Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1054/2021 01.09.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X2, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “obyektin fəaliyyətinin dayandırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh qeyri-qanuni istifadəsində olan maşınyuma məntəqəsinin fəaliyyətinin dayandırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yaşayan qonşuları Cavabdeh qanunsuz tikinti aparmaqla piyadalar üçün nəzərdə tutulmuş səkini zəbt edərək küçənin 3 metr piyada yolunda avtoyuma məntəqəsi açmış və qonşuların narazılığına səbəb olmuşdur. Dəfələrlə qonşular tərəfindən müraciət edilsə də, iradlara əhəmiyyət verməmiş, əksinə qonşuları hədələyərək öz fəaliyyətinə davam etdirir. Həmin ünvanda yuyulan maşınların çirki küçəyə axıdılmaqla antisanitariyaya yol açmış, mənşəyi məlum olmayan dərmanlardan istifadə edilməklə insan sağlamlığına zərər vuran kimyəvi maddələrdən istifadə olunur. Bir neçə vaxtdır ki, səhhətində problemlərin olduğu aşkarlanmışdır, allerqik qaşınma və dəri səpgisi əmələ gəlmişdir. Bundan başqa məntəqədə istifadə olunan maşınyuma avadanlıqlarının səsi normadan artıq olduğu narahatçılığa səbəb olmuşdur. Bundan başqa, qeyd edilən məsələ ilə bağlı Nərimanov Rayon İcra Hakimiyyətinə və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinə də tərəfimdən məlumat verilmişdir. İddiaçı tərəfindən edilmiş müraciətə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Baş direktoru Sara Həsənova tərəfindən 04-22/3-3600 nömrəli, 09.12.2020-ci il tarixli cavab məktubunda qeyd edilmişdir ki, araşdırma zamanı yaşadıqları mənzildə səs-küyün səviyyəsi ölçülmüş, ölçmələrin nəticəsinə görə mənzilin yaşayış otağında səs-küyün səviyyəsi 52 DBA olaraq Azərbaycan Respublikası Prezidentinin 08.07.2008-ci il tarixli 796 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Ətraf-mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri normaları’nda müəyyən edilmiş yol verilən hədd səviyyəsindən (40 DBA) artıq olmuşdur. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh verdiyi izahatında bildirmişdir ki, qeyd olunan avtoyuma məntəqəsi ona aiddir, Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş texniki pasportu mövcuddur. Mübahisəli obyektin qonşulara heç bir narahatçılıq yaratmadığını, onların şikayətinin olmadığını bildirmişdir. Avtomobillərin küçədə yox, xüsusi ayrılmış yerdə yuyulub təmizlənməsini qeyd etmiş, küçəyə heç bir çirkablı su axıdılmır. Göstərilənlərə əsasən, iddia tələbinin rədd olunmasını xahiş edir. Məhkəmə tərəflərin izahatını dinləyib, mülki işin sənədlərini araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Gigiyena və X1 Səyar Sayəddin oğluna ünvanlandığı 09.12.2020-ci il tarixli cavab məktubunun surətində “Bildiririk ki, tərəfimizdən evinizin yaxınlığında yerlədən avtomobillərin yuyulmadı məntəqəsinin istismarı zamanı əmələ gələn səs-küyün sağlamlığınıza təsirindən narahatlıq barədə Respublika Gigiyena və Epidemiologiya Mərkəzinə şikayət ərizəsi daxıl olmuşdur. Şikayətin araşdırılması zamanı mənzilinizdə səs-küyün səviyyəsi ölçülmüş, ölçmələrin nəticəsinə görə mənzilin yaşayış otağında səs-küyün səviyyəsi 52 DBA olaraq Azərbaycan Respublikası Prezdentinin 8 iyul 2008-ci il tarixli 7% nömrəli Fərmanı ilə təsdiq olunmuş 3traf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri normaları”nda müəyyən edilmiş yol verilən hədd səviyyəsindən (40DBA) artıq olmuşdur. Qeyd olunanları nəzərə alaraq sağlamlığınıza narahatlığı törədən səbəbin aradan qaldırılması üçün Nərimanov rayon məhkəməsinə müraciət olunması tövsiyə olunur” göstərilmişdir; Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin məhkəmənin sorğusuna 26.05.2021-ci il tarixli cavab məktubunun mətnində “ünvan 2 ünvanında yaşayan X3 mənzilinin yaxınlığında yerləşən avtomobillərin yuyulması məntəqəsinin istismarı zamanı əmələ gələn səs-küyün səviyyəsi 52 DBA olmuşdur (norma 40 DBA). Eyni zamanda bildiririk ki, avtomobil lorin yuyulması məntəqəsinin fəaliyyəti zamanı Azərbaycan Respublikası Prezidentinin 8 iyul 2008-ci il tarixli 796 nömrəli fərmanı ilə təsdiq olunmuş “Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri normaları” müəyyən edilmiş yol verilən hədd səviyyəsindən artıq olmuşdur (norma 40 DBA)” göstərilmişdir; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 21.06.2021-ci il tarixli, 6/2482 saylı məktubuna əsasən Nərimanov Rayon Məhkəməsinin icraatında olan 2(005)- 1054/2021 nömrəli mülki iş üzrə 03 iyun 2021-ci il tarixdə təyin edilmiş materialların məhkəmə ekspertizasının aparılması və rəy verilməsi aşağıdakı səbəblərdən mümkün olmamışdır: Ekspert qarşısına qoyulmuş: “1. ünvan 1 ünvanında istifadə olunan avtoyuma məntəqəsində səs-küyün səviyyəsi ünvan 3 ünvanla aralarındakı məsafə nəzərə alınmaqla yaşayış sahəsində səs-küyün standartlarına uyğundurmu?” sualının həll edilməsi üçün Mərkəzdə müvafiq maddi-texniki baza olmadığından həmin sualı cavablandırmaq mümkün olmamışdır; Ekspert qarşısına qoyulmuş: “2. ünvan 1 ünvanında istifadə olunan avtoyuma məntəqəsi ünvan 4 ünvanı üçün antisanitar vəziyyət yaradırmı?” sualının həlli materialların məhkəmə ekspertizasının həll etdiyi məsələlər dairəsinə aid deyildir; Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1987/2020 saylı, 12.10.2020-ci il tarixli qətnaməsinin surətinə əsasən iddiaçı Cavabdeh oglunun cavabdeh İddiaçı qarşı "vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi rədd edilmişdir; Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır. Tərəflər arasında mübahisə, iddiaçı X4 Cavabdeh qeyri-qanuni istifadəsində olan maşınyuma məntəqəsinin fəaliyyətinin qanunsuz hesab edərək fəaliyyət göstərdiyini iddia etməsi nəticəsində yaranmışdır. İş materiallarından aydın olur ki, İddiaçı Cavabdeh qeyri-qanuni istifadəsində olan maşınyuma məntəqəsinin onun rahatlığını pozmasını, səs-küy yaratmasını iddia etməkdədir. Sözügedən Bakı şəhəri, Xan Şuşinski küçəsi, 70 saylı evin (yeni 150) mülkiyyətçisi iddiaçı X4 olmamaqla, bu barədə hər hansı bir sübut məhkəməyə təqdim olunmamışdır. İşin faktiki halları ilə Cavabdeh hazırda istifadəsində olan avtoyuma məntəqəsi mövcudluğu müəyyən edilmişdir. Həmin avtoyuma məntəqəsinin müvafiq dövlət orqanlarından lazimi icazələr alınmaqla fəaliyyət göstərib-göstərməməsi hazırkı araşdırmanın predmeti olmamaqla, Cavabdeh qarşı bu barədə tələb irəli sürmək hüququ müvafiq dövlət orqanlarına məxsusdur. Lakin iddiaçı X3 öz mülkiyyətindən istifadə hüquqlarının həyata keçirilməsinə məhdudiyyət və maneə, habelə, səsin, çirkab suların onun evinə və ya həyətinə dolmasına şərait yaradıb-yaratmadığının müəyyən edilməsi məqsədi ilə ekspertizası təyin edilmiş, ekspert texniki imkanların olmaması səbəbindən rəy verməkdən imtina etmişdir. Mülki Prosessual Məcəllənin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir, 103.1-ci maddəsinə görə isə məhkəmə üçün məcbur olmayan bu rəy Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə qiymətləndirilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli 4 №-li Qərarının 3.3-cü bəndində məhkəmələrə tövsiyyə olunmuşdur ki, digər sübutlar kimi ekspert rəyinin də əvvəlcədən müəyyən edilmiş heç bir məcburi qüvvəsi yoxdur. Ona görə ekspert rəyinə də digər sübutlarla bərabər qiymət verilməli, ekspert rəyinin məhkəmə tərəfindən qəbul edilib-edilməməsinin səbəbləri qətnamədə öz əksini tapmalıdır. Mülki Məcəllənin 157.4-cü maddəsinə görə isə, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Mülki Məcəllənin 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 165.1-ci maddəsinə görə isə, sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Belə olan halda, iddiaçının ünvan 5 ünvanında yaşaması, həmin evə dair hər hansı bir qanuni hüququ olmadığından, onun məhkəmə müdafiəsi də mümkün deyildir. Məhkəmə qeyd edir ki, iddiaçı iddia ərizəsində irəli sürdüyü tələbinin qanuni əsaslarını göstərə bilməmiş, bununla da müvafiq subyektiv hüquqa malik olduqlarını əsaslandırmamışdır. Belə ki, ünvan 5 ünvanın hazırda iddiaçıya və ya başqa şəxsə məxsus olmasına dair məhkəməyə sübut təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı “obyektin fəaliyyətinin dayandırılması” tələbinə dair iddiası rədd edilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci, maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı “obyektin fəaliyyətinin dayandırılması” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova
Məhkəmə qərarları › İş №2(005)-1054/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1054/2021
01.09.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver