Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1044/2021 30.03.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, İbrahimova Ramilə Namiq qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı Gözal Alıevanın Cavabdeh qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Gözal Alıeva Cavabdeh qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh maddi zərərə görə 22.500 (iyirmi iki min beş yüz) manat və mənəvi zərərə görə 20.000 (iyirmi min) manat olmaqla, ümumilikdə 42.500 (qırx iki min beş yüz) manat məbləğində pul vəsaiti tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı Gözal Alıeva iddia ərizəsini belə əsaslandırmışdır ki, o təxminən 4 (dörd) ilə yaxındır ki, Bakı şəhəri, Nizami rayonunda yerləşən “Laçın” Ticarət Mərkəzində yerləşən qızıl alqı-satqısı ilə məşğul olur. Həmin müddət ərzində Şəfa adlı qadının sayəsində tanış olduğu Naibə Həsənova ilə 3 (üç) il müddətində qızıl alveri etmiş və bu müddət ərzində ona 35.000 (otuz beş min) manat dəyərində 750 (yeddi yüz əlli) əyarlı İtaliya istehsalı olan “Qrazella”, “Nionera” modelli müxtəlif çəkidə qızıl qolbağlar, boyunbağı, üzüklər, klon, sırğa dəstləri nisyə olaraq satmağa vermişdir. Naibə Həsənova götürdüyü qızıla görə hissə-hissə olaraq pulun müəyyən hissəsini ödəmişdir, 22.500 (iyirmi iki min beş yüz) manat məbləğində borc qalmışdır. Qeyd edilən 22.500 (iyirmi iki min beş yüz) manat məbləğində pul vəsaiti bir il yarıma qədər gecikdirmələr olduğundan ondan pulu tələb etdikdə isə Naibə Həsənova ondan aldığı qızılın hamısını Cavabdeh verdiyini bildirmişdir. Cavabdeh isə həmin qızıl əşyalarının dəyərini ödəməkdən imtina etmişdir. Ona görə də şikayəti əsasında hüquq mühafizə orqanları tərəfindən cinayət işi başlanmış, ibtidai istintaq zamanı müəyyən olunmuşdur ki, Cavabdeh ona məxusus qızıl-zinət əşyalarını dələduzluq edərək ələ keçirmişdir. Həmin cinayət əməlinə görə Cavabdeh cinayət məsuliyyətinə cəlb olunaraq Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxxx 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə məhkum olunmuşdur. Hökm Azərbaycan Respublikası Ali Məhkəməyədək qüvvədə qalmışdır. Göründüyü kimi, həmin iş üzrə Cavabdeh ona ümumilikdə 22.500 (iyirmi iki min beş yüz) manat məbləğində ziyan vurmuşdur. Göründüyü kimi, Cavabdeh dələduzluq yolu ilə onun 22.500 (iyirmi iki min beş yüz) manat məbləğində pul vəsaitini ələ keçirmişdir. Bu cinayət əməli nəticəsində onun haqqı çatanlardan xeyli dərəcədə məhrum edilmiş, Cavabdeh cinayət əməli nəticəsində o və ailəsi əsəb gərginliyinə, psixi sarsıntılara, xəstəliklərə məruz qalmış, onun bu hərəkətləri onlara mənəvi zərər yetirmişdir. Onun vurduğu mənəvi zərəri 20.000 (iyirmi min) manat dəyərində qiymətləndirir, ona görə də Cavabdeh 20.000 (iyirmi min) manat dəyərində mənəvi kompensasiya ödəməlidir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili X3 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, cavabdeh şəxs heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apelyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxxx 2017-ci il tarixli 1(101)-707/2017 nömrəli hökmünün surətindən və məzmunundan görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, məhkəmə hökmü çıxarılanadək Cavabdeh həbsdə saxlanıldığı 1 (bir) il 2 (iki) ay təyin edilmiş cəza müddətnə daxil edilməklə çıxılmış və ona qəti olaraq 5 (beş) il 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən Cavabdeh barəsində şərti məhkumetmə tətbiq edilmiş və ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzası 3 (üç) il sınaq müddəti ilə şərti hesab olunmuş, Cavabdeh barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilmiş və o, məhkəmə iclas zalından dərhal həbsdən azad olunması hökm edilmişdir; Qeyd olunan hökmdən görünür ki, Cavabdeh zərərçəkmiş şəxs İddiaçı 9.389 (doqquz min üç yüz səksən doqquz) manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir; Eyni zamanda hökmdən görünür ki, əcəfova X4 Alıevaya 13.000 (on üç min) manat dəyərində külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir; Həmçinin, hökmdə olan zərərçəkmiş şəxs İddiaçı ifadəsindən görünür ki, Bakı şəhəri, Nizami rayonunda yerləşən “Laçın” Ticarət mərkəzində qızıl mağazasında qızıl-zinət əşyalarının satışı ilə məşğul olmuşdur. Təxminən 2011-2014-cü illər ərzində tanışı Şəfa Qasımova ondan 23.000 (iyirmi üç min) manat dəyərində müxtəlif qızıl qolbağlar, boyunbağılar, üzüklər, sırğa dəstləri götürmüş, həmin məbləğdən 13.000 (on üç min) manat ödəsə də, 10.000 (on min) manat məbləğində borcu qalmışdır. Bundan başqa, həmin müddət ərzində Şəfanın vasitəsi ilə tanış olduğu Naibə Həsənova ilə də təxminən 3 il müddətində alver etmiş və bu müddət ərzində ona 35.000 (otuz beş min) manat dəyərində müxtəlif növ qızıl-zinət əşyalarını nisyə olaraq satmağa vermiş, Naibə tərəfindən həmin götürülən qızıla görə hissə-hissə pulun xeyli hissəsi ödənilmiş, lakin 9.389 (doqquz min üç yüz səksən doqquz) manat məbləğində borcu qalmışdır. Naibədən pulları tələb edəndə, sonuncu, ona narahat olmamağı, qızılları satmaq üçün ayrı-ayrı müştərilərinə verdiyini bildirmişdir. Lakin pulun verilməsində gecikdirmələr olduğundan ondan pulu tələb etdikdə, Naibə ondan aldığı qızılların hamısını Yasəmən adlı qadına verdiyini, onun isə həmin qızılı satıb özlərinə mülk aldıqlarını və satıb pulunu verəcəyini demişdir. Zərərçəkmiş şəxs İddiaçı ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, təqsirləndirilən şəxs Cavabdeh tanımadığını, qızılları Şəfa və Naibəyə verdiyini məhkəməyə bildirmişdir; xx xxxxxx 2020-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün 30 (otuz) manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsulliyyəti daşıyır; 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin tələbinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Göstərilən prosessual normanın tələbləri baxımından məhkəmə qeyd edir ki, mülki işin icraatı zamanı preyudisial (əvvəlki hal) faktlar da sübut olunmur. Sübutetmə predmetinə daxil olan tədqiq olunan və məhkəmənin yekun aktında əks edilən faktlar, bu akt qanunla müəyyən edilən qaydada ləğv edilənə və ya dəyişdirilənə qədər həqiqilik və qətilik keyfiyyəti əldə edir. Məcburiliyi baxımından bütün digər orqanlar, vəzifəli şəxslər, təşkilatlar, vətəndaşlar bu aktın məzmunu ilə razılaşmalıdırlar. Artıq qüvvəyə minmiş qətnamənin faktiki əsasını təşkil edən hallar yeni mübahisə üçün də hüquqi əhəmiyyət kəsb etdikdə preyudisiya əlaqəsi yaranmış olur. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun C.İsmayılzadənin şikayətinə dair xx xxxxxx 2007-ci il tarixli qərarında qeyd olunmuşdur ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzib olunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir. Avropa Məhkəməsinin “Brumareski Rumıniyaya qarşı” xx xxxxxxx 1999-cu il tarixli qərarında göstərilmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. İddia olunan vəsaitinin məbləgi ilə bağlı məhkəmə qeyd edir ki, iddia tələbi olan 22.500 (iyirmi iki min beş yüz) manat məbləğində maddi zərərin qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə yalnız 19.389 (on doqquz min üç yüz səksən doqquz) manat (10.000 (on min) manat + 9.389 (doqquz min üç yüz səksən doqquz) manat) məbləğində hissəsi sübut olunur və həmin məbləğ qeyd edilən məhkəmə hökmündə də öz əksini tapmışdır. Maddi zərərin qalan hissədə heç bir əsası olmadığından qalan hissədə maddi zərər təmin edilməməlidir. Buna görə də məhkəmə araşdırması zamanı müəyyən olunmuş 19.389 (on doqquz min üç yüz səksən doqquz) manat məbləğində pul vəsaiti Cavabdeh iddiaçı Gozal Alıyevanın xeyrinə ödənilməli, maddi zərər qalan hissədə rədd edilməlidir. Məhkəmə iddia tələbinin mənəvi zərərlə bağlı hissəsinə dair aşağıdakıları qeyd edir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci il tarixli Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Plenumum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Plenum eyni zamanda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların Cavabdeh qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Bu baxımdan məhkəmə belə qənaətə gəlir ki, mənəvi zərərlə bağlı iddia tələbinin dəlilləri öz təsdiqini tapmadığından iddia tələbinin 20.000 (iyirmi min) manat məbləğində mənəvi zərərin əvəzinin Cavabdeh iddiaçı şəxsin xeyrinə tutulması üzrə hissəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” xx xxxx 2004-cü il tarixli 688-İİQD nömrəli Azərbaycan Respublikası Qanununun İİİ hissəsinin 9-cu bəndinin və İV hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İX hissəsinə uyğunluğunun yoxlanılmasına dair” qərarının izahına əsasən istənilən məhkəmə aktının qanuni və əsaslı tanınması üçün zəruri şərt onun ədalətli olmasıdır, belə ki, ədalətli məhkəmə araşdırmasının həyata keçirilməsi ilə ədalətin qələbəsi aşkar görünməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (“Delcourt Belçikaya qarşı” işi üzrə xx xxxxxx 1970-ci il tarixli qərarı; “Piersack Belçikaya qarşı” iş üzrə xx xxxxxxx 1982-ci il tarixli qərarı; “X5rşı” işi üzrə xx xxxxxxx 1984-cü il tarixli qərarı) bunu belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia ərizəsi qismən təmin edilməli, 19.389 (on doqquz min üç yüz səksən doqquz) manat məbləğində pul vəsaiti Cavabdeh İddiaçı xeyrinə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Bundan başqa Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 115.0.1-ci maddəsinə görə, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən iddia qaldılması üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavavdeh Cavabdeh aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216- 220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 19.389 (on doqquz min üç yüz səksən doqquz) manat məbləğində pul vəsaiti və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu İddiaçı xeyrinə tutulsun. Qalan hissədə iddia təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №2(005)-1044/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1044/2021
30.03.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver