Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-926/2022 02.06.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Bakı şəhər Baş Polis İdarəsinin X6 İdarəsinə və Cavabdeh2 qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı cavabdehlər Bakı şəhər Baş Polis İdarəsinin X6 İdarəsinə və Cavabdeh2 qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vurulmuş 1000 manat maddi zərərin, eləcə də ona vurulmuş mənəvi ziyanın kompensasiyası kimi 4000 manat məbləğində pulun, etibarnamə alınması və sənədin təsdiqi üçün notariusa rüsum kimi ödənilmiş 14 manat 50 qəpiyin, həmçinin dövlət rüsumu kimi ödənilmiş 80 manatın, ümumilikdə 5094,5 manat məbləğində pulun cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 16 yanvar 2021-ci il tarixində saat 01:30 radələrində yoldaşı Günay Allahverdiyevaya məxsus olan BMW 528 markalı 99- NT-771 dövlət qeydiyyat nişanlı avtomaşını baş etibarnamə əsasında Qara Qarayev prospekti ilə idarə edərkən “Ruslan 93” marketi yaxınlığında Epidemioloji qaydalara nəzarət postunda (halbuki, həmin gün artıq pandemiya postları ləğv edilmişdi) DİN-nin əməkdaşları tərəfindən yoxlama məqsədi ilə saxlanılmışdır. Yoxlama zamanı, X4 əməkdaşı ilk növbədə hərəkət üçün icazənin olub-olmamasını yoxlayıb, sənədlərin qaydasında olduğuna əmin olub, daha sonra spirtli içkilərin qəbul edib-edilməməsi barəsində sual vermişdir. Polis əməkdaşının sualına “xeyr, içməmişəm” cavabını vermişdir. Bundan sonra polis əməkdaşı ona qanda alkoqolun faizini ölçən cihaza nəfəs verməsini tələb etmişdir. Bu tələbin nə üçün ona edildiyini soruşduqda isə, onun özünü şübhəli apardığını bildirmişdir. Şübhənin nədən ibarət olduğunu soruşduqda isə polis əməkdaşı spirt qoxusunun gəldiyini və eyni zamanda musiqini yüksək səslə dinlədiyini bildirmişdir. Spirt qoxusu barəsində dezinfektantdan istifadə etdiyini, musiqini isə bağlı pəncərələrlə dinlədiyini bildirmişdir. Buna baxmayaraq polis əməkdaşı yoxlanışın edilməsinin mütləq olmasını bildirərək naməlum markalı ağ rəngdə olan cihazı ona uzatmışdır. Bu cihaz vasitəsilə yoxlamanın edilməsini həmin cihazın keyfiyyət sertifikatının təqdim edilməsindən sonra razı olacağını bildirmişdir. Buna cavab olaraq polis əməkdaşı sertifikatın özündə deyil, polis şöbəsində olduğunu bildirmişdir. Belə olan halda o sertifikatının təqdim edilməsi mümkün olmayan cihazla yoxlamanın edilməsini qanunun tələblərinə uyğun olmadığını bildirmişdir. Eyni zamanda 102 qaynar xəttinə zəng edərək şikayətini bildirmişdir. Daha sonra polis əməkdaşı həkim müayinəsinin edilməsini tələb etmişdir. Bundan sonra o polis əməkdaşının **-YP-*** dövlət qeydiyyat nişanlı xidməti avtomaşını ilə Cəfər Cabbarlı küçəsində yerləşən tibbi müayinə müəssisəsinə getmişdir. Yolda, daha öncə təqdim edilən alkoqolun faizini ölçən naməlum markalı ağ rəngdə olan cihazın yoxlaması məqsədi ilə polis əməkdaşından icazə almış, həmin cihaza bərkdən nəfəsimi vermiş və nəfəsin göstəriciləri 0.0 göstərmişdir. Bu halda nə üçün getdiklərini soruşduqda polis əməkdaşı artıq çatdıqlarını və tez müayinəni edib qayıdacaqlarını qeyd etmişdir. Həkim müayinə edilməsi məqsədi ilə ona nəfəs vermək üçün bir cihaz vermişdir (ondan heç bir qan analizi götürülməmişdir). Nəfəsini verdikdə, həkim alkoqolun qanda çox az miqdarda olduğunu bildirmişdir. Lakin o bunun mümkün olmadığını bildirmişdir, çünki heç bir spirtli içki qəbul etməmişdir. Müayinənin nəticəsini bir sənəddə əks edilib ona təqdim edilməsini tələb etmiş, lakin həkim heç bir sənədə ehtiyac olmadığını və həkim otağında məsələnin həll ediləcəyini bildirmişdir. Müayinədən dərhal sonra polis əməkdaşının xidməti avtomaşını ilə onun avtomaşını olan yerə hərəkətə başlamışlar. Avtomaşını saxlanıldığı yoxlama postunun yanında qalmışdı. Polis əməkdaşı onun avtomaşınını özü idarə edərək, sənədlərin polis şöbəsində olduğunu bildirdi və həmin şöbəyə sənədlərin götürülməsi üçün getdiklərini qeyd etmişdir. Daha sonra cərimə meydançasına çatmışlar və cərimə meydançasına onun avtomaşınını yerləşdirdikdən sonra meydançanın darvazasını bağlamışlar. Maşınının nə səbəblə cərimə meydançasına yerləşdirildiyini soruşduqda ona heç bir cavab verilməmişdir. Avtomaşınının cərimə meydançasında yerləşdirildiyi üçün ona protokolun təqdim edilməsini tələb etmişdir. Polis əməkdaşı protokola ehtiyac olmadığını bildirmiş və bunu rəisin gəlib sənədlərinin qaytarılması səbəbi ilə bağlı olduğunu bildirmişdir. Lakin heç kəs gəlməmiş və təxmini 30 dəqiqə sonra polis əməkdaşları onu meydançadan uzaqlaşdırmışlar. Nəticədə o təqribi saat 03:00-da taksi ilə evə getmək məcburiyyətində qalmışdır. 17 yanvar 2021-ci il tarixində Bakı şəhər DYP idarəsinə avtomaşının çıxarılması üçün müraciət etmişdir. Hazırkı mülki iş üzrə cavabdehlərdən biri olan Cavabdeh2 tərəfindən tərtib edilmiş 16.01.2021-ci il tarixli, İXP3729868 nömrəli protokolu ona göstərmiş, lakin surətini ona təqdim etməmişlər. Beləliklə də 16 yanvar 2021-ci il tarixdə hər hansı bir sprirtli içki qəbul etməməsinə, həmçinin sərxoş olmamasına baxmayaraq, Bakı şəhər DYPİ-nin Yol patrul xidməti inspektoru, polis sıravisi olan Cavabdeh2 tərəfindən barəsində tamamilə qanunsuz İXP3729868 nömrəli protokol tərtib edilmişdir. Nizami Rayon Məhkəməsinin hakimi X1 18 may 2021-ci il tarixli, 3(007)- 819/2021 saylı inzibati xəta haqqında iş üzrə qərarı ilə İddiaçı AR İXM-nin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinmiş və onun barəsində 400 manat məbləğində cərimə tətbiq edilmişdir. Həmin qərardan apellyasiya şikayəti vermiş və Bakı Apellyasiya Məhkəməsinin 12 iyul 2021-ci il tarixli, 3(103)- 1625/2021 saylı qərarı ilə tərəfindən verilən şikayət təmin edilərək 18 may 2021-ci il tarixli, 3(007)-819/2021 saylı inzibati xəta haqqında iş üzrə qərar ləğv edilmiş və inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Belə ki, həmin protokol əsasında ona həm maddi, həm mənəvi ziyan dəymişdir. Onu da qeyd etmək istəyir ki, həyat yoldaşı həmin vaxt hamilə olmuş, əsassız saxlanılmağı nəticəsində o da həyəcan və stress keçirmişdir. Həmçinin hüquqlarının müdafiəsi ilə bağlı aidiyyətı orqanlara müraciət etmək üçün də hüquqi yardımlarla bağlı və digər xərcləri çıxmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbinə uyğun izahat verərək bildirmişdir ki, 16 yanvar 2021-ci il tarixdə saat 01:30 radələrində iddiaçını polis əməkdaşı saxlayaraq spirtli içki qəbul etdiyini bildirib. Amma iddiaçı təkidlə bildirib ki, spirtli içki qəbul etməyib. Bundan sonra iddiaçıya alkoqolun faizini ölçən cihaza nəfəs vermək təklif olunub, lakin iddiaçı bildirib ki, həmin cihazın sertifikatı təqdim olunsun ondan sonra nəfəs verim. Ancaq sertifikat təqdim olunmayıb. Buna baxmayaraq bir müddət sonra iddiaçı həmin cihaza nəfəs verib və “0” göstərici olub. Bundan sonra polis əməkdaşı bildirib ki, bu düz deyil, biz gedib tibbi yoxlanışdan keçməliyik. Polis əməkdaşı ilə birlikdə iddiaçı və hamilə yoldaşı tibb məntəqəsinə gediblər. İddiaçının yoldaşının hamilə olması ilə bağlı məhkəməyə sənəd təqdim edilib. Polis əməkdaşı iddiaçını yoxlanışa aparıb və avtomobil bir müddət orda qalıb. Sonra polis əməkdaşı bildirib ki, əvvəlcə polis idarəsinə getməlidirlər və ondan sonra yalnız buraxa bilər. Lakin tibbi müayinədən çıxandan sonra avtomobili aparıblar cərimə meydançasına. İddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsini müdafiə edərək, iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İzahatına əlavə olaraq bildirdi ki, hadisə baş verən gün həyat yoldaşı maşında onunla birlikdə yox, evdə olmuşdur. Onun evə gec getməsi, uzun müddət xəbər ala bilməməsinə görə dərin narahatlıq keçirmişdir. Belə ki, hüquqlarının müdafiəsi ilə bağlı vəkilə pul ödəmiş, məhkəmələrdə iştirakla həm vaxt, həm də maddi itkiyə məruz qalmışdır. Həmin hadisə günü avtomobili cərimə meydançasına aparıldığından avtomobili geri qaytarılana qədər taksilərdən istifadə etmişdir. İşlədiyi yer isə Lökbatanda yerləşdiyindən hüquqlarının müdafiəsi ilə bağlı məhkəmə proseslərində iştirak etmək üçün dəfələrlə işdən icazə alaraq bu qədər uzun məsafəni qət etməyə məcbur qalmışdır. Mənəvi zərərə gəldikdə isə həm həmin hadisədən həm də hüquqlarının müdafiəsi üçün vaxt itkisindən dərin əsəb və stress keçirmişdir. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehlərin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə iştirak edən tərəflərin izahatını dinləyərək, eləcə də işdə olan sənədləri tədqiq etməklə təqdim olunmuş sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan 16.01.2021-ci il tarixli, ******* nömrəli İnzibati Xəta haqqında protokolun surətindən görünür ki, İddiaçı 16.01.2021-ci il tarixdə BMW 5281 minik markalı, **-NT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə AR İXM-nin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törətmişdir. İddiaçı protokolda həmin protokolla razı olmamasına dair qeyd etmişdir. İş materiallarında olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi 18 may 2021-ci il tarixli, 3(007)-819/2021 saylı inzibati xəta haqqında iş üzrə qərarı ilə İddiaçı AR İXM-nin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməsi və onun barəsində 400 manat məbləğində cərimə tətbiq edilməsi qərara alınmışdır. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 12 iyul 2021-ci il tarixli, 3(103)-1625/2021 saylı qərarı ilə İddiaçı tərəfindən verilən şikayət təmin edilərək 18 may 2021-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərar ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. İş materiallarında olan İddiaçı və Nümayəndə arasında bağlanan Hüquqi yardımın göstərilməsi haqqında 46 nömrəli müqavilənin surətindən görünür ki, hüquqi yardıma görə haqq qarşılıqlı razılıqla 90 manat müəyyən olunmuşdur. İş materiallarında olan İddiaçı və Nümayəndə arasında bağlanan Hüquqi yardımın göstərilməsi haqqında 98 nömrəli müqavilənin surətindən görünür ki, hüquqi yardıma görə haqq qarşılıqlı razılıqla 590 manat müəyyən olunmuşdur. İş materiallarında olan 635291 nömrəli Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X2 08.09.2021-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Atası İddiaçıdur. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı barəsində 16.01.2021-ci il tarixli, ******* nömrəli İnzibati Xəta haqqında protokol tərtib olunmuşdur. Daha sonra həmin protokol əsasında Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 18 may 2021-ci il tarixli, 3(007)-819/2021 saylı inzibati xəta haqqında iş üzrə qərarı ilə İddiaçı AR İXM-nin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinmiş və onun barəsində 400 manat məbləğində cərimə tətbiq edilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin 12 iyul 2021-ci il tarixli, 3(103)-1625/2021 saylı qərarı ilə İddiaçı tərəfindən verilən şikayət təmin edilmiş və 18 may 2021-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərar ləğv edilmişdir. Hazırda İddiaçı cavabdehlər Bakı şəhər Baş Polis İdarəsinin X6 İdarəsinə və Cavabdeh2 qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Lakin məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iddiaçı məhkəmə prosesləri zamanı hər ona maddi və mənəvi ziyanın dəyməsi faktını təsdiq edən əsaslı və mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096.2). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçının iddia tələbi məhkəmə tərəfindən rədd edildiyi üçün iddia ərizəsinin məhkəməyə təqdim edilməsi üçün ödənilmiş dövlət rüsumu və digər xərclər iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddia ərizəsi təmin olunmasın. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Məmmədli
Məhkəmə qərarları › İş №2(004)-926/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-926/2022
02.06.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver