Məhkəmə qərarları › İş №2(005)-1126/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-1126/2022

28.01.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-1126/2022 28.01.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızı, İddiaçı cavabdeh Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinə qarşı «icra sənədi üzrə icraatın dayandırılması» tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinə qarşı «icra sənədi üzrə icraatın dayandırılması» barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4106/2018 nömrəli 06.12.2018-ci il tarixli icra sənədi üzrə icra tədbirlərinin 10.04.2018-ci il tarixdən başlayaraq 12.09.2014-cü il təvəllüdlü X1 Bakı Modern məktəbində təhsil alması üçün hər ay 600 manat təhsil haqqı tutularaq X2 ödənilməsi hissəsində dayandırılmasına dair qərarın verilməsi vəzifəsinin icra məmurunun üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini nəzərdən keçirərək məhkəmə hesab edir ki, hazırkı iş üzrə iddianın icraata qəbulundan imtina olunmalıdır. Belə ki, iddia tələbindən göründüyü kimi iddiaçının hal-hazırda niyyəti Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin müvafiq qətnaməsi əsasında üzərinə qoyulmuş öhdəliyin qismən dayandırmaqdır. Məhkəmə ilk öncə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin müvafiq qətnaməsi üzrə hazırda icraatın icra mərhələsində olmasını nəzərə alaraq qeyd edir ki, iddiaçı bu səbəbdən qeyd olunan iddia tələbi ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə bu halla razılaşmayaraq bildirir ki, iddiaçı tərəfindən hazırda iddia tələbi olaraq seçilmiş tələbə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsində baxılması qanunvericliyin tələbinə ziddir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Göründüyü kimi normanın başlanğıcında şərtləndirilmiş məqam “işə baxan hakim”-in sonrakı hərəkətləri etmək səlahiyyəti müəyyən edilmişdir. İddiaçı iddia ərizəsində ərizənin verilməsi zamanı aidiyyət məsələsinə dair müvafiq əsaslandırma təqdim etməməsinə baxmayaraq məhkəmə buna səbəbin sözügedən qətnamənin icrasının Bakı şəhəri Nərimanov rayon İcra şöbəsində olması əlaqələdiyini nəzərə alaraq bildirir ki, qeyd olunan tələb üzrə ərizə qətnamənin icrasına nəzarəti həyata keçirən məhkəməyə təqdim edilməlidir. Qeyd olunan ümumi hüquq sahəsini əhatə edən maddi hüquq normasından görünür ki, qanunverici qətnamənin icra mərhələsinin məhkəmənin icraatında olmuş iş üzrə aparılan icraatın ayrılmaz tərkib hissəsi kimi qəbul edir. Belə olan halda hazırda irəli sürülmüş tələbin Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə verilməsi göstərilən maddi hüquq normasının imperativ tələblərinə ziddir. Bundan başqa hazırda iddia ərizəsində göstərilən tələb qeyri müəyyəndir belə ki, iddiaçı tələbində icra sənədinin icrasının dayandırılması vəzifəsinin cavabdehin üzərinə qoyulması ibarətdir. Qeyd olunan tələb üzrə məhkəmə araşdırmasının aparılması digər məhkəmənin qanuni qüvvəsini almış qərarının icrasını şübhə altına alır. Belə olan halda göstərilən tələbə məhkəmədə yeni iddia kimi baxılması məhkəmə hakimiyyətinin ümumi prinsiplərinə ziddir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli 4 nömrəli qərarnın 16.1-ci bəndinə əsasən Məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdə onun məcburilik və preyudisiayallıq xüsusiyyətləri əmələ gəlir. Həmin Qərarın 16.2-ci bəndinə uyğun olaraq qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsaslar üzrə yenidən irəli sürə bilməzlər, o cümlədən məhkəmə tərəfindən müəyyən edilmiş faktlarla və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 153.5-ci maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Bununla əlaqədar olaraq məhkəmə iddiaçıya müvafiq məhkəmə qərarı əsasında üzərinə qoyulmuş öhdəliyin icrasının dayandırılması barədə ərizə ilə həmin öhdəliyin qoyulmasına səbəb olan məhkəmə qərarını qəbul etmiş məhkəməyə müraciət edə bilər. Yuxarıda şərh olunanlara əsasən İddiaçı cavabdeh Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinə qarşı «icra sənədi üzrə icraatın dayandırılması» tələbinə dair iddianın yolverilməzliyinə görə iddia ərizəsini icraata qəbul etməkdən imtina edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 153-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Bakı Şəhər Nərimanov rayon İcra şöbəsinə qarşı «icra sənədi üzrə icraatın dayandırılması» tələbinə dair iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina olunsun. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim:Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar