Məhkəmə qərarları › İş №2(005)-121/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-121/2022

22.04.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-121/2022 22.04.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh1 firmasının nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 firması və Cavabdeh2 qarşı “pul və mənəvi ziyan” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 firması və Cavabdeh2 qarşı “pul və mənəvi ziyan” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 firması və Cavabdeh2 müştərək qaydada 32076 (24.3*1320=32076) manat pulun, mənəvi ziyana görə 3000 manat və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 05.04.2017-ci il tarixdə 74 nömrəli müqavilə əsasında "xxxx" firmasının ünvan 1 ünvanda inşa edilən 2 bloklu, 16 mərtəbəli binanın 1-ci blokunun 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 107.3 kv.m olan 28 saylı 2 otaqlı mənzili bir kv.m 1320 manat olmaqla 141636 manat məbləğində pulu tam həcmdə ödəməklə həmin mənzili almışdır. Mənzilin qiymətini tam həcmdə ödəməyilə əlaqədar ona "xxxx" firması və onun direktoru tərəfindən maliyyə arayışı verilmişdir. Lakin 17.01.2020-ci il tarixdə Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən aldığı mənzilə verilmiş çıxarışdan müəyyən olunur ki, cavabdehlər tərəfindən ona 107.3 kv.m adı ilə satılmış mənzil yalnız 90 kv.m-dən ibarətdir və faktiki sahə isə 83 kv.m-dir. Cavabdehlər tərəfindən ödədiyi pulun müqabilində 24.3. kv.m az verilmişdir. Cavabdehdən bu pulu dəfələrlə tələb etsə də, pulu verməmişdir. Ona görə də, hazırkı iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsini müdafiə edərək iddia tələbinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 firmasının nümayəndəsi və vəkili iddia tələbinə etiraz edərək, bildirmişdir ki, İddiaçı Turac-A.F. firmasına qarşı iddia qaldıraraq, aldığı mənzili sahəsinin əskik olması ilə əlaqədar artıq ödədiyi pulun, eləcə də mənəvi ziyana görə məbləğin cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamənin çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi əsassızdır və təmin edilməməlidir. Belə ki, iddiaçı mülkiyyət hüququna dair çıxarışa istinad edərək mənzilin sahəsinin 24.3 kv.m əskik olduğunu bildirmişdir. Əvvəla qeyd edilməlidir ki, mövcud qanunvericiliyə əsasən mənzilin bəzi sahələri (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri, balkon, lociya, terras, şüşəbənd və eyvanlar) azalma əmsallarına vurulmaqla hesablanır. Mənzilin DƏDRX tərəfindən tərtib edilmiş texniki pasportunda azalma əmsalına vurulan sahələr qeyd edilsə də, mənzilin ümumi sahəsi qeyd edilərkən azalma əmsalları əsasında müəyyən olmuş sahə əsas götürülmüşdür. Halbuki, texniki pasportda bütün sahələr texniki göstəriciyə uyğun qeyd edilməlidir. Texniki pasporta əsasən azalma sahəsi olmadan və ara divarların altındakı sahələr nəzərə alınmadan mənzilin ümumi sahəsi 93.6 kv.m təşkil etmişdir. İddiaçı isə həttda ara və bayır divarların altındakı sahələr nəzərə alınmadan mövcud olan 93.6 kv.m sahə ilə kifayətlənməyərək, əskik sahənin 24.3 kv.m olmasını qeyd etmişdir və həmin məbləğə görə 32 076 manat maddi ziyan tələb etmişdir. Halbuki, heç bir əlavə sübutetməyə ehtiyac olmayan texniki pasportda ümumi sahə qeyd edilmişdir. Maraqlıdır ki, texniki pasportda nəzərdə tutulmuş, faktiki mövcud olan 93.6 kv.m sahə ilə iddiaçının tələb etdiyi güya ki, əskik olan 24.3 kv. m cəmlənəndə 117.9 kv.m təşkil edir ki, bu da müqavilə üzrə iddiaçıya verilməli sahədən 10.6 kv.m çoxdur. Belə olduğu halda iddiaçının mənzilin sahəsini niyə məhz 83 kv.m olmasını barədə iddiası qeyri-müəyyəndir. Halbuki, yuxarıda qeyd edildiyi kimi mənzilin texniki pasportdakı sahəsi (93.6 kv.m) ilə müqavilə sahəsi (107.3 kv.m) aradakı fərq 13.7 kv.m təşkil edir. Qeyd edilən 13.7 kv.m sahə isə mövcud ara divarların altında qalan sahədir ki, texniki pasport tərtib edilən zaman həmin sahələri nəzərə alınmayıb. Cavabdehin iştirakı olmadan keçirilmiş məhkəmə iclaslarında təyin edilmiş və aparılmış tikinti-texniki ekspertiza zamanı nəinki həmin azalma əmsalları nəzər alınaraq ümumi sahə qeyd edilmiş, eləcə də DƏDRX-nin müəyyən etdiyi faktiki ölçülər də azaldılmışdır. Bu isə təbiki, rəyin həqiqi məlumatları özündə əks etdirməsində şübhə yaradır. Maraqlıdır ki, texniki pasportda dəhliz 14.0 kv.m, ekspert rəyində 13.22 kv.m, texniki pasportda mətbəx 17.7 kv.m, ekspert rəyində 16.8 kv.m, texniki pasportda sanitar qovşağı 2.6 kv.m, ekspert rəyində 2.2 kv.m qeyd edilmişdir. Eyni zamanda ekspertiza qarşısında qoyulmuş suallar işin ədalətli həllinə nail olmaq üçün kifayət qədər yetərli olmamışdır. Belə ki, MTK tərəfindən iddiaçıya təqdim olunmuş mənzilin çöldən-çölə ölçülərinin müəyyənləşdirilməsinə ehtiyac yarandığı halda, bu ölçü aydınlaşdırılmamışdır. Mənzilin ara divarları nəzərə alınmadan, çöl (bayır) divarları arasındakı məsafəni müəyyən etməklə, mənzilin iddiaçıya hansı ölçüdə təqdim olunması barədə qəti fikir söyləmək mümkündür. Həm texniki pasportdan və həm də ekspert rəyindən də görünür ki, mənzilin ara divarları hörgü altında qalan sahələr nəzərə alınmadan ölçü işi aparılmış, buna görə də müqavilə üzrə ölçülər müqavilədə mənzilin qeyd edilmiş faktiki sahəsi ilə uzlaşmamışdır. İşin vicdanlı və ədalətli həlli naminə, ekspert mövcud sahəni heç bir azalma əmsalı tətbiq etmədən və eləcə də ara divar altında qalan məsafələr nəzərə alınmadan çöl divarlar arasındakı sahəni ölçməli idi. Ekspert 3-cü sualın tədqiqatından imtina edərək, qeyd etmişdir ki, “...Mülki iş materiallarında olan “Turac-A.F. ” firması ilə İddiaçı arasında bağlanmış 05.04.2017-ci il tarixli, 74 saylı müqaviləyə əsasən mənzil verilərkən ölçülərin hansı qaydaya əsasən hesablandığına dair məlumat omadığından qərardadın üçüncü sualının ikinci hissəsi üzrə tədqiqat aparılmadı... ”. Bu cür yanaşma ekspertizanın düzgün aparılmadığını deməyə əsas verir. Belə ki, görünür ekspert iş materialları ilə ətraflı tanış olmadan təqdiqatı yekunlaşdırmağa və rəyi verməyə çalışıb. Tərəflər arasında bağlanmış və ekspertin özünün də istinad etdiyi müqavilənin 2.11 -ci bəndində konkret olaraq hesablanma qaydası qeyd edilib. Belə ki, həmin bənddə qeyd edilir : “....bu müqavilə üzrə mənzilin ümumi sahəsi bayır divarların eninin tən yarısından başlayaraq otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığmaq yeri), habelə eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablanır. Ara divarlar və sütunların yerləşdiyi sahələr mənzilin ümumi sahəsinə daxildir... ”. Göründüyü kimi mənzilin ümumi sahəsi hesablanarkən hansı sahələrin nəzərə alınacağı barədə konkret qeyd göstərilmiş və tərəflər bu müqaviləni imzalayaraq, onun hüquqi qüvvəsini tanımışdır. Ekspert isə müqavilədəki həmin bəndlə tanış olmamış, bu barədə heç bir məlumatı olmadan müqavilədə mənzilin sahəsinin hesablanma qaydasının olmamasını bildirərək, tədqiqat aparmaqdan əsassız imtina etmişdir. Hesab edirik ki, mənzilin sahəsi hesablanarkən müqavilənin 2.11-ci bəndinə qeyd edilən hesablama qaydası mütləq nəzərə alınmalıdır. Nə müqavilə, nə də həmin bənd etibarsız hesab edilməmişdir. İddiaçı tərəf mənzilin sahəsinin əskik olması ilə bağlı məhkəmədə iddia qaldırmamışdan öncə həmin bəndin etibarsızlığı tələbini mübahisələndirirək, ona nail olduqdan sonra mənzilin ümumi sahəsinin şəhərsalma və tikinti qanunvericiliyinə uyğun hesablanması və əskik sahəyə görə pulun ödənilməsinə dair tələbini məhkəmədə qaldıra bilərdi. Qeyd edildiyi kimi tərəflərin iradəsi əsasında imzalanmış müqavilə (müqavilənin 2.11-ci bəndi) hüquqi qüvvədədir və etibarsız hesab edilməmişdir. Belə olduğu təqdirdə mənzilin sahəsinin digər formada hesablanması qanunsuzdur. Bu barədə AR Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6-cı, 346.1-ci və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02 Aprel 2021-ci il tarixli qərarında qeyd edilmişdir “....Bəzən qanunvericilikdə məcburi qanun normalarına zidd olaraq bağlanan əqdlərin etibarsız hesab olunması üçün məhkəmə qərarı tələb olunur. Əqdin etibarsız hesab olunması üçün məhkəmə qərarı tələb olunan etibarsızlıq halları əqdlərin etibarsızlığına səbəb olan digər bir növü təşkil edir. Belə əqdlər qanunvericiliyə zidd olmalarına baxmayaraq məhkəmə tərəfindən etibarsızlığa dair qərar verilməyənədək müvafiq hüquqi nəticələri, yəni hüquq və öhdəlikləri yaradan etibarlı əqd kimi qəbul olunur. Məhkəmə tərəfindən etibarsızlığa dair qərar verildiyi təqdirdə isə həmin əqdlər bağlandığı andan etibarsız hesab olunurlar...". Konstitusiya Məhkəməsinin qərarından da göründüyü kimi müqavilənin 2.11-ci bəndi həttda qanuna zidd olmuş olsa idi belə, yenə də həmin bənd etibarsız hesab olunmadığına və onun tərəflər üçün yaratdığı hüquq və vəzifələr qüvvədə olduğuna görə onun (müqavilənin) hüquqi qüvvəsi tərəflər üçün məcburidir. Buna görə də hesablama müqavilənin 2.11-ci bəndinə əsasən aparılmalıdır. Qeyd edilənlərlə yanaşı iddiaçının tələbini əsaslandırdığı hallar cavabdehin əsassız varlanma formasında artıq pul vəsaiti əldə etməsi anlamına gəlir. Belə ki, Mülki Məcəllənin 14.2.7-ci maddəsinə görə əsassız varlanma mülki hüquq və vəzifələrin, 386.1-ci maddəyə görə öhdəliklərin əmələ gəlmə əsaslarından biridir. Mülki Məcəllənin 1091.1-ci maddəsinə görə “Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin”. Mülki Məcəllənin 1091.2-ci maddəsinə görə “Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir”. Yuxarıda qeyd edilən maddələrin qarşılıqlı təhlilindən görünür ki, iddianın əsaslandırıldığı hal konkret olaraq əsassız varlanma görüntüsü yaradır və buna görə də həmin münasibətlərə əsassız varlanma ilə bağlı normalar tətbiq edilməlidir. Belə olduqda 1095-ci maddəyə uyğun olaraq iddia müddəti keçmiş olur və iddianın rədd edilməsi üçün hüquqi əsas yaradır. Həmin maddəyə görə “Əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir”. Odur ki, iddia müddətinin tətbiqi, hazırkı halda iddianın rədd edilməsi əsaslarından biri kimi çıxış edir və hesab edirik ki, məhkəmə tərəfindən nəzərə alınmalıdır. Bununla bağlı məhkəməyə ərizə təqdim edilmişdir. Eyni zamanda mənəvi ziyanla bağlı hesab edirik ki, iddiaçının heç bir dəlili yoxdur. İddiaçı formal olaraq tələb irəli sürməklə, maksimum faydalanmağa çalışmışdır. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən Cavabdeh2 iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə tərəflərin izahatlarını, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ilə "xxxx" Firması arasında 05.04.2017-ci il tarixdə bağlanmış Müqavilənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı ünvan 1 ünvanda inşa edilən 2 bloklu, 16 mərtəbəli binanın 1-ci blokunun 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 107.3 kv.m olan 28 saylı 2 otaqlı mənzili Cavabdeh1 firmasından bir kv.m 1320 manat olmaqla 141636 manata alır. Həmin Müqavilənin 2.3-cü bəndinə əsasən tərəflər razılaşırlar ki, mənzil onun yerləşdiyi binanın tikintisi tam başa çatdırıldıqdan sonra “Sifarişçiyə” veriləcəkdir. Həmin Müqavilənin 2.11-ci bəndinə əsasən bu müqavilə üzrə mənzilin ümumi sahəsi bayır divarlarının eninin tən yarısından başlayaraq otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yınaq yeri), habelə eyvanların, şüşəbəndlərin və terrasların sahəsi daxil olmaqla hesablanır. Ara divarlar və sütunların yerləşdiyi sahələr mənzilin ümumi sahəsinə daxildir. Həmin Müqavilənin 5.1-ci bəndinə əsasən Bu müqavilə İmzalandığı taxirdən qüvvəyə minir və müqavilənin ləğvi halları istisna olmaqla, onun bütün şərtləri yerinə yetirilənədək qüvvədədir. İş materiallarında olan "xxxx" Firması tərəfindən 05.04.2017-ci il tarixdə verilmiş 01 nömrəli kassa mədaxil orderinin surətindən görünür ki, ünvan 1 ünvanında Cavabdeh1 firması tərəfindən inşa edilən 2 bloklu, 16 mərtəbəli binanın 1-ci blokunun 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 107.3 kv.m olan 28 saylı 2 otaqlı mənzilin dəyəri İddiaçı tərəfindən tam ödənilmiş və onun borcu qalmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 17.01.2020-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, sahəsi 90 m² olan Bakı şəhəri, Nərimanov rayonu, Y.V.Çəmənzəmənli küçəsi, ev 18C, mənzil 28,Giriş -1 xüsusi mülkiyyət hüququ üzrə İddiaçı məxsusdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən 17.01.2020-ci il tarixdə tərtib edilmiş Texniki Pasportun surətindən görünür ki, ünvan 1 ünvanda inşa edilən 2 bloklu, 16 mərtəbəli binanın 1-ci blokunun 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 107.3 kv.m olan 28 saylı 2 otaqlıdır və yaşayış sahəsi 47.6 m² olmaqla ümumi sahəsi 90 m²-dir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 10.09.2021-ci il tarixdə verilmiş 10/4003 nömrəli ekspert rəyindən görünür ki; 1-ci sual üzrə rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Turac- A.F.” firması ilə İddiaçı arasında bağlanmış 05.04.2017-ci il tarixli 74 №-li müqaviləyə əsasən ünvan 2 ünvanında inşa edilən yeni binada İddiaçı verilmiş mənzilin ümumi sahəsi Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 59.2, 59-cu maddələrinin və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin kollegiyasının 04 dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydalarının tələbləri nəzərə alınmaqla 87,72 m2 təşkil edir. Qərardadın birinci sualının ikinci və üçüncü hissələri ilə bağlı qeyd olunur ki, mülki iş materiallarında İddiaçı məxsus mənzilin ilkin vəzyyətinə dair layihə-eskiz sənədləri olmadığından bu sual üzrə tədqiqat aparılmadı. 2-ci sual üzrə ünvan 3 ünvanında inşa edilən 16 mərtəbəli, 2 bloklu binanın 1-ci blokunun, 8-cı mərtəbəsində yerləşən, İddiaçı verilmiş 28 saylı 2 otaqlı mənzil ilə həmin binanın eynilik təşkil edən digər mənzillər təmirli olmaqla yaşayış olduğu nəzərə alınaraq, bu sual üzrə tədqiqat aparılması mümkün olmadı. 3-cü sual üzrə ünvan 4 ünvanında inşa edilmiş 16 mərtəbəli, 2 bloklu binanın 1-ci blokunun, 8-ci mərtəbəsində yerləşən, 28 saylı, 2 otaqlı mənzilinə dair verilmiş hüquqların dövlət qeydiyyatı haqqında 17.01 2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilərkən mənzilin sahəsinin ölçülməsi qaydası Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 59.2. 59-cu maddələrinin və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin kollegiyasının 04 dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydalarına uyğun aparıldığı, “Turac- A.F.” firması ilə İddiaçı arasında bağlanmış 05.04.2017-ci il tarixli 74 saylı müqaviləyə əsasən mənzil verilərkən ölçülər faktiki sahəyə uyğun (arakəsmələr, divar və s sahə çıxılmaqla) aparılmadığı müəyyən olunmuşdur. Mülki iş materiallarında "Turac-A.F." firması ilə X3 arasında bağlanmış 05.04.2017-ci il tarixli 74 saylı müqaviləyə əsasən mənzil verilərkən ölçülərin hansı qaydaya əsasən aparıldığına dair məlumat olmadığından qərardadın üçüncü sualının ikinci hissəsi üzrə tədqiqat aparılmadı. 4-cü sual üzrə “Turac-A.F." firmasının mütəxəssisləri tərəfindən aparılmış ölçü işlərinin Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun ölçülmədiyi, lakin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin mütəxəssisləri tərəfindən mübahisəli mənzilin sahəsi qanunvericiliyin tələblərinə uyğun ölçüldüyü müəyyən edilmişdir. 5-ci sual üzrə Mülki iş materiallarında və "Turac-A.F." firması ilə İddiaçı arasında bağlanmış 05.04.2017-ci il tarixli 74 saylı müqavilədə sözügedən mənzilin sahəsinin hansı qaydada ölçülməsinə dair məlumat olmadığından qərardadla qoyulmuş sual üzrə tədqiqat aparılması mümkün olmadı. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 01.02.2022-ci il tarixdə verilmiş 10/210 nömrəli ekspert rəyindən görünür ki; 1-ci sual üzrə rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Cavabdeh1 firması ilə İddiaçı arasında bağlanmış 05.04.2017-ci il tarixli 74 saylı müqaviləyə əsasən Bakı şəhəri, Y.V.Çəmənzəminli 18 küçəsində, 16 mərtəbəli, 2 bloklu binanın 1-ci blokunun, 8-ci mərtəbəsində yerləşən, 28 saylı, 2 otaqlı mənzilin ümumi sahəsi bayır divarların tən yarısından başlayaraq otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığmaq yeri), eyvanların, şüşəbənd ərin sahəsi də daxil olmaqla, ara divarlar və sütunlar da hesablanmaqla faktiki olaraq 107,3 m2 təşkil etdiyi müəyyən edilmişdir. 2-ci sual üzrə Bakı şəhəri, Y.V.Çəmənzəminli 18 ünvanında Cavabdeh1 firması tərəfindən inşa olunmuş yaşayış binasında yerləşən İddiaçı məxsus 28 saylı mənzildə hər hansı təmir işləri aparılmadığı müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhər İcra Hakimiyyətinin 31.07.2017-ci il tarixli 335 nömrəli Sərəncamından görünür ki, Cavabdeh1 firmasının 26.07.2017-ci il tarixli 39 saylı müraciəti nəzərə alınaraq ünvan 6 ünvanda Cavabdeh1 firmasının sifarişi ilə inşa olunmuş və tikintisi başa çatmış 16 mərtəbəli mansarda 2 girişli yaşayış binasının (1-ci və 2-ci mərtəbələri qeyri-yaşayış sahəsi və 2 mərtəbəli qeyri-yaşayış binasının ümumi zirzəmi mərtəbəsi və həyətin altı avtodayanacaq) istismarına icazə verilməsi və “Tikinti obyektinin istismarına icazənin vahid formasının” təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11.09.2014-cü il tarixli 302 nömrəli qərarına uyğun qaydada müvafiq icazə sənədinin hazırlanması qərara alınmışdır. İş materiallarına əlavə edilmiş Bakı şəhər İcra Hakimiyyətinin 31.07.2017-ci il tarixli 0115 nömrəli “Tikinti obyektinin istismarına İcazə sənədindən görünür ki, Bakı şəhər İcra Hakimiyyətinin 31.07.2017-ci il tarixli 335 nömrəli Sərəncamına əsasən ünvan 6 yaşayış və qeyri-yaşayış binalarının ümumi sahəsi layihə üzrə 28979,64 kv.m faktiki 28979,64 kv.m olan tikililər istismara qəbul edilmişdir. İş materiallarına əlavə edilmiş iddia müddətinin tətbiqi barədə ərizədən görünür ki, İddiaçı tərəfindən cavabdeh Turac-A.F. firmasına qarşı qaldırılmış iddia tələbinə iddia müddətini tətbiq edərək, iddianın rədd edilməsi barədə qətnamə çıxarılması xahiş olunmuşdur. Məhkəmə iclasında tərəflərin izahatı və təqdim edilmiş sübutlar əsasında müəyyən edilmişdir ki, "xxxx" Firması ilə iddiaçı İddiaçı arasında 05.04.2017-ci il tarixdə 74 nömrəli müqavilə imzalanmış və firmadan İddiaçı ünvan 1 ünvanda inşa edilən 2 bloklu, 16 mərtəbəli binanın 1-ci blokunun 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 107.3 kv.m olan 28 saylı 2 otaqlı mənzili bir kv.m 1320 manat olmaqla 141636 manat olan mənzili almış və dəyərini ödəmişdir. İddiaçı adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 17.01.2020-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Çıxarışda mübahisəli əmlakın sahəsilə uyğunluq təşkil etməmişdir. Bu səbədən də İddiaçı əskik olan sahənin dəyərinin və mənəvi ziyan tələbi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh "xxxx" iddia müddətinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Müəyyən olunan hallara münasibətdə məhkəmə qeyd edir ki, tərəflər arasında yaranmış mübahisədə iddia tələbi üzrə göstərilən əsaslar, habelə cavabdeh tərəfindən qurulmuş iki tərəfli müdafiə formasına ayrı-ayrılıqda hüquqi qiymət verilməlidir. Belə ki, hazırda iddia tələbi sabit olaraq cavabdehə yönəlməsinə baxmayaraq, cavabdeh tərəfindən irəli sürülmüş müdafiə forması iki ayrı hüquqi əsasla qurulmuşdur. Məhkəmə hazırda ilk olaraq iddiaçı tərəfindən qaldırılmış iddianın mahiyyətinə dair cavabdeh tərəfindən yönəlmiş müdafiəsi qarşılıqlı araşdırılması məqsədəmüvafiq hesab edir. Belə ki, mübahisə predmetini təşkil edən hal iddiaçıya 05.04.2017-ci il tarixdə 74 nömrəli müqavilə üzrə satılmış əmlakın ümumi sahəsinin əskik olmasıdır. Cavabdeh qeyd olunan tələbə münasibətdə tərəflər arasında bağlanmış və razılaşdırılmış müqavilə şərtlərindən çıxış edərək iddiaçı tərəfindən aparılmış hesab-ölçmə qaydasının müqaviləyə ziddi müəyyən edilməsini göstərmişdir. Bununla əlaqədar olaraq məhkəmə araşdırması zamanı mübahisə predmeti olan mənzilin tərəflər arasında bağlanmış müqavilə şərtlərinə uyğun ölçmə hesablama işlərinin aparılması məqsədilə məhkəmə ekspertizası təyin edilmişdir. Qeyd olunan ekspertiza keçirildikdən sonra verilmiş 01.02.2022-ci il tarixli 10/210 nömrəli ekspert rəyində mübahisə predmeti olan mənzilin ümumi sahəsi 107,3 m2 təşkil etdiyi müəyyən edilmişdir. Bundan başqa sözügedən rəydə Bakı şəhəri, Y.V.Çəmənzəminli 18 ünvanında Cavabdeh1 firması tərəfindən inşa olunmuş yaşayış binasında yerləşən İddiaçı məxsus 28 saylı mənzildə hər hansı təmir işləri aparılmadığı göstərilmişdir. Ekspert rəyindəndə müəyyən olunduğu kimi hazırda iddiaçının mülkiyyətində olan mənzilin tərəflər arasında bağlanmış müqavilədə göstərilmiş ümumi sahəsi, yenədə həmin müqavilənin 2.11-ci bəndində razılaşdırılmış ölçmə hesablama qaydasına uyğundur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Mcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Göründüyü kimi qanunverici qeyd olunan maddi hüquq normalarının imperativ tələbləri üzrə tərəflər arasında yaranan münasibətlərin əsas meyyarlarını müəyyən etməklə, yaranmış mübahisələrin həlli zamanı bu meyyarlar əsasında həlli yolunu təsdiq edir. Hazırda yaranmış mübahisə üzrə tərəflərin münasibətləri onlar arasında bağlanmış müqavilə ilə tənzimləndiyindən yaranmış mübahisənin həlli üçün əsas olan normalar qanunvericliyə zidd olmayan həmin müqavilənin bəndləri hesab edilməlidir. Hazırda tərəflər arasında qeyd olunan müqavilənin bağlanması və bağlandığı tarixdə icra olunduğu tarixədək qüvvədə olması işin mübahisəsiz halıdır. Bu səbəbdən də məhkəmə hesab edir ki, tərəflər arasında hazırda yaranmış mübahisənin araşdırlması zamanı qeyd olunan müqavilənin şərtləri üzrə təşkil olunması qüvvədə olan maddi hüquq normalarını imperativ tələblərinə uyğundur. Aparılmış məhkəmə araşdırması zamanı cavabdeh tərəfindən müqavilənin şərtləri üzrə hər-hansı pozuntu müəyyən olunmamışdır. Belə olan halda iddia tələbinin müqavilə üzrə cavabdehin öhdəliklərini tam yerinə yetirməməsi hissəsində əsassızdır. Eyni zamandan iddiaçı tərəfindən cavabdehdən mənəvi ziyan 3000 manat pulun tutulması hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçının tələbinin mənəvi ziyanla bağlı hissəsinin irəli sürülməsinə səbəb tələbin birinci hissəsi təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Halbuki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 №-li 03 noyabr 2008-ci il tarixli qərarının 2-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Həmin qərarın 4-cü bəndində göstərilmişdir ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi ziyanın ödənilməsini tələb etmək hüququnu istisna etmir. Həmin Qərarın 10-cu bəndində göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.) , habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Cavabdehin hərəkətləri nəticəsində iddiaçıya zərərin vurulmasının sübut olunmadığını və iddiaçı tərəfindən bu halı təkzib edəcək sübutlar məhkəməyə təqdim edilmədiyini nəzərə alaraq məhkəmə hesab edir ki, vurulmuş mənəvi zərərə görə irəli sürülümüş tələbdə əsassızdır. Hazırda məhkəmə cavabdeh tərəfin iddia tələbinə qarşı ikinci müdafiə forması olan iddia müddətinin tətbiq edilməsi yolu ilə iddianın rədd edilməsinə münasibətdə bildirir ki, tərəflər arasında bağlanmış 74 nömrəli müqavilə 05.04.2017-ci il tarixdə yəni imzalandığı andan qüvvədə olmuşdur. Qeyd olunan alqı-satqı müqaviləsinin predmeti Bakı şəhəri, Y.V.Çəmənzəminli 18 ünvanında Cavabdeh1 firması tərəfindən inşa olunmuş yaşayış binasında yerləşən 16 mərtəbəli, 2 bloklu binanın 1-ci blokunun, 8-ci mərtəbəsində yerləşən 28 saylı mənzil olmuşdur. Həmin müqavilənin müddəti müqavilənin ləğvi halları istisna olmaqla, onun bütün şərtləri yerinə yetirilənədək qüvvədə olması razılaşdırılmışdır. İddiaçı tərəf müqavilədə nəzərdə tutulmuş mənzilin dəyərini ödəsədə müqavilə şərtinə əsasən ona mənzil binada tikinti işləri başa çatdıqdan sonra mənzilin ona təhvil verilməsi qeyd olunmuşdur. Cavabdeh tərəfindən binada tikinti işlərinin Bakı şəhər İcra Hakimiyyətinin 31.07.2017-ci il tarixli 335 nömrəli Sərəncamı üzrə istismara icazə verilməsi qərara alındıqdan dərhal sonra başa çatdırmışdır. Eyni zamanda hazırda iddiaçı tərəfindən mənzilin qeyd olunan tarixdə daha sonra təhvil verilməsini təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Göründüyü kimi məhkəmə iddia müddətinin tətbiq edilib-edilməməsi barədə halı müəyyən edərkən ilk növbədə tərəflər arasında bağlanmış müqavilənin qüvvədən düşmən tarixinin dəqiq zəruri hesab edir. Belə olan halda hazırda mübahisə predmeti olan mənzilin tərəflər arasında bağlanmış müqavilə üzrə iddiaçıya təhvil verilməsi həmin müqavilənin qüvvədən düşməsi deməkdir. Odur ki, hazırda iddiacıya mənzilin verilməsi tarixini təyin edəcək yeganə şərtin mənzilin ona təhvil verilməsi olduğunu nəzərə alan məhkəmə, tərəflər arasında bağlanmış müqavilənin qüvvədən düşmə tarixini həmin mənzilin yerləşdiyi binada tikinti işlərinin yekunlaşması, yəni binanın istismara verilməsi 31.07.2017-ci il tarixi ilə eyni hesab edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.1-ci maddəsinə əsasən ümumi iddia müddəti on il təşkil edir. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 373.3-cü maddəsinə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Həmin Mcəllənin 373.4-cü maddəsinə əsasən tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətləri təyin edilə bilər. Həmin Məcəllənin 373.5-ci maddəsinə əsasən bu Məcəllənin bu fəslində müəyyənləşdirilmiş qaydalar, əgər qanunla ayrı hal müəyyənləşdirilməyibsə, xüsusi iddia müddətlərinə də şamil edilir. Göründüyu kimi qanunverici daşınmaz əşyalarla bağlı müqavilə tələblərinə dair iddia müddətini 6 il müəyyən etmişdir. Hazırda məhkəmə araşdırması zamanı tərəflər arasında bağlanmış 05.04.2017-ci il tarixli müqavilənin qüvvədə olmasının son tarixi olaraq mənzilin iddiaçıya təhvil verilməsi, yəni mənzilin yerləşdiyi binanın istismara verilməsi 31.07.2017-ci il tarixi ilə hesabladıqda qeyd olunan mübahisə üzrə iddia müddətinin ötürülməsi yalnız iddianın 31.07.2023-cü il tarixindən sonra baş verərədi. İddiaçı hazırki iddia tələbi ilə məhkəməyə 31.05.2021-ci il tarixdə müraciət etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27.01.2001-ci il tarixli «Azərbaycan Respublikası MM-nin 373-cü maddəsinin şərh edilməsinə dair» Qərarında göstərilmişdir ki, iddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir ki, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərin üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Avropa İnsan Hüquqları Məhkəməsinin Miragall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar; «R.Salamovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikasının Ali Məhkəməsinin MİÜMK-nın 03.04.2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 oktaybar 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, iddia müddətləri mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarına düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. «X.İ.Qasımovun şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 13.12.2005-ci il tarixli qərarında qeyd edilmişdir ki, ədalət mühakiməsinin müvafiq məhkəmə tərəfindən qüvvədə olan hüquqi prosedurlar üzrə məhkəmə müdafiə hüququnun (ədalətli məhkəmə araşdırılması hüququnun) məcburi təmin edilməklə həyata keçirilməsi qanunun aliliyi baxımından mühüm şərtlərdən biridir. Bu hüquq mütləq hüquq olmasa da, onun üzərinə qoyulan məhdudiyyətlər qanunda nəzərdə tutulmalı və hüququn mahiyyətinə xələl gətirə biləcək dərəcədə maneələr törətməməlidir. Məhkəməyə müraciət hüququ (məhkəmə müyəssərliyi) hüququ məhkəmə müdafiə hüququnun (ədalətli məhkəmə araşdırılması hüququnun) tərkib hissəsi olmaqla yanaşı bu və ya digər məhkəmə instansiyasına münasibətdə nəinki formal, həm də real olmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 3 iyun 2013-cü il tarixli « Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair» Qərarında göstərilmişdir ki, mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. İşin hallarından göründüyü kimi hazırda iddiaçı tərəflər arasında daşınmaz əmlakın alqı-satqısı dair müqavilə üzrə iddia tələbini qanunvericiliklə müəyyən olunmuş müddəti ötürmədən məhkəməyə təqdim etmişdir. Bu səbəbdən də cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəsi əsassızdır. Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış 05.04.2017-ci il tarixli müqavilədə göstərilmiş 107.3 kv.m sahə ilə müvafiq ekspert rəyilə müəyyən edilmiş 107.3 kv.m olan mənzilin faktiki ölçüləri arasında fərqlər olmadığından iddia tələbi üzrə cavabdehlərə məhkəmə qərarı ilə hər-hansı öhdəliyin müəyyən edilməsi yolverilməzdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cu maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddiaçının iddia tələbinin təmin rədd edildyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumu onun özünə aid edilməlidir. Eyni zamanda aparılmış ekspertiza tədqiqatının dəyəri İddiaçı tutularaq, 100 (bir yüz) manat məbləğində pul Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilməlidir. Beləliklə məhkəmə yuxarıda qeyd olunan hallara məcmu halında qiymət verərək, qeyd edir ki, iddia tələbi əsassız olduğundan İddiaçı cavabdehlər Cavabdeh1 firması və Cavabdeh2 qarşı “pul və mənəvi ziyan” tələbinə dair iddiası təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 firması və Cavabdeh2 qarşı “pul və mənəvi ziyan” tələbinə dair iddia tələbi təmin edilməsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri İddiaçı tutularaq, 100 (bir yüz) manat məbləğində pul Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə apellyasiya şikayəti verilə bilər. Hakim Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar