Məhkəmə qərarları › İş №2(005)-1095/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1095/2024

23.09.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1095/2024 23.09.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı "kompensasiya ödənilməklə cavabdehlərə məxsus payların iddiaçıya verilməsi və ona məxsus "B" tikilidə daşınmaz əmlakın naturada ayrılması" tələbinə dair iddia ərizəsi barədə mülki iş üzrə (açar sözlər: kompensasiya ödənilməklə payların verilməsi və naturada bölgü, subyektiv hüquq) Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Mayılzadə Gülzadə Çingiz qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil Əlisəddin oğlunun, Cavabdeh2, Cavabdeh3 iştirakları ilə, İddiaçı Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı "kompensasiya ödənilməklə cavabdehlərə məxsus payların iddiaçıya verilməsi və ona məxsus "B" tikilidə daşınmaz əmlakın naturada ayrılması" tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin faktiki halları:

1. Bakı şəhəri, Nərimanov rayonu, Məmməd Arif küçəsi, ev 27, 111 saylı fərdi yaşayış evi iddiaçı və cavabdehlərin atası X21-lətif Mustafa oğluna xüsusi mülkiyyət hüququ əsasında məxsus olmuşdur.

2. X21-lətif Mustafa oğlu 16 dekabr 2021-ci il tarixdə “ürəyin aterosklerotik xəstəliyi” səbəbindən vəfat etmişdir.

3. xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsi əsasında xx.xx.2021-ci il tarixdə vəfat etmiş Əliyev Əbdül-Lətif Mustafa oğlunun vərəsəsi X6 miras əmlakdan 2/5 irs almalıdır. Şəhadətnamə verilən miras əmlak ƏMDK-nin yanında DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixdə Əliyev Əbdül-Lətif Mustafa oğluna verilmiş **********02-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrdən çıxarışa əsasən Bakı şəhəri, Nərimanov rayonu, Məmməd Arif küçəsi, ev 27, 111 saylı fərdi yaşayış evindən ibarətdir.

4. xx.xx.2022-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında xx.xx.2021-ci il tarixdə vəfat etmiş Əliyev Əbdül-Lətif Mustafa oğlunun vərəsələri İddiaçı, Cavabdeh1 və onların hər biri miras əmlakdan 1/5 irs almalıdırlar. Şəhadətnamə verilən miras əmlak ƏMDK-nin yanında DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixdə Əliyev Əbdül-Lətif Mustafa oğluna verilmiş **********02-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrdən çıxarışa əsasən Bakı şəhəri, Nərimanov rayonu, Məmməd Arif küçəsi, ev 27, 111 saylı fərdi yaşayış evindən ibarətdir. Miras əmlakın 3/5 payına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir.

5. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında Bakı şəhəri, Nərimanov rayonu, Məmməd Arif küçəsi, ev 27, 111 saylı fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ ilə xx.xx.2022-ci il tarixdən 2/5 hissədə X3, xx.xx.2022-ci il tarixdən 1/5 hissədə Cavabdeh3, xx.xx.2023-cü il tarixdən 1/5 hissədə Cavabdeh1, xx.xx.2023-cü il tarixdən 1/5 hissədə İddiaçı məxsusdur.

6. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış əsasında Bakı şəhəri, Nərimanov rayonu, Məmməd Arif küçəsi, ev 27, 111 saylı fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ ilə 2/5 hissə ilə X3 məxsusdur. Bu xx.xx.2022-ci il tarixində qeydiyyata alınmışdır. Əliyev Əbdül-Lətif Musatafa oğlu 3/5 hissə açıq qalır.

7. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilən işin mübahisəsiz halları ondan ibarətdir ki, iddiaçı və cavabdehlər bacı-qardaşlar olmaqla, mərhum X1 vərəsələridirlər.

8. Mərhumdan miras qalan Bakı şəhəri, Nərimanov rayonu, Məmməd Arif küçəsi, ev 27, 111 saylı fərdi yaşayış evi üzərində mülkiyyət hüquqları qanun üzrə vərəsəlik haqqında şəhadətnamə əsasında 2/5 hissədə X3 (digər vərəsə - bacısı X4 20 iyun 2022-ci il tarixli “Miras paya sərəncam verilməsinə dair müqavilə”yə əsasən miras payından onun xeyrinə imtina etmişdir); 1/5 hissədə İddiaçı; 1/5 hissədə Cavabdeh1; 1/5 hissədə Əliyev Əbdüllətif Mustafa oğluna keçmişdir. Hazırda iddiaçı daşınmaz əmlakın “B” hissəsinin naturada ayrılmasını, cavabdehlərə kompensasiya ödənilməklə onların mülkiyyət hüququna xitam verilməsini xahiş edir. Cavabdehlərdən Cavabdeh1 iddia tələbini qəbul edir, digər cavabdehlər iddia tələbinə etiraz edirlər.

İddia ərizəsinin və ona etirazın dəlilləri:

a) İddia ərizəsinin dəlilləri

9. İddiaçı Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu, Məmməd Arif küçəsi 27, ev 111 fərdi yaşayış sahəsinə cavabdehlərə kompensasiya ödənilməklə onlara məxsus payların iddiaçıya verilməsi və ona məxsus “B” hissədə daşınmaz əmlakın naturadan ayrılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. İddia tələbi onunla əsaslandırılmışdır ki, atası X7 öz ailə üzvləri ilə birlikdə məlum hadisələr zamanı 1988-ci ildə Ermənistandan qaçqın düşərək öz vəsaiti hesabına Bakı şəhəri, Nərimanov rayonu, Məmməd Arif küçəsi 27, ev 111 almışdır. Atası, anası, qardaşı, bacıları həmin ünvanda yaşamışlar. Atası aldığı evə sonradan DƏDRX tərəfindən xx.xx.2021-ci ildə Texniki Pasport və mülkiyyət sənədini təsdiq edən **********202-10301 saylı reyestr nömrəsi olan Çıxarış almışdır. Fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportunda da aydın görsənir ki, öz vəsaiti ilə tikdiyi və ailə üzvləri ilə yaşadığı ev “B" hissə olmaqla ayrıca giriş-çıxışı mövcuddur. Həmin hissə ümumi cizgidən tam ayrıdır. Lakin 2022-ci ildə vəfat etmiş atasının adına olan mülkiyyət sənədində onun və ailə üzvlərinin yaşadığı evi də həmin sənədə işlənilmişdi. Qeyd edir ki, atası həmin evi alanda orada boş torpaq sahəsi də olmuş, bu torpaq sahəsində o öz vəsaiti hesabına ev tikmişdir. Evin tikilməsi zamanı bütün inşaat materiallarını, tikintində çalışan usta və fəhlələrin zəhmət haqlarını da özü öz vəsaiti hesabına ödəmişdir. Bunu evin inşasında iştirak edən şəxslər və qonşuları da təsdiq edə bilərlər. O uzun illər hərbi qulluqçu olduğuna və Qarabağ müharibəsində iştirak etdiyinə görə vaxtı olmadığından tikdiyi evin sənədləşməsini də atasına həvalə etmişdi. Atası həm özü evinin həm də onun evinin birgə ünvanda olduğundan bir çıxarış almışdır. Hazırda o öz tikdiyi evin naturada ayrılmasını istəyir. Öz vəsaiti ilə tikdiyi ümumi mülkiyyətdə olan üzərində hüquqlarının həyata keçirilməsinə müəyyən məhdudiyyətlər yarandığından ümumi mülkiyyətdən naturada ayrılmasını vacib hesab edir. Eyni zamanda cavabdeh X10 atasının sağlığında mübahisələndirilən atasına məxsus olmuş əmlakdan pay verilməsi və onun təsərrüfatını ayırmaq üçün Ramanı yaşayış massivində ev tikdilər ki, cavabdeh həmin evə köçsün. Lakin Cavabdeh3 həmin evi satmaq istəyirdi. Odur ki, atadan ona düşən miras payından özünün razılığı əsasında 10.000 (on min) manat pul aldı. xx.xx.2018-ci il tarixdə pul alması barədə imza etməklə Əliyeva Xanım, Cavabdeh1, Əliyev Amil və onun iştirakı ilə qəbz verdi. Ona görə də hesab edir ki, cavadeh Cavabdeh3 miras əmlakda payı yoxdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 17 avqust 2023-cü il tarixli 10/2936 saylı Məhkəmə Tikinti Texniki Ekspertizasının rəyindən də görünür ki. Bakı şəhəri Nərimanov rayonu. Məmməd Arif küçəsi 27, ev 111 fərdi yaşayış sahəsinə dair tərtib edilmiş “Texnki Pasport" sənədlərində “A” və “B hərfləri ilə işarələnmiş tikililərin faktiki olaraq tərəflər arasında hər birinin ayrı- ayrılıqda giriş-çıxışları olmaqla ayrılmış vəziyyətdə olduğunu nəzərə alaraq həmin bölgü qaydasının İnşaat-Norma və Qaydaları 2.08.01.89*-un 1.1, 2.2, 2.4 bəndlərində və Məhkəmə Tikinti X9 metodlarında göstərilənlərə uyğun olduğu müəyyən edilmişdir.

b) Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri

11. Cavabdeh2 etiraz ərizəsi təqdim edərək, iddiaçı - qardaşı İddiaçı Əbdüllətif oğlu tərəfindən verilmiş “kompensasiya ödənilməklə cavabdehlərə məxsus payların iddiaçıya verilməsi və ona məxsus B tikilidə daşınmaz əmlakın naturada ayrılması tələbinə” dair iddia ərizəsi əsassızdır və iddia ərizəsində bildirilmiş faktiki hallar reallıqdan uzaqdır. Öncəliklə bunu bildirmək istərdi ki, iddiaçının B tikilisinin öz vəsaiti hesabına inşa etdirməsi barədə iddiaları yalandır. Belə ki, o və qardaşlarının ümumi birgə mülkiyyətində olan daşınmaz əmlakda A və B tikilisi hər ikisi ailəlikcə hər birinin ortaq vəsaiti hesabına tikilmişdir. Çünki onlar valideynləri ilə birlikdə bacı və qardaşlar eyni ünvanda yaşamış və ailənin təsərrüfatı ümumilikdə hər birinin vəsaiti hesabına formalaşmış və yaşadığı evdə aparılmış hər bir tikinti-təmir işlərində hər birinizin vəsaiti mövcud olmuşdur. Bugünkü gündə iddiaçının sözügedən B tikilisinin özününküləşdirilməsi hər birinin haqqının tapdanılması deməkdir. Bundan başqa, iddiaçı təxminən 10-12 ildir ki, həmin B tikilisini kirayəçilərə kirayəyə verməklə oradan əldə olunan məbləği onlarla bölüşməyərək sadəcə özü faydalanmışdır. Daha sonra iddiaçı iddia ərizəsində bildirir ki, guya ataları tərəfindən mübahisəli ev alındığı zaman orada olan boş torpaq sahəsində öz vəsaiti hesabına tikdiyi həmin evdə çalışan usta və fəhlələrin zəhmət haqqlarını özü ödəmişdir. İddiaçının da bu bildirdikləri reallıqdan uzaqdır. Çünki yuxarıda da qeyd etdiyi kimi, sözügedən tikili ataanalarının pensiya məbləğləri, həmçinin onlar bacı və qardaşları vəsaitləri hesabına inşa edilmiş, evin tikilməsini də bilavasitə qardaşı X8 həyata keçirmişdir. Əgər iddiaçının da bildirdiyi reallıq olmuş olsaydı indiyə kimi həmin usta və fəhlələri şahid olaraq məhkəməyə dəvət edərdi. Daha sonra İddiaçı bildirir ki, guya digər cavabdeh-qardaşı X8 atalarının sağlığında atasına məxsus olmuş mübahisələndirilən əmlakdan pay verilməsi və təsərrüfatını ayırmaq üçün Ramana qəsəbəsində onun üçün ev tikilmişdir. Daha sonra iddiaçı bildirir ki, qardaşı Rafael Əliyev hamin evi satmaq istəmiş, daha sonra guya atalarından ona düşən miras payından özünün razılığı asasında 10000 (on min) manat pul almışdır. İddiaçının bu bildirdiyi da həqiqətdən uzaq va məhkəməni yanıltmaq üçün düşünülmüş bir ssenaridir. Belə ki, iddiaçının bu dəlillə digər cavabdeh olan qardaşı Rafael Əliyevi əslində guya miras əmlakdan pay almış kimi qələmə verməklə onu bir vərəsə olaraq sıradan çıxarmaq va əmlaka olan hüquqlarından artıq faydalanmış kimi təqdim etməkdir. Göstərilən xüsusatla bağlı həqiqət bundan ibarətdir ki, Ramana qəsəbəsində olan ev X18 öz şəxsi vəsaiti hesabına tikilmişdir. X18 guya miras əmlakdan öz payını götürməsi kimi qələmə verilmiş 10.000 (on min) manat pulun alınması da iddiaçının bildirdiyi kimi baş verməmişdir. Belə ki, ata-analarına baxmaq, ailə təsərrüfatını idarə etmak kimi öhdəlik əvvəl bütün övladların üzərində olmuşdur, daha sonra Rəfael Əliyev ayrılıqda yaşamağa başlamış, ailəlikcə ona bu məbləği dəstək olaraq vermiş. Rəfael Əliyevə dövrdə hər hansı məbləğin dəstək olaraq verilməsi müqabilində miras payından imtina etməsi kimi razılaşmadan söz gedə bilməz. Bundan başqa iddiaçı məhkəmə iclasında bildirmişdir ki, hər birinə 10.000 (on min) manat kompensasiya verilməklə onlara məxsus payların iddiaçıya ayrılmasını istəyir. Bu tələbə qəti və birmənalı etiraz edərək bildirir ki, bu məbləğ hazırda daşınmaz əmlak bazarında mübahisəli evin yerləşdiyi ərazidə olan əmlaklar üçün formalaşmış bazar qiymətlərindən qat-qat aşağıdır. 10.000,00 (on min) kompensasiya təklifi vermək sadəcə ədalətsizlikdir. İddiaçının əsas məqsədi cüzi qiymətlə onları paylarından məhrum etməkdir. Çünki mübahisəli əmlakın yerləşdiyi ərazinin şəhərdə aparılan tikinti və yenidənqurma işləri ilə əlaqədar tikinti kooperativləri tərəfindən alınması ehtimalı vardır. Əmlaka bütövlüklə sahib çıxaraq tikinti şirkətləri tərəfindən veriləcək kompensasiyadan bütövlükdə faydalanmaq iddiaçının əsas məqsədidir.

Məhkəmə iclasında verilən izahatlar

12. Məhkəmə iclasında iştirak edən İddiaçı, iddia ələbininməzmununa uyğun izahat verərək, cavabdehlərə “B” tikilisinin aidiyyətinin olmadığını, həmin tikilini öz hesabına tikdiyini bildirdi. Əvvəl cavabdehlərə 10.000 manat həcmində kompensasiya vermək istədiyini (cavabdeh Ə.Rafail istisna olmaqla), lakin cavabdehlərin razılaşmadığını, indiki halda payının naturada ayrılmasını tələb etdiyini bildirdi.

13. İddiaçı nümayəndəsi və vəkili Vəkil Əlisəddin oğlu iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdirlər. O bildirdi ki, fərdi yaşayış evinə bır çıxarış verilsə də, faktiki olaraq “A” və “B” tikililəri ayrı-ayrı evlərdir. “B” tikilisi iddiaçının vəsaiti hesabına inşa edilmişdir. Həmin evin cavabdehlərə heç bir aidiyyatı yoxdur. İddiaçı “A” tikilisinə görə cavabdehlərə kompensasiya ödəməyə hazırdır.

14. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 izahatında bildirmişdir ki, iddia tələbini qəbul etmir, Bakı şəhəri Nərimanov rayonu, Məmməd Arif küçəsi 27, ev 111 fərdi yaşayış sahəsini ata və anası tikmişdir. Həmin yaşayış sahəsində onların da haqqı var. Kompensasiya tələbini qəbul etmir.

15. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 etiraz ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.

16. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahatında bildirmişdir ki, iddia tələbini qəbul edir. İddiaçı onun qardaşıdır. Bakı şəhəri Nərimanov rayonu, Məmməd Arif küçəsi 27, ev 111 fərdi yaşayış sahəsinin “B" hissə iddiaçıya məxsusdur. Fərdi yaşayış evi şəxsi büdcəsi ilə tikmişdir. İddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

17. Məhkəmə iclasına İddiaçı nümayəndəsi və vəkili Vəkil Əlisəddin oğlunun vəsatəti əsasında dəvət edilmiş şahid X2 ifadəsində bildirmişdir ki, iddiaçı onun qayınıdır. 2003-cü ildə Bakı şəhəri Nərimanov rayonu, Məmməd Arif küçəsi 27, ev 111 fərdi yaşayış evinə gəlin gəlmiş və orada yaşamışdır. Həmin torpaq qayınatasından qalmışdır. Qeyri-yaşayış sahəsini iddiaçı öz hesabına həyat yoldaşı ilə birlikdə tikdirmişdir.

18. Məhkəmə iclasına İddiaçı nümayəndəsi və vəkili Vəkil Əlisəddin oğlunun vəsatəti əsasında dəvət edilmiş şahid X16 ifadəsində bildirmişdir ki, iddiaçı onun həyat yoldaşıdır. Onlar 2003-cü ildə nişanlanmışdırlar. Torpaq qayınatasına məxsus olub və o tikintiyə icazə vermişdir. O 2004-cü ildə tikintini davam etdirə bilmirdi. İddiaçının bacı və qardaşları onlara kömək etməmişdirlər. Onlar işləyirdilər və kömək etməyə vaxtları olmamışdır.

Mülki işin materialları

19. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4036/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh3 Bakı şəhəri, Nərimanov rayonu, Məmməd Arif küçəsi, ev 27, 111 saylı fərdi yaşayış evinə köçürülmüşdür.

20. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Məmməd Arif küçəsi, ev 27, 111 saylı fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ ilə xx.xx.2022-ci il tarixdən 2/5 hissədə X3, xx.xx.2022-ci il tarixdən 1/5 hissədə Cavabdeh3, xx.xx.2023-cü il tarixdən 1/5 hissədə Cavabdeh1, xx.xx.2023-cü il tarixdən 1/5 hissədə İddiaçı məxsusdur.

21. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Məmməd Arif küçəsi, ev 27, 111 saylı fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ ilə 2/5 hissə ilə X3 məxsusdur. Bu xx.xx.2022-ci il tarixində qeydiyyata alınmışdır. Əliyev Əbdül-Lətif Musatafa oğlu 3/5 hissə açıq qalır.

22. xx.xx.2022-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş Əliyev Əbdül-Lətif Mustafa oğlunun vərəsəsi X6 miras əmlakdan 2/5 irs almalıdır. Şəhadətnamə verilən miras əmlak ƏMDK-nin yanında DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixdə Əliyev Əbdül-Lətif Mustafa oğluna verilmiş **********02-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrdən çıxarışa əsasən Bakı şəhəri, Nərimanov rayonu, Məmməd Arif küçəsi, ev 27, 111 saylı fərdi yaşayış evindən ibarətdir.

23. xx.xx.2022-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş Əliyev Əbdül-Lətif Mustafa oğlunun vərəsələri İddiaçı, Cavabdeh1 və onların hər biri miras əmlakdan 1/5 irs almalıdırlar. Şəhadətnamə verilən miras əmlak ƏMDK-nin yanında DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixdə Əliyev Əbdül-Lətif Mustafa oğluna verilmiş **********02-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrdən çıxarışa əsasən Bakı şəhəri, Nərimanov rayonu, Məmməd Arif küçəsi, ev 27, 111 saylı fərdi yaşayış evindən ibarətdir. Miras əmlakın 3/5 payına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir.

24. AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17 avqust 2023-cü il tarixli, 10/2936 nömrəli ekspert rəyindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Məmməd Arif küçəsi, ev 27, 111 saylı fərdi yaşayış evinə dair tərtib edilmiş “Texniki pasport” sənədində “A” və “B” hərfləri ilə işarələnmiş tikililərin faktiki olaraq tərəflər arasında hər birinin ayrı-ayrılıqda giriş-çıxışları olmaqla ayrılmış vəziyyətdə olduğunu nəzərə alaraq həmin bölgü qaydasının İnşaat Norma və Qaydaları 2.08.01.89* un 1.1, 2.2, 2.4 bəndlərində və Məhkəmə Tikinti-X9 Metodlarında göstərilənlərə uyğun olduğu müəyyən edilmişdir.

25. AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24 aprel 2024-cü il tarixli, 10/2201-9-2197 nömrəli ekspert rəyindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Məmməd Arif küçəsi, ev 27, 111 saylı fərdi yaşayış evinin hazırki orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 123000,0 manat məbləğində, likvid dəyəri isə təqribən 111000.0 manat məbləğində müəyyən edilir.

26. 12 iyul 2024-cü il tarixində mübahisəli əmlaka keçirilən yerli baxışın cd diskdə olan video-görüntülərindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Məmməd Arif küçəsi, ev 27, 111 saylı fərdi yaşayış evinin “A” və “B” hərfləri ilə işarələnmiş tikililərin giriş və çıxışları ayrıdır.

Mülki işə tətbiq edilən hüquq

27. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Maddə 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Maddə 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Maddə 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur; Maddə 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər; Maddə 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir; Maddə 220.4. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər; Maddə 220.5. Mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir; Maddə 220.6 Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər.

28. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır.

29. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbyacan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarında göstərilmişdir ki, əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Eyni zamanda, payının naturada ayrılması mümkün olmadıqda və mülkiyyətçi payın əvəzinə pul kompensasiyasını almaqdan imtina etdikdə, həmin mülkiyyətçi əmlakın açıq hərracdan satılmasını tələb edə bilməz. Həmçinin paylı mülkiyyətin mülkiyyətçisi birbaşa əmlakın açıq hərracdan satılmasını tələb etmək hüququna malik deyil. Bu baxımdan, paylı mülkiyyətin mülkiyyətçilərinin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu qərara almışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin mənasına görə bütün paylı mülkiyyətçilərin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür.

30. Ümumi mülkiyyətçilər tərəfindən sahiblik, istifadə və sərəncam səlahiyyətlərinin həyata keçirilməsinin ümumi xüsusiyyətləri mövcuddur: 1) paylı mülkiyyətdə olan əmlaka (əşyaya) sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir; 2) paylı mülkiyyətin mülkiyyətçisi ümumi əmlakın öz payına uyğun hissəsinə sahiblik və istifadə hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Paylı mülkiyyətdə olan əmlaka dair sərəncam verilməsi isə əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir; 3) razılaşma əldə olunmadıqda və paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əmlakın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə onlar öz paylarının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilərlər.

31. Göründüyü kimi, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi əvvəlcə öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb etmək, payın naturada ayrılmasının mümkün olmadığı və ya ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurulmadan mümkün olmadığı təqdirdə öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Yalnız bundan sonra ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıqaşkar məqsədəuyğun olmadıqda, paylı mülkiyyətçi əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəməyə iddia ərizəsi ilə müraciət etmək hüququna malikdir. Hazırki iş üzrə tərəflər payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədiklərindən məhkəməyə müraciət etmişlər.

İşə baxan məhkəmənin mövqeyi:

32. Məhkəmə ilk növbədə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

33. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-nın xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx.xx.2008-ci il tarixli qərarı: Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək kimi qəbul olunan xarici cəhəti isə ən mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq 3 elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni, başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz.

34. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, MPM-in 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələləri araşdırılmalıdır.

35. Məhkəmə iddiaçının cavabdehlərə məxsus payların dəyərinin onun tərəfindən cavabdehlərə ödənilməsi (kompensasiya vermək) ilə bağlı qeyd edir ki, cavabdehlər paylı mülkiyyətçilər olmaqla, qeyd edilən əmlakın mülkiyyətlərində olan hissəsinin dəyərinin iddiaçı tərəfindən onlara ödənilməsi təklifini qəbul etmirlər.

36. Eyni zamanda, məhkəmə “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarına istinadən onu da qeyd edir ki, bu tələblər biri-biri ilə əlaqəli olduğundan və bu 3 tələb üzrə əvvəlki tələbin (məsələn naturada bölgünün mümkün olduğu və ya bu mümkün olmasa da sonradan kompensasiya ödənilməsi ilə bağlı əldə edilmiş razılıq) təmin edilməsi sonrakı tələbin təmin edilməsini istisna etməsinə baxmayaraq, onlar ayrı-ayrı icraat üzrə deyil, bir icraatda baxılmalı və nəticədə ilk iki tələb müsbət həll edilməsə də, ümumilikdə iddia təmin edilməlidir. Belə ki, Azərbyacan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qeyd edilən qərarda nümayiş etdirilmiş hüquqi mövqeyə əsasən ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkün hesab edilmişdir ki, bu da öz növbəsində bu ardıcıllığa riayət etməklə bu tələblərin vahid bir iddia üzrə irəli sürülməsini mümkün edir.

37. Məhkəmə iddia tələbi - "cavabdehlərin payına düşən hissədə pulu (kompensasiya) ödəməklə onlara məxsus payların iddiaçıya verilməsi ilə bağlı belə qənaətə gəlir ki, iddia tələbi bu hissədə rədd edilməlidir. Belə ki, iddiaçı bu tələblərlə iddia qaldırmaq hüququnun subyekti deyildir. Belə ki, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir, paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsi qoyula bilər.

38. Mülki işin materialları ilə müəyyən edilir ki, iddiaçıların atasından miraı qalmış əmlak iki ayrı fərdi yaşayış evindən “A” və “B” tikilisindən ibarətdir. İddiaçı iddia edir ki, “B” tikilisini o öz vəsaiti hesabına tikmişdir və həmin tikili ayrılmalıdır. Ekpert rəyi ilə “A” və “B” tikilililərinin naturada bir-birindən ayrıla bilən olması təsdiqini tapır. Cavabdehlər iddiaya etiraz edərək bildirirlər ki, “B” tikilisi atalarının sağlığında tikilmişdir, iddiaçının öz vəsaiti hesabına tikilməmişdir. Miras əmlak kütləsinə daxildir və mülkiyyət hüquqlarını xitam edilməsini istəmirlər. Cavabdehlərdən İddiaçı iddia tələbini qəbul edir.

39. Məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır. Belə ki, iddiaçı “B” tikilisinin ona məxsus olduğunu, bunu təsdiq etmək üçün şahid ifadələrinə istinad etsə də, AR MPM-nin 81- ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

40. İddiaçı və onun nümayəndəsi və vəkilinin izahatları ilə müəyyən edilmişdir ki, onlar ümumi miras kütləyə daxil olan, vərəsələrin mülkiyyətə keçmiş, bu barədə qanunvericiliklə nəzərdə tutulmuş qaydada mülkiyyət hüquqlarının qeydiyyatı barədə rəsmi sənəd əldə etmişlər. İddiaçı “B” tikilisinin fiziki olaraq “A” tikilisindən ayrı olduğunu, hər iki tikilinin sərbəst gediş-gəlişin mümkün olduğuna, “B” tikilisinin öz vəsaiti hesabına tikdirdiyini bildirərək, cavabdehlərin əmlak üzərində mülkiyyət hüquqlarına xitam verilməsini və “B” tikilisinin naturada ayrılmasını tələb edirlər. Digər tərəfdən məhkəmənin sonuncu iclasılarında öz izahatlarında kompensasiya ödəmək istəmədiklərini bildirərək, yalnız payın naturada ayrılması barədə qətnamə qəbul edilməsini xahiş edirlər.

41. Kompensasiya ödənilməklə payların verilməsi əmlakın naturada bölünməsi mümkün olmadıqda, eyni zamanda tərəflərin razılığı ilə həyata keçirilir. Görünür ki, cavabdehlərin payına düşən hissədə pulu (kompensasiya) ödəməklə onlara məxsus payların iddiaçıya verilməsi hüququna yox, iddiaçı öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir.

42. Digər tərəfdən, iddiaçı paylı mülkiyyətdə olan əmlakdan öz payını – yəni əmlakdan 1/5 hissəsinin deyil, bütövlükdə “B” tikilisinin ayrılmasını istəyir.

43. Daşınmaz əmlakın reyestrinin həqiqiliyi və tamlığı prezumpsiyasını rəhbər tutan məhkəmə bildirir ki, iddiaçının mübahisəli daşınmaz əmlakın 1/5 hissədə malik olduğu halda, “B” tikilisinin naturada ayrılmasını tələb etməyə subyektiv hüquqi yoxdur.

44. Məhkəmə iddiaçının dəlillərinə münasibət bildirərək qeyd edir ki, birincisi, iddiaçı “B” tikilisinin öz vəsaiti hesabına tikildiyini bildirsə də, bunu təsdiq edə biləcək kifayət qədər mötəbər sübut təqdim edə bilməmişdir. Belə ki, iddiaçı tələbinin əsaslılığını məhkəməyə təqdim edilən şahid ifadələri ilə sübuta yetirməyə çalışsa da, məhkəmə həmin şahid ifadələri mötəbər sübut kimi qiymətləndirmir. Belə ki, mülki məhkəmə icraatı zamanı geniş istifadə olunan sübutetmə vasitələrindən biri də şahid ifadələridir. Şahid ifadələri işin nəticəsində hüquqi baxımdan maraqlı olmayan şəxslərin baxılan iş üzrə əhəmiyyətli olan hallar barədə bilavasitə qavradığı və ya başqa məlum mənbələrdən aldığı və qanunvericilikdə müəyyənləşdirilmiş prosessual formaya riayət olunmaqla dindirilmə zamanı verdiyi məlumatlardır. Şahid işin gedişi ilə hüquqi baxımdan maraqlı olmayan və işə dair məlumatı olan fiziki şəxsdir. İşin nəticəsində başqa cür maraqlı olmaları (iş üzrə tərəflərdən biri ilə dostluq, bir yerdə işləmək, qonşu olmaq, yaxud əksinə, qərəzçilik münasibətləri) şahidə aid olan vəzifələrin yerinə yetirilməsinə mane ola bilməz, lakin bu hallar onların ifadələrinin qiymətləndirilməsi zamanı məhkəmə tərəfindən nəzərə alınmalıdır. Belə ki, mülki məhkəmə icraatı zamanı geniş istifadə olunan sübutetmə vasitələrindən biri də şahid ifadələridir.

45. Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyin tələblərinə əsasən məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. Şahid iş üzrə ona məlum olan məlumatları və halları məhkəməyə şifahi bildirməyə, düzgün ifadə verməyə borcludur. (MPM-nin 62-ci və 104.1-ci maddələri) MPM 88-ci maddəsinin tələblərinə cavab vermək üçün hakim ilk öncə təqdim olunmuş hər bir sübutu iki cəhətdən yoxlamalıdır. Birinci, şahid nəyi ifadə edir (ifadənin məzmunu, təfsir), ikinci, şahidin ifadəsi inandırıcıdımı (sübut etmə qüvvəsi). Bu ardıcıllıqla sübutların qiymətləndirilməsi hakimin hansısa qərara gəlməyə imkan veribverməməsi və bu sübut vasitəsinin sübut edilməli olan faktı bilavasitə sübut etməsi, yaxud da sübut edilməli olan fakt barəsində məntiqi yararlı nəticəyə gəlməyə imkan verən başqa bir fakt barəsində sübutun olmasının müəyyənləşdirməsidir.

46. Məhkəmə qeyd edir ki, şahidlərdən biri X16 iddiaçının, digəri - X2 isə iddia tələbini qəbul edən Cavabdeh1 həyat yoldaşıdır. Belə olan təqdirdə məhkəmə hesab edir ki, həmin şahidlər iş üzrə birbaşa maraqlı şəxslərin yaxın qohumları olduğundan, onların ifadələri mötəbər sübut qismində qiymətləndirilə bilməz.

47. Digər tərəfdən, şahid ifadələri mötəbər sübut qismində qiymətləndirilsə belə, iddia tələbi əsaslı hesab edilə bilməz, belə ki, şəxsin öz ailəsi ilə uzun müddət “B” tikilidə yaşaması, əmlakı öz vəsaiti heabına inşa etməsi mülkiyyətin mənsubiyyətinin müəyyənləşdirilməsində həlledici rol oynaya bilməz. Belə ki, şahid ifadələri ilə daşınmaz əmlakın mənsubiyyəti müəyyənləşdirilə bilməz.

48. AR Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

49. Mülki işin materiallarında olan yazılı sənədlərdən - 22 iyun 2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrdən, mübahisəli əmlaka dair X21-lətif Mustağa oğlunun xüsusi mülkiyyətdə olması barədə 23 avqust 2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışdan, və daşınmaz əmlakın dövlət reyestri kitabının 53249 nömrəli vərəqində qeydiyyata alınmış Cavabdeh1 məxsus çıxarışdan, 2004-cü il tarixli texniki pasportla birmənalı olaraq Bakı şəhəri, Nərimanov rayonu, Məmməd Arif küçsi 27, ev 111 fərdi yaşayış evinin (“A” və “B” tikililəri olmaqla) əvvəl mərhum Ə.Əliyevə, daha sonra isə qanun üzrə vərəsəlik qaydasında övladları – iddiaçı və cavabdehlərə məxsus olması öz təsiqini tapır.

50. Nə mərhum Ə. Əbdül-lətifin sağlığında, nə də sonra daşınmaz əmlaka dair çıxarış mübahisələndirilməmiş, vərəsələr miras əmlaklardan bərabər həcmdə pay almışlar. Mərhumun əmlakın bir hissəsini iddiaçıya miras qoymaq istiqamətində bir iradə ifadəsi olmadığı kimi, iddiaçı da əmlakdan istifadə və sahiblik hüquqlarından istifadə etsə də, əmlaka dair hüquqmüəyyənedici sənədləri mübahisələndirməmişdir.

51. Məhkəmə daha sonra hesab edir ki, iddiaçının iddia tələbinin əsaslı olmasına dair izahatı isə özü-özlüyündə iddianın əsaslı olması üçün yetərli sübut kimi qəbul edilə bilməz. Çünki, Azərbaycan Respublikasının MPM-nin 88 və 106.1-ci maddələrinin mənası görə iş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Mülki Prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud subutlarla təsdiq edilib əsaslandırılmalıdır.

52. Məhkəmə eyni zamanda qeyd edir ki, iddiaçının iddia ərizəsi üzrə “B” tikilisinin” ayrılmasını tələb etməyə subyektiv hüququnun olmaması, həm yuxarıda istinad edilən Konstitusiya Məhkəməsi Plenumununun qərarında sərgilənən hüquqi mövqeyə əsasən, iddiaçının kompensasiya ödənilməklə ümumi paylı mülkiyyətdən payın naturadan ayrılması tələbini qaldırmağa subyektiv hüququnun olmadığından iddia tələbi təmin edilə bilməz.

53. Bu əsasla Cavabdeh1 tərəfindən iddia tələbinin qəbul edilməsinin də hər hansı əhəmiyyəti qalmır. Məhkəmə onu da vurğulayır ki, Ə.Namiqin miras əmlakda olan öz payından qardaşı – iddiaçının xeyrinə imtina etmək hüququ vardır.

54. Məhkəmə eyni zamanda qeyd edir ki, iddiaçı iddia ərizəsində kompensasiya ödənilməklə payın naturada ayrılması barədə tələb ilə müraciət etsə də, sonuncu məhkəmə iclasındanə ekspert rəyində göstərilən, nə də daha aşağı məbləğdə kompensasiyanı ödəməyə maddi imkanının olmadığını, “B” tikilisinə görə kompensasiya ödəməli olmadığını bildirmiş və əmlakın naturada ayrılması tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

55. Məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı "kompensasiya ödənilməklə cavabdehlərə məxsus payların iddiaçıya verilməsi və ona məxsus "B" tikilidə daşınmaz əmlakın naturada ayrılması" tələbinə dair iddia ərizəsi təmin edilə bilməz.

56. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edilmədiyindən, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməli, eləcə də aparılmış ekspertiza tədqiqatının dəyəri iddiaçıdan tutulmalıdır.

57. Həmçinin iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 100 (yüz) manat məbləğində pul İddiaçı tutularaq Az.MEM, VÖEN **********, AZ41NABZ********************, X5, KOD 210005, VÖEN **********, müxbir hesab AZ34CTRE********************, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilməlidir.

58. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddiaçı Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı "kompensasiya ödənilməklə cavabdehlərə məxsus payların iddiaçıya verilməsi və ona məxsus "B" tikilidə daşınmaz əmlakın naturada ayrılması" tələbinə dair iddiası rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 100 (yüz) manat məbləğində pul İddiaçı tutularaq Az.MEM, VÖEN **********, AZ41NABZ********************, X5, KOD 210005, VÖEN **********, müxbir hesab AZ34CTRE********************, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Mehriban Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar