarəsi tərəfindən məhkəmə sorğusuna verilmiş xx.xx.2025-ci il tarixli, 3-21-3- 30/2-14874/2025 nömrəli cavabdan görünür ki, sorğuda qeyd olunan qaraj dəmir qarajdır (qapısı digər şəxs tərəfindən bağlıdır). Cavabdeh məxsus texniki pasportda göstərilən Yasamal rayonu, Ə.Ələkbərov küçəsi 18A nömrəli binanın yaxınlığında olan dəmir qarajın yanındadır.

9. Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialı tərəfindən məhkəmə sorğusuna verilmiş xx.xx.2025-ci il tarixli, 3-48- 2F/2-702/2025 nömrəli cavabdan görünür ki, X3 barəsində Oktyabr rayon XDS İK-nin arxiv fondu üzrə xx.xx.1991-ci il tarixli, 6/10 nömrəli qərarı mövcuddur. Qərara plan-sxem əlavə edilməmişdir.

10. Məhkəmə tərəfindən keçirilmiş yerli baxış zamanı müəyyən edilmişdir ki, mübahisəli ərazidə bir neçə yanaşı qaraj mövcuddur. İddiaçı tərəfin qeyd etdiyi qarajın kənarları mişar daşı ilə inşa edilmiş qonşu qarajlara bitişikdir. Qarajın qapısı və tavanı metal konstruksiyadan ibarət olmaqla qara rənglə rənglənmişdir. Qarajın açarı Cavabdeh olmuş, müayinə zamanı qarajın qapıları onun tərəfindən açılmışdır. Məhkəmə tərəfindən qarajın yerləşdiyi ətraf ərazilərə diqqət yetirildikdə divardakı lövhələrdən məlum olmuşdur ki, həmin ərazi Ələsgər Ələkbərov küçəsidir.

İddia tələbinin və ona etirazın dəlilləri, məhkəmə icraat iştirakçılarının izahatları

a) iddia tələbi

11. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 4 ünvanında binanın qarşısında yerləşdirilmiş Cavabdeh istifadəsində olan qarajın onun tərəfindən köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

12. İddianın əsaslarına görə, anası X2 məxsus ünvan 4 ünvanında binanın qarşısında yerləşən qaraj yeri zəbt edərək yerinə başqa qaraj yerləşdirilmişdir. Üzərinə 02/0358 nömrə qoyulmuşdur. Həmin qarajın kimə məxsus olması barədə Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş cavaba əsasən həmin qarajın qeydiyyatı barədə heç bir məlumat aşkar edilməmişdir.

b) iddiaya qarşı etiraz

13. İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır.

a) məhkəmə icraat iştiakçılarının izahatları

14. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin məzmununa uğun izahat verərək, göstərmişdir ki, mübahisəli qaraj yeri üçün nəzərdə tutulmuş ərazi onun anasına verilmişdir. O hazırda qaraj yerindən istifadə etmək istəsə də, cavabdeh qanunsuz olaraq onların yerindən istifadə edir. Cavabdehə texniki pasportla verilmiş qaraj yeri başqa ünvandadır. Belə ki, texniki pasportda açıq göstərilir ki, ünvan Məmməd Rahim küçəsidir, onların qarajı isə Ələskər Ələkbərov küçəsində yerləşir.

15. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili və nümayəndəsi iddianın təmin olunmasına etiraz edərək, göstərdi ki, qaraja dair hüquqmüəyyən edici sənədlər cavabdehin adınadır və qaraj uzun illərdir ki, cavabdeh tərəfindən istifadə olunur. İddiaçının anası vəfat edəndən xeyli müddət keçəndən sonra belə bir iddia qaldırması əsassızdır.

Tətbiq edilən hüquq

16. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; Maddə 139.4. Məkana görə daşınmaz əmlak obyektlərinin xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyənləşdirilməsini və onların fərdiləşdirilməsini təmin edən məlumat bazası olan ünvan reyestri aparılır. Daşınmaz əmlak obyektlərinin xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyənləşdirilməsinə imkan verən ünvan verilir. Ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada həyata keçirilir; Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; Maddə 153.4. Bütün mülkiyyətçilərin hüquqları eyni bərabərdə müdafiə edilir; Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər; Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.

17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Maddə 119. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

Məhkəmə baxışının hədləri

18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Məhkəmənin mövqeyi

19. İşdəki sübutlarla müəyyən olunur ki, ünvan 4 ünvanında binanın qarşısında yerləşən qaraj sahəsi iddiaçının anası X2 istifadə üçün verilmiş, Təhminə Hüseynova xx.xx.2006-cı ildə vəfat etmişdir. ünvan 4 ünvanında binanın qarşısında yerləşən mübahisəli qaraj sahəsi hazırda Cavabdeh istifadəsindədir.

20. İddiaçı hazırda həmin sahədə quraşdırılmış qarajın köçürülməsini xahiş edir.

21. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçının hazırkı iddianı qaldırmağa subyektiv hüququ mövcuddur.

22. Belə ki, Oktyabr rayon X5 İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 6/10 nömrəli qərarı ilə X2 Ə.Ələkbərov küçəsi, məhəllə 507/511, ev 18a ünvanı üzrə, binanın yaxınlığında 3x6 metr sahəli metal qaraj quraşdırılması üçün icazə verilmişdir.

23. İddiaçı isə Təhminə Hüseynovanın vərəsəsi olmuşdur. Bunu iş materiallarına əlavə edilən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə təsdiq edir.

24. Mirasa miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir (MM 1151.1).

25. İddia tələbi isə əsaslıdır.

26. Belə ki, qaraj üçün nəzərdə tutulmuş ərazidə cavabdeh tərəfindən qaraj quraşdırıldığı, qarajın onun istifadəsində olduğu ilə mübahisəsiz olaraq müəyyən olunmuşdur.

27. Cavabdehin həmin ərazi üzrə yerləşdirilmiş qaraja dair hüquqlarının mövcudluğu isə öz təsdiqini tapmır.

28. Mübahisəli qaraj yeri Ələskər Ələkbərov küçəsində yerləşir. Cavabdeh tərəfindən hüquq müəyyənedici sənəd kimi təqdim edilən hər iki texniki pasportda isə ona məxsus qarajın yeri olaraq ünvan 3 nömrəli binanın həyəti göstərilmişdir.

29. Məhkəmə tərəfindən texniki pasportda göstərilən, ünvanı M.Rahim küçəsi olaraq müəyyən edilmiş qarajın yerinin iddiaçıya məxsus Ə.Ələkbərov küçəsində yerləşən qaraj yeri ilə üst-üstə düşə bilməsinin mümkünlüyü barədə sorğu ünvanlanmış, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi idarəsi tərəfindən məhkəmə sorğusuna verilmiş xx.xx.2025-ci il tarixli cavabda göstərilmişdir ki, sorğuda qeyd olunan qaraj dəmir qarajdır (qapısı digər şəxs tərəfindən bağlıdır). Cavabdeh məxsus texniki pasportda göstərilən Yasamal rayonu, Ə.Ələkbərov küçəsi 18A nömrəli binanın yaxınlığında olan dəmir qarajın yanındadır.

30. Göründüyü kimi, məhkəmə sorğusuna verilən cavabla cavabdehə məxsus texniki pasportda göstərilən qarajın sorğuda qeyd olunan iddiaçıya məxsus dəmir qarajın yanında olması, yəni həmin qarajla üst-üstə düşməməsi təsdiq olunur.

31. Sorğuda iddiaçıya məxsus qarajın qapısının digər şəxs tərəfindən bağlı olduğu qeyd olunur, məhkəmə tərəfindən yerli müayinə zamanı isə qarajın qapılarının açarının cavabdehdə olması, yəni qarajdan faktiki olaraq cavabdehin istifadə etməsi müəyyən edilmişdir.

33. Odur ki, özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb etmək növündə iddianın təmin olunması üçün bütün zəruri şərtlərin mövcudluğu iş materialları ilə təsdiqini tapır.

34. Beləliklə, işin hazırkı faktiki halları çərçivəsində iddia təmin olunmalı və ünvan 4 ünvanında binanın qarşısında yerləşdirilmiş Cavabdeh istifadəsində olan qaraj Cavabdeh tərəfindən köçürülməlidir.

35. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi:

İddia təmin edilsin. ünvan 4 ünvanında binanın qarşısında yerləşdirilmiş Cavabdeh istifadəsində olan qaraj Cavabdeh tərəfindən köçürülsün. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

HAKİM Aytəkin Əsədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar