Məhkəmə qərarları › İş №2(005)-1147/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1147/2021

24.09.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1147/2021 24.09.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məhkəmə iclasının katibi X2, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh "xxxx" Şirkətinin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" Şirkətinə qarşı “dəymiş maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" Şirkətinə qarşı “dəymiş maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" Şirkətindən onun xeyrinə 9.331 (doqquz min üç yüz otuz bir) manat məbləğində maddi zərərin və 100.000 (bir yüz min) manat məbləğində mənəvi zərərin, o cümlədən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yeləşən bağ evinin və həmin evin hasarının üzlənməsi üçün cavabdeh "xxxx" Şirkətindən hər birinin kütləsi 25 kiloqram olmaqla adları “FasMazaik 300” və “FasMazaik 700” olan plastik qablarda cəmi 91 (doxsan bir) ədəd məhsul satın almışdır. Plastik qablara yerləşdirilmiş hər bir məhsul üçün cavabdeh şirkətlə olan qarşılıqlı razılıq əsasında onun tərəfindən 62,10 (altmış iki manat on qəpik) manat məbləğində olmaqla, ümumilikdə cavabdeh şirkətə 5.651,10 (beş min altı yüz əlli bir manat on qəpik) manat məbləğində pul ödənilmişdir. Qeyd edilməlidir ki, müvafiq məhsulu almaq üçün onun tərəfindən cavabdeh şirkətin sorğu mərkəzinə müraciət edilmiş, ona Ruslan adlı şəxsin telefon nömrəsi verilməklə satış üçün həmin şəxsə müracit etməli olduğu bildirilmişdir. Həmin şəxslə olan görüşdən sonra ilkin olaraq 21 may 2020-ci il tarixində hər markadan (FasMazaik 300 və FasMazaik 700) 25 (iyirmi beş) ədəd olmaqla, ümumilikdə 50 (əlli) ədəd (yəni ümumilikdə 1.250 (bir min iki yüz əlli) kq) məhsul üçün sifariş verilmiş və cavabdeh şirkətə 3.105 (üç min bir yüz beş) manat məbləğində pul vəsaiti ödənilmişdir. İşlərin görülməsi üçün 3 (üç) ədəd dekor üçün də 30 (otuz) manat məbləğində pul da cavabdehə ödənilmişdir. Qalan 41 (qırx bir) ədəd məhsul isə növbəti mərhələlərdə hissə-hissə alınaraq qalan 2.546,10 (iki min beş yüz qırx altı manat on qəpik) manat məbləğində pul vəsaiti cavabdeh şirkətə ödənilmişdir. Bildirmək lazımdır ki, 23 may 2020-ci il tarixində sifariş əsasında gələn 50 (əlli) ədəd məhsula görə həmin məhsulun fakturasının ona verilməsini məhsulları gətirən sürücüdən tələb etsə də, həmin şəxs onun da əvvəlcədən məhsulla bağlı görüşdüyü Ruslan adlı şəxsin tapşırığı əsasında ona verə bilməyəcəyini bildirmişdir. Lakin o, fakturanın şəklini telefon vasitəsi ilə çəkə bilmişdir. Qeyd etmək lazımdır ki, bu hal nəzərə alınmasa, ümumiyyətlə ona satılan mallarla bağlı cavabdeh şirkət tərəfindən hər hansı bir faktura və kassa mədaxil qəbzi, kassa çeki və ya bunun kimi ciddi hesabat blankı sayıla biləcək hər hansı bir sənəd dəfələrlə tələb etdiyi halda təqdim edilməmişdir. O, alınmış “FasMazaik 300” və “FasMazaik 700” markalı fasad suvağı üçün cavabdeh şirkətə 5.651 (beş min altı yüz əlli bir) manat məbləğində pul vəsaiti ödəmişdir. Ancaq bunun müqabilində ona hər hansı bir ciddi hesabat blankı (kassa çeki, qaimə və s.) təqdim edilməmişdir. “FasMazaik 300” markalı suvaq materialından hasarın tam səthinə bir dəfə vurulmaqla istifadə edilmişdir. Evin iki tərəfdən fasadına “FasMazaik 700” markalı suvaq materialından bir dəfə vurulduqdan sonra səthdə ləkələr yaranmağa başlamışdır. Bununla əlaqədar cavabdeh şirkətin rəsmi nümayəndəsi Ruslanla əlaqə saxladıqda ona “FasMazaik 700” markalı suvağın rənginin ağ rəngdə olması səbəbindən əvvəlcədən divar səthinə astar emulsiya qatının vurmaq lazım olduğu bildirilmişdir. O, hər iki fasad səthinə astar emulsiya vurdurmuşdur. Yenidən divarın səthində eyni rəng alınmamışdır. Bunu nəzərə alaraq ikinci qat üçün yenidən vəsait sərf edərək material sifariş edilmiş və evin fasadına vurulmuşdur. Buna baxmayaraq bir həftədən sonra fasad və divara vurulan material rəngini dəyişərək iş materiallarına əlavə edilən şəkillərdəki vəziyyətə düşmüşdür. Hal-hazırkı dövrdə də fasad və hasarda rənglərin dəyişməsi prosesi gedir. O, bu hadisədən sorğu ilə cavabdeh şirkətin sorğu mərkəzinə telefonla müraciət etmişdir. 16 iyun 2020-ci il tarixində cavabdeh şirkətdə işləyən Tural adlı bir şəxs adını bilmədiyi başqa bir əməkdaşla gələrək evin son vəziyyətinə dair şəklini çəkərək şirkətin rəhbərliyinə verəcəklərini bildirdilər. Bundan altı gün sonra, yəni 22 iyun 2020-ci il tarixində cavabdeh şirkətin əməkdaşları Ruslan və Bəhruz ona aid evin həyətində hasara və evin fasadına baxış keçirmişdilər. Fasadda yaranmış olan eybəcərlikləri aşkar etmək məqsədi ilə həmin fasadın üzərinə emulsiya vurulmasını məsləhət görsələr də, o qəti olaraq onlara etiraz etmişdir. Bundan sonra o dəfələrlə cavabdeh şirkətin rəhbərliyinə müraciət etsə də, onun müraciətləri cavabsız qalmışdır. Apardığı araşdırmalardan sonra ona evinin fasadının və hasarının suvanması üşün satılmış olan “FasMazaik” əmtəə nişanlı suvağın Azərbaycan Respublikasında qanunvericiliyin tələblərinə uyğun standartlara uyğun istehsal edilmədiyi müəyyən olunmuşdur. Belə ki, bu araşdırma zamanı müəyyən edilmişdir ki, istehsal edilmiş suvağın Azərbaycan Respublikasında istehlak edilməsi məqsədi ilə müvafiq uyğunluq sertifikatı yoxdur. Bu barədə onun tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət olunmuş, istehlakçı olaraq ona qarşı cavabdeh şirkət tərəfindən yol verilmiş kobud qanun pozuntuları barədə həmin orqana məlumat verilmişdir. Qeyd edilən orqan tərəfindən verilən 16 sentyabr 2020-ci il tarixli AİBNDX 08/01-7/1293 nömrəli müraciətə baxılmasının nəticəsi haqqında cavab məktubunda müraciətlə bağlı aparılmış araşdırma zamanı "xxxx" Şirkətinin 20 avqust 2020-ci il tarixli MA-02/79 nömrəli məktubuna əsasən şikayətçi olaraq onun şikayətindən sonra boyanmış sahəyə texniki baxış keçirildiyi, lakin dəfələrlə ona müraciət edildiyi halda başqa sahənin boyanmasında iştirak etmədiyi, nümunə üçün boyanmış sahədə hər hansı bir problemin yaranmadığı, malın üzərində istifadə qaydaları haqqında məlumatın olduğu, mal istifadə qaydalarına əməl edilmədən istifadə edildikdə yaranmış problemlərə görə şirkətin məsuliyyət daşımadığı, alınan “FasMazaik” əmtəə nişanlı su əsaslı (emulsiya əsaslı) son qat boyası öz kateqoriyasına görə ən yaxşı boyalardan biri olmaqla uyğunluq sertifikatının mövcud olduğu, mala dair alınmış uyğunluq sertifikatının, GS1 Azərbaycan əmtəə nömrələnməsi Depozitariyasından çıxarışın, malın üzərində standartın işarəsi göstərildiyi barədə sənədin, eyni zamanda mala keçirilmiş baxışın nəticəsi haqqında aktın surətinin Dövlət Xidmətinə təqdim edildiyi, "xxxx" Şirkətinin mövqeyi ilə razılaşılmağı təqdirdə maddi ziyan tələbinə dair, həmçinin yaranmış mübahisə ilə bağlı “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə əsasən məhkəməyə müraciət edə biləcəyi bildirilmişdir. Qeyd edilməlidir ki, onun tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət edildikdən sonra cavabeh tərəfindən aparılan araşdırma ilə bağlı təqdim edilən sənədlərlə tanışlıq zamanı müəyyən edilmişdir ki, cavabdeh şirkət Azərbaycan Resspublikası Milli Sertifikatlaşdırma Sistemindən AZ031 1101.0122320 nömrəli 29 aprel 2020-ci il tarixində hal-hazırda mübahisə predmeti olan məhsul üçün uyğunluq sertifikatı alınmışdır. Həmin sertifikatda bu sənədin su əsaslı (emulsiya əsaslı) son qat strukturlu boyalar üçün verildiyi qeyd olunmuşdur. Cavabdeh şirkət tərəfindən istehsal edilən məhsulun AZS034-1998 (TŞ5808/Nisan-1988) tələblərinə uyğun olduğu qeyd edilmişdir. Bu sertifikatın verilməsinin əsası kimi sertifikatı təqdim edən orqanın 29 aprel 2020-ci il tarixli ASS/05/SN/01-032 nömrəli qərarı və 28 aprel 2020-ci il tarixli 08/20 nömrəli sınaq protokolu olmuşdur. Həmçinin araşdırma zamanı cavabdeh şirkət tərəfindən təqdim edilmiş sənədlərdə istehsal edilən məhsulun AZS034-1998 (TŞ5808/Nisan-1988) tələblərinə uyğun istehsal edildiyi qeyd edilmişdir. Qeyd edilməlidir ki, o mübahisə predmeti olan “FasMazaik 300” və “FasMazaik 700” markalı plastik qablarda satılan suvaq materialını su əsaslı (emulsiya əsaslı) son qat strukturlu boya kimi almamışdır. Belə ki, ona satılan bütün plastik qabların üzərində həmin məhsulun polimer əsaslı, istifadəyə hazır, daxili və xarici səthlərdə istifadə olunan dekorativ-mozaika suvağı olduğu və həmin suvağın binaların daxili və xarici divarlarında, suvaq, beton və s. səthlərdə istifadə olunduğu qeyd edilmişdir. Həmçinin həmin məhsulun istifadəyə dair qaydalarında dekorativ suvağı arasında hava boşluğu qalmamaq şərtilə paslanmayan metal mala ilə eyni qalınlıqda eyni istiqamətə doğru çəkilməli və cilalanmalı olduğu qeyd olunmuşdur. Halbuki, AZS034-1998 (TŞ5808/Nisan-1988) tələblərinə uyğun istehsal edilmiş su əsaslı (emulsiya əsaslı) son qat strukturlu boyaların tətbiq edilmə xüsusiyyətlərinə görə boya etiketində yazılan nisbətlərə uyğun olaraq su ilə qarışdırılır, 50x50 sm ölçülü hava buraxmayan asbetstli sement təbəqələrlə yaş parça ilə tozlardan süzülür. Durulaşdırılan boya 6-6,5 sm-lik fırça və ya əhəng diyircəyi ilə əvvəl şaquli, sonra isə üfüqi hərəkətlə plastikin hamar olan səthinə tətbiq edilir. Boyalar bu şəkildə sınandıqda, fırça və ya diyircək tətbiq etdikdə səthdə rahat hərəkət etməli, həddən artıq güc sərf edilməsi lazım olmamalıdır. (AZS034-1998 (TŞ5808/Nisan- 1988 dair standart tərləblərin surəti iddia ərizəsinə əlavə edilmişdir.) Əlavə edilən AZS standartlarından da göründüyü kimi AZS 034-98 su əsaslı (emulsiya əsaslı) son qat strukturlu boyalar boya çeşidlərinə daxildir və həmin standartda olan malın dekorativ suvaq kimi adlandırılması mümkün deyildir. Qeyd edilənlərdən və işdə də olan materiallardan da görünür ki, cavabdeh şirkət dekorativ suvağın istehsalını AZS034-98 standartlarının tələblərinə uyğun verilmiş uyğunluq sertifikatı ilə həyata keçirtməkdədir ki, bunun özü də istehlakçıların aldadılmasından başqa bir şey deyildir. Yəni cavabdeh şirkət istehsal etdiyi məhsulun uyğunluq sertifikatını (AZS) almadan onun başqa bir məhsulun adı altında istehsal etməkdə, qanunuvericiliyin standartlaşdırmanın tələblərinə cavab verməyən məhsulu bazara buraxmaqla üçüncü şəxslərə sertifikat tələblərinə uyğun olmayan məhsulları satmaqdadır. Həmçinin qeyd edilməlidir ki, cavabdeh şirkətin bildirdiyi kimi əgər bu su əsaslı boya olsaydı, o zaman həmin suvağın çəkilməsi üşün cavabdeh şirkətin rəsmi nümayəndəsi olan Ruslan adlı şəxs tərəfindən ona dörd ədəd dekor malası satılmazdı, onun əvəzinə fırça və ya diyircək verilərdi. Bundan başqa, 1 kv.metr üçün emulsiyanın (su əsaslı) sərfıyyatı 250-300 qram olduğu halda (su ilə qarışdırıldıqdan sonra), FasMazaik əmtəə nişanlı suvağın 1 kv.metr üçün sərfıyyatı üç kq təşkil edir. Bununla yanaşı qeyd edilməlidir ki, istehsal edilən mallar da öz keyfıyyətliliyi barədə suallar yaratmaqda, dekorativ suvağın evin fasadına və hasarına çəkilməsi zamanı iddia ərizəsinə əlavə edilən şəkillərdə görüntülənən hallar ortaya çıxmaqdadır. Maraqlı olan haldır ki, ona satılmış olan malların keyfiyyəti və tələb olunan standartlara cavab vemədiyinə dair şirkətin rəhbərliyinə ünvanlanan yazılı məktublar və müraciətlər, o cümlədən ona həmin məhsulların satışını həyata keçirən şəxslərlə telefon danışıqları və üzbəüz görüşləri heç bir nəticə verməməkdədir. Bununla yanaşı, onun tərəfindən Azərbaycan Milli Elmlər Akademiyası Geologiya və X1 Mərkəzinə müraciət olunmuş, müvafiq qaydada ödəniş həyata keçirilmiş və həmin Mərkəz tərəfindən 13 noyabr 2020-ci il tarixində verilən rəydə təqdim olunmuş “FasMazaik” adlı nümunənin kimyəvi və mineroloji tərkibi verilmişdir. Bu rəydən və istifadə edilən materialın vizual görünüşünə də baxıldığında materialın tərkibinin 60-65%-nin SiO (kvars qumundan) ibarət olduğunü müəyyən etmək mümkündür. Qeyd edilməlidir ki, yuxarıda da qeyd etdiyi kimi o həmin “FasMazaik 300” və “FasMazaik 700” markalı dekorativ suvağın alınmasına 5.651 (beş min altı yüz əlli bir) manat, evin fasadının və hasarın dekorativ suvaqla suvanması üçün 210 (iki yüz on) manat, ayaqaltıların quraşdırılmasına, dekorativ suvaqların yerləşdirildiyi qabların daşınmasına 80 (səksən) manat, evin fasadının və hasarının suvanması üçün xidmət göstərən ustalara 3.240 (üç min iki yüz qırx) manat, analitik mərkəzin rəyinin alınması üçün 150 (bir yüz əlli) manat olmaqla, ümumilikdə 9.331 (doqquz min üç yüz otuz bir) manat məbləğində vəsait sərf olunmuşdur. Yuxarıda qeyd edilənlər və qanunvericiliyin tələbləri onun iddia tələbinin əsaslılığına dəlalət edir. Belə ki, cavabdeh şirkət tərəfindən ona keyfiyyətsiz malların satılması, əsassız olaraq zərərə məruz qalmağı, onun tərəfindən edilən məsrəflər nəticəsində evin fasadının və hasarının dekorativ suvaq çəkildikdən sonra yararsız vəziyyətə düşməsi, onun sökülməsinin çox çətin olması, uzun bir müddətdir ki, cavabdeh şirkət tərəfindən bu qədər etinasız münasibət göstərilməsi, dəymiş olan zərərin aradan qaldırılması üçün heç bir tədbir görülməməsi onun cavabdeh şirkətdən maddi və mənəvi zərəri tələb etməyi üçün hüquqi əsas təşkil edir. Maddi zərər qismində yuxarıda qeyd edilən 9.181 (doqquz min bir yüz səksən bir) manat məbləğində zərərin ödənilməsi üçün bütün əsaslar mövcuddur. Belə ki, qeyd edilən xərclərin çəkilməsi işin halları və göstərilən hallarla tam sübuta yetirilməkdədir. Mənəvi zərər qismində tələblə bağlı olaraq qeyd edilməlidir ki, görülmüş işlərin üzərindən altı aya yaxın bir müddət və suvağın deformasiyaya məruz qalmasından beş aydan artıq bir müddət keçməyinə baxmayaraq, cavabdeh şirkət tərəfindən onun yazılı və şifahi müraciətlərinə məhəl qoyulmaması mənəvi sarsıntıya məruz qaldığına əyani sübutdur. Belə ki, öz yaşadığı və min bir əziyyətlə qurduğu bir evin fasad divarının və hasarının sertifikatı olmadan istehsal edilmiş bir materiallarla yararsız vəziyyətə salınması, sertifikat olmadığı halda istehsal edilən, serifikiat barədə məlumat soruşulduqda dərhal AZS034-98 standartı ilə istehsal edilən su əsaslı (emulsiya əsaslı) son qat struklurlu boyaların sənədini təqdim edən bir şirkətin hərəkətlərində qanun pozuntusunun olması və bu hərəkətlərin hüquqa zidd olması və bu hüquqa ziddiliyin nəticəsində onun zərərə məruz qalmağı cavabdeh şirkətdə mənəvi zərərin tələb edilə bilməsi üçün tam əsasdır. Hesab edir ki, bazarda yetərincəyə qədər tanınmış cavabdeh "xxxx" Şirkətinin gələcəkdə başqa istehlakçıların da aldadılmasının qarşısının alınması məqsədi ilə ciddi miqdarda, yəni 100.000 (bir yüz min) manat həddində mənəvi təzminata məhkum edilməsi həmin şirkəti gləcəkdə bu səpkili addımları atarkən daha da ciddi düşünməyə sövq edəcəkdir. İddiaçı oğlu və onun nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında izahat verərək, iddia ərizəsinin təmin edilməsini xahiş etmişlər. Cavabdeh nümayəndəsi X4 məhkəmə iclasında iddia ərizəsinin əsassız olduğunu bildirərək rədd edilməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin 16 sentyabr 2020-ci il tarixli, AİBNDX 08/01-7/1293 saylı məktubunun surətindən görünür ki, şikayətçi olaraq iddiaçı X5 şikayətindən sonra boyanmış sahəyə texniki baxış keçirildiyi, lakin dəfələrlə ona müraciət edildiyi halda başqa sahənin boyanmasında iştirak etmədiyi, nümunə üçün boyanmış sahədə hər hansı bir problemin yaranmadığı, malın üzərində istifadə qaydaları haqqında məlumatın olduğu, mal istifadə qaydalarına əməl edilmədən istifadə edildikdə yaranmış problemlərə görə şirkətin məsuliyyət daşımadığı, alınan “FasMazaik” əmtəə nişanlı su əsaslı (emulsiya əsaslı) son qat boyası öz kateqoriyasına görə ən yaxşı boyalardan biri olmaqla uyğunluq sertifikatının mövcud olduğu, mala dair alınmış uyğunluq sertifikatının, GS1 Azərbaycan əmtəə nömrələnməsi Depozitariyasından çıxarışın, malın üzərində standartın işarəsi göstərildiyi barədə sənədin, eyni zamanda mala keçirilmiş baxışın nəticəsi haqqında aktın surətinin Dövlət Xidmətinə təqdim edildiyi, "xxxx" Şirkətinin mövqeyi ilə razılaşılmağı təqdirdə maddi ziyan tələbinə dair, həmçinin yaranmış mübahisə ilə bağlı “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə əsasən məhkəməyə müraciət edə biləcəyi bildirilmişdir. 19 avqust 2020-ci il tarixli “AKT” ın surətindən görünür ki, İddiaçı Cavabdehnə ünvanladığı müraciət əsasında iddiaçıda olan Cavabdeh istehsal etdiyi “FasMazaik” məhsulundan nümunə götürülərək 14.08.2020-ci il tarixində boş divarın boyanması həyata keçirilib. İddiaçı iştirak etməkdən imtina etdi. 19.08.2020-ci il tarixində boyanmış səthə baxış keçirilmiş və heç bir qüsur aşkar edilməmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin “Azərbaycan Standartlaşdırma İnstitutu” X9 14 aprel 2021-ci il tarixli **********33 saylı cavab məktubundan görünür ki, AZS 034-98 dövlət standartı emulsiya əsaslı, son qat strukturlu boyalara, onların tərifinə, sinifləndirmə və xüsusiyyətlərinə, həmçinin, nümunə götürmə, müayinə və sınaqların aparılması ilə bazara çıxarılmasına aid olduğu üçün “Fas Mazaik” əmtəə nişanlı mineral mozaika suvağı məhsulunun sertifikatlaşdırma işləri düzgün həyata keçirilməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 17 iyul 2021-ci il tarixi, 6/1596, 10/1654 nömrəli ekspertizası rəyindən görünür ki, ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur: 1. Mübahisə predmeti olan və divara vurulmuş mineral mozaika suvağı olan “FasMazaik 700” materialından qalmış iddiaçı tərəfindən təqdim olunan nümunənin kimyəvi tərkibi ilə (cavabdeh tərəfindən təqdim olunmuş materialın tərkibi də yoxlanılmaqla) üzərindəki göstərilən kimyəvi tərkibi eynidirmi, eyni deyilsə kimyəvi tərkibi arasında nə kimi uyğunsuzluq vardır? 2.Mübahisə predmeti olan və divara vurulmuş mineral mozaika suvağı “FasMazaik700” vurulan zaman istifadə qaydalarına əməl edilmişdirmi? 3. Cavabdeh tərəfindən istehsal edilən “FASMAZAİK” əmtəə nişanlı mineral mozaika suvağının Azərbaycan Respublikasında standartlaşdırma haqqında qanunvericiliyin tələblərinə əsasən standartları (uyğunluq) mövcuddurmu? 4. Cavabdeh tərəfindən istehsal edilən “FasMazaik” əmtəə nişanlı mineral mozaika suvağının iddiaçı tərəfindən fərdi yaşayış evində və həmin evin hasarlarında istifadəsi standartlara uyğun aparılmışdır? Tədqiqatın nəticəsində birinci və üçüncü suallar üzrə:Tədqiqata iddiaçı tərəfindən təqdim olunmuş nümunələr ilə cavabdeh tərəfindən təqdim olunmuş üzvi tərkiblərinə görə izoprendən (polimer), element tərkibinə görə, əsasən silisium (Si), alüminium (Al), kalsium (Ca), natrium (Na), titan (Ti), magnezium (Mg) və xrom (Cr) elementlərinin qeyri-üzvi birləşmələrindən ibarət olub kimyəbi tərkiblərinə görə eynidirlər. “FasMazaik” əmtəə nişanlı mineral mozaika suvağının AZS 034-98 “su əsaslı” (emulsiya əsaslı) son qat strukturlu boyaları” dövlət standartının tələblərinə uyğunluğunun yoxlanması nəticəsi olaraq AZS 034-98 dövlət standartı emulsiya əsaslı, son qat strukturlu boyalara, sinifləndirmə və xüsusiyyətlərinə, həmçinin, nümunə götürmə, müayinə və sınaqların aparılması ilə bazara çıxarılmasına aid olduğu üçün “FasMazaik” əmtəə nişanlı mineral mozaika suvağı məhsulunun sertifikatlaşdırma işlərinin düzgün yerinə yetirilməməsi barədə “Azərbaycan Standartlaşdırma İnstitutu”nun 14 aprel 2021-ci il tarixli məktubuna əsasən “FasMazaik” əmtəə nişanlı mineral mozaika suvağının Azərbaycan Respublikasında standartlaşdırma haqqında qanunvericiliyin tələblərinə əsasən AZS 034-98 standartlarına cavab vermədiyi müəyyən olunmuşdur. Mübahisə predmeti olan və divara vurulmuş mineral mozaika suvağının (“FasMazaik700”) vurulduğu zaman istifadə qaydalarına əməl olunub-olunmaması, eləcə də, həmin suvağın yaşayış evinə və hasarlarında istifadəsinin standartlara uyğun aparılıb- aparılmamasını müəyyən etmək tikinti-texniki ekspertinin səlahiyyətindən kənar olduğundan ikinci və dördüncü suallar üzrə tədqiqat aparılmamışdır. Aparılmış tikinti-texniki ekspertizasının və materialların məhkəmə ekspertizasının dəyəri 180 (bir yüz səksən) manat təşkil etmişdir. Məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, “hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur”. 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir; Məhkəmə araşdırması zamanı iddiaçı iddia etmişdir ki, “Fas Mazaik 300” və “Fas Mazaik 700” markalı dekorativ suvağın alınmasına 5651 (beş min altı yüz əlli bir) manat, evin fasadının və hasarın dekorativ subaqla suvanması üçün 210 (iki yüz on) manat ayaqaltıların quraşdırılmasına, dekorativ suvaqların yerləşdirildiyi qabların daşınmasına 80(səksən) manat, evin fasadının və hasarının suvanması üçün xidmət göstərən ustalara 3240 (üç min iki yüz qırx) manat vəsait sərf etmişdir. Lakin nəticəsdə evinin divarlarında və hasarında ləkələr yaranmış, nəticə onu qane etməmişdir. Bundan başqa, iddiaçı analitik mərkəzin rəyinin alınması üçün 150 (bir yüz əlli) manat, ümumilikdə 9331 manat vəsait sərf etmişdir. Buna görə də İddiaçı ona dəymiş 9331 manat maddi zərərin ödənilməsini tələb etmidir. İş materiallarında olan aktın məzmunundan görünür ki, iddiaçıda olan Cavabdeh istehsal etdiyi “FasMazaik” məhsulundan nümunə götürülərək boş divarın boyanması həyata keçirilib. Bir neçə gün sonra tarixində boyanmış səthə baxış keçirilmiş və heç bir qüsur aşkar edilməmişdir. Həmçinin iş materiallarında olan məhkəmə ekspertizası rəyindən məlum olur ki, tədqiqata iddiaçı tərəfindən təqdim olunmuş nümunələr ilə cavabdeh tərəfindən təqdim olunmuş nümunələr kimyəvi tərkiblərinə görə eynidirlər. Mübahisə predmeti olan və divara vurulmuş mineral mozaika suvağının (“FasMazaik700”) vurulduğu zaman istifadə qaydalarına əməl olunub-olunmaması, eləcə də, həmin suvağın yaşayış evinə və hasarlarında istifadəsinin standartlara uyğun aparılıb-aparılmamasını müəyyən etmək tikinti-texniki ekspertinin səlahiyyətindən kənar olduğundan “Cavabdeh tərəfindən istehsal edilən “FasMazaik” əmtəə nişanlı mineral mozaika suvağının iddiaçı tərəfindən fərdi yaşayış evində və həmin evin hasarlarında istifadəsi standartlara uyğun aparılmışdır?” və “Mübahisə predmeti olan və divara vurulmuş mineral mozaika suvağı “FasMazaik700” vurulan zaman istifadə qaydalarına əməl edilmişdirmi?” sualları üzrə tədqiqat aparılmamışdır. Göstərilənlərdən aydın olur ki, İddiaçı Cavabdehndən aldığı “Fas Mazaik 300” və “Fas Mazaik 700” markalı dekorativ suvağın keyfiyyəti ilə iddiaçının evinin fasadında və hasarında ləkələrin yaranması arasında səbəbli əlaqə müəyyən edilməmişdir. Beləliklə suvaq vurulan zaman onun istifadə qaydalarına əməl edilməmişdir. Beləliklə, iddia əsassızdır və təmin edilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Bundan başqa iddiaçı deliktlərin nəticəsi olaraq keçirdiyi mənəvi zərərə görə 100.000 (yüz min) manat məbləğində pul vəsaitinin cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir. Məhkəmə bununla bağlı aşağıdakıları qeyd edir: “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarateri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. Vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarının göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Həmin Qərаrındа Plenum izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Həmin Qərаrın 10-cu bəndində Plenum izah etmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Həmin Qərаrın 11-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1128.1-ci maddəsinə müvafiq olaraq malın, işin və ya xidmətin konstruksiya, resept və digər qüsurları (keyfiyyətsiz məhsul) nəticəsində, habelə mala (işə, xidmətə) dair yanlış və ya yarımçıq informasiya nəticəsində fiziki şəxsin həyatına, sağlamlığına və ya əmlakına dəyən zərərin əvəzini malın satıcısı və ya istehsalçısı, işi görmüş və ya xidməti göstərmiş şəxs (icraçı), təqsirli olubolmadığına və zərərçəkənin onlar ilə müqavilə münasibətlərində olub-olmadığına baxmayaraq ödəməlidirlər. Məhkəmələr nəzərə almalıdırlar ki, mənəvi zərər mənəvi sarsıntı və iztirabların əvəzinin ödənilməsinə yönəldildiyi üçün istehlakçıların hüquqları pozulduğu hallarda mənəvi zərərin məbləği malın (işin, xidmətin) dəyərindən deyil, istehlakçının məruz qaldığı mənəvi sarsıntı və ya iztirablardan asılı olaraq müəyyən edilməlidir. Məhkəmə araşdırması nəticəsində mülki hüquq pozuntusunun (deliktin) törədilməsi faktı öz təsdiqini tapmadığını nəzərə alaraq, məhkəmə hesab edir ki, mənəvi zərərin ödənilməsi ilə bağlı tələb əsassızdır vəə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Beləliklə məhkəmənin gəldiyi qənaətə görə İddiaçı Cavabdehnə qarşı “dəymiş ziyanın ödənilməsi”nə dair iddiası təmin olunmamalıdır. Məhkəmə xərcləri ilə bağlı məsələyə münasibət bildirərək, məhkəmə hesab edir ki, iddia rədd edildiyindən məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Belə ki, Mülki-Prosessual Məcəllənin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" Şirkətinə qarşı “dəymiş maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 180 (yüz səksən) manat İddiaçı tutulub dövlət büdcəsinə keçirilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar