Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-817/2021 17.05.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi, X3 oğlunun katibliyi, İddiaçı Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-nin online satış mağazasından aldığı bir ədəd Samsung Note 10 Lite 6/128 GB silver (İMEİ **********948696) markalı telefonun alışı üçün ödədiyi 1138 manat, 30 manat dövlət rüsumu və mənəvi ziyana görə 3414 manat, ümumilikdə 4582 manat pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 12 avqust 2020-ci il tarixində Cavabdeh MMC-nin online satış mağazasından qiyməti 1138 manat olan bir ədəd Samsung Note 10 Lite 6/128 GB silver (İMEİ 1 355 045 112 948 696) markalı telefonu plastik bank kartı vasitəsilə almışdır. Telefonu seçərkən satış məsləhətçisi mənə online mağazada satılan malların yüksək keyfiyyyətdə olmasını bildirmişdir. Telefonu istifadə etməyə başlayandan 2 həftə sonra telefonda nasazlıqlar olmağa başlamış, bununla əlaqədar qaynar xətt ilə əlaqə saxlamış və telefonun dəyişdirilməsini tələb etmişdir. Cavab olaraq ona izah edilmişdir ki, ilk öncə servis mərkəzinə müraciət etməlidir ki, servis akt tərtib etsin. 17 sentyabr 2020-ci il tarixində Cavabdeh MMC-nin Bakı fəhəri, Xətai rayonu, Məzahir Rüstəmov 31 ünvanında yerləşən servis mərkəzinə telefonu təqdim etmiş və dəyişdirilməsini tələb etmişdir. Cavabdeh MMC-nin Servis Mərkəzinin tərtib etdiyi 4738 saylı qəbzdə də qeyd olunmuşdur ki, telefon enerji yığdığı zaman problemlər baş verir və müştəri telefonun dəyişdirilməsini istəyir. Cavabdeh MMC-nin Servis Mərkəzi telefonu X5 təqdim etmiş və 22.09.2020-ci il tarixində X2 texniki rəyində telefonun ekranında, arxa qapağında cızıqlar olduğu, arxa kameranın kartında əziklər olduğu, karkasda əriklər olduğu, arxa qapaqda çata bənzər cızıqlar olduğu, cihazda mexaniki zədə aşkar olunduğu və avtorizə olunmuş servisdən kənar müdaxilə olunduğu qeyd edilmişdir. Lakin Cavabdeh MMC-nin Servis Mərkəzinin tərtib etdiyi 4738 saylı qəbzdə telefonda ümumi cızıqların olduğu qeyd olunmuşdur. Cavabdeh MMC ona istifadəyə yararsız telefonu yeni və problemsiz adı ilə satmış və telefonu yenisi ilə əvəzləməmək üçün telefona kənar müdaxilələr etmişlər. İddiaçı dəfələrlə Cavabdeh MMC-yə müraciət edilərək, telefonun yenisi ilə əvəz olunmasını tələb etsə də, Cavabdeh MMC tərəfindən müraciətinin həlli istiqamətində heç bir addım atılmamışdır. Bu səbəbdən pozulmuş hüquqlarının bərpa olunması məqsədi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Samsung Note 10 Lite 6/128 GB silver (İMEİ 1 355 045 112 948 696) markalı telefonun özünün mövcud vəziyyəti və cavabdehin də qanunvericilikdə nəzərdə tutulmuş qaydada həmin telefonun həqiqətən də yüksək keyfiyyətli olmasını təsdiq edən sənədləri təqdim edə bilməməsi satın aldığı avadanlığın cavabdehin təqdim etdiyi məlumatlara uyğun olmayan və keyfiyyətsiz mal olmasına dəlalət edir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək bildirmişdir ki, mobil telefonda yaranmış qüsur istehlakçı tərəfindən yaradılmışdır, Cavabdeh MMC-nin baş vermiş qüsurda hər hansı məsuliyyəti yarana bilməz. Belə ki, servisin verdiyi aktdan görünür ki, telefona avtorizə olunmuş servisdən kənar müdaxilə olunmuşdur. Odur ki, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, “xxxx” MMC-nin 17 sentyabr 2020-ci il tarixli, 4738 saylı sifariş qəbzindən görünür ki, İddiaçı tərəfindən Samsung Note 10 Lite modelli telefonu “telefon qızır, zaryadka yığanda problem yaşayır” qüsurları ilə servis mərkəzinə təqdim edilmişdir. Həmin sifariş qəbzindən görünür ki, telefon təhvil alınarkən telefonda ümumi cızıqlıq olduğu göstərilmişdir. “Samsung Service Plaza”nın GSM00004927 nömrəli, 21 sentyabr 2020-ci il tarixli texniki rəyində Samsung Note 10 lite markalı telefonun xarici görünüşü qrafasında “ekranda, arxa qapaqda cızıqlar var, arxa kameranın kantında əziklər var, karkasda əziklər var, arxa qapaqda çatabənzər cızıqlar var”, iddia olunan qüsur qrafasında “telefon qızır, enerji yığanda qüsur yaranır”, qüsurun səbəbi qrafasında “cihazda mexaniki zədə aşkar olunub, cihaza rəsmi avtorizə olunmuş servisdən kənar müdaxilə olunub” və nəticə hissəsində aşkar olunan qüsurun istehsalçı tərəfindən olmadığı göstərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 581.1-ci maddəsinə əsasən satıcı alıcıya keyfiyyəti alqı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur. Həmin Məcəllənin 581.2-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın keyfiyyəti haqqında şərtlər olmadıqda, satıcı alıcıya bu cür malın adətən istifadə edildiyi məqsədlərə yarayan əşya verməyə borcludur. Əgər müqavilə bağlanarkən alıcı əşyanı əldə etməsinin konkret məqsədləri barəsində satıcıya məlumat vermişdirsə, satıcı alıcıya həmin məqsədlər üçün istifadəyə yarayan əşya verməyə borcludur. Həmin Məcəllənin 582.1-ci maddəsinə əsasən satıcının alıcıya verməli olduğu əşya alıcıya verildiyi məqamda bu Məcəllənin 581-ci maddəsində nəzərdə tutulan tələblərə uyğun gəlməlidir, bu şərtlə ki, alqı-satqı müqaviləsində əşyanın həmin tələblərə uyğunluğunu müəyyənləşdirməyin ayrı məqamı nəzərdə tutulmasın. Verilən əşya bu cür əşyaların adətən istifadə edildiyi məqsədlər üçün ağlabatan müddət ərzində yararlı olmalıdır. Həmin Məcəllənin 582.2-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində satıcının əşyanın keyfiyyəti üçün qarantiya verməsinin nəzərdə tutulduğu halda satıcı alıcıya bu Məcəllənin 581-ci maddəsində nəzərdə tutulan tələblərə müqavilə ilə müəyyənləşdirilmiş vaxt (qarantiya müddəti) ərzində uyğun gəlməli əşya verməlidir. Həmin Məcəllənin 587.5-ci maddəsinə əsasən əgər alıcı əşyanın qüsurları ilə əlaqədar alqı-satqı müqaviləsinin ləğvini və ya alınmış əşyanın müqaviləyə uyğun əşya ilə əvəz edilməsini tələb edərsə, o, qüsurlu əşyanı satıcıya onun hesabına qaytarmağa borcludur. Bu zaman tərəflərin müqavilə üzrə əldə etdiklərinin geri qaytarılması bu Məcəllənin 157-ci maddəsi ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Həmin Məcəllənin 589.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsi ilə ayrı qayda müəyyənləşdirilməyibsə, alıcı əşyanın qüsurları ilə bağlı tələbləri bu şərtlə irəli sürə bilər ki, həmin qüsurlar bu maddədə müəyyənləşdirilmiş müddətdə aşkar edilsin. Həmin məcəllənin 589.3-cü maddəsinə əsasən əgər əşya üçün qarantiya müddəti müəyyənləşdirilibsə, alıcı əşyanın qüsurları ilə bağlı tələbləri həmin qüsurları qarantiya müddəti ərzində aşkara çıxardığı halda irəli sürə bilər. “İstehlakçıların hüquqlarının müdafiəsi” haqqında Qanunun 7.1-ci maddəsinə əsasən istehlakçı müqavilə və ya digər qaydalarla müəyyən olunmuş zəmanət müddəti ərzində aldığı malda qüsur və ya saxtalaşdırma aşkar edərsə, öz istəyinə görə satıcıdan və ya istehsalçıdan lazımi keyfiyyətli mala dəyişdirməyi, satış qiymətini uyğun məbləğdə azaltmağı, malın qüsurlarının icraçının (satıcının, istehlakçının) hesabına aradan qaldırılmasını və ya qüsurların aradan qaldırılması üçün istehlakçının və ya üçüncü şəxslərin çəkdiyi xərclərin əvəzinin ödənilməsini, malın, həmin mala uyğun digər modelli (markalı, tipli və i. a.) mal ilə, dəyəri yenidən hesablanma şərti ilə əvəz edilməsini və müqavilənin ləğv edilməsini və çəkdiyi zərərin ödənilməsini tələb etmək hüququna malikdir. Həmin Qanunun 7.2-ci maddəsinə əsasən satıcı (icraçı) istehlakçıdan lazımi keyfiyyəti olmayan, malı geri götürməyə və bu maddənin birinci bəndində göstərilən istehlakçının tələblərindən birini yerinə yetirməyə borcludur. Qeyd olunan maddi hüquq normalarının məzmunundan da görünür ki, cavabdeh şirkət tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən qarantiya müddəti ərzində istifadəyə yararlı olan əşya vermək vəzifəsi olsa da, bu vəzifəsini icra etməmiş və buna görə də alıcı ona verilmiş həmin əşyanı servis mərkəzinə qaytarmaq məcburiyyətində qalmışdır. Beləliklə məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, cavabdehin nümayəndəsi “xxxx” tərəfindən verilmiş 17.09.2020-ci il tarixli akta istinad edərək iddiaçının əldə etdiyi mobil telefonda istehsal qüsurunun olmadığını, mobil telefonda yaranmış qüsurun iddiaçı tərəfindən istismar qaydalarının pozulması nəticəsində əmələ gəldiyini göstərsə də, cihazın servis mərkəzinə göndərilməsi üçün tərtib edilən aktda bu barədə hər hansı qeyd yoxdur. Belə olan halda həmin zədənin istehlakçının istismar qaydalarını pozması nəticəsində baş verib-verməməsi iş materialları ilə müəyyən olunmur. Məhkəmə mənəvi zərərin miqdarını müəyyən edərkən, mənəvi zərərin baş verməsinə səbəb olmuş cavabdehin hərəkət və hərəkətsizliklərinin təhlükəlik dərəcəsini, bunun nəticəsində iddiaçının keçirdiyi mənəvi sarsıntıların xarakterini və ağırlığını, cavabdehin təqsirini və əmlak vəziyyətini, habelə işin sair diqqətəlaiq hallarını nəzərə alaraq mənəvi zərərin məbləğinin 100 manat məbləğində müəyyən olunmasını ağlabatan və ədalətli hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən ödənilmiş tələblərin məbləğlərinə münasib olaraq iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun 0,90 manatı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 1138 manat maddi zərər, vurulmuş mənəvi ziyana görə 100 (yüz) manat məbləğində pul və 0.90 (doxsan qəpik) manat dövlət rüsumu İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Təhminə Xəlilova
Məhkəmə qərarları › İş №2(004)-817/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-817/2021
17.05.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver