Məhkəmə qərarları › İş №2(004)-944/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-944/2021

06.05.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-944/2021 06.05.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, Ağalı Tural Qara oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə1, nümayəndəsi və vəkili Vəkil2, Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 iştirakları ilə, İddiaçı Cavabdeh saylı Mənzil Tikinti Kooperativinə qarşı “kooperativ üzvü kimi tanınma” tələbinə dair mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh saylı Mənzil Tikinti Kooperativinə qarşı “kooperativ üzvü kimi tanınma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun xxxx saylı MTKnın koorperativ üzvü kimi tanınmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 1991-ci ildə ailəsi üçün mənzil əldə etmək məqsədi ilə adı çəkilən kooperativin üzvlüyünə daxil olmuşdur. Tikilməkdə olan mənzilin hələ tikintisi başlamamış kooperativin yaşayış binasında düşəcək mənzilin dəyərinin 30%ni, yəni 6000 rublu 12.11.1991-ci il tarixdə ödəmişdir. Tikinti işləri əvvəllər dayandırılmış, sonradan ona məlum olmayan vaxtda tikinti yenidən davam etdirilmiş, lakin ona bu haqda məlumat verilməmişdir. Dəfələrlə mənzillə bağlı müracət etdikdə cavabdeh təşkilat ona mənzillə təmin olunacağını bildirsə də bu vədinə əməl etməmişdir. Lakin mənzil hazır olduqdan sonra payçılara paylanılmış və bu barədə ona məlumat verilməmişdir. Sonradan ona məlum oldu ki, saxta yollarla payçılar siyahısından çıxarılmışdır. Yəni saxta nizamnamə tərtib edərək onu siyahıdan qanunsuz yolla çıxarmışlar. Halbuki, o, payçı kimi pul ödəmişdir. Onun pulu ödədiyi MTK-nın varisi olduğu nizamnamə ilə təsdiq olunur. Guya o, Payçı kimi qeydiyyata alınmamışdır. Əslində onu özləri qəsdən payçıların siyahısından çıxarmışlar. Lakin pul məhz Cavabdeh saylı MTK-ya ödənilmişdir. Mənzilin ayrılması ilə bağlı MTK rəhbərliyinə müraciət edib 30% məbləğin ödədiyini və mənzilin real dəyərinin qalan məbləğini də ödəməyə hazır olduğunu bildirsə də buna əhəmiyyət verilməmişdir. Sonradan ona müxtəlif bəhanələr gətirilərək bildirilmişdir ki, guya ona rəsmi məlumat göndərilmiş və ölkə hüdudlarından kənarda olduğu üçün məlumatlar ona çatmamışdır. Əgər saxta yollarla adını nizamnamədən payçı kimi çıxarmışlarsa, onda ona necə xəbər etmişlər. 1992-ci il tarixdən hazırda yaşadığı ünvanı dəyişdirməmiş və ünvanına heç bir teleqram və məktub göndərilməmişdir. Halbuki, dəfələrlə MTK sədrinin yanında olmuş, əlaqə nömrəsi və ünvanı barədə məlumat vermişdir. Bakı şəhər İcra Hakimiyyətinin Mənzil Kooperativ Təsərrüfatı İdarəsinə məktubla bağlı müraciət etmişdir. Bununla bağlı ona cavab verilmişdir ki, BŞİH-nin MKT İdarəsində olan “xxxx’' saylı MTKnın payçıları siyahında onun adı aşkarlanmamışdır. Göründüyü kimi Cavabdeh saylı MKTnin rəhbərliyi tərəfindən əsassız olaraq payçılar siyahısından heç bir əsas olmadan çıxarılmışdır. MTK-nın bu hərəkəti qanunsuzdur. Çünki heç vaxt ona payçılar siyahısından çıxarılmağı barədə məlumat verilməmiş, ümumiyyətlə payçıların yığıncağına dəvət olunmamışdır. Göründüyü kimi MTK-nın rəhbərliyi onu əsassız olaraq payçılar siyahısından çıxarmışdır. Lakin hal-hazırda onda ödədiyi məbləğlə bağlı qəbzlər mövcuddur. Ödəniş Cavabdeh saylı MTK-ya ödənilmişdir. O, hələ xxxx saylı MTK-ya pay hüququnun qalan məbləğini tam şəkildə ödəməyi öhdəsinə götürmüşdür. Lakin hazırki xxxx saylı MTK-nın hüquqi varisi xxxx saylı Mənzil Koooperativi onu siyahıya salmayaraq, onun hüquqlarını məhudlaşdırmış, onun öhdəliyini yerinə yetirməyinə süni əngəllər törətmişdir. Göründüyü kimi MTK-nın onunla söhbət zamanı gətirdiyi dəlillər verdiyi sözlər əsassız olmuşdur. Onun payçılar siyahısında adının olmaması, qəsdən çıxarılması ona yeni məlum olmuşdur. Bu barədə başqa bir məhkəmə mübahisəsi zamanı tərəfin məhkəməyə təqdim etdiyi nizamnamədən ona məlum olmuşdur. xxxx saylı Mənzil Kooperativi xxxx saylı MTK-nın hüquqi varisi olduğuna görə onun əvvvəlki MTK-da olan pay hüququ nəzərə alınmalı və digər payçılarla eyni hüquqdan istifadə etməlidir. Lakin bu günə kimi bu barədə ona məlumat verilməmişdir. Kooperativin nizamnaməsində açıq qeyd olunmuşdur ki, Kooperativin üzvləri hansı halda üzvlükdən çıxarıla bilər. Lakin onun hansı səbəbən üzvlükdən çıxarılmağı barədə məlumatı qarşı tərəf təqdim etməmişdir. Təqdim edə də bilməz çünki belə bir sübut yoxdur. Ancaq saxta yollarla o, Kooperativin payçıları siyahısından çıxarılmışdır. Nizamnamənin 5.6-cı maddəsinə əsasən kooperativ üzvlərinin hüquqlarından biri könüllü daxil olmaq və üzvlükən könüllü qaydada çıxmaqdır. Lakin o, könüllü qaydada üzvlükdən çıxmamışdır. Nizamnamənin 1.2 bəndinə əsasən xxxx saylı Mənzil Kooperativi Bakı şəhər XDS İK-nin 27.03.1991-ci il tarixli 3/103 saylı qərarı ilə dövlət qeydiyyatına alınmış xxxx saylı Mənzil Tikinti Kooperativinin bazasında yaradılmışdır və onun hüquqi varisidir. O, ödənişi yəni pay haqqını 12.11.1991-ci il tarixdə ödəmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə1 izahatında bildirdi ki, 2008-ci ildən başlayaraq MTK ev paylamağa başlamışdır. 2006-cı ildə onlar MTK-ya gələrək onları çağırmalarını xahiş etmişlər. Onlar da iddiaçıya 100 % çağıracaqlarını bildirmişlər. MTK-ya qəbzin surətini, öz ünvanlarını vermişlər. 2008-ci ildə gəldikdə onlar öyrənmişlər ki, MTK mənzilləri kv.m-i 180 manatdan paylamışlar. Onlar MTK-ya müraciət etdikdə MTK-nın sədri onlara teleqram vurduqlarını bildirmişdir. Kooreperativ İdarəsinin sədri Rəşad müəllim hər dəfə onlara evi verəcəyini bildirmişdir. Keçən il də onlara ev göstərmiş və demişdir ki, əgər evin pulu 100000 manatdırsa, 30%-ni də ödədikdən sonra evi onlara verəcəkdir. Onlar da bununla razılaşmışlar. Ev Yasamalda idi, qiyməti 63000 manat, 105 kv.m olmuşdur. Ondan qiymətdə güzəşt etməyi xahiş etmişlər, lakin o, razılaşmamışdır. Bundan sonra onlar məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Əgər 63000 manat versə idilər, MTK sədri evi verəcəkdi. Bütün bunları nəzərə alaraq o, məhkəmədən iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil2 izahatında bildirdi ki, iddiaçının adının payçılar siyahısından çıxarılması əsassızdır. Çünki xxxx saylı MTK-ya pul ödəmiş və həmin pulıun qəbzi iş materiallarına əlavə edilmişdir. Əgər MTK-nın hüquqi varisi onun bazasında hər hansı Mənzil Koorperativi yaranırdısa, onun köhnə payçılarına da məlumat verilməli və həmin payçılar dəvət olunmalı idi. Lakin idarənin də bazasında belə bir müraciətin olduğu müəyyən edilməmişdir. Hazırki, Nizamnaməni əvvəlki məhkəmə iclasında cavabdehin nümayəndəsi məhkəməyə təqdim edərkən tanış olmuşlar və həmin vaxtı nizamnamənin olması, lakin nizamnamədə onların adının olmaması onlara məlum olmuşdur. Əgər məlumatları olsa idi, iddiaçı pay hissəsi çox böyük məmnuniyyətlə ödəyər, övladı üçün mənzili alardı. Az azından yataqxanada yaşamaq məcburiyyətində qalmazdı. Ona görə də o, məhkəmədən iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə2 iddia ərizəsinə etiraz edərək, izahatında bildirdi ki, İddiaçı xxxx saylı MTK-ya qarşı əsassız idda tələbi irəli sürərək, payçı kimi tanınmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Belə ki, iddia ərizəsindən və ona əlavə edilən sənədlərdən görünür ki, iddiaçı özünü xxxx saylı MTK-nın pay haqqını ödəyən şəxslərdən biri kimi təqdim etsədə, iddia ərizəsinə əlavə edilən sənədlərdə bu halların olduğunu təsdiq edən hər hansı sübut yoxdur. Etiraza əlavə olunan xxxx saylı MTK-nın nizamnaməsindən görünür ki, İddiaçı həmin MTK-nın payçıları sırasında deyidir. Eyni zamanda bildirir ki, mövcud qanunvericiliyin tələbləri baxımından, iddia tələbinin təmin olunması üçün hüquqi əsaslar da yoxdur. Belə ki, iddiaçının istinad etdiyi ödəniş qəbzinin əslində xxxx saylı MTK-ya aiddiyyəti yoxdur. xxxx saylı MTK-nın payçıları sonradan öz vəsaitləri hesabına xxxx saylı MTK-nı təşkil edərək, payçıları müəyyən ediblər. Həmçinin o, məhkəməyə təqdim etdiyi iddia müddətinin tətbiqinə dair ərizəni də nəzərə alaraq, məhkəmədən iddia ərizəsinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş xxxx saylı Mənzil Koorperativinin Nizamnaməsindən görünür ki, İddiaçı adı payçılar siyahısında yoxdur. Nizamnamənin 4.5ci bəndindən görünür ki, oorperativin pay fondu koorperativ dövlət qeydiyyatına alındıqdan sonra 1 il ərzində ödənilməlidir. Göstərilən müddətdə mütləq pay haqqını ödəməyən kooorperativ üzvü ümumi yığıncağın qərarı ilə üzvlükdən çıxarılır. 5.3-cü bəndinə əsasən üzvlük haqqı iştirakçının koorperativ üzvlüyünə daxil olması zamanı bununla bağlı xərclərin ödənilməsi üçün verilən pul məbləğidir. Üzvlük haqqının miqdarı 100 manatdır. İş materiallarında olan qəbzdən görünür ki, idiaçı İddiaçı Cavabdeh saylı MTK-ya 12 noyabr 1991-ci il tarixdə 6000 rubl məbləğində pul ödəmişdir. İş materiallarına əlavə edilən cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış iddia müddətinin tətbiqinə dair ərizəsindən görünür ki, cavabdeh iddiaçı tərəfindən qanunla müəyyən olunmuş iddia müddəti buraxıldığından iddia ərizəsinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı mövcud iddia tələbi üzrə iddia müddətini ötürmüşdür. Odur ki, iddia tələbi iddia müddəti ötürüldüyündən, təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 373.1-ci maddəsinə əsasən ümumi iddia müddəti on il təşkil edir. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» 27 dekabr 2001-ci il tarixli qərarında qeyd etmişdir ki, iddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. İşin materiallarından görünür ki, İddiaçı Cavabdeh saylı MTK-ya 6000 rubl məbləğində pulu məhz 12 noyabr 1991-ci il tarixində ödəmişdir. Belə ki, iddiaçı vaxtında iddia ərizəsi ilə məhkəməyə müraciət etməmiş, qanunla müəyyən olunmuş iddia müddətini üzrsüz səbəbdən ötürmüş, iddia müddəti başa çatdıqdan xeyli sonra (10 ildən çox müddət ötürülmüş) iddia ərizəsi ilə 19 noyabr 2020-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia müddətinin tətbiq edilməsi barədə məhkəməyə yazılı müraciət təqdim edildiyindən, hazırkı iş üzrə iddia müddəti keçdiyindən, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh saylı Mənzil Tikinti Kooperativinə qarşı “kooperativ üzvü kimi tanınma” tələbinə dair iddiası iddia müddəti tətbiq edilməklə rədd edilməlidir. İş materiallarına əlavə edilmiş qəbzdən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinə məhkəmədə baxılması üçün 20,40 manat məbləğində dövlət rüsumu dövlət büdcəsinə ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.2-ci maddəsinə görə iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Buna görə məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 20,40 manat dövlət rüsumu özünə aid edilməlidir. Məhkəmə, mülki prosesdə qəbul edilmiş sübut etmə yükünü tərəflərin daşıması, habelə formal həqiqət prinsiplərini rəhbər tutaraq, tərəflərin təqdim etdiyi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara onların aidliyi, mümkünlüyü nəzərə alınmaqla, tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iş üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 119.1, 216-220, 358 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia ərizəsi təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar