Məhkəmə qərarları › İş №2(004)-91/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-91/2024

24.10.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-91/2024 24.10.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, Ələsgərov Pərvin Asif oğlunun katibliyi, İddiaçı, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh1 iştirakı ilə, İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi cəlb edilməklə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “payın naturada ayrılması” tələbinə dair mülki işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi cəlb edilməklə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “payın naturada ayrılması” tələbinə dair iddia ərizəsi məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 2 iddiaçı (2/3 hissədə) və cavabdehlərin (1/3 hissədə) paylı mülkiyyətindədir. Sözügedən əmlak üzrə iddiaçının payı faktiki olaraq naturada ayrılmışdır. Cavabdehlərin faktiki sahibliyində və istifadəsində olan 1/3 hissə isə miras predmetidir. Göstərilənlər nəzərə alınmaqla əmlakın hüquqi baxımdan naturada ayrılması barədə qərar qəbul edilməsi xahiş edilir. İddiaçı məhkəmə iclasında iştirak edərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iştirak edərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh1 məhkəmə iclasında iştirak edərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. İş materiallarında olan Çıxarışa əsasən müəyyən edilir ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı və X1 paylı mülkiyyətindədir (müvafiq paylar çıxarışda qeyd edilmişdir). İş materiallarına X1 ölüm haqqında şəhadətnaməsinin surəti və müvafiq vərəsəlik işi materialları əlavə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin müvafiq ilkin və təkrar ekspertiza rəylərinə əsasən müəyyən edilir ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evindən İddiaçı payının naturada təcrid mənzillər şəklində ayrılması mümkün deyildir. Məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Mübahisənin qanuni əsası qismində aşağıdakı hüquq normaları çıxış edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra: MM) 220.1-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. MM-in 220.2-ci maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. MM-in 220.3-cü maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Məhkəmə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin müvafiq rəylərinin qanuni və əsaslılığı prezumpsiyasını qəbul edir. Məhkəmə qərar qəbul edərkən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli qərarında göstərilmiş hüquqi mövqeyini əsas götürür. Məhkəmə araşdırması zamanı müəyyən edilmiş xüsusatlar əsas götürülməklə məhkəmə nəzərə alır ki, sözügedən daşınmaz əmlak paylı mülkiyyətçi qismində iddiaçının payına münasibətdə faktiki olaraq ayrılsa da, hüquqi baxımdan payın natura ayrılması mümkün deyildir. İddiaçı tərəf ekspertiza rəyinin əsassız olmasını bildirsə də, təkrar ekspertizanın keçirilməsi barədə vəsatət verməmişdir. Nəzərə alınmalıdır ki, mülki iş üzrə eyni xüsusata dair 2 dəfə ekspertizanın (ilkin və təkrar) keçirilməsi təmin edilmişdir. Artıq verilmiş rəy üzrə ekspertin gəldiyi qənaət xüsusi biliklər nöqteyi-nəzərdən ekspertin dəyərləndirə biləcəyi hallardır. Cavabdehlərin həmin əmlaka payları müəyyən edilməsə də, məhkəmə nəzərə alır ki, əmlak miras əmlakı kimi cavabdehlərin faktiki sahibliyində və istifadəsindədir, lakin mübahisə predmeti olan daşınmaz əmlak üzrə 1/3 hissədə pay açıq saxlanılmışdır (cavabdehlər tərəfindən rəsmiləşdirilməmişdir). Odur ki, faktiki baxımdan hazırki iddia tələbi üzrə cavabdehlərin prosessual baxımdan cavabdeh qismində çıxış etmələri mümkün hesab edilir (əks halda paylı mülkiyyətçi kimi iddiaçının iddia qaldırmaq hüququ əsassız olaraq məhdudlaşmış olar). Nəzərə alınır ki, cavabdehlər məhkəmə iclaslarında iştirak edərək tələbin təmin edilməsinə qarşı çıxmışlar və mübahisəsiz olaraq əmlakın 1/3 hissəsinin onların sahibliyində olması faktını nümayiş etdirmişlər (mülki işin mübahisəsiz halıdır). Lakin, məhkəmə iddiaçıya izah edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli qərarında göstərilmiş hüquqi mövqeyinə əsasən digər prosessual hərəkətləri həyata keçirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş üzrə aparılmış ekspertiza üzrə ümumilikdə 200 (iki yüz) manat məbləğində ekspertiza (ilkin və tıkrar ekspertiza) xərci İddiaçı tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, m/h AZ41NABZ********************, SFİFT BİK CTREAAZ22, MEM VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülməlidir. Həmçinin, ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Beləliklə, məhkəmə iş materiallarına məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 238, 227,358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi cəlb edilməklə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “payın naturada ayrılması” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilsin. İş üzrə aparılmış ümumilikdə 200 (iki yüz) manat məbləğində ekspertiza xərci İddiaçı tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, m/h AZ41NABZ********************, SFİFT BİK CTREAAZ22, MEM VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fariz Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar