Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1001/2023 03.05.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Məhkəmə iclas katibi Qurbanova Səkinə Nadir qızının katibliyi, İddiaçı Əliyev İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh2 iştirakları ilə, İddiaçı Əliyev İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı mənzildən istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə İddiaçı Əliyev İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı mənzildən istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh4 Bakı şəhəri, Nərimanov rayonu, A.M.Cümə küçəsi 14 saylı ev, 12-ci mənzilindən istifadə hüquqlarının itirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri. Nərimanov rayonu, A.M.Cümə küç. 14 nömrəi evin 12-ci mənzili Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı ******* nömrəli Çıxarş əsasən Əliyev İddiaçı mülkiyətimdədir. Həmin mənzil keçmiş ailə üzvlərinin yazılı razılıqları ilə 2010-cu ildə Əliyev İddiaçı adına özəlləşdirilmişdir. Ailə münasibətlərinin pozulmasına görə həyat yoldaşı Cavabdeh2 və övladları 2016-ci ilin sonlarında evdəki onlara məxsus bütün qiymətli əşyalarını da özləri ilə götürüb mənzili birdəfəlik tərk edərək köçüb başqa ünvanda yaşayırlar. Həmin vaxtdan hal-hazıra kimi onlar bir dəfə də olsa da yaşadığı mənzilə gəlməmişlər. Onların faktiki olaraq harada yaşamaları barədə heç bir məlumatı yoxdur. Cavabdeh2 ilə nikahları Nərimanov Rayon Məhkəməsinin 22 may 2017-ci il tarixli, 2(005)- 1307/2017 saylı qətnaməsi ilə rəsmi qaydada pozumuş, nikah müddətində əldə etdikləri ümumi əmlak da məhkəmə qaydasında bölünmüşdür. AR DİN Asan 5 xidməti tərəfindən verilən ******* saylı xx.xx.2023-cu il tarixli arayışa əsasən də həmin şəxslərin hazırda da qeydiyyatları Əliyev İddiaçı mənzilidir. Göründüyü kimi, cavabdehlər Əliyev İddiaçı mülkiyətində olmaqla yaşadığı mənzildən 2016-cı ildə özlərinə məxsus əşyaları da götürərək köçüb daimi olaraq başqa ünvanda yaşamaqla onunla olan ailə münasibətlərinə faktiki olaraq xitam vermişlər. Ailə üzvü kimi Əliyev İddiaçı ilə birlikdə yaşamadıqları halda Əliyev İddiaçı bu günə kimi onların yerinə də kommunal xərcləri ödəyir. Bundan başqa, onlara çağırış vərəqələri, seçki bildrişləri və s. də onların qeydiyyatda olduqları ünvan kimi, həmin ünvana gəlir ki, bu həm Əliyev İddiaçı narahat edir, həm də qeyd olunan sənədlər həmin şəxslərə vaxtında çatdırılmadığı üçün onların da hüquqlarının pozulmasına və vəzifələrinin yerinə yetirilməməsinə şərait yaradır. Adları qeyd olunan şəxslər uzun müddətdir k, Əliyev İddiaçı ailə üzvləri olmamaqla daimi olaraq köçüb başqa ünvanlarda yaşadıqlarına görə onların Əliyev İddiaçı mülkiyyətində olan mənzildən istifadə hüquqları da itirilmişdir. 01 oktyabr 2009-cu ilə kimi qüvvədə olan AR Mənzil Məcəlləsinin 60-cı maddəsinə əsasən şəxsin üzrsüz səbəbdən 6 aydan artıq mənzidə yaşamaması onun mənzilə hüququnun itirilməsinə səbəb olur. Cavabdeh2 Əliyev İddiaçı ilə olan nikahı pozulduğu və köçüb daimi olaraq başqa ünvanda yaşadığı üçün onun mübahisəli mənzildən istifadə hüququ həmin vaxtdan itirilmişdir. Digər cavabdehlər yəni: Cavabdeh3, Cavabdeh1 və Cavabdeh4 da uzun müddətdir ki, qeyd olunan mənzildə yaşamırlar, onların da qeydiyyatları formal xarakterlidir. Cavabdeh2 yazılı etiraz ərizəsi ilə Məhkəməyə müraciət edərək bildirmişdir ki, hazırda o himayədə olan övladları ilə birgə kirayədə yaşayır. Heç bir yerdən gəlir və qazancı yoxdur. Çox çətin və məşəqqətli vəziyyətdədir. İddiaçı onu və övladlarını mənzildən çıxarılması üçün kompensasiya ödəməlidir. Buna görə də iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iddiaçı Əliyev İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil ayrıayrılıqda izahat verərək bildirdilər ki, sözügedən mənzil iddiaçıya valideynlərindən qalmış, Cavabdeh2 ilə birgə nikah dövründə əldə edilməmiş, onunla olan nikah pozulduqdan sonra Cavabdeh2 bütün əşyaları ilə birlikdə mənzildən çıxmış və bir daha həmin ünvanda yaşamamışdır. Digər cavabdehlər də uzun müddətdir ki həmin ünvandan könüllü olaraq çıxmışlar və orada yaşamırlar. Məhkəmə iclasında Cavabdeh2 yazılı etiraz ərizəsinə uyğun izahat verərək bildirdi ki, 2016-cı ildə nikahları pozulduqdan sonra ayrı ünvanda kirayə yaşayır. Mübahisə ünvana nikahın pozulmasından sonra gəlməmiş, həmin ünvanla bağlı hər hansı iddiası olmamışdır. Hazırda iki övladı onunla yaşayır. Digər övladı isə ailə quraraq ayrı ünvana köçmüşdür. Nə özü nə də övladları iddia predmeti olan ünvan üzrə kommunal ödənişlərin edilməsində iştirak etməmişlər.. Digər cavabdehlərə məhkəmə iclaslarının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iclasda iştirak etmirlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə digər cavabdehlərin işirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: a) Mülki işin materialları - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışın surətindən müəyyən olunur ki, Bakı şəhəri, Nərimanov rayonu, A.M.Cümə küçəsi 14 saylı ev, 12-ci mənzil (yeni qaydalarla : AZ1033, Bakı şəhəri, Nərimanov rayonu, A.M.Cümə küçəsi, 34, M№, m2) Əliyev İddiaçı tam payda xüsusi mülkiyyəti kimi xx.xx.2017-ci il tarixdə qeydə alınmışdır. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı, ******* nömrəli çıxarışın surətindən müəyyən olunur ki, Bakı şəhəri, Nərimanov rayonu, A.M.Cümə küçəsi 14 saylı ev, 12-ci mənzil Əliyev İddiaçı tam payda xüsusi mülkiyyəti kimi 17 iyun 2010-cu il tarixdə qeydə alınmışdır. - Azərbaycan Respublikası Bakı şəhəri Nərimanov Rayonu İcra Hakimiyyətinin 03 may 2010-cu il tarixli Sərəncamından müəyyən edilir ki, A.M.Cümə küçəsindəki 14 №-li evin, yaşayış sahəsi 31,9 kv.m. olan 3 otaqlı, 12-ci mənzilinin icarə müqaviləsi, ailə tərkibi 5 nəfər olmaqla vətəndaş Əliyev İddiaçı adına dəyişdirilməsi və onun həmin mənzilin icarədarı hesab edilməsi qərara alınmışdır. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı ərazi idarəsinə Cavabdeh2 tərəfindən ünvanlanmış 20 may 2010-cu il tarixli ərizədən müəyyən edilir ki, o ünvan 6 ünvanında yerləşən 12 saylı mənzilin Əliyev İddiaçı adına özəlləşdirilməsinə etiraz etmir. - Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(005)- 1307/2017 saylı qətnaməsinə əsasən Əliyev İddiaçı və Cavabdeh2 arasında xx.xx.1992-ci il tarixdə Səadət Sarayı tərəfindən qeydə alınmış və 2149 akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması qət olunmuşdur. - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin möhürü ilə təsdiqlənmiş arxiv çıxarışından aydın olur ki, xx.xx.1963-cü il tarixli, 86 nömrəli protokolla Bakı şəhəri, Nərimanov rayonu, A.M.Cümə küçəsi 14 saylı ev, 12-ci mənzil 5 nəfərdən ibarət ailə tərkibində Cavabdeh1Ə-nin yaşayış üçün istifadəsinə verilmişdir. - Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(102)- 2546/2019 saylı qərarından müəyyən olunur ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(005)-1248/2017 saylı qətnaməsi ilə Əliyev İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, A.M.Cümə küçəsi 14 saylı ev, 12-ci mənzilin 1/3 hissəsinə iddiaçı Cavabdeh2, 2/3 hissəsinə cavabdeh Əliyev İddiaçı mülkiyyət hüququ tanınmış, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(103)- 10562/2018 saylı qətnaməsi ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2017ci il tarixli, 2(005)-1248/2017 saylı qətnaməsi Bakı şəhəri, Nərimanov rayonu, A.M.Cümə küçəsi 14 saylı ev, 12-ci mənzilin 1/3 hissəsinə iddiaçı Cavabdeh2, 2/3 hissəsinə cavabdeh Əliyev İddiaçı mülkiyyət hüququ tanınması hissəsində ləğv edilmiş və Cavabdeh2 iddiası həmin hissədə təmin edilməmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(102)-2546/2019 saylı qərarı ilə isə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(103)-10562/2018 saylı qətnaməsindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş və qətnamə dəyişdirilmədən saxlanılmışdır. - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2023-cü il tarixli ******* nömrəli arayışdan müəyyən olunur ki, Əliyev İddiaçı, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ünvan 8 ünvanı üzrə qeydiyyatdadırlar. b)Məhkəmə tərəfindən müəyyən edilən hallar: Bakı şəhəri, Nərimanov rayonu, A.M.Cümə küçəsi, ev 14, 12 saylı mənzil 1963-cü il tarixli 86 nömrəli protokol əsasında Əliyev İddiaçı atası daxil olmaqla 5 nəfərdən ibarət ailənin yaşayış üçün istifadəsinə verilmişdir. Əliyev İddiaçı və Cavabdeh2 1992-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. Birgə nikahdan xx xxxxxx 1995-ci il təvəllüdlü Cavabdeh4, xx xxxxxx 1996-cı il təvəllüdlü Cavabdeh1 və xx xxxxxx 1997-ci il təvəllüdlü Cavabdeh3 doğulmuşdur. Əliyev İddiaçı və Cavabdeh2 arasında olan nikah Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(005)-1307/2017 saylı qətnaməsinə əsasən pozulmuşdur. Tərəflər arasında olan birgə nikah dövründə əldə olunmuş əmlakdan payların müəyyən edilməsinə dair mübahisəyə məhkəmə tərəfindən baxılmış və onların bu əmlaklardan payları müəyyən edilmişdir. Bakı şəhəri, Nərimanov rayonu, A.M.Cümə küçəsi, ev 14, 12 saylı mənzil birgə nikah dövründə əldə olunmuş əmlak olmadığından bu əmlak üzərində pay müəyyən edilməmiş, Əliyev İddiaçı tam paylı xüsusi mülkiyyəti kimi tanınmışdır. Nikahın pozulmasından sonra cavabdehlər sözügedən ünvandan çıxaraq başqa ünvanda yaşamağa başlamışlar.. Hazırda Əliyev İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 bu ünvana olan istifadə hüquqlarına xitam verilməsini xahiş edir. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir : Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; Konstitusiyanın 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülki işin materiallarından görünür ki, Cavabdeh2 mənzilə istifadə hüqunun yaranması, onun Əliyev İddiaçı ilə xx.xx.1992-ci il tarixdə rəsmi nikaha daxil olması ilə bağlı olmuşdur. Lakin onlar arasında olan nikah Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(005)-1307/2017 saylı qətnaməsinə əsasən pozulmuşdur. Yəni aralarında ailə münasibətləri artıq mövcud deyil. Sözügedən mənzilin birgə nikah dövründə ələ edilmədiyi, Əliyev İddiaçı tam paylı xüsusi mülkiyyəti olması qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə təsdiq olunur. Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 münasibətdə isə məhkəmə qeyd edir ki, onlarla Əliyev İddiaçı arasında ailə münasibətləri mövcud olsa da, onlar mənzili könüllü olaraq 2017-ci ildə tərk etmiş, bundan sonra həmin mənzildə yaşamamış, bu mənzilə heç bir iddia qaldırmamışlar. xx.xx.2000-ci il tarixədək qüvvədə olan Mülki Məcəlləsinin: 100-1-ci maddəsinə əsasən mülkiyyətində mənzil, yaşayış evi, bağ, qaraj, başqa bina və tikililər olan vətəndaş həmin mülkiyyət barəsində öz istəyinə görə sərəncam vermək: bunları satmaq, bağışlamaq, vəsiyyət etmək, icarəyə vermək, bunlar barəsində qanuna zidd olmayan başqa əqdlər bağlamaq hüququna malikdir; 126-cı maddəsinə əsasən müqavilə üzrə əmlak əldə edənin mülkiyyət hüququ (əməli idarəetmə hüququ) qanun və ya müqavilə ilə sair hal nəzərdə tutulmamışsa, şeyin verildiyi vaxtdan əmələ gəlir. Şeyin özgəninkiləşdirmə yolu ilə başqasına verilməsinə dair müqavilə qeydə alınmalı olduqda, mülkiyyət hüququ qeydə alınma zamanı əmələ gəlir; 147-ci maddəsinə əsasən pozulmuş hüquqlar sahiblikdən məhrum edilmə ilə əlaqədar olmadıqda da mülkiyyətçi özünün bütün pozulmuş hüquqlarının müdafiə edilməsini tələb edə bilər. xx.xx.2009-ci il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin: 60-cı maddəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanır. Şəxsin, müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi, kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir; 118.1-ci maddəsinə əsasən xüsusi mülkiyyətində yaşayış evi (evin bir hissəsi) olan vətəndaşlar ondan şəxsən yaşamaq üçün və ailə üzvlərinin yaşaması üçün istifadə edirlər. Onlar həmin evə (evin bir hissəsinə), başqa vətəndaşları köçürmək, habelə onu icarəyə vermək hüququna malikdirlər; 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin; ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddibüluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır; 124-cü maddəsinə əsasən xüsusi mülkiyyətində yaşayış evi olan vətəndaş bu evi və ya evin bir hissəsini başqa vətəndaşa icarəyə vermək ixtiyarına malikdir. xx.xx.2000-ci il tarixdən qüvvədə olan Mülki Məcəllənin: 228.5-ci maddəsinə əsasən, Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. xx.xx.2009-ci il tarixdən qüvvədə olan Mənzil Məcəlləsinin: 30.1-ci maddəsinə əsasən, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 30.2-ci maddəsinə əsasən, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. 30.4-cü maddəsinə əsasən, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. 30.5-ci maddəsinə əsasən, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, məhkəmənin bu Məcəllənin 30.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla qəbul edilmiş qərarı ilə müəyyənləşdirilən yaşayış sahəsindən istifadə müddəti başa çatdıqda, keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququna xitam verilir. Göstərilən müddət başa çatanadək keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququna mülkiyyətçinin yaşayış sahəsinə mülkiyyət hüququna xitam verilməsi ilə eyni vaxtda, yaxud məhkəmənin qərarı ilə belə hüququn saxlanmasına əsas olmuş hallar aradan qalxdıqda xitam verilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, “...Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də, həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Bunun davamı olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz”. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 11 iyul 2014-cü il tarixli “X.Məmmədovanın şikayəti üzrə AR Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013-cü il tarixli qərarının AR-nın Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” qərarında qeyd edilir ki, yaşayış sahəsinin mülkiyyət formasının dəyişdirilməsinin, yəni xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb olur. Bu halda, xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınan belə yaşayış sahəsinə digər ailə üzvlərinin yaşayış hüququnun yaranması Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində və ya qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun olaraq həll olunmalıdır. Konstitusiya Məhkəməsinin qeyd olunan hüquqi mövqelərinə uyğun olaraq məhkəmə hesab edir ki, Cavabdeh2 Cavabdeh2 ilə iddiaçının ailə münasibətlərinə xitam verildiyindən, cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 mübahisəsi gedən mənzilin mülkiyyətçisi olan Əliyev İddiaçı özlərinin saxlanılmasını tələb etmək hüquqları olmadığından, sonuncuya məxsus yaşayış sahəsindən istifadə etmək səlahiyyətləri də ola bilməz. Məhkəmə həmçinin cavabdehin etiraz ərizəsinə münasibət bildirərək qeyd edir ki, cavabdehlər uzun müddət mənzildən istifadə etməmiş, həmin mənzilə hüquqları ilə bağlı məhkəmədə iddia qaldırmamışlar. Məhkəmə hesab edir ki, cavabdehin kompensasiya tələbi əsassızdır. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azaldıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən «hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz». "Broniovski Polşaya qarşı" işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki "mülkiyyət" anlayışı müstəqil mənaya malikdir, həmin anlayış daxili qanunvericilikdə verilən formal tövsifdən asılı deyil. Maddi əşyalar kimi, əmlak təşkil edən müəyyən hüquq və maraqlar da "mülkiyyət" hüquqları sayıla bilər. «F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstiutsiyasının və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu şikayətlərlə bağlı qeyd edir ki, mülkiyyət hüququnun tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstiutsiyası bu hüququ təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına zəmanət verir. Məhz buna görə də mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir. Məhkəmə qeyd edir ki, bu qəbildən olan iddialara baxılarkən iddianın hansı hüququnun müdafiəsi üçün və hansı məqsədlə müraciət etdiyi nəzərə alınmalıdır. İddiaçı tələbini cavabdehlərin onun mənzilində qeydiyyatda qalmasını öz şəxsi mülkiyyəti üzərində sahiblik, istifadə yə sərəncam hüquqlarının tam həyata keçirə bilməməsi, bununla da hüququnun pozulması ilə əlaqələndirmişdir. İddiaçının məqsədi cavabdehin qeydiyyatdan çıxarılmasına nail olmaqdır. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunu 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə görə şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafıq dövlət orqanı tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Bu baxımdan cavabdehin evdən istifadə hüququna xitam verilməsi barədə qətnamə cavabdehin qeydiyyatdan çıxması üçün əsas verir. Bu cavabdehin yaşayış yeri üzrə qeydiyyatdan çıxarmağa səlahiyyəti olan dövlət orqanının üzərinə vəzifə qoyulması deyil, qanun göstərişinin işdə iştirak edən şəxslərə və həmin dövlət orqanına izah edilməsidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı dövlət rüsumunun əvəzinin ödənilməsini tələb etmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Əliyev İddiaçı məxsus Bakı şəhəri, Nərimanov rayonu, A.M.Cümə küçəsi, ev 14, 12 saylı mənzilə (yeni qaydalarla : AZ1033, Bakı şəhəri, Nərimanov rayonu, A.M.Cümə küçəsi, 34, M3, m2) olan istifadə hüquqlarına xitam verilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdkdən sonra qanuni qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə
Məhkəmə qərarları › İş №2(005)-1001/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1001/2023
03.05.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver