Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-80/2024 23.02.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, X4 oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1, Cavabdeh1 MMC-nin nümayəndəsi Nümayəndə2, Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 MMC-yə qarşı “vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 MMC-yə qarşı “vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, 2019-cu ilin sentyabr ayında Cavabdeh1 MMC adlanan klinikada İddiaçı üzərində Cavabdeh2 tərəfindən rinoplastika (burun kiçiltmə) əməliyyatı icra olunmuşdur. Lakin, Cavabdeh2 yanlış tibbi əməliyyatı nəticəsində iddiaçının burnunda müəyyən fəsadlar yaranmış və o, tibbi problemlərin aradan qaldırılması məqsədilə ümumilikdə 2 (iki) dəfə xx.xx.2020-ci il tarixdə “Davinçi” hospitalda 500 manat dəyərində, xx.xx.2023-cü il tarixdə isə “Antromed” tibb mərkəzində 4500 manat dəyərində yenidən tibbi əməliyyat olunmuşdur. Nəticədə, cavabdehlərin hərəkətləri nəticəsində iddiaçıya ümumilikdə 6300 (1300+500+4500) manat maddi zərər vurulmuşdur. Göstərilənlər nəzərə alınmaqla iddia tələbinin təmin edilməsi xahiş edilir. İddiaçı nümayəndəsi X1 məhkəmə iclasında iştirak edərək iddia tələbinin əsassız olmasını və bu səbəbdən təmin edilməsini xahiş etmişdir. Cavabdeh2 məhkəmə iclasında iştirak edərək iddia tələbinin əsassız olmasını və bu səbəbdən təmin edilməməsini xahiş etmişdir. Cavabdeh1 MMC-nin nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında iştirak edərək iddia tələbinin əsassız olmasını və bu səbəbdən təmin edilməməsini xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X3” publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli 871/KEŞ nömrəli rəyinə əsasən ekspert qarşısına qoyulmuş 6 (altı) sual cavablandırılmışdır (rəy iş materiallarında olduğundan məhkəmə qətnamənin genişləndirilməməsi üçün rəyin nəticə hissəsini qərardada köçürməyi zəruri hesab etmir). Müvafiq rəyin nəticə hissəsinə əsasən müəyyən edilir ki, ..... İddiaçı üzərində icra edilmiş “rinoplastika” cərrahi əməliyyatl səhiyyə sisteminin qüvvədə olan 70 saylı əmrinin mövcud təlimat qaydalarının pozulması kimi qiymətləndirilir..... İddiaçı xx.xx.2022-ci il tarixdə mütəxəssis müayinəsi zamanı onun burnunun sağ qanadında estetik olaraq görüntü pozğunluğunun olduğu müəyyən edilmişdir ki, bunun da icra edilmiş cərrahiyyə əməliyyatından sonra yaranması istisna edilmir...... Cavabdehlər tərəfindən sübutların məhkəməyə təqdim edilməməsi əsası ilə mülki iş üzrə tam, obyektiv və hərtərəfli araşdırmanın aparılması məqsədilə məhkəmə tərəfindən bir neçə sorğu verilmiş və nəticədə bir sıra sübutların əldə edilməsi mümkün olmuşdur. İş materiallarında olan Artromed Tibb mərkəzi tərəfindən təqdim edilmiş 2 (iki) qəbzə əsasən müəyyən edilir ki, İddiaçı tərəfindən ümumilikdə 4500 (250+4250) manat ödəniş həyata keçirilmişdir. İş materiallarına Cavabdeh1 MMC tərəfindən İddiaçı barəsində tərtib edilmiş müvafiq tibbi sənədlər, həmçinin xx.xx.2019-cu il tarixli 0554 nömrəli Müqavilə əlavə edilmişdir. Cavabdeh1 MMC tərəfindən ödəniş barədə heç bir sənəd və ya qəbz təqdim edilməmişdir. İş materiallarına müvafiq tibbi sənədlər əlavə edilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Mübahisənin qanuni əsası qismində aşağıdakı hüquq normaları çıxış edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra: MM) 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). MM-in 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. MM-in 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. MM-in 1108.2-ci maddəsinə əsasən, yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. MM-in 1108.3-cü maddəsinə əsasən, yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1-ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Həmin Məcəllənin 1112-ci maddəsinin tələblərinə əsasən, tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir. Həmin Məcəllənin 1113.1-ci maddəsinin tələblərinə əsasən, birlikdə mülki hüquq pozuntusu törətmiş şəxslər vurulmuş zərər üçün zərərçəkən qarşısında birgə məsuliyyət daşıyırlar. Məhkəmənin tibbi bilikləri olmadığından mülki iş üzrə müvafiq ekspertiza rəyinin əsaslandırma və nəticə hissəsini mötəbər hesab etməklə qərar qəbul edərkən sözügedən rəyə istinad etməyi əsaslı hesab edir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X3” publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli 527/KEŞ nömrəli rəyinə (təsviri və nəticə hissə) əsasən əməliyyat üzrə cavabdehlər həkim və tibb müəssisəsinin (klinikaya münasibətdə obyektiv və subyektiv təqsir) təqsiri müəyyən edilir. Məhkəmə qeyd edir ki, delikt hüquq institunun 3 dispozitiv şərti (hər üçü eyni vaxtda mövcud olmalıdır) vardır: 1. Zərər vuran şəxsin (cavabdeh) təqsiri olmalıdır. 2. Digər şəxsə maddi və ya mənəvi zərər vurulmalıdır. 3. Təqsirli əməllə (hərəkət və ya hərəkətsizlik) nəticə arasında səbəbli əlaqə olmalıdır. İddia tələbi üzrə hər 3 (üç) dispozitiv şərt yerinə yetirilir. İddianın məbləği barədə məhkəmə aşağıdakıları qeyd edir. İddia tələbi üzrə sübutetmə yükü (təkzibetmə) cavabdehlərin üzərindədir. İddiaçı tərəfindən Cavabdeh2 yanlış tibbi əməliyyatı nəticəsində iddiaçının burnunda müəyyən fəsadlar yaranması və tibbi problemlərin aradan qaldırılması məqsədilə xx.xx.2020-ci il tarixdə “Davinçi” hospitalda 500 manat dəyərində, xx.xx.2023cü il tarixdə isə “Antromed” tibb mərkəzində 4500 manat dəyərində yenidən tibbi əməliyyat olunması iddia edilsə də, xx.xx.2020-ci il tarixdə “Davinçi” hospitalda 500 manat dəyərində tibbi əməliyyatın həyata keçirilməsi barədə sənəd, sübut və ya material təqdim edilməmiş, həmin hissə sübuta yetirilməmişdir. Bu istiqamətdə məhkəmə tərəfindən sorğular verilsə də, müsbət nəticə əldə edilməmişdir. Lakin, iddiaçının xx.xx.2023-cü il tarixdə isə “Antromed” tibb mərkəzində 4500 manat dəyərində yenidən tibbi əməliyyat olunması müvafiq ödəniş qəbzlərinə əsasən sübuta yetirilir. Həmçinin, müvafiq ekspert rəyinə əsasən sonrakı əməliyyatların ilkin tibbi əməliyyatın nəticəsi olduğu və aralarında səbəbli-əlaqənin olması müəyyən edilir. Cavabdeh1 MMC tərəfindən iddiaçının üzərinə tibbi əməliyyatın həyata keçirilməsini təsdiq edən müvafiq tibbi sənədlər məhkəməyə təqdim edilsə də, əməliyyatın məbləği barədə iddiaçının dediklərinin əksini sübut edən sənədlər məhkəməyə təqdim edilməmişdir. Cavabdeh1 MMC-nin nümayəndəsi məhkəmə iclaslarında bir neçə dəfə iştirak etsə də, mahiyyəti üzrə əsaslı mövqe bildirməmişdir. Odur ki, bu hissədə iddiaçının qeyd etdiklərinin həqiqiliyi prezumpsiyasını məhkəmə qəbul edir. Nəticə etibarilə, məhkəmə hesab edir ki, iddia tələbi 5800 (4500+1300) manat hissədə sübuta yetirilir, qalan hissədə isə iddia məbləğinin həddinə münasibətdə qeyrimüəyyəndir. Məhkəmə qərarı qanuni və əsaslı olmalıdır. Hazırki iddia tələbi üzrə sübutlar zəngin olmasa da, iddianın təmin edilməsi iddianın rədd edilməsinə nisbətdə daha əsaslı, ədalətli və qanunidir. Məhkəmə baxış iclasında cavabdehlər tərəfindən mülki iş üzrə təkrar məhkəmə-tibbi ekspertizasının həyata keçirilməsi xahiş edilsə də, məhkəmə “prosessual qənatə” prinsipi və sübutların toplanmasının məhkəmə hazırlıq mərhələsində aparılmasının qanuniliyini nəzərə alaraq hesab edir ki, vəsatət əsassızdır, təmin edilməməlidir, təmin ediləcəyi təqdirdə mülki iş üzrə əsassız yubanmalara səbəb ola bilər. Məhkəmə izah edir ki, cavabdehlər məhkəmə hazırlıq iclasında iştirak edərkən müvafiq məsələlərin araşdırılması məqsədilə vəsatət verə bilərdilər. Cavabdehlərin hüquqi baxımdan intizamsız davranışlarının məsuliyyəti onların öz üzərinə düşür. Hazırlıq mərhələsində tərəflərin hüquq və vəzifələri bir neçə dəfə onlara aydın formada izah edilmiş, hətta araşdırma istiqaməti ilə bağlı hüquqları nəzərlərinə çatdırılmışdır. Cavabdehlərin müdafiəsi isə əsasən məsuliyyəti öz üzərlərində atmaq istiqamətində qurulmuş, hüquqi əsası olmayan formal mülahizələr məhkəməyə bildirilmişdir. Məhkəmə cavabdehlərə izah edir ki, hakim tərəflərin hər hansı birinin hüquqlarını müdafiə etməli deyil, mübahisəyə arbitr kimi baxmalıdır.Mülki işin uzun müddətdir icraatda olması və Cavabdeh2 qarşı eyni faktiki və hüquqi əsaslara malik olan anoloji iddiaların olması (həmçinin hakimin öz icraatında) xüsusatı da nəzərə alınır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin prinsipləri rəhbər tutulmaqla məhkəmənin öz təşəbüssü ilə tərəflərdən (iddiaçı, cavabdeh, 3-cü şəxs, maraqlı şəxs və s.) hər hansı birinin xeyrinə və ya əleyhinə sübutlar toplaması yolverilməzdir. Nəzərə almaq lazımdır ki, mülki prosesdə məhkəmə arbitr rolunda çıxış etməklə yalnız tərəflərin təqdim etdiyi sübutlar əsasında qanuni və əsaslandırılmış qərar qəbul etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115.0.6-cı maddəsinin tələblərinə əsasən, vəkillərə etdikləri kömək üçün ödənilən xərclər məhkəmə məsrəflərinə daxildir. İddia tələbində hüquqi yardıma görə ödənilmiş pulun əvəzi olaraq 80 manat pul tələb edilsə də, bu barədə sübut (qəbz, müqavilə və s.) məhkəməyə təqdim edilməmişdir. Bu səbəbdən, sözügedən xərc cavabdehə aid edilə bilməz, iddia həmin hissədə təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbinin qismən təmin olunması xüsusatı nəzərə alınmaqla iddiaçı tərəfindən məhkəmə xərci qismində ödənilmiş 83 (səksən üç) manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Beləliklə, məhkəmə iş materiallarına məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 MMC-dən müştərək qaydada ümumilikdə 5800 (beş min səkkiz yüz) manat pul və ödənilmiş 83 (səksən üç) manat dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 238, 227,358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 MMC-yə qarşı “vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 MMC-dən müştərək qaydada ümumilikdə 5800 (beş min səkkiz yüz) manat pul və ödənilmiş 83 (səksən üç) manat dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Eelektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fariz Əlizadə
Məhkəmə qərarları › İş №2(004)-80/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-80/2024
23.02.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver