Məhkəmə qərarları › İş №2(004)-831/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-831/2025

11.02.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-831/2025 11.02.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, İddiaçı, Cavabdeh ASC-nin nümayəndəsi X1, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 iştirakları ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı (Cavabdeh ASC-nin Xaçmaz filialı və X7 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı (Cavabdeh ASC-nin Xaçmaz filialı və X7 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC-dən iddiaçının xeyrinə 3000 manat məbləğində ona vurulan maddi ziyan, 5000 manat məbləğində vurulan mənəvi ziyana görə kompensasiya və 100 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavadeh iddiaçının üzərinə qəsdən hazırki, həcmdə maliyyə öhdəliyi qoyaraq və bununla da əsassız varlanana qədər onun Kapital Banka cəmi 7300 manat faizlə ayda 377 manat ödəməklə kredit borcu və Barkoda mobil telefona görə ayda 72 manat ödəməklə 500 manat kredit borcu mövcud idi və Cavabdeh ASC Xaçmaz filialının Cavid adlı əməkdaşı onu özünün manefeyinə, mənfəətinə görə aldadana qədər ödənişdə heç bir problemi, habelə narahatçılığı olmamışdır. Belə ki, Cavabdeh ASC Xaçmaz filialının Cavid adlı əməkdaşı ona telefonla zəng edib inandırıcı faktlarlarla danışaraq onlara AKİA 7% heyvandarlıq biznesinə görə 10000 manat kredit verə biləcəyini və buna görə ilkin olaraq onlardan kredit götürüb Kapitalbanka olan cəmi 7800 manat kreditin ödənilməsini bildirmiş və bu məqsədlə illik ödənişi 22% olmaqla ona 8000 manat kredit vermişdir. Habelə inandırıcı olsun deyə bu məqsədlə cavabdeh Yenikənd kəndində yerləşən evinə baxış keçirib girov qoyulması üçün notariat qaydasında sənədlər hazırlanmışdır. Cavabdehlə notariusa gedərək, müxtəlif rüsumlar o cümlədən 400 manat nağd halda bankın əməkdaşına verərək, tərəflərindən cəmi 1000 manata qədər pul xərclənmişdir. Beləliklə cavabdeh tərəfindən iddiaçıya 8000 manat kreditə görə 2000 manat faiz qismində və notariusda rüsum və nağd halda bank əməkdaşına 400 manat hesabı ilə cəmi 1000 manat və beləliklə 2000 manat faiz +1000 manat sənədləşməyə görə cəmi 3000 manat maddi ziyan vurulmuşdur. Tələbin faktiki halları olaraq əlavə olaraq bildirir ki, cavabdeh tərəfi aldadıb onlara 8000 manat kredit verdikdən sonra demişlər ki, 15-20 gün ərzində onlara vəd olunmuş 7% li 10000 manat məbləğdə kredit veriləcək və gedin heyvanları saxlamaq üçün tövlə tikməyə başlayın və tövləni 3 kubik qaldırdıqdan sonra Cavidlə əlaqə saxlayın, o, gəlib tikilinin şəkilini onlara çəkib göndərsin ki, həqiqətən orada tikinti işləri getdiyinə inansınlar. Onların təbii ki, pulları olmadığına görə münasib yoldaşdan 5000 manat pul borc alıb tövləni tikməyə başlamış və 5 kubik hündürlüyə çatanda Cavidə zəng vursunlar. Lakin ilk olaraq Cavid gəlməkdən boyun qaçırmış və onların bu dələduzluqlarına görə məhkəməyə müraciət ediləcəyini bildirdikdən sonra Cavid gəlib tövlənin şəkilin çəkib getmişdir. Beləliklə o gündən bugünə qədər artıq 4 ay olar ki, Cavabdeh ASC müxtəlif bəhanələr gətirərək onları aldadır. Daha sonra, Cavabdeh ASC-nin nümayəndəsi X2 iddia ərizəsinə etiraz təqdim edərək, etirazında qeyd etmişdir ki, İddiaçı Banka müraciət etmiş və Bankla onun arasında xx.xx.2024cü il tarixli L015120/0001 №-li kredit müqaviləsi imzalanmışdır. Həmin kredit müqaviləsi ilə iddiaçıya Bank tərəfindən 8000 (səkkiz min) manat məbləğində kredit verilmişdir. Kreditin rəsmiləşdirilməsi ilə əlaqədar iddiaçı tərəfindən 1 % vergi komissiyası, 1% hesaba mədaxil komissiyası, 120 AZN daşınmaz əmlakın kreditin təminatı qismində ipoteka ilə yüklü edilməsi ilə bağlı rüsum və digər notarial rüsumlar ödənilmişdir. Bundan sonra iddiaçı Banka yeni kredit məhsulu üçün müraciət etmiş və ona təklif olunan kredit məhsullarından Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin (Agentlik) vəsaiti hesabına müvəkkil kredit təşkilatları (MKT) tərəfindən ( AKİA kreditləri) verilən damazlıq heyvanların alışı üçün nəzərdə tutulan kreditin ayrılmasını xahiş etmişdir. Sözügedən kreditin ayrılması üçün iddiaçıya tələb olunan sənədlər siyahısı verilmiş və şərtlər izah edilmişdir. İddiaçı sənədlər arasında Agentlik tərəfindən tələb olunan iltizam sənədini imzalamaqdan imtina etmişdir. Bunun nəticəsində Bank tərəfindən kreditin ayrılması qeyrimümkün hesab edilmişdir. İltizamın mahiyyəti bundan ibarətdir ki, borcalan bu sənədi imzalamaqla, ona əmlak (mal-qara) formasında təklif edilən subsiyadan imtina edir və bununla da həmin əmlakın dəyəri ona kredit vəsaiti şəklində verilir. Lakin qeyd edildiyi kimi iddiaçı iltizamı imzalamaqdan imtina etdiyi üçün ona AKİA krediti verilməsi mümkün olmamışdır. İltizamı imzalasa idi, kreditin verilməsi mümkün ola bilərdi. Qeyd olunan sənədlər siyahısı ilə bağlı məlumat üçün keçid linki https://akia.gov.az/az/content/65.html. Bank kreditin ayrılması ilə bağlı vəd verərək iddiaçının həyətində hər hansısa tikilini tikməli olduğu ilə bağlı tələb irəli sürməmişdir. Qeyd olunan kredit kənd təsərrüfatı inkişafı sahəsinə aid olduğu üçün Bank kreditin verilməsi şərtlərindən biri kimi heyvanların saxlanılması üçün tövlənin olmasının vacibliyini bildirmişdir. Belə ki, bu təyinatlı kredit götürmək üçün müraciətçinin mütləq qaydada istifdəsində və ya mülkiyyətində torpaq sahəsinin, hevanları saxlamaq üçün zəruri şəraitin olması vacibdir. Bu imkanlar olmadan götürülmüş kredit, əgər tövlə tikilməsinə və ya torpaq alınmasına sərf edilərsə, o zaman heyvandarlıq üçün götürülmüş kredit təyinatından yayındırılmış olar ki, bu da dövlətin kənd təsərrüfatının inkişafına və eləcə də dövlətin bu istiqamətdə həyata keçirdiyi kənd təsərrüfatının inkişafı siyasətinə zərbə vura bilər. Qeyd olunanlardan əlavə olaraq bildirilir ki, iddiaçının TuranBanka və ya hansısa digər banka olan kredit borcu üzrə faizlərin hesablanmasında və bununla da onun zərərə düşməsində TuranBankın və ya onun əməkdaşının heç bir təqsiri və əlaqəsi yoxdur. Yuxarıda qeyd edilənlərə əsasən hesab edirlər ki, Bank borcalan qarşısında hər hansı borc vermək vədi olmasa belə, kreditin verilməsi üçün qaydalar çərçivəsində üzərinə düşən öhdəlikləri icra etmiş, lakin buna baxmayaraq, iddiaçı müvafiq iltizamı imzalamamış və krediti götürməkdən özü imtina etmişdir. Bununla da qeyd edilən məsələdə Bank hər hansı pozuntuya yol verilməmişdir. Yuxarıda göstərilənləri rəhbər tutaraq İddiaçı iddia tələbi əsassız olduğu üçün vurulan maddi və mənəvi ziyanın ödənilməsi barədə iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş edirlər Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirmişdir ki, iddianı müdafiə edir. Bankın əməkdaşı tərəfindən proseslər onlara düzgün izah edilməmişdir. Onlar vəkillə məsləhətləşərək, iltizamı imzalamaqdan imtina etmişlər. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Bankdan götürülmüş kredit məbləği tövlənin tikintisinə sərf edilmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh ASC-nin nümayəndəsi X4 izahatında bildirmişdir ki, iddia tələbini qəbul etmir. İddiaçı müvafiq iltizamı imzalamamış və krediti götürməkdən özü imtina etmişdir. İltizam imzalanaraq fonda təqdim edilir və şəxsin heyvandan imtinası kimi qəbul edilir. Odur ki, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X7 izahatında bildirmişdir ki, iddianın təmin edilməsini xahiş edir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ilə Cavabdeh ASC arasında bağlanmış xx.xx.2024cü il tarixli, L015120/0001 saylı kredit razılaşmasından görünür ki, tərəflər öz aralarında xx.xx.2024-cü il tarixli, L015120 saylı kredit limiti müqaviləsini bağlamaqla, 120 ay müddətinə, illik 30 faizdən çox olmamaq şərti ilə 200000 manat məbləğində kredit limitinin istifadəsi barədə razılığa gəlmişdirlər. Hazırki kredit razılaşmasını bağlamaqla tərəflər həmin kredit limiti üzrə ayrılmış limit çərçivəsində kreditin borcalan tərəfindən istifadəsi barədə əlavə razılığa gəlmişlər. Beləliklə bu müqavilə bank və borcalan arasında bağlanılmış xx.xx.2024-cü il tarixli, L015120 saylı kredit limiti müqaviləsinin tələblərinə uyğun olaraq bağlanmış və bank həmin müavilə çərçivəsində borcalana 24 ay müddətinə qaytarmaq şərti ilə illik 21 faiz olmaqla 8000 manat məbləğində kredit vermişdir. Borcalan krediti qəbul edərək, bu müqavilədə göstərilən müddətdə və qaydada krediti və həmin kreditə görə hesablanmış faizləri banka ödəməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan İddiaçı ilə Cavabdeh ASC arasında bağlanmış xx.xx.2024-cü il tarixli, L015120 saylı girov müqaviləsinə əsasən borcalan (girov qoyan) girov saxlayan ilə arasında bağlanmış xx.xx.2024-cü il tarixli, L015120 saylı kredit limiti müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi borcalan (girov qoyan) özünə məxsus AZ74TURA******************** saylı bank hesabına gələcəkdə daxil olacaq pul vəsaitini gorov saxlayanın xeüyrinə girov qoymuşdur. İş materiallarında olan Cavabdeh ASC, İddiaçı (borcalan) və X9 (zamin) arasında bağlanmış xx.xx.2024-cü il tarixli, L015120/0001 saylı Zaminlik müqaviləsinə əsasən zamin borcalanın xx.xx.2024-cü il tarixli, L015120/0001 saylı kredit müqaviləsinə əsasən bankdan 24 ay müddətinə, illik 21 faiz olmaqla aldığı 8000 manat məbləğində kreditin, həmin kreditə görə hesablanacaq faizlərin, cərimə, dəbbə və məhkəmə xərclərinin banka ödənilməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarında olan Aqrar Kredit və İnkişaf Agentliyi vəsaiti hesabına iri buynuzlu heyvan alışının maliyyələşdirilməsi ilə əlaqədar öhdəlik haqqında İltizamdan görünür ki, İddiaçı mövcud iltizamı imzalamamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuşşəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Yuxarıda qeyd edilən normaların məzmunundan göründüyü kimi, cavabdehin iddiaçı qarşısında qəsdən və ya ehtiyatsızlıqla vurduğu ziyana görə maddi məsuliyyəti yaranması üçün ziyanın həqiqətən vurulduğu aşkar olmalı, təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olmalı və təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olmalıdır. Həmçinin, iddiaçı maddi ziyanın məbləğini və onun vurulduğunu, cavabdeh tərəf isə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludur. Bu baxımdan, məhkəmə hesab edir ki, iddia üzrə araşdırma predmetini cavabdehin qeyd edilən normalar çərçivəsində məsuliyyət daşıması üçün zəruri olan bütün şərtlərin mövcud olub-olmamasının müəyyən edilməsi təşkil edir. Yalnız qeyd edilən əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər. Lakin hazırkı işdə də bu əsaslar müəyyən edilmir. Belə ki, iddiaçı tələbinin əsası kimi istinad etdiyi halları, cavabdehin qanunazidd əməli nəticəsində ona ziyan vurulduğunu sübut edə bilməmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh ASCyə müraciət etmiş və Bankla onun arasında xx.xx.2024-cü il tarixli L015120/0001 №-li kredit müqaviləsi imzalanmışdır. Həmin kredit müqaviləsi ilə iddiaçıya Bank tərəfindən 24 ay müddətinə, illik 21 faiz olmaqla 8000 (səkkiz min) manat məbləğində kredit verilmişdir. Bundan sonra iddiaçı Banka yeni kredit məhsulu üçün müraciət etmiş və ona təklif olunan kredit məhsullarından Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin (Agentlik) vəsaiti hesabına müvəkkil kredit təşkilatları (MKT) tərəfindən ( AKİA kreditləri) verilən damazlıq heyvanların alışı üçün nəzərdə tutulan kreditin ayrılmasını xahiş etmişdir. Sözügedən kreditin ayrılması üçün iddiaçıya tələb olunan sənədlər siyahısı verilmiş və şərtlər izah edilmişdir. İddiaçı sənədlər arasında Agentlik tərəfindən tələb olunan iltizam sənədini imzalamaqdan imtina etmişdir. Bunun nəticəsində Bank tərəfindən kreditin ayrılması qeyri-mümkün hesab edilmişdir. İltizamın mahiyyəti bundan ibarətdir ki, borcalan bu sənədi imzalamaqla, ona əmlak (mal-qara) formasında təklif edilən subsiyadan imtina edir və bununla da həmin əmlakın dəyəri ona kredit vəsaiti şəklində verilir. Lakin qeyd edildiyi kimi iddiaçı iltizamı imzalamaqdan imtina etdiyi üçün ona AKİA krediti verilməsi mümkün olmamışdır. İltizamı imzalasa idi, kreditin verilməsi mümkün ola bilərdi. Bank kreditin ayrılması ilə bağlı vəd verərək iddiaçının həyətində hər hansısa tikilini tikməli olduğu ilə bağlı tələb irəli sürməmişdir. İddiaçı iddiasının əsası qismində məhz bu faktı (iddiaçının həyətində heyvanların saxlanılması üçün tövlə tikildikdən sonra Bank tərəfindən kreditin ayrılacağı) qeyd etsə də, belə bir faktın mövcudluğunu təsdiq edə biləcək sübutunu məhkəməyə təqdim edə bilməmişdir. Qeyd olunan kredit kənd təsərrüfatı inkişafı sahəsinə aid olduğu üçün Bank kreditin verilməsi şərtlərindən biri kimi heyvanların saxlanılması üçün tövlənin olmasının vacibliyini tərəfə bildirmişdir. Belə ki, bu təyinatlı kredit götürmək üçün müraciətçinin mütləq qaydada istifdəsində və ya mülkiyyətində torpaq sahəsinin, hevanları saxlamaq üçün zəruri şəraitin olması vacibdir. Bu imkanlar olmadan götürülmüş kredit, əgər tövlə tikilməsinə və ya torpaq alınmasına sərf edilərsə, o zaman heyvandarlıq üçün götürülmüş kredit təyinatından yayındırılmış olar ki, bu da dövlətin kənd təsərrüfatının inkişafına və eləcə də dövlətin bu istiqamətdə həyata keçirdiyi kənd təsərrüfatının inkişafı siyasətinə zərbə vura bilər. Qeyd olunanlardan görünür ki, iddiaçının TuranBanka və ya hansısa digər banka olan kredit borcu üzrə faizlərin hesablanmasında və bununla da onun zərərə düşməsi faktı məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Bank borcalan qarşısında hər hansı borc vermək vədi olmasa belə, kreditin verilməsi üçün qaydalar çərçivəsində üzərinə düşən öhdəlikləri icra etmiş, lakin buna baxmayaraq, iddiaçı müvafiq iltizamı imzalamamış və krediti götürməkdən özü imtina etmişdir. Bununla da qeyd edilən məsələdə Bank hər hansı pozuntuya yol verilməmişdir. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən Cavabdeh ASC tərəfindən ona ziyan vurulması, səbəbli əlaqə və s. bu kimi halların mövcudluğu sübuta yetirilmədiyindən, bununla da cavabdehin hərəkəti nəticəsində iddiaçıya maddi zərər vurulması halı müəyyən olunmadığından cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Məhkəmə İddiaçı mənəvi zərər tələbi ilə bağlı qeyd edir ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyrihüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Plenum eyni zamanda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən hər hansı hüquqa zidd əmələ yol verildiyi müəyyən olunmadığından və bununla da maddi zərərlə bağlı tələb rədd olunduğundan, bundan irəli gələn mənəvi zərərlə əlaqədar iddia tələbi də rədd olunmalıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, cavabdehin hərəkət və ya hərəkətsizliyi nəticəsində iddiaçıya maddi və ya mənəvi zərər vurulması məhkəmə araşdırılması zamanı öz təsdiqini tapmadığından İddiaçı Cavabdeh ASC-yə qarşı (Cavabdeh ASC-nin Xaçmaz filialı və X7 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddiası rədd edilməlidir. İş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia rədd edilməli olduğundan hazırkı iddiaların qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş dövlət rüsumu ona aid olunmalıdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci madəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü madəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin və 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı (Cavabdeh ASC-nin Xaçmaz filialı və X7 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar