Məhkəmə qərarları › İş №2(004)-78/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-78/2022

11.04.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-78/2022 11.04.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi X5 oğlunun katibliyi İddiaçı Cavabdeh X1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : İddiaçı cavabdehə qarşı iddia ərizəsi və iddia tələbinin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona məxsus ünvan 1 ünvanda yerləşən 51 saylı mənzilə dəymiş maddi ziyana görə 1121 manat, mebelə görə 300 manat və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən 51 saylı mənzili iddiaçının mülkiyyətindədir. Təxminən 2017-ci ilin əvvəllərindən mənzilinin üst mərtəbəsində yerləşən 54 saylı mənzildən su axıdılmış və evə ziyan dəymişdir. Həmin müddətdə iddiaçı cavabdehə məlumat vermiş və cavabdeh mənzilə dəyən ziyanı qismən də olsa, ödəmişdir. Daha sonra cavabdeh mənzilini təmir etdirərək su axan yeri bərpa etdirəcəyinə söz vermişdir. Lakin sonuncu dəfə mənzilində müvəqqəti yaşayan sakinlər tərəfindən zəng olunaraq mənziliə yenə də su axıdılması barədə məlumat vermişlər. O da dərhal gələrək baxış keçirmiş, çəkiliş aparmış və 28.11.2020-ci il tarixdə 56 saylı MKİS-nin əməkdaşlarının iştirakı ilə akt tərtib etmişlər. Eyni zamanda həm onun mənzilinə, həm də qonşu mənzilə də ziyan dəymişdir. Həmin vaxtlar mənzilin sahibi Cavabdeh ilə bu barədə dəfələrlə danışıb bu problemi yoluna qoymaq istəsələr də, cavabdehlə əlaqə yarada bilməmişdir. Onun mənzilinə təxminən 2000 manatdan çox ziyan dəymişdir. Mənzilin otağının tavanı, taxta döşəmə, mətbəx mebelinə, yataq mebelinə, divar hissələrinə və s. ziyan dəymişdir. Dəymiş maddi ziyanın ödənilməsi üçün dəfələrlə cavabdehə xəbərdarlıq etmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, onun mənzilində laminat döşəmə yoxdur. İddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh iddianı qismən qəbul edərək izahatında bildirmişdir ki, Məhkəmə Ekspertizası Mərkəzinin rəyindən görünür ki, dəymiş zərər təmirli mənzilə dəymiş ziyanla müqayisə edilmişdir. Lakin iddiaçının mənzili tamamilə pis vəziyyətdə olmuşdur. Mənzilin hazırki vəziyyətə məhz su sızması nəticəsində düşməsi sübut olunmamışdır. Mənzilin döşəməsi linolinium olduğu halda ekspert rəyində döşəmənin laminat olduğu qeyd olunmuş və bunun nəticəsində dəymiş zərər 600 manat artıq qiymətləndirilmişdir. Divar kağızları da köhnə olmuş, lakin ziyan müasir divar kağızlarının dəyəri nəzərə alınmaqla qiymətləndirilmişdir. Rəydə əlavə xərclər və mebellərə dəymiş zərər də qeyd olunmuşdur. Lakin mənzildə yaşayış olmadığından orada hansı ev əşyasından söhbət gedə bilər. Odur ki, məhkəməyə təqdim etdiyi müstəqil qiymətləndiricinin rəyinə uyğun 1121 manat məbləğində zərəri ödəməyə razıdır. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə edilmiş: Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 19.08.2021--ci il tarixli, 10/2650 və 10.11.2021-ci il tarixli, 10/5188 nömrəli rəylərinə əsasən, rəyin tədqiqat hissəsində göstərilənləri, o cümlədən tədqiq olunan mənzillərin planlı yerləşməsini, yəni iddiaçıya məxsus 51 saylı mənzilin binanın 2-ci mərtəbəsində cavabdehə məxsus 54 saylı mənzilin isə binanın 3-cü mərtəbəsində yerləşdiyini, 51 saylı mənzilin yaşayış otağı, dəhliz və mətbəx tikililərinin tavanında qüsurlar əmələ gəldiyini, həmin qüsurların su sızmaya aid olduğunu, eləcə də 56 saylı MKİS-in əməkdaşları tərəfindən, 02 dekabr 2020-ci il tarixində tərtib etdiyi AKT-ın məlumatlarını nəzərə alaraq, Bakı şəhəri, Yasamal rayonu, Ə.Əhmədov küçəsində yerləşən 3 saylı evin 51 saylı mənzilinə həmin mənzilin üst mərtəbəsində yerləşən 54 saylı mənzildən su axıdıldığı və nəticədə 51 saylı mənzilin yaşayış otağı, dəhliz və mətbəx tikililərinə ziyan vurulduğu müəyyən olunmuşdur. Bakı şəhəri, Yasamal rayonu, Ə.Əhmədov küçəsində yerləşən 3 saylı evin 51 saylı mənzilin yaşayış otağı, dəhliz və mətbəx tikililərinin divar və tavanına vurulmuş boya qatının qaralması, divarlara vurulmuş divar kağızının qabarması və yararsız hala düşməsi müşahidə olundu. 51 saylı mənzildə su sızması nəticəsində yaranan qüsurların aradan qaldırılması üçün yerinə yetiriləcək təmir tikinti işlərinin bazar qiymətlərinə uyğun dəyəri təqribən 1868 manat məbləğində olduğu müəyyən olunmuşdur. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 28.02.2022-ci il tarixli, 9/9256 nömrəli rəyinə əsasən ünvan 1 ünvanda yerləşən 51 saylı mənzilə su sızması nəticəsində mətbəx mebelinə və yataq mebelinə dəymiş ziyanın ümumi məbləği təxminən 300 manat müəyyən edilir. İş materiallarına əlavə edilmiş cavabdeh tərəfindən təqdim edilmiş "xxxx" MMC-nin 09.03.2022-ci il tarixli, 004/2022 saylı rəyinə əsasən ünvan 2 ünvanında yerləşən yaşayış obyektin estetik təmirinə dəymiş zərərin ümumi miqdarı 1121 manat təşkil edir. Məhkəmə iclasında iddiaçı cavabdeh tərəfindən təqdim edilmiş rəydə göstərilən məbləğlə razı olduğunu bildirmiş və iddia tələblərinin azaldılması barədə ərizə təqdim edərək mənzilə dəymiş zərərin həmin məbləğdə təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096.2). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Beləliklə tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, iddiaçıya məxsus mənzilə cavabdehə məxsus mənzildən su axıdılması nəticəsində 1121 manat məbləğində, mənzildə yerləşən mebellərə 300 manat məbləğində, cəmi 1421 manat maddi zərər dəymişdir. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu və 200 manat ekspertiza xərci cavabdehdən tutulmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq QƏT ETDİ : İddia təmin edilsin. Cavabdeh 1421 (min dörd yüz iyirmi bir) manat məbləğində maddi zərər, 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. 200 (iiki yüz ) manat məbləğində məhkəmə ekspertizasının dəyəri Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZO13601**********3944, S.W.İ.F.T. Bik: CTREAZ22) ödənilsin. Qətnamədən rəsmi verildiyi gündən bir ay müddətində Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Təhminə Xəlilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar