Məhkəmə qərarları › İş №2(004)-94/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-94/2021

14.07.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-94/2021 14.07.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, Dəmirova Nəcimə Arif qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddaçı İddiaçı Cavabdeh qarşı “yanğın nəticəsində vurulmuş zərərin kompensasiyası” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddaçı İddiaçı Cavabdeh qarşı “yanğın nəticəsində vurulmuş zərərin kompensasiyası” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2500 manat maddi ziyan, 1000 manat mənəvi ziyan və 31 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, M.Xiyabani, 33 ünvanındakı yeni tikilinin 8-ci mərtəbəsindəki 152 saylı mənzil ona məxsusdur. Onların mənzilin alt qatında yaşayan Cavabdeh səhlənkarlığı nəticəsində onun yaşadığı mənzilində yanğın baş vermiş və bunun nəticəsində onun eyvanı yanmış, qapı-pəncərəsi yararsız vəziyyətə düşmüşdür. Dəfələrlə cavabdehə iradlarını bildirsə də və yanğının nəticələrinin aradan qaldırılmasını təklif etsə də, sonuncu mənzilinə dəymiş zərəri aradan qaldırmağdan imtina etmişdir. Onun da maddi vəziyyəti buna imkan vermir ki, eyvana yeni qapı-pəncərə qoysun, divarları təmir etsin. Kimin təqsiri üzündən eyvan yararsız vəziyyətə düşüb, o da təmir etməlidir. 06 sentyabr 2019-cu il tarixli Cinayət işinin başlanmasının rədd edilməsi barədə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Əməliyyat-İstintaq İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi, leytenant F.Zeynalının Qərarında da müəyyən olunmuşdur ki, yanğının mənşəyi cavabdehə məxsus mənzildir. Yanğın məhz 7-ci mərtəbədə qısaqapanma nəticəsində baş vermişdir. Cavabdeh məsuliyyətdən yayınmaqdan ötrü yanğının onun mənzilində başlamamasını bildirir, lakin bu həqiqətə uyğun deyil. Şahidlər də bildirmişlər ki, yanğın 147-ci mərtəbədə başlamışdır. Bu gün yanğının nəticələri göz qabağındadır. Onun mənzilinin təmirinə sərf olunacaq məbləği müəyyən etməkdən ötrü ekspertiza təyin olunmalıdır. Onun tərəfindən dəvət olunmuş mütəxəssis təmirin təxminən 2500 manata başa gələcəyini bildirmişdir. Cavabdehin uzun müddətdir ki, bu problemə biganə yanaşması və onu bu halla üz-üzə qoyması ona ciddi mənəvi təsir göstərmişdir. Onun imkansız və sakit təbiyyətli olmağından istifadə edən cavabdeh açıq-aşkar tələblərini vecinə almır. O, yaşlı qadın, məhkəməyə qədər gəlmək məcburiyyətindədir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişlər. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, işdə olan sübutları araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 06.09.2019-cu il tarixli Qərardan görünür ki, Cavabdeh əməlində cinayət tərkibi olmadığı üçün barəsində cinayət təqibinin başlanması rədd edilmişdir. Həmin qərara əsasən hadisə yerinə keçirilmiş baxışla, alınmış izahatlarla, habelə yoxlama zamanı toplanmış digər materiallarla müəyyən edilmişdir ki, Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani 33 ünvanda yerləşən 147 nömrəli mənzilin sahibi kimi, üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxs olduğu halda “Fərdi qarajlar, mexmanxana, yataqxana, yaşayış evləri və inzibati binalar üçün yanğın təhlükəsizliyi” qaydalarının (YTQ№02-2002) 1.10.2 və 2.3.5 bədlərinin tələblərini pozaraq yaşadığı mənzildə yanğın təhlükəsizliyi normalarına, standartlarına və qaydalarına riayət etməmiş, özünə məxsus mənzilin elektrik qurğularını qısaqapanmalardan və yanğın törədə bilən digər qeyri normal vəziyyətlərdən müdafiə edilməsini təmin etməmişdir. Bu səbəbdən də 12 iyun 2019-cu il tarixdə mənzilin eyvanına girişdən sağ tərəfdə döşəmədən yuxarı səviyyədə quraşdırılmış və gərginliyə qoşulu olan su qızdırıcısının elektrik sistemində yaranmış qəza halından yanğın baş vermiş, nəticədə özünə məxsus 147 nömrəli mənzilə, 6-cı mərtəbədə yerləşən A.H.Məmmədova məxsus 142 nömrəli mənzilə və 8-ci mərtəbədə yerləşən İddiaçı məxsus 152 nömrəli mənzilə ziyan dəymişdir. İş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının 04.06.2021-ci il tarixli 10/1329 nömrəli rəyinə əsasən, ünvan 3 ünvanımnda yerləşən 152 saylı mənzildə yanğın hadisəsi nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün aparılmalı təmir-tikinti işlərinin hazırda mövcud olan bazar qiymətlərinə uyğun dəyəri təqribən 1363,12 manat məbləğində müəyyən olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096.2). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, ünvan 3 ünvanında yerləşən 152 saylı mənzilin alt qatında yerləşən mənzil Cavabdeh mülkiyyətdə olmaqla, həmin mənzildə baş vermiş yanğın nəticəsində yuxarı mərtəbədə yerləşən, İddiaçı mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən 152 saylı mənzilə zərər vurulmuşdur. Məhkəmə hesab edir ki, İddiaçı mülkiyyətində olan yaşayış sahəsində aşkar olunmuş qüsurlar məhz cavabdehin mənzilində baş vermiş yanğın nəticəsində əmələ gəlməsi iş üzrə toplanmış sübutlarla və keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının rəyi ilə tam təsdiq olunmuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçı yanğın nəticəsində vurulmuş maddi ziyanın əvəzinin cavabdehdən tutulması ilə əlaqədar məhkəmədə iddia qaldırmaqda haqlı olmuş və cavabdeh bu zərərin yetirilməsi ilə əlaqədar mülki-hüquq məsuliyyəti daşıyır. Lakin məhkəmə, iddiaçının ona vurulmuş zərəri 2500 manat məbləğində dəyərləndirsə də, cavabdehdən vurulmuş zərərin əvəzi kimi iddiaçının xeyrinə tutulacaq pul məbləği məhkəmə tikinti-texniki ekspertizası tədqiqatına uyğun müəyyən edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı mülkiyyətində olan mənzilə cavabdehin mənzilində baş vermiş yanğın nəticəsində vurulmuş zərərə görə 1363,12 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Bunda əlavə məhkəmə iddia tələbinin 1000 manat mənəvi zərər hissəsində qeyd edir ki, iddiaçı göstərilən iddia tələbi üzrə mənəvi zərərin vurulmasına dair hər hansı sübutu məhkəməyə təqdim etmədiyindən, iddia tələbinin mənəvi ziyanın ödənilməsinə dair hissəsi rədd edilməlidir. Belə ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 07 saylı Qərarında göstərilir ki, mənəvi zərər, insanın anadan gəlmə və ya qanun əsasında ona məxsus olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqların, habelə əmlak hüquqlarının pozulması nəticəsində fiziki əzab çəkməsi kimi başa düşülür. Fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə isə ona qarşı törədilmiş qanunsuz hərəkətin və ya hərəkətsizliyin onun şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztrab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi başa düşülür. Şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü biruzə verir. Bundan əlavə məhkəmə hesab edir ki, iş üzrə ekspertiza təqdiqatının dəyəri olan 50 manat cavabdehə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh 1363,12 (bir min üç yüz altmış üç manat on iki qəpik) manat məbləğində pul vəsaiti və ödənilmiş 31 (otuz bir) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Ekspertiza tədqiqatının dəyəri olaraq 50 (əlli) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar