Məhkəmə qərarları › İş №2(004)-984/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-984/2024

07.01.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-984/2024 07.01.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızı İddiaçı “Gənc Alim” Mənzil İstehlak Kooperativinin Cavabdehnə qarşı qərarın və dövlət reyestrində aparılmış qeydiyyatın etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri yazılı icraat qaydasında nəzərdən keçirərək MÜƏYYƏN ETDİM : İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMMC-nin ümumi yığıncağının xx.xx.2023-cü il tarixli qərarının və Ədliyyə Nazirliyi tərəfindən dövlət reyestrində aparılmış xx.xx.2023 tarixli, 1123-MM10-0297 saylı qeydiyyatın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 26.1.-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Həmin Məcəllənin 152.1.3. -cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Beləliklə məhkəmə hesab edir ki, iddiaçının 1-ci tələbi iddianın perdmetinə və tərəflərin subyektiv tərkibinə görə kommersiya məhkəməsində baxılmalı olduğundan iddia ərizəsi həmin tələb hissəsində geri qaytarılmalıdır. Bundan əlavə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Mülki Prosessual Məcəllənin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 saylı Qərarının 16.1.-ci bəndinə əsasən «inzibati mübahisələr hüquqi təbiətinə görə mülki mübahisələrdən (kommersiya mübahisələrindən) fərqli olduğundan mülki tələblər (kommersiya mübahisələri üzrə tələblər) inzibati məhkəmə icraatı qaydasında qaldırılan iddialarla, inzibati iddia tələbləri isə mülki məhkəmə icraatı qaydasında qaldırılan iddialarla birləşdirilə və onlara birgə baxıla bilməz. “Ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə” verilmiş iddia ərizəsindəki tələblərdən birinə mülki məhkəmə icraatı qaydasında, digərinə isə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduqda, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə həmin (inzibati tələbə aid) hissədə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin inzibati tələbə aid hissəsinin qəbulundan imtina olunmalı, həmin tələb üzrə ərizə məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə inzibati tələbə aid hissədə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır.» Məhkəmə hesab edir ki, iddiaçının 2-ci tələbi inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsi tələbinə dair iddia oldugundan və mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından iddia ərizəsinin həmin tələb hissəsində qəbul edilməsindən imtina edilməlidir. Mülki Prosessual Məcəllə Maddə 114. Dövlət rüsumunun qaytarılması 114.1. Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır: 114.1.2. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə; 114.1.3. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa… Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 153, 263-264, 267-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddia ərizəsi Cavabdeh MMMC-nin ümumi yığıncağının xx.xx.2023-cü il tarixli qərarının etibarsız hesab edilməsi tələbi hissəsində geri qaytarılsın. İddiaçıya cavabdehə qarşı Cavabdeh MMMC-nin ümumi yığıncağının xx.xx.2023-cü il tarixli qərarının etibarsız hesab edilməsi barədə iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət etmək hüququ izah edilsin. İddia ərizəsinin Ədliyyə Nazirliyi tərəfindən dövlət reyestrində aparılmış xx.xx.2023 tarixli, 1123-MM10-0297 saylı qeydiyyatın etibarsız hesab edilməsi tələbi hissəsində icraata qəbul edilməsindən imtina edilsin. İddiaçıya Ədliyyə Nazirliyi tərəfindən dövlət reyestrində aparılmış xx.xx.2023 tarixli, 1123-MM10-0297 saylı qeydiyyatın etibarsız hesab edilməsi barədə iddia ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmək hüququ izah edilsin. İş üzrə xx.xx.2023-cü il tarixdə ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu (qəbz nömrəsi: **********) Bakı Şəhəri üzrə Baş Maliyyə İdarəsi tərəfindən iddiaçı “Gənc Alim” Mənzil İstehlak Kooperativinə geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsi ilə şikayət verilə bilər. Hakim Təhminə Xəlilova İş № 2(004)-984/2024 Yasamal Rayon Məhkəməsi Məhkəmə iclasından kənar prosessual hərəkət barədə Protokol Hakim Xəlilova Təhminə Cəmil qızı İddiaçı “Gənc Alim” Mənzil İstehlak Kooperativinin Cavabdehnə qarşı qərarın və dövlət reyestrində aparılmış qeydiyyatın etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri yazılı icraat qaydasında Bakı şəhərində məhkəmənin binasında nəzərdən keçirib iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməsi barədə qərardad qəbul etdim. Prosessual hərəkət saat 14:00-da başladı. Prosessual hərəkət saat 14:20-də başa çatdı. Protokol xx.xx.2024-cü il tarixdə tərtib edilib. Hakim Təhminə Xəlilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar