Məhkəmə qərarları › İş №2(005)-1267/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1267/2023

03.10.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1267/2023 03.10.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclas katibi Məmmədova Təhminə Nizami qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı əmlakın naturada bölünməsi, hərracdan satılması və satışdan əldə edilmiş pul məbləğinin paylı mülkiyyətçilər arasında bərabər bölünməsi tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təsviri hissə İddiaçı Cavabdeh qarşı əmlakın hərracdan satılması və satışdan əldə edilmiş pul məbləğinin paylı mülkiyyətçilər arasında bərabər bölünməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, paylı mülkiyyətdə olan Bakı şəhəri, Nərimanov rayonu, X11 küçəsi, ev 32, mənzil 20 ünvanında yerləşən ümumi sahəsi 86,94 kvadrat metr olan 4 otaqdan ibarət mənzilin açıq hərracdan satılaraq, əldə edilmiş satış məbləğinin paylı mülkiyyətçilər- İddiaçı Avdın qızı və Cavabdeh arasında bərabər şəkildə bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı atası X5 müdir işlədiyi “AZELEKTROTERM” zavodunun tabeliyində olduğu Ağır sənaye nazirliyi tərəfindən 1969-cu ilin yanvar ayında ona Bakı şəhəri, Nərimanov rayonu, X11 küçəsi, ev 32, mənzil 20 ünvanında yerləşən, ümumi sahəsi 86,94 kvadrat metr olan 4 otaqdan ibarət mənzil verilmişdir. Ailələri 4 nəfərdən - X2, anası X3, bacısı Cavabdeh və onun özü İddiaçı ibarət olmuşdur. X2 1 dekabr 2007-ci ildə vəfat etmişdir. Bundan sonra Bakı şəhəri, Nərimanov rayonu, 21 saylı Dövlət notariat Kontorunda A. M. Vahidovun 01 dekabr 2007-ci il tarixdə ölümü ilə əlaqədar qeyd edilən ailə üzvləri arasında qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə tərtib edilərək, ailə üzvlərinin hər birinin əmlakı olan qanuni pay hüquqları təsbit edilmişdir. Belə ki, Bakı şəhəri, Nərimanov rayonu, A. Molla Cümə küçəsi, ev 32. mənzil 20-də yaşayanlar mərhumun arvadı X3, qızı İddiaçı və ünvan 2 ünvanda qeydiyyatda olan qızı Cavabdeh onların hər birinə miras əmlakdan bərabər payda hissələrdə miras almalı olduqlarına dair qərar verilmişdir. Lakin mərhumun həyat yoldaşı Z. Ə. Vahidova tərəfindən 19 iyul 2012-cü il tarixdə ona düşən Bakı şəhəri, A. Molla Cümə küçəsi, ev 32, mənzil 20-də olan payını qızlarına- (iddiaçı və cavabdehə ) bağışlamışdır. 19 iyul 2012-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestr xidmətinin 1 saylı Bakı şəhər ərazi idarəsində müvafiq qeydiyyat aparılmışdır. Beləliklə də, Bakı şəhəri, Nərimanov rayonu, A. Molla Cümə küçəsi, ev 32, 20 saylı xüsusi mülkiyyətdə olan mənzilin /2 hissəsi İddiaçı, digər 1/2 hissəsi Cavabdeh adına bölünməklə onların hər birinə ******* saylı RX seriyalı reyestrdən çıxarış verilmişdir. Lakin qeyd edilən ünvanda yerləşən evdə uzun illər onların anası Zoya Vahidova tək yaşamışdır. Çünki onun hər iki qızları ailə quraraq özlərinin həyat yoldaşlarının evlərinə köçmüş və orada yaşamışlar. İddiaçı 1993-cü ildə ailə həyatı qurduqdan sonra ata evində pasport qeydiyyatında qalmış, lakin həyat yoldaşının Bakı şəhəri, Fətəli xan Xoyski prospekti 113 saylı evin 34 saylı mənzilinə köçmüş və hal hazıradək orada yaşamaqdadır. İddiaçının bacısı Cavabdeh (cavabdeh) isə ailə həyatı qurduqdan sonra ata evindən pasport qeydiyyatından çıxaraq həyat yoldaşının Bakı şəhəri, Nəsimi rayonu, 5 mkr , Tağızadə küçəsi, ev 15, mənzil 81-də yerləşən evinə köçərək, orada daimi pasport qeydiyyatına düşmüş və uzun illər orada ailəsi ilə yaşamışdır. 2022-ci ilin yay aylarında cavabdehin ailəsi ilə yaşadığı qeyd edilən mənzil satıldıqdan sonra, onlar anamın yanına Nərimanov rayonu, A. Molla Cümə küçəsi, ev 32, mənzil 20-yə daşınmış və cavabdeh ailəsi ilə birlikdə hal-hazıra qədər analarının yanında yaşayır. Bundan sonra iddiaçı cavabdehə onun da qeyd edilən mənzilə mülkiyyət hüquqlarının olduğunu xatırlatmışdır. Cavabdeh isə onun ailə üzvlərinin həmin mənzilə qeydiyyata alınmasına razılıq verməsini ondan tələb etmişdir. Cavabdeh iddiaçıya anasının yanına mütəmadi gedib- gəlməsinə icazə vermədiyindən, mənzildə olan əşyalarını dəfələrlə götürməsini təkid etdiyindən, o cavabdehin öz doğma bacısına qarşı laqeyd hərəkətlərinin müqabilində ona cavab olaraq, cavabdehin ailəsinin mübahisəli paylı mülkiyyətdə olan mənzilə daimi qeydiyyata düşməsinə razılıq verməmişdir. Cavabdehin iddiaçıya qarşı soyuq, etinasız münasibətini görən İddiaçı özünün və ailə üzvlərinin həmin evdə yaşamaq imkanının olmadığını başa düşmüş və buna görədə cavabdehə evin onun payına düşən 1/2 hissəsinin dəyərində olan məbləğinin verilməsini təklif etmişdir. Lakin cavabdeh ona yalnız 60-65 min manat civarında (özünün satdığı evin pulunun bir hissəsini) pul verəcəyini bildirmişdir. Halbuki, qeyd edilən ev 1969-cu ildə tikilməsinə baxmayaraq, daş Konstruksiyalı, Leninqrad layihəsi üzrə inşa edilmiş, çox geniş, rahat bir binadır və şəhərin mərkəzi dairəsində yerləşir. Belə mənzilin həmin ərazidə satış ( bazar) dəyəri 200 min manatdan çox olduğu halda cavabdehin etdiyi təklif minimal olmaqla yanaşı, həmin ərazidə 2 otaqlı mənzil almaq üçün yetərsizdir. Bütün bu illər ərzində mənzilin kommunal xərcləri anaları Zoya Vahidova və iddiaçı tərəfindən ödənilmişdir. Cavabdeh qeyd edilən mənzilə daşındıqdan sonra iddiaçı paylı mülkiyyətdə olan mənzilə gedib-gəlmə, istifadə və sərəncam vermə kimi qanuni hüquqlarından məhrum olmuşdur. Halbuki onun belə bir ehtiyacı olduğu halda cavabdehlə aralarında dərin münaqişə və mübahisə yaranmasın deyə , hətta anası ilə görüşmək imkanından da məhrum olmuşdur, anası beyin skleroatik sindromu xəstəliyindən əziyyət çəkir. Göründüyü kimi, qanunun bu tələbi cavabdeh tərəfindən tamamilə kobud şəkildə pozularaq, iddiaçının mənzilə olan mülkiyyət hüquqlarına qadağa qoyularaq, məhdudlaşdırılmışdır. Paylı mülkiyyətin mülkiyyətçisi olan iddiaçı öz payının ayrılması tələbində bulunmadığından, həmçinin mübahisəli mənzilin eyni ölçülərdə ( hər birinə 1/2 hissədə) naturada bölünməsi mümkün olmadığından, mənzilin naturada bölgüsü aparılmamışdır. Cavabdeh qətiyyən iddiaçının və onun ailə üzvlərinin həmin mənzilə gələrək, paylı mülkiyyətçi kimi mənzilin bu və ya digər otaqlarında sərbəst hərəkət etmələrinə, həmin otaqlarda istifadə hüquqlarının həyata keçirilməsinə razılıq verməmiş, beləliklə də iddiaçının paylı mülkiyyət hüquqları məhdudlaşdırılmışdır. Daha sonra iddiaçı iddia ərizəsinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu, X11 küçəsi, ev 32, 20 saylı mənzilin naturada bölünməsi, bu mümkün olmadıqda isə həmin əmlakın açıq hərracdan satılması və əldə olunmuş pul məbləğinin tərəflər arasında bərabər bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil1 əldə edilmiş ekspert rəyindən əmlakın dəyərinin 220 manat olduğunun müəyyən edildiyini bildirərək əmlakın hərracdan satılmasını və bu məbləğin tərəflər arasında bərabər bölünməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 cavabdehin əmlakın dəyərinin yarı hissəsini ödəmək imkanı olmadığından əmlakın satılmadan onun dəyərinin cavabdehə ödənildiyi halda, cavabdehin əmlaka olan hüquqlarından imtina edəcəyini və mənzili tərk edəcəyini bildirdi. Əsaslandırıcı hissə: a)Mülki işin materialları Bakı Şəhər Nərimanov Rayon VVAQ Şöbəsi tərəfindən xx.xx.2007-ci il tarixdə verilmiş AZ-İ seriaylı, 278550 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X6 xx.xx.2007-ci il tarixdə ölmüşdür və bu barədə xx.xx.2017-ci il tarixdə 890 nömrəli qeyd aparılmışdır. Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2007-ci il tarixdə vəfat etmiş X4 vərəsələri- mərhumun qızları İddiaçı və Cavabdeh miras əmlakdan bərbaər hissələrdə irs almalıdır. Miras əmlak Bakı şəhəri, Nərimanov rayonu, X11 küçəsi, ev 32, 20 saylı mənzildən ibarətdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidməti tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışından görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, X11 küçəsi, ev 32, 20 saylı mənzil üzərində İddiaçı və Cavabdeh ½ hissədə paylarının olması barədə xx.xx.2012-ci il tarixdə müvafiq olaraq ********** və ********** nömrəli qeydlər aparılmışdır. "xxxx" MMc tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli ekspert rəyindən aydın olur ki, Bakı şəhəri, Nərimanov rayonu, X11 küçəsi, ev 32, 20 saylı mənzilin xx.xx.2023-cü il tarixə bazar dəyəri 220000 manat, likvid dəyəri 205000 manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/3328 nömrəli ekspert rəyində qeyd olunur ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Bakı şəhəri, Nərimanov rayonu, X11 küçəsində yerləşən 32 saylı evin, 20 saylı mənzilin mülkiyyətçilərinin paylarına uyğun şəkildə naturada ayrılmasının “İnşaat Norma və Qaydaları” 2.08.01.89-un 1.1, 2.2, 2.4. və 2.9. bəndlərinin tələblərinə uyğun olaraq texniki cəhətdən mümkün olmadığı müəyyən edilir. b)Məhkəmə tərəfindən müəyyən edilən hallar: Bakı şəhəri, Nərimanov rayonu, X11 küçəsi, ev 32, 20 saylı mənzil tərəflərin mərhum atalarının mülkiyyətində olmuşdur. Ataları xx.xx.2007-ci il tarixdə vəfat etdikdən və mərhumun arvadı öz payından tərəflərin xeyrinə imtina etdikdən sonra bu əmlak qanun üzrə vərəsəlik hüquqi əsasında İddiaçı və Cavabdeh hər birinin bərabər payda mülkiyyətləri kimi dövlət qeydiyyatına alınmışdır. Hazırda İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, həmin əmlakın tam şəkildə cavabdehin istifadə olmasının onun hüquqlarını pozduğunu bildirir və əmlakın naturada bölünməsi, bu mümkün olmadığı halda, hərracdan satılmasını və əldə olunmuş pul məbləğinin tərəflər arasında bərabər payda bölünməsini tələb edir. İş üzrə alınmış ekspert rəyindən əmlakın naturada bölünməsinin mümkün olmadığı müəyyən olunmuşdur. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Azərbaycan Respublikası Mülki Məcəlləsinin : 136.1-ci maddəsinə əsasən əşyalar dövriyyədən çıxarılmayıbsa və ya onların dövriyyəsi məhdudlaşdırılmayıbsa, universal hüquq varisliyi qaydasında (vərəsəlik, hüquqi şəxsin yenidən təşkili) və ya başqa üsulla əşyalar sərbəst surətdə özgəninkiləşdirilə və ya bir şəxsdən başqasına keçə bilər. 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 215.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. 215.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. 220.1-ci maddəsinə əsasən Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. 220.4. Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. 220.5. Mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. 220.6. Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. 221-ci maddəsinə əsasən ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 4 aprel 2014-cü il tarixli Plenumunun Qərarında qeyd olunur ki, Mülki Məcəllənin 220.6-ci maddəsində ümumi əmlakın bölünməsi ilə bağlı məhkəmənin həmin əmlakın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edilməsi səlahiyyəti nəzərdə tutulmuşdur. Məhkəmə tərəfindən belə qərarın qəbul edilməsi bütün paylı mülkiyyətçilərin razılığının alınması ilə şərtləndirilməmişdir. Həmin maddənin mənasına görə belə qərar paylı mülkiyyətçilərin birinin iddiası əsasında da qəbul edilə bilər. Mülkiyyətçilərin razılığı olmadan əmlakın hərracdan satılması barədə məhkəmənin qərar qəbul etməsi mülkiyyət hüququnun məhdudlaşdırılması (mülkiyyət hüququna müdaxilə) baxımından təhlil olunmalıdır. “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda hüquq və azadlıqların, o cümlədən mülkiyyət hüququnun ümumi məhdudiyyətlərinin hüdudları müəyyən olunmuşdur. Mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, qoyulan məhdudiyyətlər həmin hüququn mahiyyətini dəyişməməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, qanuni məqsədə yönəlməli və həmin məqsədə mütənasib olmalıdır. Qeyd olunan prinsiplərə riayət edildikdə, mülkiyyət hüququnun məhdudlaşdırılmasına yol verilir. Mülkiyyətçilərdən hər hansı birinin əmlaka sahiblik, istifadə və sərəncamla əlaqədar hüquqları digərlərinin hüquqlarından üstün sayıla bilməz. Mülkiyyət hüququnun həyata keçirilməsi imkanı bütün tərəflər üçün bərabər olmalıdır. Bununla bağlı qeyd etmək vacibdir ki, məhkəmənin əmlakın açıq hərracdan satılması barədə qərarı digər mülkiyyətçilərin hüquqlarını təmin etmək məqsədilə qəbul edilir. Nəzərə alınmalıdır ki, əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Eyni zamanda, payının naturada ayrılması mümkün olmadıqda və mülkiyyətçi payın əvəzinə pul kompensasiyasını almaqdan imtina etdikdə, həmin mülkiyyətçi əmlakın açıq hərracdan satılmasını tələb edə bilməz. Həmçinin paylı mülkiyyətin mülkiyyətçisi birbaşa əmlakın açıq hərracdan satılmasını tələb etmək hüququna malik deyil. Məhkəmə qeyd edir ki, mülki iş üzrə əldə edilmiş ekspert rəyindən mübahisəli əmlakın naturada ayrılmasının mümkünsüzlüyü müəyyən edilmişdir. Bu səbəbdən də iddia tələbi əmlakın naturada bölünməsi hissəsində təmin edilə bilməz. Məhkəmə onu da qeyd edir ki, cavabdeh tərəfindən iddiaçının payına münasib təklif olunan kompensasiya məbləği real bazar qiymətindən əhəmiyyətli dərəcə aşağı olması səbəbindən iddiaçı tərəfindən həmin məbləğin qəbulundan imtina edilmişdir. Belə ki, mülki iş üzrə əldə edilmiş ekspert rəyindən əmlakın bazar dəyərinin 220000 manat, likvid dəyərinin 205000 manat təşkil etdiyi müəyyən olunmuşdur. Yəni tərəflərin hər birinə çatası pul məbləği müvafiq hallarda 110000 manat və 102500 manat təşkil edir. Lakin cavabdeh tərəfindən iddiaçıya 75000 manat pul məbləği təklif olunmuşdur. Buna görə də iddiaçının bu məbləği qəbul etməkdən imtinası əsaslı olmaqla onun əmlakın açıq hərracdan satılması tələbi ilə iddia qaldırmaq hüququnu məhdudlaşdırmamalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Bakı şəhəri, Nərimanov rayonu, X11 küçəsi, ev 32, 20 saylı mənzil açıq hərracdan satılmalı, satışdan əldə ediləcək pul məbləği İddiaçı və Cavabdeh arasında bərabər bölünməlidir. Məhkəmə əmlakın hərracdan satış qiymətinə münasibətdə qeyd edir ki, ekspert rəyindən əmlakın bazar dəyərinin 220000 manat, likvid dəyərinin 205000 manat təşkil etdiyi aydın olduğundan, əmlakın hərracdan satış qiyməti onun bazar dəyəri ilə müəyyən olunmalıdır. Belə ki, əmlakın hərracdan satılması ilə bağlı məhkəmələrdə qaldırılan iddialar əsasən kreditorlar tərəfindən borcluya qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi ilə bağlı tələblərdən ibarətdir ki, iddia təmin edilərkən əmlakın hərracdan ilkin satış qiyməti bu əmlakın likvid dəyəri əsasında müəyyən olunur. Buna əsas verən hal kimi “İpoteka haqqında” Qanunun 1.0.9-cu maddəsi göstərilir. Belə ki həmin maddəyə əsasən ilkin satış qiyməti – qanunun tələbinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. İlk öncə likvid dəyərlə bağlı qeyd edilməlidir ki, “likvidlik” özü iqtisadi termin olaraq biznesdə, yaxud investisiya proseslərində aktivlərin bazarda əhəmiyyətli qiymət fərqi olmadan və dəyər itkisi yaratmadan tez reallaşdırıla (satıla) bilməsi qabiliyyətidir. Likvid dəyər bazar dəyərinin müəyyənləşdirilməsi üçün adekvat marketinqin keçirilməsi üçün vaxt məhdudluğu şəraitində mülkiyyətin satılmasından real əldə oluna biləcək pulun məbləğidir. Bu baxımdan aydın olur ki, əmlakın likvid qiyməti onun bazar qiymətinin açıq bazar şəraitində daha asan və tez satılma imkanı verən həddini ehtiva edir. Məlumdur ki, “Kredit müqavilələri üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması” tələblərinə dair işlərdə borcun vaxtında geri qaytarılmasından ibarət öhdəliyin icra edilməməsi özü-özlüyündə borcverənin birbaşa zərərə məruz qalması ilə nəticələnməklə yanaşı, sahibkarlara münasibətdə qaytarılmalı borcun dövriyyədə istifadə edilməməsi səbəbi ilə onların sahibkarlıq fəaliyyətinə də zərər vurmuş olur. Eyni zamanda, məhkəmə mübahisələrinin kifayət qədər uzun müddət davam etməsi, habelə bununla bağlı borc alan və ya ipoteka qoyanlar tərəfindən yol verilən sui-istifadə halları da öz növbəsində zərər məbləğinin artmasının digər səbəblərindəndir. Bu vəziyyətdə borcun təminat vasitəsi olan ipoteka predmetinin satışına uzun müddətin sərf edilməsinin qarşısının alınması üçün qanunverici əmlakın real bazar dəyəri ilə deyil, onun daha tez realizə olunmasına imkan verən real bazar dəyərindən nisbətən aşağı, lakin əhəmiyyətli qiymət fərqi olmadan və dəyər itkisi yaratmayan likvid qiymətlə hərraca çıxarılmasını nəzərdə tutmuşdur. Təsadüfi deyil ki, “İpoteka haqqında” Qanuna edilmiş son dəyişikliklərlə ipoteka predmetinə tutmanın yönəldilməsi prosedurunun sadələşdirilməsi də məhz bu məqsədlərə xidmət edir. Halbuki hazırda baxılan işin mahiyyəti kreditorun borcluya qarşı olan kredit borcunun ödənilməsi və tutmanın ipoteka predmtinə yönəldilməsi olmayıb, yuxarıda qeyd edilən, əmlakın ilkin hərracdan satış qiymətinin likvid dəyəri ilə müəyyən edilməsinə əsasən verən hallar mövcud deyil. Bu səbəbdən də mübahisəli əmlakın hərracdan satış qiyməti onun bazar dəyəri əsasında 220000 manat müəyyən edilməlidir. Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 217.4-cü maddələrinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı ödənilmiş dövlət rüsumunun əvəzinin tutulmasını tələb etmədiyindən ödənilmiş rüsum iddiaçıya aid edilməlidir. Məhkəmə hesab edir ki, iddia ərizəsində ekspertiza xərci ilə bağı iddiaçı tərəfindən edilmiş qeyd nəzərə alınmaqla, aparılmış ekspertizanın dəyəri olaraq 300 manat pulun ½ hissəsi, yəni 150 manat pul İddiaçı, qalan hissəsi isə, yəni 150 manat pul Cavabdeh tutularaq "xxxx" MMC-nin hesabına (VÖEN: **********, Hesab N AZN: AZ30GUNA********************, Bank: GÜNAY BANK ASC, VÖEN: **********, Müxbir hesab: AZ25NABZ********************, KOD: 505594; SWİFT: GUNAAZ22) ödənilməlidir. Həmçinin keçirilmiş məhkəmə ekspertizanın xərci olaraq 50 manat pulun ½ hissəsi, yəni 25 manat pul İddiaçı, qalan hissəsi isə yəni 25 manat pul Cavabdeh tutularaq Azərbaycan Respublikasi Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizasi Mərkəzinin (VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005 VÖEN **********, Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22) hesabına keçirilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Bakı şəhəri, Nərimanov rayonu, X11 küçəsi, ev 32, 20 saylı mənzil açıq hərracdan satılsın və satışdan əldə edilmiş məbləğ mülkiyyətçilərin paylarına uyğun olaraq (İddiaçı ½ hissədə, Cavabdeh ½ hissədə) bölünsün. Bakı şəhəri, Nərimanov rayonu, X11 küçəsi, ev 32, 20 saylı mənzilinin ilkin satış qiyməti 220000 (iki yüz iyirmi min) manat məbləğində müəyyən edilsin. İddia qalan hissədə təmin edilməsin. Aparılmış ekspertizanın dəyəri olaraq 300 manat pulun ½ hissəsi, yəni 150 manat pul İddiaçı, qalan hissəsi isə, yəni 150 manat pul Cavabdeh tutularaq "xxxx" MMC-nin hesabına (VÖEN: **********, Hesab N AZN: AZ30GUNA********************, Bank: GÜNAY BANK ASC, VÖEN: **********, Müxbir hesab: AZ25NABZ********************, KOD: 505594; SWİFT: GUNAAZ22) ödənilsin. Keçirilmiş məhkəmə ekspertizanın xərci olaraq 50 manat pulun ½ hissəsi, yəni 25 manat pul İddiaçı, qalan hissəsi isə yəni 25 manat pul Cavabdeh tutularaq Azərbaycan Respublikasi Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizasi Mərkəzinin (VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005 VÖEN **********, Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22) hesabına keçirilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən bir ay müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar