Məhkəmə qərarları › İş №2(005)-1176/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1176/2024

24.05.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1176/2024 24.05.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Ramin Nizaməddin oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Cəfərov Davud Rauf oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, digər nümayəndəsi (oğlu) X3, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair ilkin, iddiaçılar Cavabdeh1, Cavabdeh2 cavabdeh İddiaçı qarşı mənzilə köçürülmə və pul tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 və Cavabdeh2 onun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 112.0 kv.m olan mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsinə dair barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 112.0 kv.m olan mənzil Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin xx.xx.2010-cu il tarixli, ********** nömrəli çıxarışa əsasən onun xüsusi mülkiyyətindədir. Cavabdeh1 onun qızı və oğlu Cavabdeh2 isə onun nəvəsidir. Qızı Cavabdeh1 1998-ci il tarixində rəsmi nikaha daxil olaraq daimi yaşamaq üçün Bakı şəhəri, Yasamal rayonu ərazisinə köçmüşdür. 2012-ci il tarixində qızının ərinin problemləri olduğu üçün qısa müddət ərzində onunla birlikdə yaşamasını xahiş etmiş, o da buna razılıq vermişdir. İşləri qaydasına düşdükdən sonra isə yenidən digər ünvana köçüb getmişlər. Artıq uzun müddətidir ki, ona məxsus sözügedən mənzildə yaşamırlar. Onların iddiaçının mülkiyyətində olan mənzildə pasport qeydiyyatı formal xarakter daşıyır. Dəfələrlə iddiaçının pasport qeydiyyatından çıxmağına dair xəbərdarlığına baxmayaraq bundan müxtəlif bəhanələr gətirərək yayınmışdırlar. Cavabdeh1 və Cavabdeh2 ona məxsus evdən pasport qeydiyyatından çıxarılmalarına dair ərizə ilə Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinə müraciət etmişdir. Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin xx.xx.2023-cü il tarixli, xx/xx-33117/11 nömrəli məktubu ilə bildirilmişdir ki: “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin tələbinə əsasən qeydiyyatda olan şəxslərin qeydiyyatdan çıxarılmaları üçün yeni yaşayış yerinə, qeydiyyata düşməsi barədə məlumat, istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı və s. sənədlər tələb olunur.” Son olaraq qeyd edir ki, ünvan 1 ünvanında yerləşən mənzilin üzərində onun qanuni əsaslarla mülkiyyət hüququ mövcuddur. Məhz cavabdehlərin onun mənzilində pasport qeydiyyatında qalmaları Azərbaycan Respublikası Konstitusiyası ilə ona verilən və dövlət tərəfindən qorunan mülkiyyət hüququnu pozur və iddiaçı həmin hüququnu həyata keçirə bilmir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 iddia ərizəsinə etiraz ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, ünvan 2 ünvanı alınandan Cavabdeh1 və Cavabdeh2 qeydiyyatda olaraq yaşayırlar. Həmin mənzil Cavabdeh1 ata evidir. Cavabdeh2 isə Cavabdeh1 oğludur. İddiaçı isə Cavabdeh1 anasıdır. İddiaçı öyrədərək bu şeylərin edilməsinə məcbur edən X1dur. X7 da başqa ünvanda yoldaşının adına mənzil olmasına baxmayaraq mübahisəli mənzildə yaşayırlar. X7 mübahisəli mənzilin qapı açarını dəyişərək Cavabdeh1 və Cavabdeh2 mənzilə buraxmır. Həmin mübahisəli mənzildən başqa Cavabdeh1 və Cavabdeh2 yaşamağa yeri yoxdur. Hazırda mübahisəli mənzilə Cavabdeh1 və Cavabdeh2 buraxmadıqlarına görə, Cavabdeh1 və Cavabdeh2 həmin ərazidə yaxın tanışın evində ayı 750 manata kirayə qalırlar. Mübahisəli mənzil cavabdehlər Cavabdeh1 ata evi və yeganə yaşayış evi olduğundan mənzilə aid istifadə hüququnun itrilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 kompensasiya verilməklə icra edilməlidir. Bakı şəhəri, Nərimanov rayonu, Ə.Orucəliyev küçəsi, ev 9/12 ünvanı ətrafında üç otaqlı yaxşı təmirli mənzilin kirayə haqqı 750-800 manatdır. Bakı şəhəri, Nərimanov rayonu, Ə.Orucəliyev küçəsi, ev 9/12 ünvanı ətrafında üç otaqlı yaxşı təmirli mənzilin üç illik kirayə haqqı 28.800,00 manatdır. Buna görədə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzilə istifadə hüququna xitam verilməsi üçün 28.800,00 manat konpensasiya verməlidir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, ünvan 1 ünvanı alınandan Cavabdeh1 və Cavabdeh2 qeydiyyatda olaraq yaşayırlar. Həmin mənzil Cavabdeh1 ata evidir. Cavabdeh2 isə Cavabdeh1 oğludur. İddiaçı isə Cavabdeh1 anasıdır. İddiaçı öyrədərək bu şeylərin edilməsinə məcbur edən X1dur. X7 da başqa ünvanda yoldaşının adına mənzil olmasına baxmayaraq mübahisəli mənzildə yaşayırlar. X7 mübahisəli mənzilin qapı açarını dəyişərək Cavabdeh1 və Cavabdeh2 mənzilə buraxmırlar. Həmin mübahisəli mənzildən başqa Cavabdeh1 və Cavabdeh2 yaşamağa yeri yoxdur. Halhazırda mübahisəli mənzilə Cavabdeh1 və Cavabdeh2 buraxmadıqlarına görə, Cavabdeh1 və Cavabdeh2 həmin ərazidə yaxın tanışın evində ayı 750 manata kirayə qalırlar. Qarşılıqlı idda üzrə iddiaçı Cavabdeh1 atası sağlığında, iddiaçı Cavabdeh1 ev almaq üçün banka 10.000,00 dollar pul qoymuşdur ki, bu mübahisəli mənzildən, iddiaçı Cavabdeh1 aid istifadə hüququn itrilməsinə görə veriləcək kompensasiyanıda düzəldərək, əlavə edərək iddiaçı Cavabdeh1 ev alınsın. Lakin qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı həmin 10.000.00 dolları bankdan çıxararaq X1na torpaq almışlar. X1 məhkəmə hazırlıq iclasında nümayəndə qismində iştirak edərk izahat verərkən, məhkəmə iclasında bu halı təsdiqlədi. Qarşılıqlı idda üzrə iddiaçılar Cavabdeh1 və Cavabdeh2 qarşılıqlı idda üzrə cavabdeh İddiaçı mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 112 kv.m olan mənzilə köçürülmələri təmin edilməli və cavabdeh İddiaçı mənzilə aid kompensasiyadan əlavə xərcədiyi 10000 dolları qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 ödəməlidir. İddiaçı nümayəndəsi və vəkili Vəkil1 qarşılıqlı iddiaya etiraz ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, ilkin iddia üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 vəkili tərəfindən qarşılıqlı iddia təqdim edilərək cavabdehlərin ilkin İddia üzrə İddiaçıya məxsus mənzilə köçürülmələri və İlkin iddia üzrə iddiaçıdan 10000 ABŞ dolları və 100 manat rüsum tutularaq ödənilməsi barədə ərizə məhkəməyə təqdim edilmişdir. Qarşılıqlı iddia çəkişmə prinsipinə zidd olaraq sonuncu hazırlıq iclasında təqdim edilmiş və həmin hazırlıq iclasından birbaşa baxış iclası təyin edildiyi üçün etiraz təqdim edilə bilməmişdir. Qarşılıqlı iddianı aşağıdakı əsaslara görə qəbul etmirlər: 1. Cavabdehler öz qarşılıqlı iddia ərizələrində qeyd edirlər ki, yaxın tanışın evində aylıq 750 manata kirayə qalırlar. Əvvəla cavabdehlərin qeyd olunan məbləği ödəməyi maddi imkanları vardırsa, deməli onlara hər hansı kompensasiya ödənilməsinə ehtiyac yoxdur. 2. Cavabdehlərin 10000 ABŞ dolları məbləğində tələblərinə gəldikdə isə bir daha qeyd edirlər ki, 2011-ci ildə iddiaçının oğlu, cavabdeh lihamə Əsadovanın qardaşı Süleyman Süleymanovun evlənməsi ilə əlaqədar atası Əziz Süleymanovun dostu olan Siyamfəz adlı şəxs tərəfindən ona torpaq sahəsi hədiyyə edilmişdir. Daha sonra Əziz Süleymanov oğluna hədiyyə verilən əmlakı Masazırda yerləşən 1 otaqlı evlə dəyişdirmiş və dəyişdirmənin müqabilində əlavə olaraq 6000 manat borcu qalmışdır. Həmin yaşayış evi Cavabdeh1 təklif edilmişdir. Lakin cavabdeh həmin evi istəməmiş və qəbul etməkdən imtina etmişdir. Bu səbəbdən Əziz Süleymanov evi qaytarmış və bunun müqabilində 9600 manat pulu geri almışdır. Daha sonra Əziz Süleymanov həmin vəsaiti banka depozitə qoymuş, bir müddət sonra isə öz şəxsi ehtiyacları ilə əlaqədar bankdan geri götürmüş və xərcləmişdir. Beləliklə, sözügedən mənzil cavabdeh tərəfindən qəbul edilməmiş, daha sonra isə Əziz Süleymanov həmin mənzili geri qaytararaq pulu öz şəxsi ehtiyaclarına xərcləmişdir. Beləliklə, cavabdehə təklif olunan mənzil əslində Əziz Süleymanovun oğlu, cavabdehin qardaşı Süleyman Süleymanova hədiyyə verilən əmlak hesabına alınmışdır. Lakin cavabdeh həmin əmlakdan bağışlama baş tutmamış imtina etmiş, beləliklə bağışlama müqaviləsi bağlanmamışdır. Cavabdeh1 ilə mərhum Əziz Süleymanov arasında baş tutmamış bağışlama müqaviləsinə görə iddiaçının hər hansı öhdəliyi müəyyən edilə bilməz. İddiaçının həmin məsələlərə heç bir aidiyyəti yoxdur. Bundan başqa mərhum 2006-cı ildə Əziz Süleymanov ona məxsus Yasamal rayonunda yerləşən fərdi yaşayış evini 21000 ABŞ dollarına satmış, 4 uşağın arasında bölmüş, o cümlədən cavabdehə 5000 ABŞ dolları pul vermişdir. Əziz Süleymanov bu məbləğə ev almaları və evin ilkin ödənişini etmələri məqsədilə cavabehə vermişdir. Həmin pulu Cavabdeh1 həyat yoldaşı cavabdehdən almış və iş qurması məqsədilə öz qardaşına vermişdir. Cavabdeh1 həyat yoldaşının qardaşı həmin pulu indiyədək geri qaytarmamışdır. Bundan başqa Süleyman Süleymanov tərəfindən də cavab Cavabdeh1 oğlunun təhsil xərcləri ilə əlaqədar 1000 manat pul verilmişdir. Beləliklə, Cavabdeh1 ilə mərhum atası arasında olan baş tutmamış bağışlama müqaviləsinə görə İddiaçı hər hansı öhdəliyi müəyyən edilə bilməz və ona qarşı tələb irəli sürmək üçün hər hansı hüquqi əsas mövcud deyil. Eyni zaman işində halları ilə bağlı aşağıdakıları qeyd etməliyik: 1. Cavabdeh 1998-ci ildə ailə həyatı quraraq öz həyata yoldaşı və övladı ilə başqa mənzildə yaşamışdır. Lakin həyat yoldaşının problemləri ilə əlaqədar 2012-ci ildə iddiaçıya məxsus evə müvəqqəti olaraq köçmüş və qeydiyyata düşmüşdür. 3 il əvvəl isə yenidən başqa yerə köçərək orda yaşamağa başlamışdır. Beləliklə cavabdehlər məznildən istifadəyə dair hüquqlarını itirmişdirlər. 2. Bildirirlər ki, ümumiyyətlə indiki halda cavabdehin başqa yaşayış yeri olduğu üçün onlar kompensasiya ödənilməsi barədə tələbi əsassız hesab edirlər. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2016-cı il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Bu maddənin müddəaları baxımından Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Hazırda cavabdehlər başqa mənzilə könüllü olaraq köçdükləri və 750 manat ödəyərək yaşaya bildikləri üçün üçün həmin ehtiyac aradan qalxmışdır. Cavabdehlər öz qarşılıqlı iddialarında 750 manat aylıq kirayə haqqı ödəyə bildiklərini özləri etiraf etmiş, mübahisə predmeti olan mənzildən isə könüllü getmədiklərini sübut edə bilməmişdirlər. İddianın sonuncu dəfə həmin mənzildən köçdükdən illər sonra verilməsi özü də sübut edir ki, cavabdehlər mənzildən könüllü şəkildə köçmüş, bu illər ərzində yaşamaya mənzilləri olmuşdur. Onların bu illər ərzində yaşamağa yerləri olmasa idi bu iddianı daha əvvəl verərdilər. Bunun əksini cavabdehlər məhkəmə iclasında sübut edə bilməmişdirlər. Halbuki, mülki prosesdə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 3. Cavabdeh2 isə bu barədə ümumiyyətlə iddia qaldırmaq hüququ yoxdur. Belə ki, Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri,arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Beləliklə nənə İddiaçı yetkinlik yaşına çatmış nəvə Cavabdeh2 mənzildən istifadə hüququna xitam verilməsi üçün kompensasiya ödəmək vəzifəsi qanunla müəyyən edilməmişdir. 4. Həmçinin məhkəməyə məlumdur ki, iddiaçının 15000 manat kompensasiya təklifinə isə cavabdehlərin vəkili etiraz etmiş və həmin məbləği qəbul etməmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil1 izahat ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, hazırkı iddiaya aidiyyəti olmasa da, Cavabdeh1 vəkili tərəfindən bundan əvvəlki hazırlıq iclasında mübahisələndirildiyi üçün iddiaçıda cavabdehə məxsus digər pulların olması və iddiaçı tərəfindən ödənilməsi tələbi ilə bağlı aşağıdakılar qeyd edilməldir: 1. 2011-ci ildə iddiaçının oğlu, cavabdeh İlhamə Əsadovanın qardaşı Süleyman Süleymanovun evlənməsi ilə əlaqədar atası Əziz Süleymanovun dostu olan Siyamfəz adlı şəxs tərəfindən ona torpaq sahəsi hədiyyə edilmişdir. Daha sonra Əziz Süleymanov oğluna hədiyyə verilən əmlakı Masazırda yerləşən 1 otaqlı evlə dəyişdirmiş və dəyişdirmənin müqabilində əlavə olaraq 6000 manat borcu qalmışdır. Həmin yaşayış evi Cavabdeh1 təklif edilmişdir. Lakin cavabdeh həmin evi istəməmiş və qəbul etməkdən imtina etmişdir. Bu səbəbdən Əziz Süleymanov evi qaytarmış və bunun müqabilində 9600 manat pulu geri almışdır. Daha sonra Əziz Süleymanov həmin vəsaiti banka depozitə qoymuş, bir müddət sonra isə öz şəxsi ehtiyacları ilə əlaqədar bankdan geri götürmüş və xərcləmişdir. Beləliklə, sözügedən mənzil cavabdeh tərəfindən qəbul edilməmiş. daha sonra isə Əziz Süleymanov həmin mənzili geri qaytararaq pulu öz şəxsi ehtiyaclarına xərcləmişdir. Beləliklə, cavabdehə təklif olunan mənzil əslində Əziz Süleymanovun oğlu, cavabdehin qardaşı Süleyman Süleymanova hədiyyə verilən əmlak hesabına alınmışdır. Lakin bağışlama baş tutmamış, beləliklə bağışlama müqaviləsi bağlanmamışdır. Cavabdeh lihamə Əsədova ilə mərhum Əziz Süleymanov arasında baş tutmamış bağışlama müqaviləsinə görə iddiaçının hər hansı öhdəliyi müəyyən edilə bilməz. İddiaçının həmin məsələlərə heç bir aidiyyəti yoxdur. 2. Bundan başqa mərhum 2006-cı ildə Əziz Süleymanov ona məxsus Yasamal rayonunda yerləşən fərdi yaşayış evini 21 000 ABŞ dollarına satmış, 4 uşağın arasında bölmüş, o cümlədən cavabdehə 5000 ABŞ dolları pul vermişdir. Əziz Süleymanov bu məbləğə ev almaları və evin ilkin ödənişini etmələri məqsədilə cavabehə vermişdir. Həmin pulu cavabdeh lihamə Əsədovanın həyat yoldaşı cavabdehden almış və iş qurması məqsədilə öz qardaşına vermişdir. Cavabdeh1 həyat yoldaşının qardaşı həmin pulu indiyədək geri qaytarmamışdır. 3. Bundan başqa Süleyman Süleymanov tərəfindən də cavab Cavabdeh1 oğlunun təhsil xərcləri ilə əlaqədar 1000 manat pul verilmişdir. Eyni zaman işində halları ilə bağlı aşağıdakıları qeyd etməliyik: 1. Cavabdeh 1998-ci ildə ailə həyatı quraraq öz həyata yoldaşı və övladı ilə başqa mənzildə yaşamışdır. Lakin həyat yoldaşının problemləri ilə əlaqədar 2012-ci ildə İddiaçıya məxsus evə müvəqqəti olaraq köçmüş və qeydiyyata düşmüşdür. 3 il əvvəl isə yenidən başqa yerə köçərək orda yaşamağa başlamışdır. 2. Cavabdehin vəkili tərəfdindən məhkəmə hazırlıq iclasında mənzildən istifadə hüququna xitam verilməsi müqabilində aylıq 700 manat hesablanmaqla 36 ay müddətində kompensasiya verilməsi tələb edilmişdir, Bildiririk ki, ümumiyyətlə indiki halda cavabdehin başqa yaşayış yeri olduğu üçün onlar kompensasiya ödənilməsi barədə tələbi əsassız hesab edirlər. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2016-cı il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Bu maddənin müddəaları baxımından Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilmesi kompensasiya ödəmədən mümkündür. Hazırda cavabdehlər başqa mənzildə yaşadıqları üçün həmin ehtiyac aradan qalxmışdır. 3. Ailə münasibətlərini qorumaq məqsədilə cavabdehin qardaşı və iddiaçının oğlu Süleyman Süleymanov işin məhkəmədən kənar həlli üçün cavabdehə 15000 manat pul təklif etmişdir. Onlar bu təklifi cavabdehin vəkilinə məhkəmə iclasından bir həftə öncə bildirmişlər. Onlar hesab edirlər ki, bu məbləğ 36 ay müddətinə 400 manatın ödənilməsi deməkdir. Cavabdehin 700 manat kirayə haqqı tələbinə gəldikdə isə qeyd edilməldir ki, iddiaçıya məxsus 3 otaqlı evdə iddiaçıdan başqa 6 nəfər qeydiyyatdadır. Hər bir cavabdehə münasibətdə bu qədər kompensasiya ödənilməsinin iddiaçıya öhdəlik kimi qoyulması iddiaçının mülkiyyət hüququnu ciddi şəkildə pozacaqdır. Həmin məbləğlərin cəmi mənzilin ümumi dəyərinin yarısından da artıq olacaqdır. 4. İddiaçı məhkəmə iclasında öncə onunla bir daha əlaqə saxlayaraq vəkili olaraq ona bildirmişdir ki, cavabdeh oğlu tərəfindən verilən təklifi qəbul etmədiyi və iş məhkəmə baxılmağa qəbul edildiyi halda o, iddiasını müdafiə edəcək və müvafiq kompensasiya ödənilmədən mənzildən istifadə hüququna xitam verilməsini məhkəmədən xahiş edəcəkdir. İddiaçı məhkəmə iclasında iştirak edərək iddia tələbini müdafiə etdiyini bildirmiş və təmin olunmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi (oğlu) X7 məhkəmə iclasında iştirak etmiş, cavabdehi evdən qovmadıqlarını və kompensasiya ödəməyə hazır olduqlarını bildirmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 məhkəmə prosesində iştirak etmiş, cavabdehin sözügedən mənzildən özünə məxsus olan payı tələb etdiyini, cavabdehə kompensasiya verildiyi halda onun evin satılmasına etiraz etməyəcəyini bildirmiş, ilkin iddianın rədd olunması və qarşılıqlı iddianın təmin olunmasını xahiş etmişdir. Mülki Prosessual Məcəllənin 185.5-ci maddələrinə əsasən məhkəmə digər cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişir. Məhkəmə təqdim edilmiş sübutları araşdırıb, tərəflərin izahatını dinləyib, mülki işin materiallarını tədqiq edib hesab edir ki, ilkin və qarşılıqlı iddia tələbləri qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə araşdırması zamanı tədqiq edilmiş: Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli cavab məktubuna əsasən İddiaçı tərəfindən ünvanlanmış qeydiyyatdan çıxarma barədə müraciətin həyata keçirilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri yanında Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən verilmiş xx.xx.2010-cu il tarixli, ******* seriyalı Çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən mənzil tam mülkiyyət üzrə İddiaçı məxsusdur. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən verilmiş ******* nömrəli arayışa görə xx.xx.1981-ci il təvəllüdlü X7, eləcə də xx.xx.1999-cu il təvəllüdlü Cavabdeh2, xx.xx.2010-cu il təvəllüdlü X6, xx.xx.1930-cu il təvəllüdlü X8, xx.xx.1942-ci il təvəllüdlü İddiaçı, xx.xx.1968-ci il təvəllüdlü Cavabdeh1, xx.xx.1985-ci il təvəllüdlü X2 və xx.xx.1947-ci il təvəllüdlü X14 ünvan 1 ünvanında qeydiyyatdadırlar. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən verilmiş ******* nömrəli arayışa görə xx.xx.1942-ci il təvəllüdlü İddiaçı, eləcə də xx.xx.1999-cu il təvəllüdlü Cavabdeh2, xx.xx.2010-cu il təvəllüdlü X6, xx.xx.1981-ci il təvəllüdlü X7, xx.xx.2016-cı il təvəllüdlü X8, xx.xx.1942-ci il təvəllüdlü İddiaçı, xx.xx.1968-ci il təvəllüdlü Cavabdeh1, xx.xx.1985-ci il təvəllüdlü X2 və xx.xx.1947-ci il təvəllüdlü X14 ünvan 1 ünvanında qeydiyyatdadırlar. Bakı şəhəri İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən İddiaçı verilmiş 005164 nömrəli, xx.xx.2004-cü il tarixli orderdən görünür ki, A.Orucəliyev küçəsi ev 9/12, mənzil 35 ünvanında onun özü, Cavabdeh1 və X3 yaşamaq hüquqları mövcuddur. "xxxx" MTK tərəfindən verilmiş xx.xx.2010-cu il tarixli maliyyə arayışından görünür ki, ünvan 5 ünvanında yerləşən kooperativ yaşayış binasının 1-ci giriş, 13-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 66.4 kv.m olan 3 otaqlı, 35 saylı mənzilin pay dəyəri 19330 (on doqquz min üç yüz otuz) manat İddiaçı tərəfindən tam ödənilmişdir. "xxxx" MTK tərəfindən verilmiş xx.xx.2010-cu il tarixli arayışdan görünür ki, A.Orucəliyev küçəsi, 9/12 nömrəli evin, 13-cü mərtəbəsində yerləşən 66.4 kv.m yaşayış sahəsi olan 3 otaqlı 35 nömrəli mənzilində İddiaçı. X9, Cavabdeh1 və X7 qeydiyyatdadırlar. X8, Cavabdeh1 və X7 tərəfindən verilmiş xx.xx.2010-cu il tarixli ərizələrdən görünür ki, onlar A.Orucəliyev küçəsi ev 9/12, mənzil 35 ünvanında yerləşən mənzilin İddiaçı adına özəlləşdirilməsinə etiraz etmirlər. Beləliklə məhkəmə araşdırması zamanı müyyən edilən mübahisəsiz hallara əsasən Cavabdeh1 İddiaçı qızı, Cavabdeh2 isə nəvəsidir(Cavabdeh1 oğlu). Bakı şəhəri İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən İddiaçı verilmiş 005164 nömrəli, xx.xx.2004-cü il tarixli orderə əsasən ünvan 6 ünvanında onun, Cavabdeh1 və X3 yaşamaq hüquqları mövcud olmuş, daha sonra həmin mənzil hüquq sahiblərinin ərizəsi ilə İddiaçı adına özəlləşdirilmişdir. Hazırda həmin mənzil İddiaçı xüsusi mülkiyyətindədir. Cavabdeh1 və Cavabdeh2 həmin mənzildə qeydiyyatdadır. Cavabdehlər ədalətli kompensasiya veriləcəyi təqdirdə mənzilə olan istifadə hüquqlarının itirilməsinə etiraz etməyəcəklərini, evin satılmasına razılıq verəcəyini bildirmişdir. İddiaçının isə cavabdehlərə kompensasiya verilməklə mənzilə istifadə hüququnun itirilməsi barədə tələbi olmamışdır. İlk iddia üzrə iddiaçı onu mübahisələndirir ki, cavabdehlərin mübahisəli mənzilə dair istifadə hüquqları ona görə itirilməlidir ki, uzun müddətdir ki, cavabdehlər həmin mənzildə yaşamırlar, qızının nikahı pozulandan sonra o kirayədə yaşayır, onların qeydiyyatı formal xarakter daşıyır. Qarşılıqlı iddia üzrə iddiaçılar onu mübahisələndirir ki, İddiaçı mənzilin açarını dəyişdirdiyi üçün onlar həmin mənzilə daxil ola bilmirlər. Onların yaşamağa yeri yoxdur, bu mənzil atasından qalıb, tərəflərin arasında münasibətləri pozan X4r. Qarşılıqlı idda üzrə iddiaçı onu da mübahisələndirir ki, Cavabdeh1 atası sağlığında, iddiaçı Cavabdeh1 ev almaq üçün banka 10.000,00 dollar pul qoymuşdur, bu mübahisəli mənzildən, iddiaçı Cavabdeh1 aid istifadə hüququn itrilməsinə görə veriləcək kompensasiyanıda düzəldərək, əlavə edərək iddiaçı Cavabdeh1 ev alınsın. Lakin qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı həmin 10.000 ABŞ dolları bankdan çıxararaq X1na torpaq almışlar. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə məhkəmənin qiymət verəcəyi mübahisə belədir: İlk növbədə ünvan 6 ünvanında yerləşən mənzilə Cavabdeh1 və Cavabdeh2 istifadə hüququnun olub-olmaması müəyyən edilməli, bu müəyyən edildikdən sonra qarşılıqlı iddia tələbi üzrə iddiaçıların həmin mənzilə köçürülməsinə qiymət verilməli, qarşılıqlı iddia üzrə pul tələbinə isə ayrıca qiymət verilməlidir. Məhkəmə qeyd edir ki, formalaşmış məhkəmə təcrübəsinə görə yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri və digər ailə üzvləri arasında həmin sahədən istifadə hüququ ilə bağlı məsələlər həll edilərkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Mülki Məcəllənin 228-ci maddəsinin, həmin tarixdən sonra isə qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Mülkiyyət hüququnun məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdən biridir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı üçün zəruri şərtdir. Bununla belə, qeyd olunan hüququn əhəmiyyətinə baxmayaraq, o mütləq deyil və məhdudlaşdırıla bilər. Nəzərə almaq lazımdır ki, mülkiyyət insanın xüsusi maraqlarının həyata keçirilməsində vacib funksiya daşımaqla yanaşı, Konstitusiyanın 15-ci maddəsinin məzmununa əsasən, sosial yönümlü dövlətdə həm də mühüm sosial funksiyaya malikdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107- 2.1 və 107-5.1-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2011-ci il tarixli Qərarı). Burada həmçinin nəzərə almaq lazımdır ki, Konstitusiyada mülkiyyət hüququ təsbit edilməklə yanaşı, onun ümumi və xüsusi məhdudiyyətlərinin hədləri də müəyyən olunmuşdur (Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsi, 29-cu maddəsinin İİ hissəsi, 71ci maddəsinin İİ hissəsi və “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3.3-cü maddəsi). Belə ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusiya hüququnun mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusiya əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. Vətəndaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısı dövlətin sosial sahədə konstitusiya məqsədləri sırasında göstərilməsi və Konstitusiyada heç kəsin yaşadığı mənzildən qanunsuz məhrum olunmasının mümkünsüzlüyünün müəyyən edilməsi mənzil münasibətləri sahəsində dövlətin siyasətinin vacibliyinə və konstitusiya əhəmiyyətli olduğuna dəlalət edir. Buna görə, konstitusiya əsasları olan dövlətin mənzil siyasəti üzrə qəbul edilən qərarlar Konstitusiyadan irəli gələn şərtlərə riayət olunmaqla, mülkiyyət hüququnun məhdudlaşdırılması üçün əsas kimi çıxış edə bilər. Lakin hər bir halda belə məhdudiyyət qarşıya qoyulmuş məqsədə ağlabatan şəkildə mütənasib olmaqla mülkiyyətçinin üzərinə fərdi və həddən artıq yük qoymamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” 21 dekabr 2012-ci il tarixli Qərarı). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təsbit olunan mülkiyyət hüququ üzrə oxşar hüquqi mövqelər ifadə etmişdir. Belə ki, Məhkəmənin presedent hüququna əsasən, 1 saylı Protokolun 1-ci maddəsinin birinci və ən mühüm tələbi ondan ibarətdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən istənilən müdaxilə qanuni olmalıdır. Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun. Konvensiya tərəfindən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə legitim məqsəd daşımalıdır. 1 saylı Protokolun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur. Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir. Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, ... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır (Broniovski Polşaya qarşı iş üzrə Böyük Palatanın 2004-cü il 22 iyun tarixli Qərarı, §147- 148, 150; Skordino İtaliyaya qarşı iş üzrə Böyük Palatanın 2006-cı il 29 mart tarixli Qərarı, § 93). Bu hüquqi mövqelərə əsaslanaraq qeyd olunmalıdır ki, yaşayış sahəsinə mülkiyyət hüququnun qanunverici tərəfindən tənzimlənməsi yaşayış sahəsinin mülkiyyətçisinin ailə üzvləri də daxil olmaqla müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu konstitusiya məqsədinə çatmaq üçün belə tənzimləmə həm də məhkəmələr tərəfindən konkret işin faktiki hallarının müəyyənləşdirilməsi və araşdırılması, bu halların əsasında yaranan və ya yarana biləcək müxtəlif halların nəzərə alınması və nəticə etibarilə konstitusiya hüquq və azadlıqlarının əsassız və həddən artıq məhdudlaşdırılmaması məqsədilə differensasiyalaşdırılmış (fərqli) yanaşmanın tətbiq edilməsini mümkün etməlidir. Bundan əlavə, müvafiq hüquq münasibətlərinin iştirakçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırılması qüvvədə olan hüquqi tənzimetmə sisteminin əsasında, bütün hüquq sahələrinin normaları nəzərə alınmaqla həyata keçirilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 8 oktyabr 2013-cü il tarixli Qərarı). Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli Qərarında Mülki Məcəllədə “istifadə” sözünün mahiyyətcə müxtəlif institutlarla bağlı müddəalarda geniş şəkildə işlədilməsini qeyd edərək, “istifadə hüququ” ifadəsinin əmlak hüquqlarının hər hansı bir növünü deyil, müəyyən bir hüququn həyata keçirilmə şəklini (formasını) ifadə etdiyini göstərmişdir. Həmin Qərarda həmçinin qeyd olunmuşdur ki, Mülki Məcəllənin 228-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə etmək səlahiyyətini təmin edən hüquq, mülki qanunvericilikdə məhdud əşya hüquqlarına dair nəzərdə tutulan bütün xüsusiyyətləri özündə əks etdirdiyinə görə, məhdud əşya hüququdur. Bu hüququn hansı növ məhdud əşya hüququ olduğunun müəyyən edilməsi məsələsinə gəldikdə isə Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Mülki Məcəllənin 228-ci maddəsində nəzərdə tutulan hüquq mahiyyət etibarilə servitutdur. Azərbaycan Respublikasının mülki qanunvericiliyinə görə, servitut bir qayda olaraq daşınmaz əşyanın digər daşınmaz əşya mülkiyyətçisinin xeyrinə elə yüklü edilməsidir ki, bu zaman, servitut sahibi öz mülkiyyətində olan daşınmaz əşyasından başqa daşınmaz əşyanın servitutla yüklü hala gəlməsi hesabına istifadə etməkdə güzəşt və üstün imkanlara malik olur (Mülki Məcəllənin 255.1 və 255.6-cı maddələri). Bunun tək istisnası, Mülki Məcəllənin 255.8-ci maddəsində nəzərdə tutulan şəxsi servitutdur. Mülki Məcəllənin 255.8-ci maddəsinin məzmununa görə, servitut, başqasının mülkiyyətində olan yaşayış evinin bir hissəsinin və ya hamısının müəyyən bir şəxsin xeyrinə yüklü edilməsi yolu ilə də yarana bilər və bu zaman servitut sahibi həmin evdən özü və ailəsi üçün yaşayış sahəsi kimi istifadə edə bilər. Şəxsi servitut, istər yaranma şərtləri, istər üçüncü şəxslərə qarşı irəli sürülmə, istərsə də özgəninkiləşdirilməsinin yolverilməzliyi və s. bu kimi xüsusiyyətləri baxımından daşınmaz əşyanın mülkiyyətçisi xeyrinə olan servitutlardan fərqlənmir. Şəxsi servitut müəyyən şəxsin mövcud maraqlarından irəli gələn real ehtiyacını qarşılamaq məqsədilə təsis olunur və başqa şəxslərə verilmir. Şəxsi servitut müqavilə azadlığı və mülkiyyət hüququnun predmeti barəsində mülkiyyətçinin sərbəst sərəncam vermə azadlığına sahib olması nöqteyi-nəzərindən yalnız mülkiyyətçinin ailə üzvləri üçün deyil, istənilən fiziki şəxslər üçün Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində nəzərdə tutulan qaydalar çərçivəsində təsis edilə bilər. Bu maddələrə əsasən, əldə olunan istifadə hüququ öz sahibinə yalnız aid olduğu yaşayış sahəsindən şəxsi ehtiyacını qarşılamaq imkanını təmin edir (yaşayış sahəsindən fayda götürmək, yəni əvəzli olaraq başqalarının istifadəsinə vermək imkanını təmin etmir). Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ olan şəxs, mülkiyyətçi də daxil olmaqla istənilən şəxsdən həmin yaşayış binasına olan hüququnun pozulmasını aradan qaldırmağı tələb edə bilər. Bu hüquq başqa şəxslərə özgəninkiləşdirilə bilməz və vərəsəlik qaydasında vərəsələrə keçmir. Qeyd olunan xüsusiyyətlər onu göstərir ki, Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində nəzərdə tutulan “istifadə hüququ” Mülki Məcəllənin 255.8-ci maddəsində nəzərdə tutulan şəxsi servitutla eyni hüquqi mahiyyətə malikdir. Bu nəticəni Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 8 oktyabr 2013-cü il tarixli Qərarına əsasən faktiki qüvvədən düşmüş Mülki Məcəllənin 228.5-ci maddəsinə də aid etmək olar. Həmin maddədə nəzərdə tutulan "istifadə hüququ"nun qüvvədə olan mülki qanunvericilikdə nizamlanan şəxsi servitutdan tək fərqi mahiyyət baxımından deyil, sırf əmələ gəlmə forması baxımındandır. Belə ki, Mülki Məcəllənin 228.5-ci maddəsində nəzərdə tutulan "istifadə hüququ" notariat qaydasında müqavilə bağlanılmadan, başqa sözlə, yaşayış sahəsi mülkiyyətçisinin iradəsi xaricində və reyestrdə qeydiyyat aparılmadan yaranırdı. Bu maddənin məzmununa görə ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi üçün iki təməl şərt tələb olunur: - yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi ilə birgə yaşayan şəxslərlə onun arasında etibarlı ailə əlaqələrinin mövcudluğu. Bununla bağlı Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” 27 oktyabr 2008-ci il tarixli Qərarında göstərilmişdir ki, mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilədən deyil, onunla etibarlı ailə əlaqələri əsasında yaranır; - yaşayış sahəsinə olan ehtiyacını bu mülkiyyətçinin evindən istifadə etməklə qarşılamaq məcburiyyətində olması. Belə ki, Mülki Məcəllənin 228.5-ci maddəsinin məzmununa müvafiq olaraq, yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Bu əsaslar aradan qalxdığı andan mülkiyyətçinin iradəsinə zidd olaraq yaşayış sahəsindən keçmiş ailə üzvünün istifadə etməsi hüquqi cəhətdən əsassız olar. Belə ki, hər hansı bir hüququ əmələ gətirən əsasın aradan qalxması həmin hüququn xitamı ilə nəticələnir. Mülki Məcəllənin 228.5-ci maddəsində istifadə hüququnun mahiyyət etibarilə servitut olduğu nəzərə alınaraq qeyd olunmalıdır ki, bu hüququn kompensasiya ödəmədən xitamı zamanı Mülki Məcəllənin "Servituta xitam verilməsi" adlanan 262-ci maddəsinin müddəalarının analogiya üzrə tətbiq edilməsi mümkün sayılmalıdır. Qeyd olunmalıdır ki, müraciətdə qaldırılan məsələnin həlli zamanı məhkəmə təcrübəsində qanunun analogiyası üzrə tətbiq edilən Mənzil Məcəlləsinin 82.3-cü maddəsinin deyil, məhz Mülki Məcəllənin 262-ci maddəsinin müddəalarının tətbiqi bu institutun mahiyyətindən irəli gəlir. Belə ki, qanunun analogiya üzrə tətbiqi zamanı hüquq münasibətləri arasında əhəmiyyətli oxşarlıq olmalıdır. Məhz bu cür əhəmiyyətli oxşarlıq (eynicinslik) həmin münasibətlərdən birini tənzimləyən hüquq normasının analogiya üzrə digər münasibətlərə də tətbiqini mümkün edir. Buna görə, oxşar hüquq norması eyni hüquq institutunda, hüquq yarımsahəsində və sahəsində axtarılmalıdır. Mülki Məcəllənin 262.2-ci maddəsinə əsasən, yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Burada nəzərə almaq lazımdır ki, Mülki Məcəllənin 262.2-ci maddəsinin mənasına görə, Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququnun həyata keçirilməməsi öz-özlüyündə (müstəqil olaraq) həmin hüququn xitamı üçün əsas deyil. Lakin uzun müddət ərzində və davamlı olaraq bu hüquqdan könüllü istifadə edilməməsi servitutun qoyulduğu əsasların aradan qalxdığı faktının müəyyən olunması üçün xüsusi əhəmiyyət daşıyır. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, məhkəmələr Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verərkən hər bir halda müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığını gözləyərək, konstitusiya hüquqlarının əsassız və həddindən artıq məhdudlaşdırılmasının qarşısını almalıdırlar. Buna görə də məhkəmələr tərəfindən bu mübahisələrə baxılarkən işin faktiki halları dəqiq müəyyənləşdirilməli və araşdırılmalı, o cümlədən yaşayış binasının tərkib hissəsindən istifadə hüququ həyata keçirilmədikdə, onun səbəbləri aydınlaşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. Bu mənada xüsusilə qeyd olunmalıdır ki, keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə etmək zərurətinin mövcudluğuna baxmayaraq, mülkiyyətçinin və digər mənzil sakinlərinin onun bu hüququndan istifadə etməsini mümkünsüz etdiyi qanuna zidd hallar müəyyən olunduqda, keçmiş ailə üzvünün istifadə hüququna kompensasiya ödənilmədən xitam verilə bilməz. Məhkəmə onu da qeyd edir ki, Mülki Məcəllənin 27.2-ci maddəsinə əsasən 14 (on dörd) yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Yuxarıda sadalanan hüquq normalarını, Konstitusiya Məhkəməsinin Plenumunun bu mübahisə ilə bağlı mövqeyini nəzərə alaraq, məhkəmə qeyd edir ki, mübahisəli mənzilə 2004-cü il tarixdə müvafiq orderə əsasən İddiaçı və Cavabdeh1 istifadə hüququ əldə etmişdir. Daha sonra həmin məznil özəlləşdirilərkən Cavabdeh1 da buna etiraz etməmişdir. Məhkəmə onu da qeyd edir ki, ilk iddia tələbi kompensasiya ödənilmədən istifadə hüququnun itirilməsi ilə bağlı olsa da, ilkin və qarşılıqlı iddia üzrə tərəflər bu halı məhkəmədə mübahisələndirmişdirlər. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən Cavabdeh1 mübahisəli mənzilə istifadə hüququ yaranmışdır, bu gün də mövcuddur. Bu hüquq ədalətli kompensasiya verilmədən itirilməsi mümkünsüzdür. Belə ki, Cavabdeh1 yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi arasında etibarlı ailə əlaqələri mövcud olmuşdur, o, yaşayış sahəsinə olan ehtiyacı mülkiyyətçinin evindən istifadə etməklə qarşılamaq məcburiyyətindədir. İlk və qarşılıqlı iddia tələbi üzrə məhkəmə Cavabdeh2 münasibətdə qeyd edir ki, onun mənzilə dair istifadə hüququ Cavabdeh1 yetkinlik yaşına çatmayan övladı olduğu üçün Mülki Məcəllənin 27.2-ci maddəsinə əsasən mövcud olmuşdur, Cavabdeh2 yektiklik yaşına çatan zaman bu hüququ itirmişdir. Bu səbəbdən ilkin iddia tələbi Cavabdeh2 münasibətdə əsaslıdır, onun ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 112 kv.m olan mənzilə isitfadə hüququ itirilmiş hesab edilməlidir. Məhkəmə həm ilk, həm də qarşılıqlı iddia tələbinə münasibətdə qeyd edir ki, Cavabdeh1 Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən mübahisəli mənzilə dair istifadə hüququ olduğundan, bu hüquqa xitam verilməsi üçün ədalətli kompensasiya təklif edilmədiyindən, ilk iddia və qarşılıqlı iddia bu hissədə qismən təmin edilməli Cavabdeh1 İddiaçı mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 112 kv.m olan mənzilə köçürülməlidir. Məhkəmə qarşılıqlı iddia tələbi üzrə cavabdeh İddiaçı mənzilə aid kompensasiyadan əlavə xərclədiyi 10000 ABŞ dolları pulun Cavabdeh1 ödənilməsi hissəsində də iddianı əsassız hesab edir. Məhkəmə iddiaçının ona dəymiş zərərə görə pul tələbilə bağlı qeyd edir ki, iddiaçı tərəfindən ona dəymiş zərərin nədə ifadə olunduğu, ona vurulmuş zərərin necə formalaşması barədə məhkəməyə sübut təqdim olunmamış və bu hal iş materialları ilə öz təsdiqini tapmamış. Mübahisə üzrə iddiaçıya cavabdeh tərəfindən dəymiş zərər və onun miqdarı heç bir mötəbər sübutla təsbit olunmamışdır. Azərbaycan Respublikası Mülkü Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlik). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakın zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə qeyd edir ki, zərərin mövcudluğu təsdiq olunmadığı, iddia ərizəsi və ona əlavələrdə göstərilmiş zərərlə bağlı heç bir sübutun iş materiallarında mövcud olmaması səbəbilə iddia tələbi həmin hissədə əsassız olduğu üçün rədd edilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, ilk iddia qismən təmin edilməli, Cavabdeh2 ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 112 kv.m olan mənzilə dair istifadə hüququ itirilmiş hesab edilməli, ilkin iddia tələbi qalan hissədə təmin edilməməli, qarşılıqlı iddia qismən təmin edilməli, Cavabdeh1 İddiaçı mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 112 kv.m olan mənzilə köçürülməli, qarşılıqlı iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin mülki iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Məhkəmə hesab edir ki, ilk və qarşılıqlı iddia tələbi qismən təmin edildiyindən, iddia tələbi üzrə ödənilmiş dövlət rüsumları iddiaçıların özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlk iddia qismən təmin edilsin. Cavabdeh2 ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 112 kv.m olan mənzilə dair istifadə hüququ itirilmiş hesab edilsin. İlkin iddia tələbi qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia qismən təmin edilsin. Cavabdeh1 İddiaçı mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 112 kv.m olan mənzilə köçürülsün. Qarşılıqlı iddia tələbi qalan hissədə təmin edilməsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu ilk və qarşılıqlı iddia üzrə iddiaçılara aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Ramin Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar