Məhkəmə qərarları › İş №2(005)-118/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-118/2024

24.06.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-118/2024 24.06.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əliyeva Səmimə Elşad qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 Sücəddin oğluna və Cavabdeh3 qarşı “zəbt etmə hərəkətlərinə son qoyulması və çıxarılma” tələbinə dair mülki işə baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 Sücəddin oğluna və Cavabdeh3 qarşı “zəbt etmə hərəkətlərinə son qoyulması və çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 ünvan 1 ünvanında yerləşən qarajın zəbt etməsi ilə bağlı qanunsuz hərəkətlərə son qoyulması və çıxarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əliyev küçəsi 65 ünvanında yerləşən qaraja faktiki olaraq 1998-ci ildə sahiblik hüququ əldə edərək, rəsmi (dejure) tərəfdən sahibliyinə Nərimanov rayonu İcra Hakimiyyəti başçısının xx.xx.2006-cı il tarixli 79 nömrəli Sərəncamı ilə verilmişdir. Nərimanov Rayon İcra Hakimiyyəti, sahiblik dövründə qarajdan öz təyinatı üzrə istifadə olunmasına nəzarəti 116 saylı MKİS-nə və Nərimanov RPİ-nin 17-ci PB tapşırmışdır. İddiaçı xx.xx.2006-cı il tarixdə AZƏRSU ASC ilə 091752 saylı su təhcizatı sistemindən su buraxılması və kanalizasiya xidmətlərinə dair, həmçinin BARMEK MMC ilə elektrik enerjisinin təchizatına dair 029334 saylı müqavilə bağlamışdır. xx.xx.2011-ci ildən etibarən qarajdan avtoyuma məqsədləri üçün Vergi uçotuna qeydiyyata alınaraq, vergi ödəyicisi kimi fəaliyyətə başlamışdır. Üzərinə düşən kommunal xərclər və vergilərlə bağlı ödənişləri mütəmadi olaraq ödəyərək, əmlaka dair sahiblik, istifadə hüququna malikdir. 2022-ci ilin sentyabroktyabr aylarından etibarən cavabdehiər iddiaçının sahibliyində olan əmlakdan, əsassız şəkildə istifadə, sahibkarlıq fəaliyyətindən əldə olunan gəlirin tam şəkildə ələ keçirilməsi məqsədi ilə ona qarşı təhdidlərə başlamışlar Səbəb isə göstərmişlər ki, qaraj mərhum analarının olub və onlara çatasıdır. İddiaçı qarajdan avtoyuma məqsədləri üçün tək deyil, şəriki ilə fəaliyyət göstərdiyini, əldə olunan gəlirin iki nəfər arasında bölüşdürüldüyünü, qohumluq əlaqələrini nəzərə alaraq, bölüşdürülmüş gəlirin ona qalan hissəsindən cavabdehlərlə əvəzsiz şəkildə bölüşəcəyini bildirsə də, cavabdehlər bununla razılaşmayaraq, maneələr törətməyə başlamışlar, qarajın qapısına dəfələrlə qıfıl vurmuşlar, əmlakın tam şəkildə onlara verilməsini tələb etmişlər. Bundan əlavə, ərazi üzrə polis orqanlarına şikayət edərək, iddiaçıya qarşı şər böhtan dolu məlumatlar vermişlər. Cavabdehlər demək olar ki, hər gün müxtəlif bəhanələrlə qaraja gələrək, qərəzli şəkildə sahibkarlıq fəaliyyətinin aparılmasına maneələr yaradır. 2022-ci ilin dekabr ayının 5-i cavabdeh qaraja gələrək, iddiaçıya məxsus su sayğacına və digər əmlaklara təpiklə zərər yetirmiş, daha sonra isə şərikinin və digər şəxsin yanında iddiaçının sifət nahiyəsindən kəllə vuraraq xəsarət yetirmişdir. Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 3(005)-3997/2022 saylı qərarı ilə cavabdeh X1 barəsində AR İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək və barəsində 300 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. (Hakim: Xalidə Əlisoy) Məhkəmə araşdırması zamanı, cavabdeh X2 özünü təqsirli bilmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Əmirov Aləddän Sücəddin oğlu, Cavabdeh1 İnqilab qızı, Cavabdeh3 Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əliyev küçəsi 65 ünvanında yerləşən qarajın və onun köməkçi hissəsinin zəbt edilməsi ilə bağlı qanunsuz hərəkətlərə son qoyulması, cavabdehlərin oradan çıxarılması və istifadəsinə heç bir müdaxilə olunmamasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər iddia tələbinə qarşı etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək iddianın əsassız olduğunu bildirərək iddianın rədd edilməsini xahiş etmişlər. Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdehlər və iddiaçı ata ayrı, ana bir bacı-qardaşdırlar. ünvan 2 onların anası Zərifə xanıma məxsus olmuşdur. Hazırda mənzilin mülkiyyətçisi iddiaçı Cavabdeh1dır. Həmin mənzilin yerləşdiyi binanın yaxınlığında yararsız sahə olmuş, Zərifə xanım həmin sahəni abadlaşdırmış, təxminən 1989-cu ildə orada müxtəlif ağaclar əkərək bağ salmış, bir müddət sonra təxminən 1996-cı ildə orada 2 otaqlı ev tikmiş, həmin evə ünvan kimi Zərifə xanıma məxsus ünvan ünvan 2ə uyğun olaraq, mənzil 4 A verilmiş, iddiaçı Cavabdeh2 orada uzun illər yaşamış, sonradan o, Rusiyaya gedəndən sonra orada digər qardaşı X3 yaşamağa başlamış, bütün kommunal xidmətləri də öz adına rəsmiləşdirmiş, xx.xx.2018-ci ildə o, rəhmətə getmişdir. Ümumiyyətlə, həmin evin hər hansı hüquqmüəyyənedici sənədləri olmamış, sadəcə kommunal xidmətləri rəsmiləşdirilmişdir. Həmin kommunal xidmətlər də hazırda Cavabdeh1 adınadır. Qardaşı Nürəddin rəhmətə gedəndən sonra ev bir müddət kirayə verilmiş və kirayə haqqı anaları tərəfindən alınmışdır. Anası rəhmətə gedəndən sonra qardaşı olan İddiaçı onlardan xahiş etmişdir ki, maddi imkanı yaxşı olmadığından həmin evin bir otağını müvəqqəti onun istifadəsinə verək, qardaşı iddiaçı Aləddin Rusiyadan qayıtdıqdan sonra otağı geri onun istifadəsinə verər. Onsuz da anasının sağlığında Kamaləddinə də ev vermiş və ən çox onun istədiklərini etmişdir. Cavabdehlər də anasına görə Kəmaləddinin xahişini yerinə yetirərək, evin bir otağını müvəqqəti istifadə üçün ona verməyə razılıq vermişlər. O da həmin otağı istəyinə uyğun olaraq, gah maşın yağı satmaq üçün istifadə etmiş, gah da maşın yumaq üçün. X4yıtdıqdan sonra danışdığı kimi evinin digər otağını Kamaləddindən tələb edən zaman Kamaləddin vermək istəməmiş, buna görə də bacı-qardaşlar arasında mübahisə yaranmışdır. Keçirilən əvvəlki iclaslar zamanı onlara bəlli olmuşdur ki, qardaşı evin bir otağına dair öz adına İcra Hakimiyyətindən sərəncam almış, hətta onun əsasında texniki pasport da tərtib etdirmişdir. Bu sənədlər inzibati qaydada mübahisələndirilsə də, müddətin ötürülməsi əsası ilə iddiası rədd edilmişdir. Yerli baxış zamanı da görüldüyü kimi mübahisəli tikili 2 əsas otaqdan və sonradan əlavə edilmiş balaca dəhlizdən ibarətdir. 2 otaqdan birinə iddiaçı gedib adına guya qaraj kimi sənəd almışdır. Digər ikinci otaqda isə qardaşı, Cavabdeh2 yaşayır. Başqa yaşayış yeri olmadığından, həmin yararsız otaqda illərdir yaşamaq məcburiyyətindədir. Yerli baxış zamanı da orada çarpayı və ona aid əşyaları müşahidə edildi. Həmin otağa girişin də həyətin digər tərəfindən olduğunu görüldü. İddiaçının adına qaraj kimi rəsmiləşdirdiyi birinci otağı Aləddinin yaşadığı ikinci otaqdan ayıran sadəcə aralarında nazikcə hörülmüş divardır. Burda asqıranda, öskürəndə digər otaqda eşidilir. İddiaçının cavabdehlərin zəbt etdiyi və çıxarılmağını tələb etdiyi sahə-qarajın isə vəziyyəti görüldü. Yerli baxış zamanı iddiaçı canfəşanlıqla guya Cavabdeh2 məxsus və illərdir onun yaşadığı ikinci otağı guya özünə məxsus qarajın köməkçi sahəsi kimi “Məhkəməyə təqdim etməklə” ora sənəd ala bilmədiyini bildirir ki, bunun özü də absurddur. Qaraj özü evin köməkçi sahəsi ola bilər. Əksinə, iddiaçı özü mərhum anasına məxsus olan həmin tikilinin bir otağını cavabdehlərdən xəbərsiz qaraj adı ilə sənədləşdirərək, onların hüquqlarını pozub, düzgün məlumat verməyib. Cavabdehlər tərəfindən iddiaçının hər hansı hüquqları pozulmamışdır. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etdi. Əlavə olaraq izahatında bildirdi ki, həmin qaraj və köməkçi hissəsini 1998-ci ildə iddiaçı öz vəsaiti ilə tikmişdir, qarajın köməkçi hissəsini isə onlara maddi yardım etmək məqsədi ilə müvəqqəti istifadə üçün anasına və qardaşına vermişdir. Qarajdan avtoyuma məqsədləri üçün, tək deyil, şəriki ilə birgə fəaliyyət göstərdiyini, əldə olunan gəlirin iki nəfər arasında bölüşdürüldüyünü, qohumluq əlaqələrini nəzərə alaraq onlara maddi cəhətdən kömək etmək məqsədi ilə bölüşdürülmüş gəlirin ona qalan hissəsindən cavabdehlərlə əvəzsiz şəkildə bölüşəcəyini bildirsə də, cavabdehlər bununla razılaşmayaraq, maneələr törətməyə başlamışlar, qarajın qapısına dəfələrlə qıfıl vurub, cari işçiləri təhdid edib, onları qovmuşlar və əmlakın tam şəkildə onlara verilməsini tələb etmişlər. Həmçinin, köməkçi sahənin həyətyanı hissəsini cavabdehlərin istifadəsinə verməyinə baxmayaraq, ona qaraj sahəsindən istifadə zamanı maneəçilik törədirlər. Həmçinin, 12 metr uzunluğunda qaraj sahəsi tərəfindən tikilsə də, onun yalnız 6 metr hissəsinə, yəni ön tərəfi darvaza qapı ilə bağlı olan 17.5 kv.m sahəyə çıxarış alınmışdır. Bu səbəbdən cavabdehlər tərəfindən qarajın və onun köməkçi hissəsi ilə bağlı törədilən maneələr aradan qaldırılmaqla qaraj sahədən və onun arxa hissəsindən cavabdehlərin çıxarılmasını xahiş edir. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq onlar nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə tərəfindən mübahisəli əraziyə yerli baxış keçirilən zaman müəyyən olunmuşdur ki, ünvan 3 ünvanında yerləşən qaraj sahəsinə “avto-moyka” başlıqlı darvaza tərəfdən giriş mövcuddur. Baxış zamanı həmin qaraj sahəsinin təmirsiz olduğu və arxa hissəsinin digər yaşayış otaqları ilə qonşu olaraq yerləşdiyi aşkar edildi. Baxışda iştirak edən şəxslərlə birlikdə mübahisəli qaraj sahəsinin sağ tərəfindən döndükdə məhəlli içində yerləşən qapıdan qarajın arxa sahəsinə giriş olduğu müəyyən edildi. Baxış zamanı həmin giriş qapısından içəri daxil olduqda arxa hissədə çox kiçik ölçülü həyətyanı sahənin və yaşayış otaqlarına açılan bir neçə qapının olduğu aşkar edildi. Baxışda iştirak edən şəxslər qarajın arxa hissəsinə giriş olan sahəyə daxil olmaq üçün içərisində mətbəx olan uzun dəhlizdən keçməklə mübahisəli yaşayış otağına daxil oldular. Həmin yaşayış otağına baxış keçərkən, Cavabdeh3 yaşayış otağının bir divarının qarajın ön hissəsindən görünən arakəsmə divar olduğunu bildirdi. Həmçinin, həyətyanı sahədən giriş qapısı olan otaqlardan birinə daxil olduqda Cavabdeh3 həmin otağın bir divarının mübahisəli qarajın ön hissədə yerləşən hissəsinin divarı olduğunu da bildirdi. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyərək, onların izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Bakı Şəhəri Nərimanov Rayonu İcra Hakimiyyəti Başçısının xx.xx.2006-cı il tarixli sərəncamından görünür ki, Ə.Əliyev küçəsi 65 saylı ünvanda yerləşən 17,6 kv.m daş qaraj Ə.Əliyev küçəsi 1 “V” saylı evdə yaşayan vətəndaş İddiaçı adına rəsmiləşdirilməsi qərara alınmışdır. İş materiallarında olan müqavilənin surətindən görünür ki, BARMEK Azərbaycan Elektrik Şəbəkəsi MMC ilə İddiaçı arasında elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlanmışdır. İş materiallarında olan Azərsu ASC-nin quraşdırılan, dəyişdirilən və təmir olunan su sayğacının istismara qəbuluna dair 19 iyun 2019-cu il tarixli aktının surətindən görünür ki, ünvan 4 ünvana su sayğacı quraşdırılmışdır. İş materiallarında olan sayğac quraşdırma haqqının hissə-hissə ödənilməsi haqqında 17 mart 2006-cı il tarixli razılaşma protokolunun surətindən görünür ki, istehlakçı İddiaçı üçün Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əliyev küçəsi-5, F/Ş avtoyumaya quraşdırılacaq sayğac üçün 262,47 manatdan 140 manatın əvvəlcədən, 122,47 manatı xx.xx.2006-cı il tarixədək ödənilməsi barədə razılığa gəlinmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Vergilər Nazirliyinin vergi ödəyicisinin filialının, nümayəndəliyinin və təsərrüfat subyektinin olduğu yer üzrə uçota alınması haqqında arayışdan görünür ki, İddiaçı (VÖEN: **********) 1110 Bakı şəhəri, Nərimanov rayonu, Ak. Həsən Əliyev 134 ünvanda yerləşən təsərrüfat obyektinin – avtoyumanın uçota alınması təsdiq edilmişdir. Uçota alınma tarixi xx.xx.2011-ci ildir. İş materiallarında olan Vergilər Nazirliyi tərəfindən verilən arayışıdan görünür ki, sahibkar İddiaçı (VÖEN: **********) xx.xx.2022-ci il tarixdə fəaliyyətini dayandırmışdır. İş materiallarında olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 3(005)- 3997/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarına əsasən Cavabdeh2 Sücəddin oğlu İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 300 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməsi qərara alınmışdır. İş materiallarında olan 116 saylı MKİS tərəfindən verilmiş arayışdan görünür ki, X5 ünvan 6 ünvanında 1990-cı ildən qeydiyyatsız yaşayır. İş materiallarında olan xx.xx.2023-cü il tarixdə tərtib edilmiş AR-nın İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin texniki pasportundan görünür ki, ünvan 7 ünvanında olan qaraj İddiaçı məxsusdur. Qarajin ümumi sahəsi 17.6 kv.m-dir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir: Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilmısini tənzimləyən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsi müəyyən edir ki, Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 152.2-ci maddəsinə əsasən Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 164.1-ci maddəsinə əsasən, sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. 164.2-ci maddəsinə əsasən sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir. 165.1-ci maddəsinə əsasən, sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. Mülki işin mübahisəsiz halları ondan ibarətdir ki, Bakı Şəhəri Nərimanov Rayonu İcra Hakimiyyəti Başçısının xx.xx.2006-cı il tarixli sərəncamı ilə Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əliyev küçəsi 65 saylı ünvanda yerləşən 17,6 kv.m daş qaraj İddiaçı adına sənədləşdirilmişdir. Həmin sərəncam əsasında qeyri-yaşayış binasına texniki pasport verilmişdir. Cavabdehlər tərəfindən həmin qeyri-yaşayış sahəsinə dair verilmiş sərəncam daha əvvəl mübahisələndirilmiş, lakin Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-1(112)-10104/2023 saylı qərardadına əsasən onların Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyətinə qarşı sərəncamın ləğv edilməsi tələbinə dair iddiası mümkün sayılmamışdır. Sözügedən qərardad qanuni qüvvəsini almışdır. Hazırda iddiaçı cavabdehlər tərəfindən ona məxsus qaraj və onun köməkçi hissəsinin zəbt edilməsini iddia edir və cavabdehlərin qanunsuz hərəkətlərinə son qoyulmasını və onların oradan çıxarılmasını, istifadəsinə heç bir müdaxilə olunmamasını tələb edir. Məhkəmə xatırladır ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmə, bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. İddiaçının tələbinin maddi hüquqi əsası olan norma tapılmalı, işin müəyyən olunmuş faktik hallarının həmin normanın dispozisiya şərtlərinə uyğun olub-olmamasından asılı olaraq yekun qərar çıxarılmalıdır. Məhkəmə yuxarıda qeyd olunanlara əsaslanaraq hesab edir ki, iddia tələbi Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əliyev küçəsi 65 saylı ünvanda yerləşən 17,6 kv.m sahədən ibarət olan qarajdan istifadə ilə bağlı yaradılan maneələrin cavabdehlərə qadağan edilməsi hissəsində əsaslıdır və təmin olunmalıdır. Belə ki, məhkəmə araşdırması zamanı işin müəyyən edilmiş faktiki hallarına əsasən, Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əliyev küçəsi 65 saylı ünvanda yerləşən 17,6 kv.m qaraj Bakı Şəhəri Nərimanov Rayonu İcra Hakimiyyəti Başçısının xx.xx.2006-cı il tarixli sərəncamına əsasən iddiaçının adına rəsmiləşdirilməsinə baxmayaraq, cavabdehlər tərəfindən onun istifadəsinə qanunsuz olaraq maneələr yaradılır. Mülki iş materiallarından da aydın olur ki, iddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğuldur və həmin qarajdan “avtoyuyucu” kimi istifadə etmişdirr. Cavabdehlərin müdaxiləsi nəticəsində iddiaçı onun adına rəsmiləşdirilmiş qarajdan tam istifadə edə bilmir və sahibkarlıq fəaliyyəti üçün məhdudiyyətlər yaranır. İddiaçıya cavabdehlər tərəfindən müdaxilələrin, istifadəyə maneələrin törədilməsi iş materiallarında olan inzibati xətaya dair məhkəmə qərarından, cavabdehlərlə iddiaçının arasında olan münaqişəli münasibətlərdən aydın olur. Yuxarıda qeyd olunanlara əsaslanaraq məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi qarajdan istifadə ilə bağlı yaradılan maneələrin qadağan edilməsi hissəsində əsaslıdır və təmin olunmalı, İddiaçı ünvan 1 ünvanında yerləşən qarajdan istifadəsi ilə bağlı cavabdehlər Cavabdeh1, Cavabdeh2 Sücəddin oğlu və Cavabdeh3 tərəfindən yaradılan maneələr qanunsuz hesab edilməli və həmin maneələr qadağan edilməlidir. Məhkəmə iddia tələbinin “qarajın köməkçi hissəsinin zəbt edilməsi ilə bağlı qanunsuz hərəkətlərə son qoyulması” hissəsinə münasibətdə isə iddia tələbini əsassız hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 180.1-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2-ci maddəsinə əsasən, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, ünvan 1 ünvanında yerləşən qarajın köməkçi hissəsi özbaşına tikilidir. Məhkəmə qeyd edir ki, iddia tələbinə bu hissədə qiymət verərkən məhkəmə ilk növbədə iddiaçının belə bir tələblə məhkəmədə iddia qaldırması üçün subyektiv hüququnun olubolmaması məsələsini araşdırmalıdır. Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququn yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddiaçının belə bir tələb ilə məhkəməyə müraciət etməsinə subyektiv hüququ olmamış, eyni zamanda həmin köməkçi sahəyə dair belə bir iddia irəli sürməsinə haqq qazandıran mötəbər dəlillər təqdim etməmişdir. Bundan başqa, iddiaçı məhkəmə iclasında verdiyi izahatlarında həmin tikilini öz vəsaiti hesabına tikdiyini iddia etsə də, iddiasının dəlillərinə dair məhkəməyə mötəbər sübutlar təqdim edə bilməmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsində göstərilir ki, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Mülki məhkəmə icraatı zamanı geniş istifadə olunan sübutetmə vasitələrindən biri də şahid ifadələridir. Şahid ifadələri işin nəticəsində hüquqi baxımdan maraqlı olmayan şəxslərin baxılan iş üzrə əhəmiyyətli olan hallar barədə bilavasitə qavradığı və ya başqa məlum mənbələrdən aldığı və qanunvericilikdə müəyyənləşdirilmiş prosessual formaya riayət olunmaqla dindirilmə zamanı verdiyi məlumatlardır. Şahid işin gedişi ilə hüquqi baxımdan maraqlı olmayan və işə dair məlumatı olan fiziki şəxsdir. İşin nəticəsində başqa cür maraqlı olmaları (iş üzrə tərəflərdən biri ilə dostluq, bir yerdə işləmək, qonşu olmaq, yaxud əksinə, qərəzçilik münasibətləri) şahidə aid olan vəzifələrin yerinə yetirilməsinə mane ola bilməz, lakin bu hallar onların ifadələrinin qiymətləndirilməsi zamanı məhkəmə tərəfindən nəzərə alınmalıdır. Məhkəməyə iddiaçı tərəfindən sübut qismində təqdim olunmuş Bakı şəhəri 38 saylı notariat ofisində təsdiq edilmiş ərizəyə münasibətdə isə qeyd edir ki, ərizədə qeyd edilənlər mötəbər sübut hesab edilə, həmçinin də məhkəmə tərəfindən nəzərə alına bilməz. Bu baxımdan qeyd olunur ki, həmin ərizəni imzalamış şəxslərin məhkəmə iclasında şahid qismində dindirilməsi barədə iddiaçı vəsatət verməmişdir. Qeyd olunan ərizəni imzalamış şəxslər məhkəmə iclasında şahid qismində dindirilərək ifadə vermədiyindən, ərizədəki yazılanlar mötəbər sübut kimi dəyərləndirilə bilməz. Məhkəmə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək, yuxarıda sadalananları əsas götürərək hesab edir ki, iddia tələbi “qarajın köməkçi hissəsinin zəbt edilməsi ilə bağlı qanunsuz hərəkətlərə son qoyulması, cavabdehlərin çıxarılması və müdaxilələrin qadağan edilməsi” hissəsində əsassız olduğundan təmin edilməməlidir. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, İddiaçı ünvan 1 ünvanında yerləşən qarajdan istifadəsi ilə bağlı cavabdehlər Cavabdeh1, Cavabdeh2 Sücəddin oğlu və Cavabdeh3 tərəfindən yaradılan maneələr qanunsuz hesab edilməli və həmin maneələr qadağan edilməlidir.. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı ünvan 1 ünvanında yerləşən qarajdan istifadəsi ilə bağlı cavabdehlər Cavabdeh1, Cavabdeh2 Sücəddin oğlu və Cavabdeh3 tərəfindən yaradılan maneələr qanunsuz hesab edilsin və həmin maneələr qadağan edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar