Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1077/2025 24.02.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Gülməmmədova Qumru Habil qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 2080 manat məbləğində maddi ziyanın, ona Cavabdeh1 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli etibarnamə üzrə tərəfindən ödənilmiş 34 manat məbləğində dövlət rüsumunun əvəzinin, habelə 1000 manat mənəvi ziyanın, ümumilikdə 3114 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2023-cü ilin may ayında “Tap.az” saytı vasitəsi ilə oğluna avtomobil almaq istəyib və həmin saytda axtarış zamanı “BMW 740" minik markalı, **-TM-*** dövlət qeydiyyat nişanlı avtomobili bəyənib. Avtomobilə baxmaq üçün saytda qoyulmuş nömrə ilə əlaqə saxlayaraq avtomobili almaq istədiyini bildirib. Həmin şəxs özünü ona Cavabdeh2 kimi təqdim edib. Xəyal adlı şəxs ona Abşeron rayonu Masazır qəsəbəsində özünə məxsus avtoservis olduğunu bildirdi və onun ora yaxınlaşaraq avtomobilə baxa biləcəyini qeyd etdi. O, 2023-cü ilin may ayının axırlarında günorta radələrində Abşeron rayonu Masazır qəsəbəsində yerləşən Xəyal adlı şəxsin özünə məxsus olduğunu bildirdiyi avtoservisə yaxınlaşdı. Həmin zaman Xəyal adlı şəxs avtoservisin qarşısında dayanmış “BMW 740” minik markalı, **-TM-*** dövlət qeydiyyat nişanlı avtomobili göstərdi və ona həmin avtomobili 10.500 manata satdığını bildirdi. Həmin zaman Xəyal adlı şəxslə qiymətdə razılaşmadıqları üçün o, həmin avtomobili almayıb. Sonradan yenə də Xəyal adlı şəxslə bir neçə dəfə avtomobillə bağlı aralarında danışıqlar oldu. xx.xx.2023-cü il tarixdə həmin avtomobili 10.400 manata almaq barədə razılaşmışlar. Əlavə olaraq həmin zaman avtomobilin bufer hissəsində problem olduğu üçün 180 manat da buferin təmiri üçün verməyi barədə razılaşıblar. O, Qaradağ rayonunda yerləşən Lökbatan qəsəbəsində yaşadığı üçün Xəyal adlı şəxs avtomobili onun yaşadığı ünvana gətirdi. Beləliklə, xx.xx.2023-cü il tarixdə Xəyal adlı şəxs avtomobili ona təhvil verdi, o isə həmin vaxt “BMW 740” minik markalı, **-TM-*** dövlət qeydiyyat nişanlı avtomobili almaq üçün Xəyal adlı şəxsə ümumilikdə 10580 manat pul verib. Həmin zaman pulu az olduğu üçün avtomobilin alqı-satqısını dörd-beş ay ərzində həyata keçirəcəyini bildirib, buna görə də Xəyal adlı şəxs ona online avtomobili idarə etmək üçün etibarnamə verdi. Səhəri gün, yəni xx.xx.2023-cü il tarixdə həyətdə avtomobili işə salıb işə getmək istəyən zaman avtomobilin qapılarının açılmadığını, kondisionerinin işləmədiyini, ümumiyyətlə avtomobilin hərəkət etmədiyini görüb. Xəyal adlı şəxslə əlaqə saxlayaraq avtomobili geri qaytarmaq istədiyini bildirib və həmin gün axşam saatlarında avtomobili Xəyalın yaşadığı ünvan 1 ünvanına gətirib. Həmin vaxt özünü ona Xəyalın atası kimi təqdim edən Nəbi adlı şəxs 8000 manatı ona geri qaytardı, qalan 2580 manat pulu ona iyun ayının sonunadək verəcəklərini bildirdi. Həmin vaxt Xəyal adlı şəxs ona Cavabdeh1 məxsus “BMW 740” minik markalı, **-TM-*** dövlət qeydiyyat nişanlı avtomobilin nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsini girov qoyaraq, pulu geri qaytardıqdan sonra ondan geri alacağını qeyd etdi. O, bundan sonra dəfələrlə Xəyal adlı şəxslə həm telefon, həm “vatsap” proqramı vasitəsi ilə əlaqə saxlayıb, o isə hər dəfə onu müxtəlif bəhanələrlə aldatmağa başladı. xx.xx.2023-cü il tarixdə Xəyal adlı şəxs 500 manat pulu ona verdiyi bank kartına köçürdü, qalan məbləği isə hər dəfə ona gah ev satmaqla pul əldə edəcəyini, həmin puldan onun pulunu qaytaracağını dedi, gah isə müxtəlif bəhanələr gətirərək yaxın vaxtlarda pulunu qaytaracağını bildirdi. Lakin hazırki vaxtadək aralarında qalan 2080 manat pulu ona geri qaytarmayıb. Sonradan Xəyalın ona verdiyi etibarnaməyə diqqətlə baxan zaman avtomobilin mülkiyyətçisinin Cavabdeh1 olduğunu, həmin şəxsin isə ona etibarnaməni 26 gün müddətinə verdiyini görüb və həmin şəxslərin onu aldadıb pulunu ələ keçirdiklərinə bir daha əmin olub. O, Xəyal adlı şəxsə verdiyi 10.580 manat pulu "xxxx" ASC-dən kredit yolu ilə əldə etmişdi, hələ də həmin kreditin ödənişini ödəməkdə davam edir. O, buna görə məcbur olub, Azərbaycan Respublikası DİN-nin Nəsimi RPİ-nin 20-ci Polis Bölməsinə şikayət ərizəsi ilə müraciət edib. Həmin bölmə tərəfindən ona ünvanlanmış xx.xx.2024-cü il tarixli 51-1 /2-M-2767 saylı cavab məktubu ilə ona rəsmi olaraq cinayət və inzibati xəta tərkibli olmadığından aidiyyəti üzrə məhkəmə orqanlarına müraciət etməsi tövsiyə olundu. Buna görə də məhkəməyə müraciət etməyə məcbur olub. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ona dəymiş maddi ziyana görə 2080 manat məbləğində pul tutularaq ona ödənilməlidir. Bundan əlavə, avtomobili almaq üçün ona Cavabdeh1 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli etibarnamə üzrə ödənilmiş 34 manat məbləğində dövlət rüsumu da cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq ona ödənilməlidir. Həmçinin o, hər dəfə Cavabdeh2 hərəkətlərindən, ona olan borcu tələb etdikcə nümayiş etdirdiyi laqeyd davranışları nəticəsində çox böyük stress və mənəvi əzab çəkmişdir. Həmin mənəvi ziyanı isə 1000 manat kimi qiymətləndirir. Məhkəmə iclasında iştirak edən İddiaçı bildirmişdir ki, o, cavabdeh Xəyaldan avtomobil almışdı. Pulu Xəyala vermişdi. Avtomobil üçün 10400 manat ödəniş etdi, 180 manata isə bufer aldı. Avtomobili götürüb qayıdan zaman onda nasazlıq hiss etdi. Maşının qapısı açılmırdı. Həmin maşın cəmi 1 gün onda qaldı. Cavabdeh isə 26 günlük ona etibarnamə vermişdi. Nasazlıq olduğunu biləndə o səhərisi gün avtomobili geri qaytardı. Sonradan etibarnaməyə baxdıqda avtomobilin mülkiyyətçisinin Cavabdeh1 olduğunu öyrəndi. Xəyalın atası 8000 manat ona pul qaytardı. 500 manatı isə Xəyal bir neçə ay sonra kartına atdı. Qalan hissə qaldı. Ayın sonuna kimi həmin pulu da verəcəklərini demişdilər. Lakin hazırki vaxta kimi qalıq hissənin ödənişi ona ödənilməyib. O, avtomobili almaq üçün bankdan kreditə pul götürmüşdü. Bu məsələ onu ziyana salıb. Özü də onkoloji xəstədir, müalicələrinə pul tapmaqda çətinlik çəkir. İddianın təmin edilməsini xahiş edir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh1 bildirmişdir ki, avtomobil onun olub. Sonra onu Xəyala satmışdır. Lakin müəyyən səbəblərdən onun adında qalmışdır. Bir gün Xəyal ona zəng edərək etibarnamə vermək lazım olduğunu söylədi. Etibarnamə üçün rüsumu iddiaçı ödəmişdi. Mobil notariat qaydasında ödəniş etmişdilər. Etibarnaməni ancaq idarəetmə üçün vermişdi. O, nömrəni götürənə kimi maşını sata və adına keçirə bilməzdi. Maşının texniki pasportu olmadığı üçün Xəyal adına keçirə bilməmişdi. O iddiaçıdan hər hansı bir pul almamışdır. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh2 bildirmişdir ki, o, avtomobili saytda paylamışdı və problemləri olduğunu da qeyd etmişdi. O, iddiaçının özünə də demişdi ki, maşında problem var. İddiaçı oğlu ilə gəlmişdi və onlar maşını yoxlatmaq üçün 3 ustaya getdilər. Usta da oğluna göstərdi ki, həqiqətən deyilən kimi maşında problemlər var. Onlar avtomobili pula ehtiyacları olduğu üçün satırdılar. İddiaçı onlara 10400 manat pul vermişdi. Daha sonra iddiaçı maşını qaytarmaq istədiyini bildirdi, o da razılaşdı. Maşını təhvil alanda avtoservisdə yoxlatdırdılar, maşına xeyli ziyan vurulmuşdu. O, həmin problemlərə görə kredit götürdü. Həmin vaxt iddiaçıya 500 manat və 8000 manat pul qaytarmışlar. Qalan hissə isə qalır. Borcu olduğunu qəbul edir. Bufer də hazırda ondadır. Satıb 180 manat pulunu verə bilər. Hazırda pulu ödəməyə imkanı yoxdur, yayda ödəyə bilər. Məhkəmə tərəflərin izahatlarını, Cavabdeh2 etirafını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini və işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: AD seriyalı 190699 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “BMW 740 minik” markalı, **-HL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi Cavabdeh1dur; Nəqliyyat vasitəsinə sərəncam verilməsinə dair etibarnamədən görünür ki, “BMW 740 minik” markalı, **-HL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı Cavabdeh1 tərəfindən etibar edilmişdir. Etibarnamə üzrə 34 manat rüsum ödənilmişdir; İddiaçı tərəfindən təqdim edilmiş yazışmalardan çıxarışdan görünür ki, tərəflər arasında mübahisələndirilən nəqliyyat vasitəsi və qalan borc ilə bağlı danışıqlar aparılmışdır. Məhkəmə tərəfindən işin müəyyən olunmuş hallarından görünür ki, iddiaçı ilə Cavabdeh2 arasında digər cavabdehə məxsus nəqliyyat vasitəsinin alğı-satqısına dair şifahi razılıq əldə edilmiş və iddiaçı nəqliyyat vasitəsini almışdır. 1 gün sonra maşında problemlər olduğunu gördüyü üçün iddiaçı nəqliyyat vasitəsini geri qaytarmışdır, lakin nəqliyyat vasitəsi üçün ödədiyi pul tam şəkildə ona geri qaytarılmamışdır. Hazırda iddiaçı qalıq borcun və ona dəymiş mənəvi zərərin cavabdehlərdən tutulmasını xahiş edir. Cavabdeh2 iddiaçıya 2080 manat pul verməli olduğunu qəbul etmişdir. Digər Cavabdeh1 isə onunla iddiaçı arasında hər hansı alğı-satqı müqaviləsi bağlanmadığını, maşının digər cavabdehə məxsus olduğunu bildirərək iddiaya etiraz etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.2 və 52.5-ci maddələrinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 106.3-cü maddəsinə uyğun olaraq, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Həmin Məcəllənin 191.3 və 220.4-cü maddələrinə görə isə cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Hazırki iş üzrə Cavabdeh2 əvvəlki məhkəmə iclaslarında iştirak etmiş və məhkəmə iclasının fasiləsiz audio yazısı aparılarkən borcunun olduğunu qəbul etmiş və ödəmək niyyətinin olduğunu bildirmişdir. Məhkəmə tərəfindən həmin etirafın qəbul edilməsindən imtina olunması üçün hər hansı bir əsas, o cümlədən işin həqiqi hallarının gizlədilməsi məqsədi ilə və yaxud aldatma, zor, hədə və ya yanılma təsiri nəticəsində baş verməsinə şübhə yaradan hər hansı bir hal aşkar edilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, Cavabdeh2 tərəfindən borcun etirafı qəbul edilməlidir. İddiaçının mənəvi ziyana görə 1000 manat məbləğində pulun ödənilməsi tələbi ilə bağlı aşağıdakılar qeyd olunmalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2002-ci il tarixli Qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” 24 aprel 2020-ci il tarixli Qərarında əks olunmuş hüquqi mövqeyə uyğun olaraq, mənəvi təzminat hüquqa zidd əməl ilə zərərçəkənin mənəvi və ya fiziki bütövlüyünə edilən təcavüz nəticəsində meydana gələn ağrı və iztirabın, mənəvi sarsıntının unudulması, yaşama sevinci və arzusunun təkrar qazanılması, pozulan mənəvi tarazlığın yenidən bərpa edilməsi üçün bərabərləşdirmə vasitəsidir. Mənəvi zərərə görə ödənilən təzminat şəxsin keçirdiyi sarsıntı və iztirabın müəyyən dərəcədə yumşaldılmasına, pozulan mənəvi tarazlığın bərpa edilməsinə yönəlmiş olur. Bundan əlavə, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafıq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fıziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Ali Məhkəmənin Plenumu həmin Qərarın 10-cu bəndində qeyd etmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Göründüyü kimi, mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən edilir (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2002-ci il 31 may tarixli Qərarı). Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara əsaslanaraq hesab edir ki, iddiaçının ödəmiş olduğu məbləğin ağlabatan müddətdə ona tam geri qaytarılmaması, bununla bağlı məhkəməyə müraciət etməsi nəticəsində müəyyən mənəvi iztirablar keçirməsi şübhəsizdir və o, bu hadisə, habelə ondan sonrakı proseslər zamanı keçirdiyi stres və əziyyətlərlə bağlı olaraq ona vurulmuş mənəvi zərərin ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin nəticəsində iddiaçının keçirdiyi mənəvi iztirabın xarakteri və dərəcəsini, zərərvuran şəxsin təqsirini (qəsd və yaxud ehtiyatsızlıq), həmin müddət ərzində pulundan məhrum olmasını, məhkəməyə müraciət etmək məcburiyyətində qalmasını, habelə işin sair diqqətəlayiq hallarını nəzərə alaraq iddiaçıya dəymiş mənəvi zərərin məbləğinin 200 manat müəyyən edilməsini ağlabatan və ədalətli hesab edir. Məhkəmə iddiaçı tərəfindən xx.xx.2023-cü il tarixli etibarnamə üçün ödənilmiş 34 manat məbləğində rüsumun cavabdehlərdən tutulması tələbi barədə qeyd edir ki, həmin ödənişin iddiaçı tərəfindən həyata keçirilməsi iş materialları ilə öz təsdiqini tapır. Əşyanın qüsurları ilə əlaqədar alğı-satqı müqaviləsi 1 gün sonra alıcı tərəfindən ləğv edildiyindən və maşın geri qaytarıldığından Cavabdeh2 alğı-satqı müqaviləsi ilə əlaqədar iddiaçının çəkdiyi xərclərin əvəzini də ödəməlidir. Bu səbəbdən iddia həmin hissədə təmin edillməli, etibarnamə verilməsi üçün ödənilmiş 34 manat məbləğində pul Cavabdeh2 tutularaq iddiaçıya ödənilməlidir. Digər Cavabdeh1 münasibətdə isə aşağıdakılar qeyd olunmalıdır. Mülki Məcəllənin 587.2-ci maddəsinə görə, əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə: 587.2.1. alğı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin; 587.2.2. lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etsin. Həmin Məcəllənin 587.5-ci maddəsinə uyğun olaraq, əgər alıcı əşyanın qüsurları ilə əlaqədar alğı-satqı müqaviləsinin ləğvini və ya alınmış əşyanın müqaviləyə uyğun əşya ilə əvəz edilməsini tələb edərsə, o, qüsurlu əşyanı satıcıya onun hesabına qaytarmağa borcludur. Bu zaman tərəflərin müqavilə üzrə əldə etdiklərinin geri qaytarılması bu Məcəllənin 157-ci maddəsi ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Hazırki mülki iş materiallarından və tərəflərin izahatlarından görünür ki, iddiaçı alğısatqı müqaviləsinin obyekti olan nəqliyyat vasitəsinin lazımi keyfiyyətdə olmaması səbəbindən onun geri qaytarılmasını təmin etsə də, ödədiyi məbləğ ona tam şəkildə geri ödənilməmişdir. Həmçinin məhkəmə tərəfindən müəyyən edilmişdir ki, müvafiq alğı-satqı müqaviləsi üzrə münasibətlər iddiaçı ilə Cavabdeh2 arasında baş tutduğundan, özü tərəfindən də etiraf edilən qalıq məbləğin tutulması məhz həmin cavabdehə qarşı təmin edilməlidir. Digər cavabdehə isə iddiaçı tərəfindən pul verilməsi iş materialları və tərəflərin izahatı ilə təsdiq edilmir. Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmçinin Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh2 2080 manat pul, etibarnamə üçün ödənilmiş 34 manat və dəymiş mənəvi zərərə görə 200 manat olmaqla, cəmi 2314 manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. İş üzrə dövlət rüsumu kimi ödənilməli olan 43,14 manat məbləğində pul Cavabdeh2 tutularaq dövlət büdcəsinə ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14, 77, 119, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh2 2080 manat, etibarnamə üçün ödənilmiş 34 manat və dəymiş mənəvi zərərə görə 200 manat olmaqla, cəmi 2314 (iki min üç yüz on dörd) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İş üzrə dövlət rüsumu kimi ödənilməli olan 43,14 (qırx üç manat, on dörd qəpik) manat məbləğində pul Cavabdeh2 tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəfə rəsmi təqdim olunan gündən sonra bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva
Məhkəmə qərarları › İş №2(005)-1077/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1077/2025
24.02.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver