Məhkəmə qərarları › İş №2(004)-999/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-999/2024

21.05.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-999/2024 21.05.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Məhkəmə iclas katibi Qasımova Səmra Elçin qızının katibliyi, İddiaçı Zeynal oğlunun, Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Zeynal oğlu cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 8380 (səkkiz min üç yüz səksən) manat dəyərində avtomobilinə dəyən zərərin əvəzi, həmçinin hadisə nəticəsində sonradan yol xərci, evakuvator xərci və s. üçün 200 (iki yüz) manat, avtomobilə dəymiş ziyanla bağlı ekspert rəyinin alınması üçün 100 (yuz) manat, ona dəyən mənəvi ziyana əsasən cavabdehin real imkanlarını nəzərə alaraq vurduğu mənəvi ziyana görə 1000 (min) manatın və ödədiyi 117( yüz on yeddi) manat dövlət rüsumunun cavabdehdən alınaraq onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Zeynal oğlu iddia ərizəsini onunla əsaslandırmışdır ki, ** TR *** dövlət nömrə nişanlı, "Donq Fenq" markalı avtomaşın ona məxsusdur. xx.xx.2023-cü il tarixində saat 13:00 radələrində ona məxsus olan "Donq Fenq" markalı ** TR *** dövlət qeydiyyat nişanlı avtomobili ilə Bakı şəhəri Xətai rayonu Beton yol (Zığ Yolu) adlanan ərazidən şəhər istiqamətində hərəkətdə olarkən qarşıda piyada keçidində piyadaya yol vermək üçün ondan qarşıda Nissan markalı ** AF *** dövlət nömrə nişanlı dayandı. Bu zaman o da məcbur qalaraq avtomobilini ara məsafəsi saxlayaraq saxlamışdır. Yalnız onlardan arxada olan BMV markalı ** XX *** dövlət nömrə nişanlı avtomobil onun avtomobilini arxadan vurmuş və bu zaman onun avtomobili zərbədən qarşıda duran Nissan avtomobilinə dəymişdir. Qəza zamanı xəsərət alan olmamışdır. Cavabdeh1 mülkiyyətində olan "BMV" markalı ** XX *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdeh2 ara məsafəsini düzgün seçməyərək avtomobilini arxadan vurmuş, Cavabdeh2 inzibati xətanı törətməyi nəticəsində onun avtomaşını ilə toqquşmuşdur. Hadisə zamanı avtomobilinə 8.380 manat maddi ziyan dəymişdir. "BMV" markalı ** XX *** dövlət nömrə nişanlı avtomobil Cavabdeh1 mülkiyyətində olmasına baxmayaraq baş etibarnamə ilə Cavabdeh2 idarə edirdi. Yol nəqliyyat hadisəsi baş verən zaman həmin avtomaşını Cavabdeh2 idarə edirmiş. Yol Nəqliyyat hadisəsi zamanı DYP əməkdaşları hadisə yerinə gəlmişlər və hadisə ilə bağlı avtomobilllərə baxıldı və nəticədə Cavabdeh2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1 maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqda İPX ******* saylı protokol və TP ******* saylı qərar tərtib olunmuşdur. Göstərilən yol nəqliyyat hadisəsi "BMV" markalı ** XX *** dövlət nömrə nişanlı avtomaşını idarə edən Cavabdeh2 AR İXMnın müvafiq maddəsində nəzərdə tutulan yol hərəkət təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xəta törətməsi nəticəsində baş vermişdir. Yol hərəkəti hadisəsinə səbəb olan inzibati xətanı törədən Cavabdeh2 təqsiri DYP-nin əməkdaşları tərəfindən tanınmışdır. Yol-nəqliyyat hadisəsi nəticəsində onun avtomaşınına 8.380 manat maddi ziyan dəymiş, həmçinin hadisə nəticəsində sonradan işin araşdırılması üçün sənədləşmə, yol xərci, evakuvator xərci üçün ümumilikdə 200 manat, avtomobilə dəymiş ziyanla bağlı qüsur aktının alınması üçün 100 manat pul xərcləmişdir. Ekspert qəzaya uğramış ona məxsus olan "Donq Fenq" markalı ** TR *** dövlət qeydiyyat nişanlı avtomobilinə dəymiş ziyanı müəyyən edərək, təyin etmişdir ki, onun avtomaşınının ilkin təmir işləri 8.380 manata başa gələcək. Cavabdeh2 bu cür məsuliyyətsiz hərəkətləri nəticəsində ona mənəvi ziyan vurmuşdur. AR MM-in 1097-ci maddəsinə əsasən, cavabdeh əmlakına vurduğu ziyanın əvəzini tam şəkildə ödəməyə borcludur. Yol-nəqliyyat hadisəsi nəticəsində əmlakına dəymiş zərərin əvəzinin ödənilməsi üçün cavabdehə dəfələrlə tərəfindən xəbərdarlıq edilməsinə baxmayaraq heç bir nəticə olmamışdır. Cavabdeh2 bu cür hərəkətləri nəticəsində o, ağır sarsıntı iztirab keçirir və AR Mülki Məcəllənin 23.4-cü maddəsinə əsasən Şəxsin şərəfi, ləyaqəti və işgüzar nüfuzu təhqir olunarsa, o, sarsıntı, iztirab keçirərsə, o, mənəvi təhqirə məruz qalmış hesab edilir. Bununla da şəxsə mənəvi maddi zərər yetirilir. AR Ali Məhkəməsi Pleniumunun 14 may 1999-cu il tarixli 7 saylı qərarına əsasən mənəvi ziyanın miqdarı pul ilə ölçülməlidir. Cavabdehin bu cür hərəkətləri nəticəsində ailəsi və o ağır sarsıntı və iztirab keçirir. Məhkəmə iclasında İddiaçı Zeynal oğlu iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qəbul etməyərək, bildirmişdir ki, maddi vəziyyəti pisdir, dəymiş zərəri ödəmək fikri yoxdur. Odur ki, iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada cavabdehə məlumat verilsə də, heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə tərəflərin izahatını dinləyib, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: AE seriyalı, 014186 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin sürətindən görünür ki, buraxılış ili 2015-ci il olan, “Dong Feng S 30” minik markalı, 99TR569 qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi İddiaçıdur. xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 13:04 radələrində Bakı şəhəri, Xətai rayonu, Beton yol zığ yolu Cavabdeh2 YHN-də BMW markalı **-XX-*** DQN avtomobillə maddi ziyanla nəticələnən yol nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar həmin hadisə üzrə izahat verməsi təklif edilsə də, o hadisə ilə bağlı izahat verə bilməyəcəyini bildirib. 30 noyabr 2023-cü il tarixli 301101FŞ nömrəli müstəqil ekspert rəyindən görünür ki, 2015-ci il buraxılış ili olan, Dong Feng S 30 minik markalı, ** TR *** d.q.n-li avtomobilə, yol nəqliyyat hadisəsi zamanı 8380 (səkkiz min üç yüz səksən) manat zərər dəydiyi müəyyən etmişdir. xx.xx.2023-cü il tarixli, İddiaçı izahatından görünür ki, o özünə məxsus olan Dong Feng markalı 99TR569 dövlət nömrəli avtomobilə beton yolu şəhər istiqamətə doğru hərəkətdə olarkən qarşıda piyada keçidində piyadaya yol vermək üçün ondan qarşıda olan nissan markalı 77AF467 nömrəli avtomobil dayanmışdır. Bu zaman o da dayanmışdır, yalnız onlardan arxada olan BMV markalı 10HH792 nömrəli nişanlı onun maşınını arxadan vurmuşdur bu zaman onun avtomobili tərəfdən qarşıda duran nissan avtomobilə dəymişdir. Qəza zamanı xəsarət alan olmamışdır. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən təfərrüatları barədə arayışdan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 13:00 radələrində baş vermiş yol nəqliyyat hadisəsi zamanı, BMW 525D minik markalı, 100XX792 nömrəli avtomobilin mülkiyyətçisi Cavabdeh1, hadisə baş verdiyi anda isə sürücü Cavabdeh2 olmuşdur. xx.xx.2023-cüil tarixli, X1 izahatından görünür ki, etibarnamə əsasında idarə etdiyi Nissan Tiida markalı 77AF467 nömrəli nişanlı avtomobil ilə beton yol istiqamətində üzü şəhər istiqamətə doğru hərəkətdə olarkən qarşıda piyada keçidində piyadaçı keçdiyindən avtomobili saxlamışdır. Bu zaman ondan arxada olan “Don Feng” markalı 99TR569 nömrəli avtomobilin arxasından BMW markalı 10XX792 nömrəli avtomobilin sürücüsü həmin avtomobilin arxasından vurmuşdur, zərbədən həmin avtomobil onun avtomobil onun avtomobilinin arxasına çırpılmışdır. Qəza zamanı xəsarət almamışdır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 4 aprel 2024-cü il tarixli 3-16-16/2-9/18008/2024 nömrəli espert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə iş materiallarında olan X8 tərəfindən xx.xx.2023-cü il tarixli qüsür aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2015-ci il buraxılışlı “Donq Fenq” markalı, 99TR569 dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 6826,00 (altı min səkkiz yüz iyirmi altı) manat müəyyən edilmişdir. Belə ki, Mülki Məcəllənin 1096-cı, 1097.1-ci və 1108.1-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (qeyd edilən halda nəqliyyat vasitəsindən istifadə edilməsi) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Zərər vurmadan irəli gələn öhdəliklər zərərçəkmişin əmlak və şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində yaranır, mütləq xarakter daşıyır, zərər vuranın hesabına və yaxud qanunla üzərinə zərərin əvəzinin ödənilməsi vəzifəsi qoyulan başqa şəxslərin hesabına qeyd edilən hüquqların tam bərpa olunmasının təmin edilməsinə yönəlir. Delikt öhdəliyinin yaranması üçün zərər mövcud olmalı, bu, cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməli, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqə olmalıdır. Bundan başqa, zərərvuran şəxsin təqsirindən asılı olmayaraq maddi məsuliyyət daşıması halları istisna olmaqla, zərərvuran şəxsin təqsiri müəyyən edilməlidir. Ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə törədilmiş zərərə görə məsuliyyət adi mülki-hüquqi məsuliyyətdən daha ciddidir, belə ki, bu fəaliyyətlə məşğul olan şəxslərin təqsirindən asılı olmayaq yaranır. Hazırki mülki iş üzrə zərərin baş verməsi, bunun Cavabdeh2 qanunsuz hərəkəti və ya hərəkətsizliyinin nəticəsi olması, qanunsuz əməllə zərər arasında səbəbli əlaqə, habelə cavabdehin təqsiri müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, maddi zərərin ödənilməsinə dair iddia qismən əsaslı olduğundan qimən təmin edilməlidir. Məhkəmə qeyd edir ki, Məhkəmə Ekspertiza Mərkəzinin 4 aprel 2024-cü il tarixli 3-16-16/2-9/18008/2024 nömrəli ekspert rəyində “Donq Fenq” markalı, 99TR569 dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 6826,00 (altı min səkkiz yüz iyirmi altı) manat olaraq qeyd edilmişdir. İddiaçının təqdim etdiyi qəbzdən görünür ki, sığorta şirkəti tərəfindən ona 3439,45 manat siğorta ödənişi həyata keçirilmişdir. Həmçinin, iddiaçı evakuvator xərci və avtomobilə dəymiş ziyanla bağlı ekspert rəyinin alınması üçün maddi ziyana məruz qaldığını iddia etməsinə baxmayaraq, bu barədə məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Halbuki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bundan əlavə, işdə olan sənədlərlə cavabdehin hüquqa zidd hərəkəti nəticəsində iddiaçıya mənəvi zərərin dəyməsi sübuta yetirilmir. Bununla bağlı qeyd edir ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. İddia tələbinin mənəvi zərər ilə bağlı hissədə məhkəmə belə qənaətə gəlir ki, iddiaçı tərəfindən cavabdehin təqsirli hərəkətlərinin təsirindən mənəvi sarsıntılar keçirməsinə dair iddia tələbinin dəlilləri öz təsdiqini tapmadığından, cavabdehdən mənəvi zərərin əvəzinin tutulması üzrə iddia tələbi də rədd olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli Cavabdeh2 3387 (üç min üç yüz səksən yeddi) manat məbləğində pul və 53,87 (əlli üç manat səksən yeddi qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ödənilməli, keçirilmiş ekspertizanın xərci olan 50 (əlli) manat məbləğində pul vəsaiti Cavabdeh2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Büdcə təsnifat kodu: 142595; Büdcə səviyyəsinin kodu: 3; Adı: X2; Kodu: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZ********************; SWİFT BİK: CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN: **********; Hesab: AZ34CTRE********************088501) hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh2 3387 (üç min üç yüz səksən yeddi) manat məbləğində pul və 53,87 (əlli üç manat səksən yeddi qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ödənilsin. Keçirilmiş ekspertizanın xərci olan 50 (əlli) manat məbləğində pul vəsaiti Cavabdeh2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Büdcə təsnifat kodu: 142595; Büdcə səviyyəsinin kodu: 3; Adı: X2; Kodu: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZ********************; SWİFT BİK: CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN: **********; Hesab: AZ34CTRE********************088501) hesabına köçürülsün. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar