Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-12/2024 09.02.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əliyeva Səmimə Elşad qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı ”dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı ”dəymiş ziyanın ödənilməsi” tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi 01 A ünvanında yerləşən bağ evinə Cavabdeh vurduğu maddi ziyana görə 6456 (altı min dörd yüz əlli altı) manat, mənəvi ziyana görə 2000 (iki min) manat, vəkil xidmət haqqı olaraq 800 manat, mütəxəssis rəyi üçün ödədiyi 250 (iki yüz əlli) manat, məhkəməyə müraciət üçün ödədiyi 30 (otuz) manat olmaqla, ümumilikdə isə 9536 (doqquz min beş yüz otuz altı) manat pulun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə müraciət edərək, ona məxsus olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi 01 A ünvanında yerləşən bağ sahəsində olan anbara və bağ evinin hasarına Cavabdeh vurduğu maddi ziyana görə 6456 (altı min dörd yüz əlli altı) manat, mənəvi ziyana görə 2000 (iki min) manat, mütəxəssis rəyi üçün ödədiyi 250 (iki yüz əlli) manat, hüquqi xidmətə görə vəkilə ödədiyi 800 manat, məhkəməyə müraciət üçün ödədiyi 30 (otuz) manat olmaqla ümumilikdə isə 9536 (doqquz min beş yüz otuz altı) manat pulun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, bildirir ki, Ələkbərova X2 olan bağ evi ilə əlaqədar məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Belə ki, onun Xəzər rayonu, Mərdəkan qəsəbəsi 01 A saylı bağ evi var. Qeyd edir ki, bağ evi ona məxsusdur və çıxarışı, sənədləri hər biri rəsmi olaraq onun adınadır. Bildirir ki, həmin gün o, Xudu Məmmədov ev 34, mənzil 30 ünvanında yerləşən öz evində idi. Saat 17:00-18:00 radələrində qonşu Çərkəz adlı şəxs ona zəng edərək bildirdi ki, iddiaçıya məxsus olan zaboru traktor vasitəsilə dağıdırlar. Bildirdi ki, 3-4 nəfər şəxs tərəfindən söküntü işləri aparılır. İddiaçı bunu bildikdən sonra xx.xx.2021-ci il tarixində səhər bağ evinə getdi. Oraya çatdıqda iddiaçıya məxsus olan zaborun dağıdıldığının şahidi oldu. Daha sonra mühəndis gəldi və qeyd etdi ki, evi sökən şəxs onun dostu olduğundan o, bu işi edir. Cavabdeh tərəfindən tapşırıq alaraq bu işi etdiyini bildirdi. Fevralın 29-u tarixində iddiaçı Xəzər Rayon Polis İdarəsinə müraciət edərək şikayətini bildirdi və lakin polis idarəsi cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar qəbul etdi. İddiaçı hal-hazırda çox çarəsiz vəziyyətdə qalmışdır. Belə ki, yuxarıda da qeyd etdiyi kimi iddiaçıya məxsus olan sözügedən bağ evinin zaboru Cavabdeh tərəfindən sökülmüşdür. Cavabdeh torpaq sahəsinin tikintisinə başlayanda traktor vasitəsilə iddiaçının bağ evinin zaborunu sökmüşdür. Fermanın yan hissəsi ilə birlikdə iddiaçıya məxsus zabor da sökülmüşdür. Belə olan halda iddiaçının bağdakı əşyaları tamamilə açıqda, çöldə qalıb. Hər an, hər gün əşyalarının oğurlanma ehtimalı vardır. İddiaçı bu məsələ ilə bağlı cavbdehlə danışarkən iddiaçıya öz evinin tikintisi bitdikdə guya iddiaçının da zaborunu düzəltdirəcəyini söz vermişdir. Lakin iddiaçı bu qədər vaxtı gözləyə bilmir. İddiaçının icazəsi olmadan ona məxsus olan evin zaborunu sökmək və özünə uyğun olan vaxtda düzəltdirəcəyəni demək tamamilə iddiaçının hüquqlarını pozmaq deməkdir. Bundan əlavə Cavabdeh iddiaçıya verdiyi vədlərə inanmır. Düşünür ki, iddiaçıya bu ziyanı vuran şəxs, çətin ki, vurduğu ziyanı ödəsin və verdiyi sözün üstündə dursun. Buna görə də iddiaçıya vurduğu maddi və mənəvi ziyana görə məhkəməyə müraciət etmək məcburiyyətindədir. Çünki bununla bağlı dəfələrlə müraciət etsə də, nəticə verməmişdir. İddiaçı çox əzab-əziyyət çəkmişdir. Bütün günü yollarda qalmışdır. Sənədləri toplamaq, ekspertizaya getmək və vəkil yanına dəfələrlə getmək iddiaçını çox yorub. İddiaçıya mənəvi ziyan dəymişdir. Bu səbəbdən də iddiaçıya mənəvi ziyan da özənilməlidir. Qeyd edir ki, dəymiş ziyanla bağlı Əmkak ekspertiza mərkəzinə müraciət etmişdir və ziyanın qədərini müəyyənləşdirmişdir. (ərizəyə əlavə edilib) Belə ki, iddiaçıya məxsus olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi 01 A ünvanında yerləşən bağ evinə Cavabdeh Şəınsəddin oğlunun vurduğu maddi ziyana görə 6456 (altı min dörd yüz əlli altı) manat, mənəvi ziyana görə 2000 (iki min) manat, vəkil xidmət haqqı olaraq 800 manat pulun, mütəxəssis rəyi üçün ödədiyi 250 (iki yüz əlli) manat, məhkəməyə müraciət üçün ödədiyi 30 (otuz) manat olmaqla, ümumilikdə isə 9536 manat pulun cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Daha sonra 26 oktyabr 2023-cü il tarixdə İddiaçı məhkəməyə iddia tələbinin həcminin azaldılmasına dair ərizə təqdim edərək, ona məxsus olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi 01 A ünvanında yerləşən bağ evinə və hasara Cavabdeh vurduğu maddi ziyana görə 6456 (altı min dörd yüz əlli altı) manat, vəkil xidmət haqqı olaraq 800 manat, mütəxəssis rəyi üçün ödədiyi 250 (iki yüz əlli) manat, məhkəməyə müraciət üçün ödədiyi 30 (otuz) manat olmaqla ümumilikdə isə 7536 (yeddi min beş yüz otuz altı) manat pulun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iddia tələbinə qarşı etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək, iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh qarşı deliktlərdən əmələ gələn zərərin ödənilməsinə dair iddia qaldırmışdır. Qeyd edilir ki, həmin əmlakın hazırki işdə cavabdeh kimi qoyulan Cavabdeh heç bir aidiyyatı yoxdur. Mübahisə qonşuluq münasibətlərindən doğan deliktdir və nəticədə iki müstəqil mülkiyyət predmeti mübahisənin yaranmasının iki obyekti kimi çıxış edir. Qeyd edilir ki, ümumiyyətlə Cavabdeh Mərdəkan qəsəbəsində hər hansı bir əmlakı, mülkiyyəti yoxdur. İddiada cavabdehə məxsus olduğu qeyd edilən əmlak xx.xx.2020-ci il tarixindən Yusifli Zərifə adlı xanıma məxsusdur. Daşınmaz əmlakın reyestr nömrəsi-**********6344, mülkiyyət tam pay hüququ olaraq həmin xanımın xüsusi mülkiyyətindədir. Cavabdeh orda nə sifarişçi olmuş, nə də podratçı olmuşdur. Konstitusiya Məhkəməsinin mövqeyinə görə hüquqi ixtiyar subyektiv mənada düzgün cavabdehin, borclunun seçilməsini də ehtiva edir ki, hazırki işdə Cavabdeh mülkiyyətçi deyil, həmçinin tikintinin (yüksək təhlükə mənbəyi) aparılmasında heç bir iştirakı və sifarişi olmamışdır. Sifarişi və tikintiyə göstərişi mülkiyyətçi verə bilərdi ki, Cavabdeh mülkiyyətçi deyildir. Mülki Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Qanunun mənasından da göründüyü kimi yüksək təhlükə mənbəyinin - konkret işdə tikintinin aparıldığı sahənin mülkiyyətçisi və ya qanuni əsaslarla sahibi (icarəçisi) tikintinin vurduğu zərərə görə məsuliyyət daşıyır. Cavabdeh qeyd olunan ərazidə heç bir mülkiyyət sahibi deyil, həmin mülkiyyət başqa şəxsə məxsusdur. Bunu iddiaçının özü dəqiqləşdirməli idi. Məhkəmə portalda Cavabdeh adına olan əmlaklara baxış keçirsə bir daha məlum olacaq ki, Cavabdeh Mərdəkan qəsəbəsində heç bir mülkiyyəti və ya sahibliyində olan əmlakı mövcud deyildir. İddiaçı təhqiqatçının cinayət işinin rədd edilməsinə dair qərarına istinad edir. Həmin məsələ ilə bağlı qeyd edilir ki, əmlak Turala yaxın bir xanıma məxsus olduğu üçün, onun xahişi ilə polis orqanında araşdırma zamanı o iştirak etmişdir və məsələyə dair manipulyasiya xarakterli məlumat vermişdir. O, bunun haqqıdır və hər hansı bir mülki məsələnin detallarını polisə deməli deyil və polis mülkiyyətçinin araşdırmaya cəlb edə bilərdi. Digər tərəfdən təhqiqatçının, müstəntiqin və ya istintaqın qərarının mülki iş üzrə məhkəmədə heç bir preyudisial əhəmiyyəti yoxdur. Ümumiyyətlə hazırki prosesdə cavabdeh kimi qoyulmayan xanımın adına olan əmlak sənədindən göründüyü kimi, onunla hazırki xanımın ayırdedici divarları arasında müəyyən məsafə vardır. Orda yol olmuşdur. İddiaçı oranı zəbt edərək, digər xanımın divarına bitişik depo tikmişdir. Bu isə özbaşınalıq olmaqla bərabər özbaşına tikili hesab edilir. Şəxs öz hasarını bərpa edən zaman qanunsuz olaraq onun hasarına bərkidilmiş depoya, anbara dəyən zərərə görə qanunən məsuliyyət daşımamalıdır. Zərərin həcmi, qiyməti də mübahisə doğurur. 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Qanunun mənasından göründüyü kimi yüksək təhlükə mənbəyinə qanunsuz yiyələnən şəxsin deliktə görə özünün məsuliyyəti vardır. İddiaçı xanım özü qanuna zidd, özünə aid olmayan ərazini zəbt edərək, qonşunun divarında özü üçün anbara bənzər tikili etmişdir. Qonşusu ilə öz hasarını yeniləmək hüququna malikdir və qanunsuz zəbt olunmuş əraziyə dəyəcək hər hansı bir zərərə görə məsuliyyət qanunla mümkün deyildir. AR MM-nin 1096-cı maddəsinə görə Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Cavabdeh mülkiyyətçi olmamışdır, tikinti və söküntüdə iştirak etməmişdir, həmin əmlaka heç bir aidiyyatı yoxdur, əksinə iddiaçı özü qanunazidd hərəkətlər nəticəsində iddia edilən hadisəyə səbəb olmuşdur və beləliklə, özünün pozuntularına görə, qanunsuz tikilisinə görə heç kimə qarşı iddia qaldıra bilməz. Qeyd edilir ki, yol hesab edilən boş sahə zəbt edilmiş, qonşunun hasarında anbara bənzər tikili inşa etmişdir. İddiaçı məhkəmə prosesi vaxtı özü də etiraf etdi ki, həmin boş ərazi onun özünə məxsus deyil, hətta iddia etdi ki, həmin ərazi oğluna məxsusdur. Delikt institutunda “nullus commodum capere potest de injura sua propria” prinsipə heç kim özünün qanuna zidd əməlinə görə maddi zərər tələb edə və üstünlük qazana bilməz. Bu şərt eyni zamanda mülki qanunvericiliyin vicdanlılıq prinsipinə də uyğundur. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, cavabdeh tərəfindən ona məxsus əmlaklara maddi ziyanın vurulduğunu, bu səbəbdən də iddiasının əsaslı olduğunu və iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsinin dəlilləri ilə eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iddia tələbinin əsassız olduğunu bildirərək iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyərək, onların izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Xəzər RPİ-nin 1-ci PŞ-nin təhqiqatçısı, baş leytenant Elvin Hacıyevin xx.xx.2021-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarın surətindən görünür ki, Qərarın təsvir hissəsində göstərilənlərə əsasən toplanmış material üzrə cinayət işinin başlanması rədd edilsin. İş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli mütəxəssis rəyindən görünür ki, İddiaçı məxsus Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi 01a saylı bağ evində yerləşən, 1 mərtəbəli, tikintialtı sahəsi 268 kv.m təşkil edən təsərrüfat tikilisinə dəymiş zərərin həcmi və dəyərinin (işçilik və material xərci daxil olmaqla) məbləği bazar qiymətləri nəzərə alınmaqla 6456,4 manat təşkil edir. İş materiallarında olan "xxxx" MMC-nin 037675 kassa mədaxil orderinin qəbzindən görünür ki, İddiaçı dəymiş zərərin müəyyən edilməsi üçün 250 manat qiymətləndirilmə xərcini ödəmişdir. İş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli mütəxəssis rəyindən görünür ki, İddiaçı məxsus Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi 01a ünvanında yerləşən, bağ sahəsində olan anbara və bağ evinin hasarına, həmçinin anbardakı əşyalara dəymiş ziyanın həcmi və dəyərinin (işçilik və material xərci daxil olmaqla) məbləği bazar qiymətləri nəzərə alınmaqla 7677,9 manat təşkil edir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli qəbzindən görünür ki, Yusifbəyli və Partnyorları vəkil bürosunun hesabına İddiaçı tərəfindən 800 manat xidmət haqqı ödəmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 25 avqust 2023-cü il tarixli 10/3895-9/4111 saylı ekspert rəyindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi 01A ünvanında yerləşən bağ sahəsinin qonşuluğunda inşa olunmuş hasar tikilisinə bitişən hissədə iddiaçıya məxsus anbar və hasar tikililərində müxtəlif qüsurlar olduğu müəyyən olunmuşdur. Aparılmış hesablamalar nəticəsində də həmin bağ sahəsində olan anbarda və bağ evinin hasarında yaranmış qüsurların aradan qaldırılması üçün tələb olunan vəsaitin məbləği mövcud bazar qiymətlərinə uyğun olaraq, təqribən 2658,0 manat məbləğində müəyyən olunur. Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi 01 A ünvanında yerləşən bağ sahəsində olan anbardakı əşyalara ziyan dəymişdirmi, əgər ziyan dəymişdirsə dəymiş maddi ziyanın dəyəri (həcmi) nə qədər təşkil edir. Qərardadda qeyd olunan əşyalar ekspert baxışına təqdim edilmədiyindən tədqiqat aparılması mümkün olmadı. Beləliklə, məhkəmədə müəyyən edilmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi 01a ünvanında yerləşən bağ sahəsi İddiaçı məxsusdur. Həmin bağ sahəsinin qonşuluğunda Cavabdeh tərəfindən tikinti işləri aparılarkən, iddiaçıya məxsus olan anbarın və hasarın dağıdılması nəticəsində həmin tikililər sökülmüşdür. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 25 avqust 2023-cü il tarixli 10/3895-9/4111 saylı ekspert rəyi ilə müəyyən dilmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi 01A ünvanında yerləşən bağ sahəsinin qonşuluğunda inşa olunmuş hasar tikilisinə bitişən hissədə iddiaçıya məxsus anbar və hasar tikililərində müxtəlif qüsurlar mövcuddur. Aparılmış hesablamalar nəticəsində də həmin bağ sahəsində olan anbarda və bağ evinin hasarında yaranmış qüsurların aradan qaldırılması üçün tələb olunan vəsaitin məbləği mövcud bazar qiymətlərinə uyğun olaraq, təqribən 2658,0 manat məbləğində müəyyən olunur. "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli mütəxəssis rəyi ilə mübahisəli sahəyə dəymiş zərərin həcmi və dəyərinin (işçilik və material xərci daxil olmaqla) məbləği bazar qiymətləri nəzərə alınmaqla 6456,4 manat təşkil etdiyi müəyyən olunmuşdur. "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli mütəxəssis rəyi ilə həmin sahəyə dəymiş ziyanın həcmi və dəyərinin (işçilik və material xərci daxil olmaqla) məbləği bazar qiymətləri nəzərə alınmaqla 7677,9 manat təşkil etməsi müəyyən edilmişdir. Hazırda məhkəmədə mübahisələndirilən hal ondan ibarətdir ki, iddiaçı ona məxsus Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi 01 A ünvanında yerləşən bağ evinə və hasara Cavabdeh vurduğu maddi ziyanın əvəzinin ödənilməsini xahiş edir. Cavabdeh isə iddia tələbini qəbul etmir, qeyd olunan ərazidə ona məxsus əmlakın olmadığını, tikinti və söküntüdə iştirak etmədiyini, həmin əmlaka heç bir aidiyyatının olmadığını, əksinə iddiaçının özünün qanunazidd hərəkətləri nəticəsində iddia edilən hadisəyə səbəb olduğunu bildirir. Məhkəmə, iddianın və iddiaya olan etirazının əsaslarının təsdiqi kimi tərəflərin istinad etdikləri və sübut əhəmiyyətli hesab etdikləri hallar üzrə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakın zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətin və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfüzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlildir. Həmin Məcəllənin 1097.3-cü maddəsinə əsasən, qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Məhkəmə iddia ilə bağlı qeyd edir ki, mülki hüquq pozuntusu nəticəsində maddi məsuliyyətin yaranması və zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Göründüyü kimi, hazırda iddiaçıya məxsus bağ evinin anbarına və hasara cavabdeh tərəfindən maddi ziyanın vurulduğu, həmin maddi ziyanın cavabdehin qanunsuz hərəkətləri nəticəsində vurulduğu və bu hərəkətlərlə ziyanın arasındakı səbəbli əlaqənin mövcudluğu sübut olunur. Belə ki, mülki iş materiallarına əlavə edilmiş Məhkəmə Ekspertiza Mərkəzinin 25 avqust 2023-cü il tarixli ekspert rəyindən göründüyü kimi Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi 01A ünvanında yerləşən bağ sahəsinin qonşuluğunda inşa olunmuş hasar tikilisinə bitişən hissədə iddiaçıya məxsus anbar və hasar tikililərində müxtəlif qüsurlar aşkar edilmişdir. Həmin qüsurların aradan qaldırılması üçün tələb olunan vəsaitin məbləği mövcud bazar qiymətlərinə uyğun olaraq, təqribən 2658,0 manat məbləğində müəyyən olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 103.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə, Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyi ilə razılaşaraq qeyd edir ki, ekspert rəyinin məzmunundan və ekspertiza tədqiqatının aparıldığı sənədlərdən görünür ki, ekspertin gəldiyi nəticə, ona ekspertiza tədqiqatının aparılması üçün təqdim olunmuş sənədlər tədqiq olunmaqla əldə olunmuş və iş materiallarına əlavə olunmuş sübutlara (sənədlərə) və işin həqiqi hallarına uyğundur və kifayət qədər əsaslandırılmışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 25 avqust 2023-cü il tarixli 10/3895-9/4111 nömrəli ekspert rəyi ilə müəyyən edilmiş iddiaçıya aid yaşayış evinə məxsus anbarda və bağ evinin hasarında yaranmış qüsurların aradan qaldırılması üçün tələb olunan məbləğ mövcud bazar qiymətlərinə uyğun olaraq, iddiaçı tərəfindən cavabdehə vurulmuş maddi zərərin əvəzi olaraq 2658 manat ödənilməlidir. Beləliklə, Mülki Məcəllənin yuxarıda qeyd olunan normalarının tələblərinə uyğun olaraq Cavabdeh tərəfindən İddiaçı məxsus bağ evinin anbarı və hasarına vurulmuş 2658,0 manat manat məbləğində maddi ziyan ödənilməlidir. Məhkəmə, cavabdehin nümayəndəsi (vəkili) Vəkil2 etiraz ərizəsinə münasibətdə qeyd edir ki, etiraz ərizəsində əksi bildirilsə də, Cavabdeh Xəzər RPİ-nin 1-ci PŞ-də verdiyi izahatında Mərdəkan qəsəbəsində yerləşən 2K saylı bağ evinin özünə məxsus olduğunu, həmin torpaq sahəsində olan hasarın qəzalı vəziyyətdə olduğu üçün onu sökmək istədiyini etiraf etmişdir. Cavabdeh tərəf məhkəmədən cavabdehin əsl cavabdehlə əvəz olunmasını xahiş etsə də, cavabdeh tərəfindən həmin torpaq sahəsinin ona məxsus olmaması barədə məhkəməyə hər hansı sübut təqdim olunmamışdır. Məhkəmə qeyd olunanları uzun məhkəmə çəkişmələrindən sonra cavabdehin məsuliyyətdən yayınma cəhdləri kimi qiymətləndirir. Eyni zamanda məhkəmə cavabdehin nümayəndəsi (vəkili) Vəkil2 etirazının “tikintinin (yüksək təhlükə mənbəyi) aparılmasında heç bir iştirakı və sifarişi olmamışdır.”, “təhqiqatçının, müstəntiqin və ya istintaqın qərarının mülki iş üzrə məhkəmədə heç bir preyudisial əhəmiyyəti yoxdur.” dəlillərinə münasibətdə qeyd edir ki, ilk növbədə tikinti və söküntüyə dair işlərin onun sifarişi deyil, məhz üçüncü şəxslərin sifarişi ilə olması barədə hər hansı sübut təqdim etməmişdir. Bundan əlavə məhkəmə, polis orqanlarında şəxsin verdiyi izahatlarını preyudisial əhəmiyyət kəsb edən hal kimi deyil, yazılı sübutların bir növü kimi qiymətləndirir. Eyni zamanda məhkəmə hesab edir ki, şəxsin polis orqanlarında verdiyi izahatların mötəbərliliyi məhkəmədə şübhə doğurmadığı üçün, deliktin törədilməsində Cavabdeh təqsiri sübuta yetmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 170.2-ci maddəsinə əsasən, qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Məhkəmə qeyd olunanlarla yanaşı bildirir ki, cavabdeh etirazının dəlili kimi istinad etdiyi - iddiaçıya məxsus olan anbarın (deponun) özbaşına tikili olması, habelə digər mülkiyyətçiyə mübahisəli tikilinin sökülməsinə haqq qazandıran halların mövcudluğu ilə bağlı sübutlar təqdim etməmiş, mülahizə xarakterli izahatlara əsaslanmışdır. Bundan əlavə özbaşına tikili olduğu qeyd olunan anbar iddiaçının istifadəsi və sahibliyində olmuş, sözügedən anbarda özünəməxsus əşyalarını saxlamışdır. Həmin anbarın və anbardakı əşyaların iddiaçıya məxsusluğu hazırda cavabdeh tərəfindən mübahisələndirilmir. Onun yerləşdiyi torpaq sahəsinin iddiaçıya məxsus olmadığı mübahisələndirilir ki, bu isə hazırki mübahisənin predmetini təşkil etmədiyindən, məhkəmə, bu hissədə də etirazın dəlilini əsaslı hesab etmir. Belə olan halda iddiaçının belə bir iddia qaldırmaqda subyektiv hüququnun olması mübahisəsizdir. Bundan əlavə qeyd olunmalıdır ki, cavabdehin həmin ərazidə adına hər hansı əmlakının olmaması, sonuncunun deliktin törədilməsində təqsirsiz olması mənasına gəlmir. Qeyd edildiyi kimi, cavabdeh hasarın və ona bitişik olan anbarın sökülməsini öz izahatları ilə etiraf etmiş, başqa hər hansı şəxsin göstərişi ilə hərəkət etməsi isə işin müəyyən edilmiş faktiki halları ilə öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu, qiymətləndirmə tədqiqatının dəyəri 250 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Eyni zamanda məhkəmə qeyd edir ki, “vəkilə ödənilmiş 800 manat xidmət haqqı” ödənilməsi hissəsində iddia tələbinin qismən təmin edilməsi qənaətinə gəlir. Belə ki, hazırki mülki iş üzrə göstərilmiş hüquqi yardım üçün cavabdehdən iddiaçının xeyrinə 500 manat məbləğində pulun tutulmasını ağlabatan hesab edir. Bundan başqa məhkəmə hesab edir ki, məhkəmə tərəfindən təyin edilmiş tikinti-texniki ekspertizası tədqiqatının dəyəri 200 manat məbləğində pul, habelə qiymətləndirmə tədqiqatının dəyəri 300 manat cavabdehdən alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 2658,0 (iki min altı yüz əlli səkkiz) manat maddi ziyana görə pul, vəkilə ödənilmiş 500 (beş yüz) manat xidmət haqqı, mütəxəssis rəyi üçün ödənilmiş 250 manat olmaqla, cəmi 3408 manat və 30 manat dövlət rüsumu İddiaçı xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin olunmasın. Tikinti-texniki ekspertiza tədqiqatının dəyəri 200 manat məbləğində pul Cavabdeh tutulsun, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ013601**********3944, SFİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilsin. Qiymətləndirilmə ekspertizası tədqiqatının dəyəri olan 300 manat məbləğində pul Cavabdeh "xxxx" MMC-nin hesabına VÖEN: **********, Hesab N AZN: AZ30GUNA********************, Bank: GÜNAY BANK ASC, VÖEN: **********, Müxbir hesab: AZ25NABZ********************, KOD: 505594; SWİFT: GUNAAZ22 keçirilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-12/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-12/2024
09.02.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver