Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-80/2022 27.04.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, İddiaçının nümayəndəsi Allakhverdiyev Arazın, Cavabdeh iştirakı ilə, İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən e t d i: İddiaçı Sığorta Şirkəti ASC Cavabdeh qarşı “subroqasiya qaydasında pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sığortalı Əzizov Azər Rafiq oğluna məxsus ünvan 1 ünvanda yerləşən 33 saylı mənzilə dəymiş zərərə görə 4250 manat sığorta ödənişi məbləği və 30,4 manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qabul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Əzizov Azər Rafiq oğluna məxsus ünvan 1 ünvanda yerləşən 33 saylı mənzil İddiaçı Sığorta Şirkəti ASC-də Könüllü Sığorta növü ilə sığortalanmışdır. Sığortalı Əzizov Azər Rafiq oğlu sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi nəticəsində əmlakına dəymiş zərərin əvəzinin ödənilməsi ilə bağlı müraciət etmişdir. araşdırma nəticəsində məlum olmuşdur ki, Cavabdeh məxsus mənzildə istilik sisteminə aid olan krantın sıradan çıxması nəticəsində su axmış və alt qonşuluqda yerləşən sığortalı əmlaka maddi zərər dəymişdir. 32 saylı Mənzil Kommunal İstismar Sahəsinin əməkdaşları tərəfindən tərtib edilmiş 12 fevral 2018-ci il tarixli akta əsasən, 11.02.2018-ci il tarixdə ünvan 1 ünvanda yerləşən 35 saylı mənzildən keçən istilik dayağına bağlanmış vintilin sıradan çıxması nəticəsində su axaraq alt mərtəbədə yerləşən 33 saylı mənzilin tavanına, divarına və döşəməsinə zərər vurmuşdur. Əmlakın hadisə nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi baradə 05 aprel 2018ci il tarixli hesabata əsasən, hadisə nəticəsində əmlaka dəymiş zərərin həcmi 4250 manat məbləğində qiymətləndirilmişdir. FMP-171221 saylı sığorta müqaviləsinin 049493 saylı aktına əsasən Əzizov Azər Rafiq oğluna məxsus əmlaka dəymiş zərərə görə 4250 manat sığorta ödənişi İddiaçı Sığorta Şirkəti ASC tərəfindən həyata keçirilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Allakhverdiyev Araz izahat verərək bildirdi ki, məhkəmə tərəfindən təyin olunmuş ekspertizanın təmini obyektiv səbəblərdən mümkün olmamışdır. Ekspert evə buraxılmamışdır. Hesab edir ki, həmin mənzil artıq digər şəxslərə aiddir. Mənzilə baxış keçirmək mümkün olmasada, hadisə nəticəsində mənzilə dəymiş zərərin foto götüntülərini məhkəməyə təqdim edir və iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qismən qəbul etdi və izahat verərək bildirdi ki, fotoşəkillər çəkilən və sığorta ekspertinin zərər dəymiş mənzilə baxış keçirdiyi zaman onu mənzilə buraxmamışlar. Mənzil sahibi və sığorta şirkətinin nümayəndəsi ona narahat olmamasını bildirmişlər. Mənzil sahibi cavabdehə bildirmişdir ki, onluq bir hadisə yoxdur. O, pulu sığorta şirkətindən alacaq. Tərtib olunmuş qüsur aktında qeyd olunmuş qiymətlə razı deyil. Qəbul edir ki, hadisə onun mənzilindən axan su nəticəsində baş vermişdir, lakin mənzilə 4250 manat məbləğində zərər dəyməmişdir. İddianı 500 manat hissədə qəbul edir. Mənzilin sahibi Azər məhkəmə ekspertinə mənzilə baxış keçirməsinə icazə vermir. O vaxt sığorta eksperti mənzilə baxış keçirmək üçün gəldikdə baxış və qiymətləndirmə prosessində iştirak etmək istəyib. Lakin onu icəri buraxmayıblar. Mənzilin sahibi ilə sığorta eksperti razılaşaraq aralarında pulu bölüblər. Qüsur aktındakı qiymətlər tamamilə əsassızdır və şişirdilmiş məbləğdir. Müstəqil sığorta ekspertinin tərtib etdiyi qüsur aktı qanunsuzdur. Bunula bağlı prokurorluq orqanına müraciət edib. Qeyd olunan ziyan mövcuddursa mənzilə baxış keçirilməsinə şərait yardılmalıdır. İddiaçının təqdim etdiyi şəkillər əsasında təkrar ekspertiza keçirilməsinə etiraz edir. İddiaçı həmin şəkillərin sözügedən mənzilə aid olmasını əminliklə təsdiqləmir. Məhkəmə iş üzrə tərəflərin izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş İddiaçı Sığorta Şirkəti ASC-nin 12.04.2018-ci il tarixli, 049493 saylı sığorta aktından müəyyən olunur ki, FMP-171221 saylı, 06.09.2017-ci il tarixli sığorta şəhadətnaməsi ilə sığortalanmış Əzizov Azər Rafiq oğluna məxsus sığortalı ünvan 1 ünvanda yerləşən 33 saylı mənzilə 11.02.2018-ci il tarixdə subasma nəticəsində 4250 manat məbləğində zərər dəymişdir. İş materiallarında olan 32 saylı Mənzil Kommunal İstismar Sahəsinin əməkdaşları tərəfindən tərtib edilmiş 12.02.2018-ci il tarixli aktdan müəyyən olunur ki, 11.02.2018-ci il tarixdə ünvan 1 ünvanda yerləşən 35 saylı mənzildən keçən istilik dayağına bağlanmış vintilin sıradan çıxması nəticəsində su axaraq alt mərtəbədə yerləşən 33 saylı mənzilin tavanını, divarını və döşəməsini islatmışdır. İş materiallarına əlavə olunmuş FMP-171221 saylı, 06.09.2017-ci il tarixli Əmlak Sığortası Şəhadətnaməsindən müəyyən olunur ki, İddiaçı Sığorta Şirkəti ASC ilə Əzizov Azər Rafiq oğlu arasında 07.09.2017-ci il tarixdən 06.09.2020-ci il tarixədək ünvan 1 ünvanda yerləşən 33 saylı mənzil sığortalanmışdır. İş materiallarına əlavə olunmuş ******* saylı Çıxarışın surətindən müəyyən olunur ki, Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsində yerləşən 140 saylı, 5 mərtəbəli binanın birinci mərtəbəsində 58,76 kv.m ümumi, 45,76 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 33 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə Əzizov Azər Rafiq oğlunun mülkiyyətindədir. İş materiallarında əlavə olunmuş AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspetizası Mərkəzinin 27.08.2021-ci il tarixli, 30.11.2021-ci il tarixli və 18.03.2022-ci il tarixli məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi baradə məlumatlardan müəyyən olunur ki, məhkəmənin ekspert qarşısında qoyduğu sulların həlli ilə bağlı tədqiqat obyektinə baxış keçirilməsi zərurəti yaranmış, lakin tədqiqat obyektinə baxış keçirilməsi mümkün olmadığından ekspertizanın aparılmasından imtina edilmişdir. İş materiallarında olan Cavabdeh məhkəməyə təqdim etdiyi 27.04.2022-ci il tarixli ərizəsində qeyd edilmişdir ki, suyun onun mənzilindən axmağını və dəymiş zərəri 500 manat civarında qəbul edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Azərbaycan Respublikası MM-in 926-cı maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə qanunvericiliyə, həmçinin sığorta müqaviləsinə uyğun olaraq, sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir. Sığorta ödənişinin miqdarının müəyyən edilməsi və ödənilməsi qaydası icbari sığortada icbari sığorta qanunvericiliyi ilə, könüllü sığortada müvafiq sığorta qaydalarına əsasən bağlanan sığorta müqaviləsi ilə müəyyən edilir. Bundan əlavə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasə Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh məxsus ünvan 1 ünvanda yerləşən 35 saylı mənzildən keçən istilik dayağına bağlanmış vintilin sıradan çıxması nəticəsində su axıntısı baş vermiş və alt mərtəbədə yerləşən Əzizov Azər Rafiq oğlunun mülkiyyətində olan 33 saylı mənzilinə zərər dəymişdir. Hadisə ilə bağlı sığortalı Əzizov Azər Rafiq oğlu İddiaçı Sığorta Şirkəti ASC ilə aralarında bağlanmış FMP- 171221 saylı, 06.09.2017-ci il tarixli Sığorta Şəhadətnaməsinə əsasən əmlakına dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmişdir. İddiaçı Sığorta Şirkəti ASC-nin tərtib etdiyi 12.04.2018-ci il tarixli, 049493 saylı sığorta akt ilə mənzilə dəymiş zərər 4250 manat məbləğində hesablanmış və sığortalıya ödənilmişdir. Hazırda İddiaçı Sığorta Şirkəti ASC Cavabdeh ödənilmiş 4250 manat məbləğində sığorta ödənişini subroqasiya qaydasında tələb edir. Həmçinin, məhkəmə qeyd edir ki, ötən müddət ərzində dəfələrlə sözügedən mənzilə dəymiş zərərin məbləğinin tam obyektiv və əsaslı şəkildə müəyyənləşdirilməsi üçün ekspertiza təyin olunmuş, lakin AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspetizası Mərkəzindən daxil olmuş məlumatlara əsasən ekspertizanın keçirilməsi və ekspert qarşısında qoyulmuş məsələlərin həlli üçün tədqiqat obyektinə baxış keçirilməsi dəfələrlə təmin olunmamış və bunun nəticəsində ekspertizanın keçirilməsindən imtina olunmuşdur. Məhkəmə hesab edir ki, dəymiş ziyanın məbləğinin düzgün müəyyən edilməsi məqsədi ilə ekspertin mənzilə baxış keçirilməsi üçün məhz iddiaçı tərəfindən şərait yaratmalı idi. İş materiallarına əlavə olunmuş fotoşəkillərin isə ünvan 1 ünvanda yerləşən 33 saylı mənzilə aid olduğu məhkəmə prossesi zamanı öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.5-ci maddəsinə əsasən tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. Hazırda Cavabdeh iddianı qismən qəbul edərək 27.04.2022-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək, suyun onun mənzilindən axdığını və dəymiz zərərin 500 manat civarında olduğunu qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Qeyd edilən qanunvericilik aktı normalarına əsasən, məhkəmə hesab edir ki, iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi hallar cavabdeh tərəfindən etiraf edilərək, iddia tələbi qismən qəbul edildiyindən, iddiaçı həmin faktları sübut etmək vəzifəsindən azaddır. Odur ki, göstərilən hallar işin sübut olunmuş xüsusatları kimi qəbul edilərək, göstərilən qaydada qiymətləndirilməlidir. Yuxarıda göstərilənləri, həmçinin cavabdehin etiraf ərizələrini nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia ərizəsi, qismən təmin edilməlidir. Belə ki, dəymiş zərərin tam və obyektiv şəkildə qiymətləndirilməsi üçün məhkəmə tərəfindən ekspertiza təyin olunmuş, lakin ekpertizanın keçirilməsinə, yəni ekspertin tədqiqat obyektinə baxış keçirərək dəymiş zərəri müəyyən etməsinə iddiaçı tərəfindən şərait yaradılmamışdır. Hazırda cavabdeh iddia tələbini yalnız 500 manat civarında qəbul etdiyindən, məhkəmə bildirir ki, iddia 500 manat hissədə əsaslıdır və həmin hissədə təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu Cavabdeh aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş 30,4 manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh dəymiş zərərə görə 500 (beş yüz) manat və ödənilmiş 30,4 (otuz manat qırx qəpik) manat dövlət rüsumu tutularaq iddiaçı İddiaçı Sığorta Şirkəti ASC-yə ödənilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Məmmədli
Məhkəmə qərarları › İş №2(004)-80/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-80/2022
27.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver