Məhkəmə qərarları › İş №2(005)-108/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-108/2024

03.09.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-108/2024 03.09.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əliyeva Səmimə Elşad qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Rəhmanova Aida Tələt qızının cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “vurulmuş zərərin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “vurulmuş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 2000 manat məbləğində maddi ziyan, 500 manat məbləğində mənəvi zərər və 45 manat məbləğinfə dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ünvan 1 ünvanında yerləşən 4 saylı mənzildə yaşayır. Həmin mənzil onun xüsusi mülkiyyətindədir. İddiaçı bildirir ki, artıq təxminən 8 ildir ki, onun tam təmirli mənzilinə yuxarı mərtəbədə yerləşən Cavabdeh1 müikiyyətindəki mənzildən su, həmçinin çirkab suları (kanalizasiya axmtısı) axıdılması nəticəsində mənzilin mətbəx, dəhliz, vanna otağının tavanları və divar kağızları islanmışdır. Hətta divarın islandığını binanın blokundan belə müşahidə etmək mümkündür. Bundan başqa iddiaçı qeyd etmişdi ki, eyvandan da (balkon) ona məxsus mənzilin qonaq otağına su axır. Hətta biz mənzildəki lampaları belə dəyişə bilmir. Elektrik xətləri islandığı üçün vanna otağındakı lampaları dəyişmək qeyri-mümkündür. Yəni lampanı dəyişməyə çalışan şəxsi cəryan vurduğuna görə onun həyatı üçün təhlükə yaranır. İddia ərizəsinə əlavə edilmiş fotoşəkillərdən də göründüyü kimi, evin tavanı və divarları tamamilə yararsız vəziyyətə düşmüşdür. İddiaçı bildirir ki, həmçinin iddia ərizəsinə əlavə edilmiş 21 oktyabr 2022-ci il və 23 dekabr 2022-ci il tarixli aktlardan da göründüyü kimi, 54 saykı MKİS əməkdaşları tərəfindən onun yaşadığı evə baxış keçirilmiş və yuxarı mərtəbədə yerləşən Cavabdeh1 müikiyyətindəki 7 saylı mənzildən iddiaçının xüsusi mülkiyyətində olan mənzilə su axıdıldığı, nəticədə mətbəx, dəhliz və vanna otağının tamamilə yararsız vəziyyətə düşdüyü, tavan və divarlarının islandığı öz təsdiqini tapmışdır. Bununla əlaqədar olaraq həmin mənzildə kirayəçi olaraq yaşayan cavabdehlər Cavabdeh2, Cavabdeh3, evin mülkiyyətçisi Cavabdeh1 dəfələrlə xəbərdarlıq edilmişdir. Xüsusilə iddiaçı qeyd etmək istəyir ki, cavabdehlər yuxarı mərtəbədə yaşadıqları üçün dəfələrlə onun balkonuna zibil, çirkli paltarlar atmışlar. Hətta buna görə onun tərəfindən qeyd oluna şəxsər barəsində Bakı şəhəri Nərimanov rayonu Polis İdarəsinin 16-cı Polis Bölməsinə şikayət ərizəsi ünvanlanmışdır. Lakin cavabdehlər birgəyaşayış qaydalarını kobud şəkildə pozaraq ona həm maddi, həm də mənəvi ziyan vurmuş, hazırda da vurmağa davam edirlər. İddia ərizəsinə əlavə edilmiş Bakı şəhəri Nərimanov rayonu Polis İdarəsinin 16-cı Polis Bölməsinin göndərdiyi xx.xx.2022-ci il tarixli, 079-8554R-1222 saylı məktubdan da göründüyü kimi cavabdehlər Cavabdeh2 və Cavabdeh3 edilmiş şikayət nəticəsində AR İXM-nin 563.1-ci maddəsi (yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında qanunvericiliyin pozulması) ilə protokol tərtib olunaraq cərimə edilmişdir. Uzun müddətdir cavabdehlərin kirayə yaşadıqları mənzildən su axıtması onun xüsusi mülkiyyətində olan mənzilin rütubətlənməsi ilə nəticələnmişdir. Hazırda tavanın əyilməsi və uçma təhlükəsi mövcuddur. İddiaçı bildiri ki, mənzilinin təmir olunması üçün usta dəvət etmiş və usta təmir üçün 2000 manat məbləğində pul istəmişdir. İddiaçı bildirir ki, cavabdehlərin qanunsuz hərəkətləri ilə onun evinə su axıtmaları nəticəsində heç şübhəsiz ki, çox ciddi psixoloji sarsıntı keçirmiş və iztirab çəkmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 məhkəməyə iddia tələbinə dair yazılı etiraz ərizəsi ünvanlayaraq İddiaçı onlara qarşı ziyan tələbinə dair iddiasının rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, cavadehlər bildirir ki, İddiaçı onlara qarşı maddi ziyan tələbinə dair Nərimanov rayon Məhkəməsində iddia qaldırmışdır. İddia ilə əlaqədar bildirirlər ki, iddianı qəbul etmirlər və etiraz edirlər. Etiraz aşağıdakı səbəblərlə əsaslandırılmışdır. Cavabdehlər bildirir ki, tərəflərindən iddiaçıya heç bir ziyan vurulmamışdır. İddia ərizəsində yazılan xüsusatlar hamısı şər, böhtan xarakterlidir. İddiaçının evinə dəymiş ziyanla heç bir əlaqələri yoxdur. Onların təqsirindən iddiaçıya heç bir ziyan dəyməmişdir. Bu səbəbdən də iddiaçının bununla əlaqədar onlara qarşı hər hansı tələb irəli sürməsi tamamilə əsassızdır və rədd edilməsi üçün kifayət qədər əsas vardır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, cavabdeh tərəfindən ona məxsus əmlaka maddi ziyanın vurulduğunu, bu səbəbdən də iddiasının əsaslı olduğunu və iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o məhkəmə iclasında heç bir üzrlü səbəb təqdim etmədən iştirak etməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsiinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyərək, onun izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 4 saylı mənzil 2/1 hissədə İddiaçı, 2/1 hissədə X2 adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2016-cı ildə qeydiyyata alınmışdır. İş materiallarında olan, olan Bakı şəhəri Nərimanov rayon Qeydiyyat şöbəsi tərəfindən verilən ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2016-cı il tarixdə Bakı şəhərində ölmüşdür. İş materiallarında olan xx.xx.2022-ci il və xx.xx.2022-ci tarixli aktların görünür ki, 54 saylı MKİS-in mühəndisi T.İsgəndərov, texniki K.Abbasov və işçisi M.Əliyev bu aktı ona görə tərtib etmişlər ki, ünvan 1 ünvanında yerləşən 7 saylı saylı mənzilindən su axıdılması nəticəsində 4 saylı mənzilə ziyan dəymişdir. Su axması nəticəsində 4 saylı mənzilin hamamı, mətbəx otağı və dəhlizin tavanı islanmış, dəhlizin divar kağızları islanmış və mənzilin təmirinə ziyan dəymişdir. İş materiallarında olan Bakı şəhəri Nərimanov rayonu Polis İdarəsinin 16-cı Polis Bölməsinin İddiaçı ünvanladığı xx.xx.2022-ci il tarixli, 079-8554R-1222 saylı məktubdan görünür ki, kimi cavabdehlər Cavabdeh2 və Cavabdeh3 edilmiş şikayət nəticəsində AR İXM-nin 563.1-ci maddəsi ilə protokol tərtib olunaraq cərimə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə məhkəmə sorğusuna cavab məktubunda görünür ki, Cavabdeh1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 7 saylı mənzilə dair istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməsi barədə məlumat aşkar edilməmişdir. İş materiallarında olan 071920 saylı, xx.xx.1998-ci il tarixli X5 ilə alıcı X7 arasında bağlanmış Daşınmaz Əmlakın alğı-satqı müqaviləsinin surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 7 saylı mənzil X4 adına özgəninkiləşdirilmişdir. İş materiallarında olan 147992 saylı, xx.xx.2002-ci il tarixli satıcı X7 ilə alıcı Cavabdeh1 arasında bağlanmış Daşınmaz Əmlakın alğı-satqı müqaviləsindən görünür ki, ünvan 1 ünvanında yerləşən 7 saylı mənzil Cavabdeh1 adına özgəninkiləşdirilmişdir. Məhkəmə baxışı zamanı təkrar məhkəmə tikinti-texniki ekspertizası təyin olunmuş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 16 iyul 2024-cü tarixli, 3-16-16/2-10/841 №-li ekspert rəyinə əsasən, müəyyən olunmuşdur ki, 1-ci sual üzrə aparılmış tədqiqat nəticəsində 4 saylı mənzilə su sızması 7 saylı mənzildə yaşayan sakinlər tərəfindən sudan nəzarətsiz istifadə edilməsi səbəbindən baş verə bilər, 2-ci sual üzrə ünvan 1 ünvanında yerləşən 4 saylı mənzildə su sızması nəticəsində yaranan qüsurların aradan qaldırılması üçün yerinə yetiriləcək təmir işlərinin orta bazar qiymətlərinə uyğun dəyəri təqribən 1341,0 manat məbləğində müəyyən olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 21.2ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakın zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətin və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfüzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlildir. Mülki Məcəllənin 1097.3-cü maddəsinə əsasən, qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Mülki Məcəllənin 1111.2-ci maddəsinə əsasən əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir. Qanunvericiliyin tələbinə görə vurulmuş zərər Cavabdeh1 iddiaçının xeyrinə tutulmalıdır. Digər cavabdehlərə münasibətdə məhkəmə qeyd edir ki, iddia tələbi təmin edilə bilməz. Belə ki, iş materiallarından müəyyən olunduğu kimi, ünvan 1 ünvanında yerləşən 7 saylı mənzilinin mülkiyyətçisi Cavabdeh1dur. Bu səbəbdən də həmin mənzildən iddiaçıya məxsus mənzilə suyun axıdılması nəticəsində vurulmuş ziyana görə məhz mülkiyyətçi daşıyır. Məhkəmə təqdim edilən sübutlara qiymət verərək qeyd edir ki, məhkəmə baxışı zamanı aparılmış ekspertiza ilə ünvan 1 ünvanında yerləşən 4 saylı mənzildə su sızması nəticəsində vurulmuş zərərin həcmi 1341,0 manat müəyyən edilmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh1 tərəfindən vurulmuş zərərin əvəzi olaraq 1341,0 (bir min üç yüz qırx bir) manat iddiaçı X3 xeyirinə tutulmalıdır. Mülki Məcəllənin 21.1-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21.2-ci maddəsinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Bundan başqa məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən iş üzrə ödənilmiş 45 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Eyni zamanda Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən aparılmış ekspertiza tədqiqatının dəyəri olan 150 (bir yüz əlli) manat məbləğində pul cavabdehdən tutularaq “Az.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN **********, Müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22, Hesab AZ34CTRE********************” hesabına keçirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 ünvan 1 ünvanında yerləşən 4 saylı mənzilə su sızması nəticəsində dəymiş zərərin əvəzi olaraq 1341,0 (bir min üç yüz qırx bir) manat məbləğində pul və 45 (yetmiş) manat dövlət rüsumu iddiaçı X3 xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 150 (bir yüz əlli) manat məbləğində pul Cavabdeh1 tutularaq “Az.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN **********, Müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22, Hesab AZ34CTRE********************” hesabına keçirilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar