Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1270/2024 16.05.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi Əliyeva Səmimə Elşad qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “borcun ödənilməsinin gecikdirilməsinə görə illik 5 faiz pulun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “borcun ödənilməsinin gecikdirilməsinə görə illik 5 faiz pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh (borclu) Cavabdeh Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən 2021ci ilin iyul ayından 2024-cü ilin yanvar ayına kimi, borclu olduğu 3272 manatın gecikdirilməsinə görə hər gecikdirilmiş il üçün 5 %-i kimi cəmi (12,5 %) 409 manatın tutularaq iddiaçıya (tələbkara) ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-341/2022 saylı, xx.xx.2022 tarixli qətnaməsi ilə cavabdeh (borclu) Cavabdeh 3272 manat və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən 327 manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin icra vərəqəsinə əsasən icra işi Bakı şəhəri Nərimanov rayon İcra şöbəsində davam etdirilmiş, borc məbləği xx.xx.2024-cü il tarixdə ödənilmişdir. Qeyd edilənlərə əsasən iddiaçı hesab edir ki, Cavabdeh, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən gecikdirilmiş hər bir il üçün məbləğin 5 (beş) faizini ona ödəməlidir. Beləliklə, Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən, Cavabdeh, məhkəmə qətnaməsinə əsasən 2019-cu ilin iyul ayından borclu olduğu 3272 manat məbləğdən 2021-ci ilin iyul ayına qədər hər ilə 5 % olmaqla 322 manat faizi ödəmiş, 2021-ci ilin iyul ayından bu günədək isə ödəməmişdir. 2021-ci ilin iyul ayından bu günədək həmin məbləğin hər bir ilə görə 5 %-i olmaqla 2 il 6 ay üçün cəmi 12,5 %-ni, yəni 409 manatını iddiaçıya ödəməlidir. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq iclasda iştirak etməmiş, bu barədə məhkəməyə məlumat verməmişdir. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etməyərək, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq, borcun ödənilməsindən yayınmadığını, lakin ağır xəstə olduğunu, xəstəliyi ilə bağlı müalicə aldığını, hazırda işləmədiyini, bu səbəbdən də icra mərhələsində borcun ödənilməsini yubatdığını, həmçinin də həmin icra sənədi üzrə borcun yaxın qohumu tərəfindən onun əvəzinə ödənildiyini bildirdi. İddiaçıya baxılacaq işin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə baxış iclasında iştirak etməmiş, lakin xx.xx.20224-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.4-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, onların izahatını iş materialları ilə yanaşı yoxlayıb, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 341/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh qum, qırma daş və otsep kimi materialların dəyəri olan 3272 manat və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən 327 manat məbləğində pul tutularaq İddiaçı ödənilməsi, iddia tələbinin qalan və cavabdeh X1 qarşı hissələrdə rədd edilməsi qət edilmişdir. İş materiallarında olan AR-nın ƏN Nərimanov rayon İcra şöbəsi tərəfindən İddiaçı ünvanlanan xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-341/2022-015 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə borclu Cavabdeh 3599 manat borc məbləğini xx.xx.2024-cü il tarixdə İddiaçı tam şəkildə ödəmiş və həmin tarixədək borclu tərəfindən hər hansı bir ödəniş aparılmamışdır. İş materiallarında olan AR Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin ambulator kartdan arayışdan görünür ki, Cavabdeh xəstəxanaya giriş tarixi xx.xx.2023-cü il tarixi qeyd olunmuş, C67.9-sidik kisəsinin dəqiqləşdirilməmiş hissəsinin bədxassəli yenitörətməsi rpT1N0M0 mərhələ 1 diaqnozu qoyulmuşdur. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında olmuş alqı-satqı münasibətlərinə əsasən İddiaçı tərəfindən Cavabdeh 3272 manat dəyərində qum, atsep, qırma daş, şebel və s. mal satılmış, lakin Cavabdeh tərəfindən həmin məbləğ qaytarılmamışdır. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 341/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh qum, qırma daş və otsep kimi materialların dəyəri olan 3272 manat və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən 327 manat məbləğində pul tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Cavabdeh 3599 manat borc məbləğini xx.xx.2024-cü il tarixdə İddiaçı ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır (Mülki Məcəllənin 385.1., 386-cı maddələri). Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (Mülki Məcəllənin 425 və 442-ci maddələri). Əgər borclu kreditora bir neçə eyni növlü öhdəlik icra etməlidirsə və onun icra etdikləri bütün öhdəliklərin ödənilməsi üçün yetərli deyildirsə, icra zamanı borclunun özünün müəyyənləşdirdiyi öhdəlik ödənilir. Əgər borclu ödənilən öhdəliyi müəyyənləşdirməzsə, onda ödənilmə müddəti çatmış öhdəliklərdən müvafiq olaraq kreditorda daha az təminatı olan öhdəlik əvvəlcə ödənilir, bərabər təminatlı öhdəliklərdən borclu üçün daha ağır olanı, eyni dərəcədə ağır olan öhdəliklərdən daha köhnə öhdəlik, eyni müddətli öhdəliklərin isə hamısı ödənilir (Mülki Məcəllənin 432.3-cü maddəsi). Əgər kreditorun xeyrinə olaraq borcluya müxtəlif öhdəliklərdən irəli gələn bir neçə oxşar icra həvalə edilmişdirsə və icra edilənlər bütün borcların ödənilməsi üçün yetərli deyildirsə, borclunun icra zamanı seçdiyi öhdəlik ödənilir, borclu seçmədikdə isə ödəniş müddəti birinci çatan borc ödənilir (Mülki Məcəllənin 440.1. maddəsi). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında belə nəticəyə gəlinmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, cavabdeh tərəfindən 3599 manat borc məbləği xx.xx.2024-cü il tarixdə İddiaçı tam şəkildə ödənilmişdir. Hazırda iddiaçı icra sənədi üzrə borcun nəzərdə tutulmuş müddət ərzində iddiaçının etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirməsinə istinad edərək, gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb edir. Lakin məhkəmə hesab edir ki, iddiaçı ilk növbədə sübut etməlidir ki, cavabdehin Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-341/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə ödəməli olduğu məbləği gecikdirməsi nəticəsində adi mülki dövriyyə şəraitində əldə edə biləcəyi gəlirdən məhrum olmuşdur. Bundan başqa məhkəmə İddiaçı iddia dəlili kimi istinad etdiyi cavabdehin təqsirli və qərəzli hərəkətləri nəticəsində məhkəmə qətnaməsinin icra edilməməsinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 09 iyul 2009-cu il tarixli Qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “...mülki qanunvericiliyin sözügedən müddəası, mahiyyət etibarı ilə, maliyyə sanksiyasını nəzərdə tutmaqla, bankın və ya borclunun mülkiyyətinə müdaxiləni ifadə etdiyi üçün, məsələnin təhlili «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 saylı Protokolun 1-ci maddəsinin və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinin nəzərə alınmasını tələb edir. Zvierzinski Polşaya qarşı iş üzrə 19 iyun 2001-ci il tarixli qərarında Avropa Məhkəməsi belə bir hüquqi mövqeyini ifadə etmişdir ki, mülkiyyətə hər hansı müdaxilə həm də mütənasiblik tələbinə uyğun olmalıdır. Müdaxilə cəmiyyətin ümumi maraqlarının tələbləri ilə fərdi şəxsin fundamental hüquqlarının müdafiəsi tələbləri arasında «ədalətli tarazlığa» cavab verməlidir (§ 71). Digər tərəfdən, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır....Bu baxımdan, MM-in 449.1-ci maddəsinə əsasən faydalanmağa görə faizlərin tutulması pul öhdəliyinin icra edilməməsi üçün tətbiq olunan sanksiya olmaqla mülki-hüquqi məsuliyyət tədbiridir. Məsuliyyət isə tərəflərin münasibətləri çərçivəsində bir tərəfin öz öhdəliklərinə əməl etməməsi və müəyyən olunmuş razılaşmanı pozması, yəni təqsirli hərəkətə (hərəkətsizliyə) yol verməsi nəticəsində əmələ gələ bilər. Şərh olunan maddənin mənasına görə, bu maliyyə sanksiyası pul öhdəliyi üzrə yalnız borc məbləğinə hesablanır və bu halda, həmin məbləğin üstünə gəlmiş faiz məbləği nəzərə alınmır. Eyni zamanda, məsələ məhkəmə qaydasında həll edildiyi halda belə, tərəflər, yəni kreditorla borclu arasında müqavilə münasibətləri davam edir və borcun, faizin və maliyyə sanksiyasının tutulmasına dair məhkəmə qərarının çıxarılması bu münasibətlərə xitam verilməsinə səbəb olmur. Göründüyü kimi, Mülki Məcəllənin 449.1-ci maddəsinin aşağıdakı zəruri əlamətləri müəyyən edilmişdir. Bunlar: 1) özgəsinin pul vəsaitini qanunsuz saxlamaq, 2) onu qaytarmaqdan boyun qaçırmaq, 3) onun ödənilməsini digər şəkildə gecikdirmək, 4) başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmaq. Qeyd olunmalıdır ki, faydalanmanın anlayışı mülki qanunvericilikdə verilməsə də, faydalanmanın hərfi mənasının öz tələbatı üçün istifadə olduğunu nəzərə alaraq, MM-in bu terminlə ayrılmaz əlaqədə olan «istifadə hüququna» həsr olunmuş 152.3-cü maddəsi buna müəyyən aydınlıq gətirir. Həmin maddəyə əsasən istifadə hüququ – əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər. Bu baxımdan, MM-in «öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti» nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada «faydalanma» və «(qanunsuz) istifadə» sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur. Məhkəmə araşdırması zamanı cavabdeh tərəfindən iddiaçının pul vəsaitinin qanunsuz saxlanılması, onun qaytarmaqdan boyun qaçırması, digər vasitələrlə gecikdirməsi, gecikdirməyə görə təqsirinin olması və həmin vəsaitdən faydalanması ilə bağlı iddiaçı tərəfindən hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Beləliklə, Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən faizlərin tutulması üçün iddiaçı sübut etməlidir ki, cavabdeh onun pul vəsaitini qanunsuz saxlaması, onu qaytarmaqdan boyun qaçırması, onun ödənilməsini digər şəkildə gecikdirməsi və ya pul vəsaitini əsassız əldə etməsi və ya toplaması nəticəsində faydalanmış, yəni gəlir, artım, bəhər və ya sair maddi xeyr əldə etmişdir Göstərilənlərə əsasən, məhkəmə iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı “borcun ödənilməsinin gecikdirilməsinə görə illik 5 faiz pulun tutulması” tələbinə dair iddia tələbi rədd edilməlidir. Məhkəmə, mülki prosesdə qəbul edilmiş sübut etmə yükünü tərəflərin daşıması, habelə formal həqiqət prinsiplərini rəhbər tutaraq, tərəflərin təqdim etdiyi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara onların aidliyi, mümkünlüyü nəzərə alınmaqla, tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iş üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “borcun ödənilməsinin gecikdirilməsinə görə illik 5 faiz pulun tutulması” tələbinə dair iddiası təmin edilməsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-1270/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1270/2024
16.05.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver