Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1129/2022 11.04.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əmirxanova Kəmalə Fərman qızının sədrliyi, Əliyeva Nurlana Sahib qızının katibliyi, İddiaçı və cavabdeh «Cavabdeh MTK-nın vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh MTK-ya qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MTK-ya qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MTK-nın səhlənkarlığına görə damın təmir edilməməsi nəticəsində yuxarıda qeyd edilmiş ünvanda yerləşən xüsusi mülkiyyətində olan mənzilinə yağış sularının axması səbəbindən binanın damının ona aid hissəsinin təmir edilməsini və ona dəymiş 30000 manat maddi və 50000 manat mənəvi ziyanın, 30 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh MTK arasında bağlanmış müqaviləyə əsasən Nəsimi rayonu, M.Qasımov küçəsi, 972-ci məhəllədə yerləşən binanın 125-ci mənzilini (mansard) aldıqdan sonra, kredit borcunun tam ödənilməsi ilə əlaqədar ona 24.03.2014-cü il tarixli, 6 saylı maliyyə arayışı verilmişdir. Hazırda sözügedən mənzil 06.03.2020-ci il tarixli çıxarışa əsasən mülkiyyətindədir. Çıxarış alınarkən hesablanmış kommunal xərclərlə bağlı 1500 manat məbləq tam olaraq ödənilmişdir. Mənzil alarkən binanın ona aid olması və hər-hansı qəza baş verməsi və ya damın köhnəlməsi zamanı tərəfindən təmir edilməsi ilə bağlı öhdəliyin olması təsdiqlənməmişdir. Binanın fasadı, damı və sair bu kimi yerlərin estetik görünüşü və sıradan çıxması nəticəsində təmiri, birbaşa cavabdehin üzərindədir. Lakin, MTK öz üzərinə düşən öhdəliklərin icrasını təmin etməmiş və nəticədə ona ziyan dəymişdir. Mülkiyyətində olan 125-ci mənzilin dam örtüyü artıq neçə ildir ki, istismar müddətini bitirmiş və neçə illərdir ki, dəfələrlə komendanta deyilməsinə baxmayaraq təmir olunmamışdır. Buna baxmayaraq hər yağış yağanda ona aid mansarda yerləşən mənzilinin 4 otağına aid divarları və döşəməsi su ilə dolmuş və mənzilin divar və döşəməsi yararsız hala düşmüşdür. Artıq qarşısını almaq mümkün deyi. Divarlara vurulmuş xüsusi görüntü yaradan daşlar uçmuş, dəyəri yüksək olan divar kağızı qopmuş, yararsız hala düşmüş, döşəmə çürüyərək tam yararsız vəziyyətə düşmüş, mənzildə nəmişlik və rütubətli hava şəraiti yaranmışdır. Bir sözlə artıq yaşamaq üçün tam yararsız vəziyyətə düşmüşdür. Digər tərəfdən isə fiziki və mənəvi sarsıntılar daha çox narahat edir. Yağış yağanda uzaq bir məkanda, qohum, yaxın ətraflara getmək qismət olmur. Çünki, yağışlar olduğu halda dərhal həmin yerlərə xüsusi qablar düzülməli, döşəmə tez-tez silinməlidir ki, aşağı mərtəbədə yaşayan qonşulara su getməsin. Belə olan halda qarşısı tərəfindən alınmadığı halda şikayətçilərin sayı ehtimal ki, çox sayda ola bilər. Amma onun üçün yağışlı hava hiss edildikdə bütün əhvalı dəyişir. Yığılan komunal vəsaitlər hansı istiqamətlərə sərf olunur? Hansı təyinatlar üçün sərf olunur? Bu halda binanın damı hansı səbəbdən təmir olunmur? Bu suallar hər biri cavabdeh qarşısında qoyulmalıdır. Bu barədə cavabdehə 08.09.2020-ci il tarixli ərizə ilə rəsmi müraciət etsə də, nəticə olmamaışdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh MTK-nın vəkili Vəkil iddianın əsassız olduğunu qeyd edərək, iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyərək və təqdim olunmuş sübutları məcmu halında hərtərəfli, tam və obyektiv araşdırıb qiymətləndirərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməməlidir. Belə ki, iş materiallarında olan; Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Ak. Mirqasımov küçəsi, 972-ci məhəllə, 125 saylı mənzil xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına 06.03.2020-ci il tarixdə qeydiyyata alınmışdır. Məhkəmə Ekspertizası Mərkəzinin 30.06.2021-ci il tarixli, 10/1272 nömrəli ekspertiza rəyindən görünür ki, tədqiq olunan mənzilin planlı yerləşməsini, yəni iddiaçıya məxsus 125 saylı mənzilin hündürmərtəbəli binanın 17-si mərtəbədə yerləşdiyini, mənzilin yaşayış otaqlarının və mətbəx tikilisinin divar və tavanında yaranmış qüsurların əmələ gəldiyini, həmin qüsurların su sızmaya aid olduğunu nəzərə alaraq, 125 saylı mənzilə su sızmanın olduğu müəyyən edilmişdir. Tədqiq olunan mənzilə su sızmanın səbəbinin 125 saylı mənzilin yerləşdiyi binanın dam hissəsinə vurulmuş şiferin və yağış sularının axıdılması üçün quraşdırılmış boruların köhnə və yararsız olmasından olduğu müəyyən edilmişdir. Tədqiq olunan mənzilin yaşayış otaqlarında və mətbəx tikilisində su sızma nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün görülməli olan təmir-bərpa işlərinin dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq təqribən 9104 manat olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı mənzilində yaranmış ziyanın səbəbini cavabdeh MTK-nın hərəkətsizliyi nəticəsində onun əmlakına ziyan vurulmasını mübahisələndirərək məhkəməyə hazırki iddia ilə müraciət etmişdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 109.1-ci maddəsinə əsasən yaşayış sahələrinə olan ehtiyacın ödənilməsi üçün üzvlərinin əmlak pay haqlarının birləşdirilməsi yolu ilə müvafiq binaların tikintisi və (və ya) yenidənqurulması, habelə müəyyən dövr ərzində kooperativ binada yaşayış və qeyriyaşayış sahələrinin bu Məcəllənin 141-1-ci maddəsinə uyğun olaraq idarə edilməsi məqsədi ilə fiziki və (və ya) hüquqi şəxslərin üzvlüyə əsaslanan könüllü birliyi mənzil-tikinti kooperativləri hesab edilir. 109.2-ci maddəsinə əsasən mənzil-tikinti kooperativi üzvləri öz vəsaitləri hesabına çoxmənzilli binanın tikilməsində, yenidən qurulmasında və onun sonrakı saxlanmasında iştirak edirlər. 109.3-cü maddəsinə əsasən mənzil-tikinti kooperativləri istehlak kooperativləridir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 103.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30.06.2021-ci il tarixli, 10/1272 nömrəli ekspertiza rəyində iddiaçının mənzilinə dəymiş ziyanın binanın dam hissəsinə vurulmuş şiferin və yağış sularının axıdılması üçün quraşdırılmış boruların köhnə və yararsız olmasından olduğu qeyd edilmişdir. Lakin həmin ziyanın dəyməsində təqsirli cavabdeh "xxxx" MTK olması sübuta yetirilməmişdir. Belə ki, tərəflər arasında xidmət və ya hər hansı təmir-bərpa işlərin görülməsinə dair müqavilə olmamışdır. Mənzilin yerləşdiyi bina cavabdeh MTK-nın mülkiyyətində deyil. Bundan başqa məhkəmə qeyd edir ki, iddiaçı yaşayış sahəsinə olan ehtiyacın ödənilməsi üçün mənzilin dəyəri tam ödəyərək mənzil-tikinti kooperativin üzvü olmuşdur. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 109.2-ci maddəsindən də aydın olur ki, mənzil-tikinti kooperativi üzvləri öz vəsaitləri hesabına çoxmənzilli binanın yenidən qurulmasında və onun sonrakı saxlanmasında iştirak etdikləri səbəbindən, mənzilin yerləşdiyi binanın dam hissəsinə vurulmuş şiferin və yağış sularının axıdılması üçün quraşdırılmış boruların təmir-bərpasını "xxxx" MTK deyil, mənzil-tikinti kooperativin üzvləri aradan qaldırmalıdır. Eyni zamanda iddiaçı tərəfindən təqdim edilmiş və iş materiallaına əlavə edilmiş fotoşəkilləri tərəflərin iştirakı ilə məhkəmə baxış iclasında tədqiq edilərkən iddiaçının tələbinin əsaslılığı sübuta yetirilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31.05.2002-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Real zərərin tərkibinə müvafiq şəxs tərəfindən faktiki çəkilmiş xərclərlə bərabər, pozulmuş hüququn bərpası üçün aparılmalı olan xərclər də daxildir. Belə xərclərin zəruriliyi və onların təxmini həcmi əsaslandırılmış hesablamalarla, sübutlarla təsdiq olunmalıdır. Mülki hüquq pozuntusundan öhdəliyin yaranmasının mühüm şərti zərərin özünün mövcudluğudur. Zərər yoxdursa, əmlak hüququ pozulmuş və ya öhdəlik yaranmır. Bu hallar olmayanda pozulmuş öhdəliklərə görə məsuliyyətin həcmini müəyyən etmək olmur. Məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə iddiaçının mənəvi zərər tələbi ilə bağlı qeyd edir ki, iddiaçının əmlakına ziyanın cavabdeh tərəfindən vurulması sübuta yetirilmədiyindən və mənəvi zərər tələbi həmin maddi ziyandan törənən tələb olduğu üçün, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Bundan başqa Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən iddia qaldılması üçün ödənilmiş dövlət rüsumu iddianın təmin edilmədiyindən, iddiaçıya aid edilməlidir. Bundan əlavə məhkəmə hesab edir ki, keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 50 manat məbləğində pul iddiaçıdan tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə görə isə anuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə yuxarıda qeyd olunan normalara əsaslanaraq hesab edir ki, İddiaçı Cavabdeh MTK-ya qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddiası rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh MTK-ya qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri İddiaçı 50 (əlli) manat məbləğində pul (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova
Məhkəmə qərarları › İş №2(005)-1129/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1129/2022
11.04.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver