Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1256/2023 13.04.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X1, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Hərbi Prokurorluğunun nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Hərbi Prokurorluğuna qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Hərbi Prokurorluğu tərəfindən ona qarşı yol verilmiş qərəzli hərəkətlər nəticəsində ona dəymiş maddi və mənəvi zərər qismində 150000 (bir yüz əlli min) manatın ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 1992-2001-ci il tarixlərində AR Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında zabit rütbəsində bölük komandiri, qərargah rəisinin müavini, alayın fiziki hazırlıq və idman rəisi vəzifələrində xidmət etmişdir. X5 əmri ilə 1992-1994-cü illərdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişdir. xx.xx.1994-cü ildə Hərbi Prokuror Azər Quliyevin və müstəntiq İntiqam Əliyev tərəfindən qeyriqanuni olaraq heç bir sübut və dəlil olmadan həbs edilmişdir. Müstəntiq ona təqsirli olmasını əsas gətirsə, də bu barədə heç bir mötəbər sübut təqdim etməmişdir. Hadisələrin davamında ondan və eləcə də ailəsindən pul tələb edilmiş, bu pulu verməyəcəi təqdirdə həbs ediləcəyi ilə bağlı xəbərdar edilmişdir. Nəticədə iradəsindən kənar bir sıra sənədləri öz imzası ilə təsdiqləmiş və onu Nərimanov rayonunda yerləşən hərbi hissənin təcridxanasına gətirmişlər. Oradan Şüvəlan qəsəbəsində yerləşən təcridxanaya təxliyə olunmuşdur. Bir müddət orada saxlandıqdan sonra Bayıl ərazisində yerləşən təcridxanaya xüsusilə ağır cinayətlər törətməyə görə təqsirləndirilən şəxslərlə biryerdə saxlanılmışdır. Bütün buların nəticəsində qeyri-insani münasibət və təhqirlərə məruz qalmışdır. Lakin bütün bu ittihamlar məhkəmə sübut olunmamışdır. xx.xx.1994-cü ildən xx.xx.1995-ci ilədək ona dəymiş mənəvi zərərin əvəzi ödənilməlidir. Məhkəmə iclasında İddiaçı iddia tələbinin təmin olunmasını, iddia tələbinin dəqiqləşdirməsi, cavabdehin əsil cavabdehlə əvəz olunması barədə məhkəmənin təklifi ilə razı olmadığını bildirmişdir. Məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikası Hərbi Prokurorluğunun nümayəndəsi X4 iddia tələbini qəbul etmədiyini, rədd olunmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, mülki işin sənədlərini araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Hərbi Prokurorluğunun xx.xx.2022-ci il tarixli məktubunun məzmunundan görünür ki, vətəndaş İddiaçı tərəfindən edilmiş müraciət mülki xarakterli mübahisə olduğundan sonuncuya müvafiq məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur; Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının xx.xx.2022-ci il tarixli məktubunun məzmunundan görünür ki, X9 Zakir Nağı oğlu tərəfindən ünvanlanmış müraciətdə göstərilən məsələlər Daxili Qoşunların səlahiyyətləri xaricindədir. Azərbaycan Respublikası Hərbi Prokurorluğunun xx.xx.2023-cü il tarixli məktubunun məzmunundan görünür ki, 01 noyabr 1994-cü il tarixdə Hərbi Prokurorluğun müstəntiqi ədliyyə baş leytenantı İ.Əliyev tərəfindən toplanmış sübutlar qiymətləndirilərək 08 avqust 1994-cü il tarixdə saat 16 radələrində Dəvəçi rayonu, “Xanlar” xanası adlanan ərazidə xidmət aparan Daxili Qoşunların N nömrəli hərbi hissəsinin sabit zabiti, baş leytenant İddiaçı “saxla” tələbinə tabe olmayan “Zil” markalı avtomobilə xidməti avtomat silahından atəş açaraq avtomaşının yük yerində olan vətəndaş X7 bədən xəsarəti yetirməsi qənaətinə gəlinmiş və İddiaçı 01 sentyabr 2000-ci il tarixədək qüvvədə olmuş ARCM-nin 255-ci maddəsinin “b” bəndi və 102-ci maddəsinin 1-ci hissəsi ilə ittiham elan edilərək barəsində həbs qətimkan tədbiri seçilmişdir. 16 noyabr 1994-cü il tarixdə İddiaçı əməlləri 01 sentyabr 2000-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası CM-nin 255-ci maddəsinin “b” bəndi və 105-ci maddəsi ilə tövsif olunmuş və ona həmin maddələrlə ittiham elan edilmişdir. 29 dekabr 1994-cü il tarixdə İddiaçı 01 sentyabr 2000-ci il tarixədək qüvvədə olmuş AR CMnin 255-ci maddəsinin “b” bəndi və 105-ci maddəsi ilə ittiham olunmasına dair tərtib edilmiş ittihamnamə X6 İcrasına nəzarət üzrə hərbi prokuror tərəfindən təsdiq edilərək baxılması üçün Hərbi Dəniz Qüvvələri Hərbi Tribunalına göndərilmişdir. 06 iyun 1995-ci il tarixdə cinayət işinin İddiaçı 01 sentyabr 2000-ci il tarixədək qüvvədə olmuş ARCM-nin 255-ci maddəsinin “b” bəndi ilə ittiham elan edilmiş və İddiaçı olan elan edilmiş ittiham üzrə özünü təqsirli bilmişdir. Həmçinin İddiaçı istintaqa ərizə ilə müraciət edərək, cinayət işinin icraatına xitam verilməsinə və onun hərbi hissə komandanlığının zaminliyinə verilməsinə etirazının olmadığı bildirilmişdir. AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi TSEK-in 251868 saylı arayışına əsasən İddiaçı əmək qabiliyyətsizdir. 2-ci qrup əlildir. Əlilliyin səbəbi Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi zamanı alınmış hərbi travmadır. xx.xx.2003-cü il tarixli vəsiqənin surətindən görünür ki, İddiaçı 2-ci qrup əlildir. Məhkəmənin hazırlıq iclasında iddiaçıya cavabdehi əsil cavabdehlə əvəz etməsi təklif olunmuş, lakin iddiaçı buna razı olmamış, ərizəsini verilmiş tələb və tərəflərlə baxılmasını xahiş etmişdir. Nəzərə alınmalıdır ki, mülki işlər üzrə məhkəmə icraatı iddiaçının məhkəməyə təqdim etdiyi ərizə əsasında başlanan icraatdır və iddiasına cavab verməli olan subyekti müəyyənləşdirmək bilavasitə iddiaçının müstəsna hüququdur. Bu zaman həm də nəzərə alınmalıdır ki, mülkiprosessual qanunvericilik yalnız iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslərin cavabdeh hesab olunduğunu nəzərdə tutur (MPM-nin 50-ci maddəsi). Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır. Məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə hesab edir ki, cavabdeh Azərbaycan Respublikası Hərbi Prokurorluğu iddiaya cavab verməli şəxs olmadığından, iddia rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 51.3-cü maddəsinə əsasən, başqa cavabdehin cəlb edilməsi zərurəti olarsa, məhkəmə qətnamə çıxarana kimi iddiaçının razılığı ilə həmin cavabdehi işə cəlb edə bilər. Həmin Məcəllənin 54.1-ci maddəsinə əsasən, iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Qeyd edilən Məcəllənin 54.2-ci maddəsinə əsasən, iddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Bu o deməkdir ki, iddiaçı tələbə cavab verməli olan müvafiq dövlət orqanına qarşı (Azərbaycan Respublikası Maliyyə Nazirliyi) tələb irəli sürülmədiyindən məhkəmə, tələbin yönəldiyi subyektin buna cavab verməli olub-olmadığı konteksində müvafiq qərar verməli, yaxud iddiaçının iradəsi olduğu təqdirdə cavabdehin əvəz olunması məsələsini həll edilməlidir. Hazırki mülki iş üzrə iddiaçının tələb etdiyi maddi zərər məbləğinin araşdırmağını zəruri hesab etmir. İddiaçının irəli sürdüyü digər dəlillərin araşdırılmasına ümumiyyətlə ehtiyac yoxdur, çünki işin həlli üçün onların hər hansı əhəmiyyəti mövcud deyildir. Belə yanaşma prosessual qənaət prinsipinin tələbidir və məhz buna görə də iddianın təmin olunması mümkün deyildir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, cavabdeh Azərbaycan Respublikası Hərbi Prokurorluğu iddiaya cavab verməli şəxs olmadığından, cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadığından, bununla da, işə irəli sürülmüş tələb üzrə baxıldığından, mövcud iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Hərbi Prokurorluğuna qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiası rədd edilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci, maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Hərbi Prokurorluğuna qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia rədd edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova
Məhkəmə qərarları › İş №2(005)-1256/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1256/2023
13.04.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver