Məhkəmə qərarları › İş №2(004)-819/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-819/2023

06.03.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-819/2023 06.03.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi Allahverdiyeva Aytac Fizuli qızının katibliyi İddiaçı İddiaçının vəkili və nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 2700 manat borcun və 47 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh "xxxx" MMC-nin direktoru vəzifəsində işləyərkən öz qulluq mövqeyindən istifadə etməklə, İddiaçı etibarından suiistifadə edərək Türkiyə Respublikasına getmək üçün turpaket təşkil edəcəyini yalan vəd verib aldadaraq iddiaçıdan 2019-cu il tarixdə hissə-hissə cəmi 4000 manat məbləğində vəsait almış, lakin vədinə əməl etməmiş, götürdüyü məbləğdən 1300 manat geri qaytarmış, qalan məbləği isə bu barədə yazılı qəbz verməsinə baxmayaraq geri qaytarmamışdır. Bu hal Binəqədi Rayon Məhkəməsinin hökmü ilə də təsdiq edilmiş və həmin hökmlə cavabdeh iddiaçı barəsində və digər şəxslər barəsində dələduzluq cinayətinin törədilməsində təqsirli bilinərək məhkum edilmişdir. Məhkəmə iclasında iddiaçı və iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 82. Sübut etməkdən azad olmaq üçün əsaslar 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. İş materiallarına əlavə edilmiş: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin Cavabdeh Azərbaycan Respublikası CMnin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə 1(001)-310/2022 saylı xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, o, "xxxx" MMC-nin direktoru vəzifəsində işləyərkən öz qulluq mövqeyindən istifadə etməklə, İddiaçı etibarından sui-istifadə edərək Türkiyə Respublikasına getmək üçün turpaket təşkil edəcəyini yalan vəd verib aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə xx.xx.2019-cu il tarixdə səhər saatlarında işlədiyi ofisdə 2000 manat və xx.xx.2019-cu il tarixdə səhər saatlarında həmin ünvanda 2000 manat alıb ələ keçirərək verdiyi vədinə əməl etməyərək zərərçəkmiş şəxs İddiaçı ümumilikdə 4000 manat məbləğində ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Binəqədi Rayon Məhkəməsinin həmin hökmü ilə cavabdeh iddiaçı və digər şəxslər barəsində törədilmiş cinayətlərlə əlaqədar Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46-cı maddəsinə əsasən 1 (bir) il müddətinə kommersiya və ya qeyrikommersiya təşkilatlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli 1(103)- 197/2023 saylı qərarı ilə Binəqədi Rayon Məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, Binəqədi Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş hökmü ilə cavabdeh tərəfindən iddiaçıya 4000 manat məbləğində zərər vurulması təsdiq edilmişdir. İddiaçı həmin məbləğdən cavabdeh tərəfindən 1300 manat məbləğinin ödənildiyini, 2700 manat məbləğinin ödənilmədiyini bildirmişdir. Məhkəmə hesab edir ki, qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə cavabdeh tərəfindən iddiaçı barəsində dələduzluq cinayətinin törədilməsi və bunun nəticəsində iddiaçıya maddi zərər vurulması təsdiq olunduğundan iddia əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyi üçün iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 47 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq QƏT ETDİ : İddia təmin edilsin. Cavabdeh 2700 (iki min yeddi yüz) manat borc və 47 (qırx yeddi) manat dövlət rüsumu İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi verildiyi gündən bir ay müddətində “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Təhminə Xəlilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar