Məhkəmə qərarları › İş №2(005)-1282/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1282/2021

17.05.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1282/2021 17.05.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əliyeva Nurlana Sahib qızının katibliyi, İddiaçı, onun vəkili X1 iştirakı ilə, İddiaçı cavabdeh “xxxx” MMC-yə qarşı “müqavilə öhdəliyinin yerinə yetirilməsi, kirayə haqqı və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə iddia ərizəsinə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “xxxx” MMC-yə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “Cavabdeh" MMC-dən ona vurulmuş maddi ziyana görə 120.000 manat və 10.000 manat mənəvi ziyana görə alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bundan sonra İddiaçı iddia tələbinin dəyişdirilməsinə dair ərizə ilə müraciət edərək, cavabdeh “xxxx” MMC-nin üzərinə müqavilə ilə ona verilməli olan 24 kv.m qeyri-yaşayış sahəsini ona verilməsi öhdəliyinin qoyulması, aylıq 300 manat kirayə haqqının bu vaxtadək ödənilməmiş hissəsi daxil olmaqla, müqavilə əsasında həmin sahə ona təhvil verilənədək ödənilməsi, mənəvi iztirabının əvəzində mənəvi ziyan olaraq 5000 manat cavabdehdən alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı birinci qrup gözdən əlildir. İşləmək imkanı yoxdur. Buna nə yaşı, nə səhhəti imkan verir. Yeganə gəlir yeri Bakı şəhəri, Nərimanov rayonu, Zeynal Xəlilov küç 11 A ünvanında olan daş tikili olmuşdur ki,bura da 2013-cü ildən sahibliyində olmaqla icarəyə verirdi. 2019-cu ilin sentyabrında cavabdeh təşkilatın nümayəndələri onunla kontakta girərək, ərazidə sökünlü apraraq, yeni bina tikiləcəyini, ona məxsus olan obyektin söküləcəyi əvəzində yeni binada 24 kv.m. sahə veriləcəyini bildirdilər. Beləliklə bu barədə 16 sentyabr 2019-cu ildə aralarında müqavilə bağlandı, o, qeyri-yaşayış sahəsini onlara təhvil verdi. Lakin artıq 2020-ci ilin fevralında gözdən əlil insanı aldatmağı fürsət bilən bu MMC, müqavilə öhdəliklərini yerinə yetirməkdən imtina etdilər, həmçinin müqavilə əsasında ödəməli olduqlarıaylıq 300 manatı ödəmədilər. .Qeyd edir ki, müqavilə bağlanarkən cavabdeh ondan hər hansı reyestrdən çıxarış digər analoji sənəd tələb etməmişdilər. Digər tərəfdən cavabdeh müqavilə bağladıqdan və obyektini təhvil aldıqdan 5 ay sonra mənə məktub yazaraq,sahənin 19,76 kv m olduğunu bildirmişdir. Sanki obyekti ölçməyə cavabdehə 5 ay lazım idi. Məhkəmə iclasında İddiaçı, onun vəkili X2 iddia ərizəsinin dəlilləri üzrə izahat verərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Əvəlki məhkəmə iclasında iştirak edən cavabdeh “xxxx” MMC-nin nümayəndəsi və vəkili X6 iddia tələbinin əsassız olduğunu, iddiaçı ilə müqavilə bağlandıqdan sonra mübahisəli yerin hüquqmüəyyənedici sənədlərinin olmadığı, bu səbəbdən də iddiaçıya lazımi sənədlərin təqdim edilməsini təklif etdiklərini, lakin onun tərəfindən hər hansı lazımi sənədlərin təqdim edilmədiyini bildirdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının vəkilinin izahatlarını, çıxışlarını dinləyib və mülki işin materiallarını araşdırıb, aşağıda qeyd olunanlara əsasən, iddia tələbinin təmin edilməməsi qənaətinə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ilə “xxxx” MMC arasında bağlanmış 16.09.2019cu il tarixli QY-008 №-li müqaviləyə əsasən, Cavabdeh MMC adlanacaq ünvan 2 ünvanda yerləşən, istifadə üçün qəzalı və ətraf mühitə hormoniyasını itirmiş vəziyyətdə olan binada Mülkiyyətçiyə məxsus qeyri yaşayış sahəsinin söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək, bu binada «Mülkiyyətçi»-nin söküntüsii nəzərdə tutulmuş mülkiyyətində olan 21.7 kv.m obyekt əvəzinə 24 kv.m. ölçüdə obyekt «Mülkiyyətçi»-nin mülkiyyətinə verməyi öhdəsinə götürür. Birinci mərtəbədən dörd künc və ya düzbucaq şəklində və giriş-çıxış həyətə deyil yola tərəf olsun. (1.1. bəndi). Mülkiyyətçi bu müqaviləyə əsasən mülkiyyətində olan sahəni söküntü üçün Cavabdeh MMC-yə təhvil verməyi bu müqavilədə göstərilən müddətdə və qaydada yeni tikilmiş sahəııi qəbul etməyi öhdəsinə götürür. (1.2 bəndi). Yeni binan tikintisi başa çatanadək hər ay 300 (üç yüz) manat kirayə haqqını almaq “Mülkiyyətçi”nin hüququdur. (2.1.2 bəndi) Bu müqavilədən və ya onunla əlaqədar yaranan bütün mübahisələr tərəflər arasında danışıqların aparılması yolu ilə həll edilir. (5.1-ci bəndi). İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayiunəyə dair məlumatın verilməsi barədə çıxarışın surətindən görünür ki, İddiaçı birinci əlillik dərəcəsinə sahibdir. İş materiallarında olan “xxxx” MMC-nin İddiaçı ünvanlandığı 24.02.2020-ci il tarixli məktubundan görünür ki, “Sizin təqdim etdiyiniz sənədlərə əsasən ünvan 2ndə yerləşən X4 məxsus olan 19.76 m2 avtodayacağın (qaraj) olması müəyyənləşdirilmişdir. Buna uyğun olaraq ona ünvan 4 ünvanında tikiləcək olan binadan 19.76 m2 avtodayanacaq (qaraj) verilməsi və müqavilə bağlanması qərara alınmışdır. Lakin müqavilə bağlanması üçün bizə avtodayanacağın (qaraj) yerləşməsi sxemini gətirməyiniz xahiş olunur. Sizin nəzərinizə çatdırırıq ki, bundan əvvəl bağlanan ilkin müqaviləniz etibarsiz sayılır. Yeni müqavilənin bağlanması üçün ofisimizə yaxınlaşmağınız xahiş olunur.” İş materiallarında olan “xxxx” MMC-nin İddiaçı ünvanlandığı 29.01.2021-ci il tarixli məktubundan görünür ki, nəzərinizə çatdırırıq ki, sizinlə "Cavabdeh” MMC arasında bağlanmış 16.09.2019-cu il tarixli QY-008 N-li saylı ilkin müqavilə mülkiyyətinizi təsdiq edən heç bir sənəd olmadan bağlanmışdır. İkinci və əsas müqavilənin bağlanması üçün sənədlərin əslinin bizə təqdim olunmağı zəruridir. 3 gün ərzində sənədlər bizə təqdim olunmasa sizin müqaviləniz bir tərəfli şəkildə ləğv olunacaqdır. İş materiallarında olan Pretenziya məktubunun surətindən görünür ki, İddiaçı ona vurulmuş maddi ziyana görə 120000 manat və mənəvi ziyana 10000 manat görə ona verilməsini xahiş etmişdir. İş materiallarında olan “xxxx” ASC-nin İddiaçı ünvanlandığı 29.10.2013-cü il tarixli məktubundan görünür ki,tələb olunan gücü 8 kVt olan bərbərxananın elektrik təchizatının təmini üçün 280 saylı transformator məntəqəsinin 0,4 kV-luq paylayıcı qurğusundan qidalanan “SİP” adlanan 0,4 kV-luq elektrik veriliş xəttindən budaqlanma yolu ilə yükə uyğun 1 kV- luq kabel xətti çəkməli. Fərdi yaşayış evinin girişində, asan görünən yerdə sayğac qutusu, sayğac komplekti və gücə uyğun avtomat açar quraşdırılsın. Sayğac qutusu torpaqlansm. Enerji ödənişi hesabatı obyektdə quraşdırılmış sayğacla apanlsın. Elektrik şəbəkəsi müasir texnologiya tətbiq edilməklə dünya standartlarına uyğun yenidən qurulduğundan elektrik şəbəkəsinə qoşulma ilə bağlı quraşdırma işləri «xxxx» ASC tərəfindən hazırlanmış layihə-smeta sənədləri əsasında istehlakçıların vəsaiti hesabına «xxxx» ASC tərəfindən yerinə yetiriləcəkdir. Fərdi yaşayış evinin şəbəkəyə qoşulması “xxxx” ASC ilə enerji alqı-satqı müqaviləsi bağlandıqdan sonra həyata keçirilsin. Texniki şərtlərin icra müddəti 30.04.2014-cü ilə qədərdir. Məhkəmədə mübahisələndirilən hal ondan ibarətdir ki, iddiaçı tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən bildirir ki, cavabdeh “xxxx” MMC mülkiyyətçiyə söküntüsü nəzərdə tutulmuş mülkiyyətdə olan 21.7 kv metr obyekt əvəzinə 24 kv.metr ölçüdə obyekt verməyi, yeni binanın tikintisi başa çatanadək hər ay 300 AZN ödəməyi öhdəsinə götürsə də, daha sonra cavabdeh cəmiyyət tərəfindən bildiriş ünvanlanaraq müqavilənin etibarsız sayıldığı bildirilərək, 2020-ci ilin fevral ayından başlayaraq kirayə haqqı ödənilməsi dayandırılmışdır, cavabdeh cəmiyyət isə tərəflər arasında bağlanmış müqavilənin mülkiyyəti təsdiqedən heç bir sənəd olmadan bağlandığını bildirərək iddianın əsassız olduğunu, bu səbəbdən də təmin edilməməsini xahiş edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin 2-ci hissəsinə görə Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqlar Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, həmin Məcəllədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 427.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. 427.2-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 428.2-ci maddəsinə əsasən öhdəliyin tərəflərinin sahibkarlıq fəaliyyəti ilə məşğul olması ilə bağlı öhdəliyin vaxtından əvvəl icrasına yalnız öhdəliyin vaxtından əvvəl icrasının mümkünlüyü bu Məcəllədə və ya öhdəlik şərtlərində nəzərdə tutulduqda və ya işgüzar dövriyyə adətlərindən və ya öhdəliyin mahiyyətindən irəli gəldikdə yol verilir. 430.1-ci maddəsinə əsasən əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. 430.2-ci maddəsinə əsasən, öhdəliyin tərəflərinin sahibkarlıq fəaliyyəti ilə məşğul olması ilə bağlı öhdəliyin icrasından birtərəfli imtinaya və ya belə öhdəliyin şərtlərinin birtərəfli dəyişdirilməsinə, əgər bu Məcəllədən və ya öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, müqavilədə nəzərdə tutulan hallarda da yol verilir. 445.2-ci, 445.2.1-ci və 445.2.2-ci maddələrinin tələblərinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə qeyd edir ki, öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Məhkəmə hesab edir ki, ilk növbədə tərəflər arasında bağlanmış müqavilənin qanuniliyi yoxlanılmalı, həmin mübahisəyə qiymət verilməlidir. Odur ki, müqavilə münasibətləri çərçivəsində yaranan mübahisəyə qanuni əsaslarla qiymət verildikdə ümumi mübahisənin düzgün həllinə nail olmaq mümkündür. Məhkəmə qeyd edir ki, tərəflər arasında 16.09.2019-cu il tarixli QY-008 №-li bağlanmış müqavilənin 1.1-ci və 1.2-ci maddələrinə əsasən “xxxx” MMC iddiaçıya yeni tikilmiş sahəni təhvil verməyi, iddiaçı isə mülkiyyətində olan sahəni söküntü üçün cavabdehə təhvil verməyi, bu müqavilədə göstərilən müddətdə və qaydada yeni tikilmiş sahəni qəbul etmək öhdəliyini götürmüşdür. Ancaq müqavilə üzrə tikinti şirkəti “xxxx” MMC müqavilə öhdəliklərini tərəflərin razılaşdıqları müddət bitənədək yerinə yetirməyərək (müqavilənin 2.2.4-cü bəndi) üstəlik də müqavilənin yuxarıda sadalanan bəndlərini pozaraq, iddiaçıya söküntüsü aparılmış qeyri-yaşayış sahəsinin əvəzinə yeni tikilmiş sahənin verilməsindən birtərəfli imtina etmişdir. Bununla belə iddiaçı tərəfindən müqavilə üzrə öhdəliklər tam yerinə yetirilərək, mübahisəli sahə söküntü üçün cavabdeh cəmiyyətə verilmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, İddiaçı 16.09.2019-cu il tarixli QY-008 №-li müqavilə üzrə öhdəliklərini tam icra edərək, mübahisəli sahəni söküntü üçün cavabdeh cəmiyyətə təhvil verdiyindən, cavabdeh MMC həmçinin müqavilə üzrə öhədliklərini icra etməli və söküntüsü aparılmış 21.7 kv.m obyekt əvəzinə 24 kv.m. ölçüdə sahəni (obyekti) iddiaçıya təhvil verməlidir. Bununla yanaşı məhkəmə iddiaçının “kirayə haqqının ödənilməsi”nə dair tələbinə münasibətdə aşağıdakıları qeyd edir. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış 16.09.2019-cu il tarixli QY-008 №-li müqavilənin 1.1 və 2.1.2-ci maddələrinə əsasən “xxxx” MMC “mülkiyyətçi”nin söküntüsü nəzərdə tutulmuş, mülkiyətində olan 21.7 kv.m obyekt əvəzinə 24 kv.m. ölçüdə obyekti «Mülkiyyətçi»-nin mülkiyyətinə verməsi barədə öhdəlik götürmüşdür və iddiaçının yeni binanın tikintisi başa çatanadək hər ay 300 AZN kirayə haqqı almaq hüququ təsbit edilmişdir. Mülki Məcəllənin 404-cü maddəsinə nəzər yetirsək, hazırki mübahisənin öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməsini əsaslı hesab etmək olar. Belə ki, tərəflər arasında müqavilə 16 sentyabr 2019-cu il tarixdə bağlanmışdır. Ancaq “xxxx” MMC-nin nümayəndəsinin və İddiaçı məhkəmə proseslərində izahatlarından müəyyən olunmuşdur ki, hazırda şirkət 16.09.2019-cu il tarixli QY-008 №-li müqavilənin 2.1.2-ci bəndi ilə üzərinə götürdüyü öhdəlikləri lazımi yerinə yetirməmişdir, belə ki, iddiaçının istinad etdiyi hal – 2020-ci ilin fevral ayından kirayə haqqının ödənilməsinin dayandırılması tərəflərin izahatları ilə təsdiqini tapmış, həmin müddətə dair cavabdeh cəmiyyət tərəfindən hər hansı mübahisə edilməmişdir. Məhkəmə yekun olaraq qeyd edir ki, mülki qanunvericiliyin normaları baxımından cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, cavabdeh yuxarıda qeyd edilən müqavilə ilə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, o, müqavilə ilə nəzərdə tutulan hərəkətləri vaxtında və tam icra etməyərək, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də, o, özünün risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyır. Məhkəmə hesab edir ki, cavabdeh “xxxx” MMC ilə İddiaçı arasında 16.09.2019-cu il tarixli QY-008 №-li müqavilənin 1.1-ci, 1.2-ci və 2.1.2-ci bəndlərinin tələbləri müqavilə üzrə tərəf olan “xxxx” MMC tərəfindən pozulmuşdur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh “xxxx” MMC-yə qarşı müqavilə öhdəliyinin yerinə yetirilməsi, kirayə haqqının ödənilməsinə dair tələbi irəli sürməkdə haqlı olmuşdur, bu səbəbdən də iddia həmin hissədə təmin edilməli, cavabdeh “xxxx” MMC-dən 16.09.2019-cu il tarixli QY-008 №-li müqavilə üzrə ödənilməmiş 4200 manat (2020-ci ilin fevral ayı daxil olmaqla 2021-ci ilin may ayınadək keçən müddət 14 ay x 300 AZN) məbləğində kirayə haqqı İddiaçı ödənilməlidir. Habelə iddiaçının “müqavilə əsasında həmin sahə təhvil verilənədək kirayə haqqının ödənilməsi” tələbi də əsaslıdır, bu səbəbdən də məhkəmə hesab edir ki, mübahisəli sahə iddiaçıya təhvil verilənədək kirayə haqqının ödənilməsi öhdəliyi cavabdeh cəmiyyətə həvalə edilməlidir. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia tələbi bu hissələrdə qanuni və əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə iddia tələbinin mənəvi zərər hissəsinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərərə qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşlara anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeydi-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmiş şəxsin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. "İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 41-ci maddəsinin tələblərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərər vurulduqda ödənilə bilər. "Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03.11.2008-ci il tarixli Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, "İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. "İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Plenum qərarının 4-cü bəndində göstərilir ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizliklə (mülki, cinayət, inzibati və s. hüquq pozuntularda) ifadə oluna bilər. Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, "İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından "mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Plenum eyni zamanda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, məhkəmə araşdırması zamanı iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkətləri və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsirinin olmasını təsdiq edən hər hansı mötəbər sübut təqdim olunmamışdır. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi mənəvi zərər hissədə təmin olunmamalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin mülki iş üzrə ödənilmiş dövlət rüsumunun müvafiq olaraq iddiaçının özünə aid edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. “xxxx” MMC-nin üzərinə İddiaçı 16.09.2019-cu il tarixli QY-008 №-li müqavilə üzrə 24 kv.m qeyri-yaşayış sahəsinin verilməsi və həmin qeyri-yaşayış sahəsi təhvil verilənədək kirayə haqqının ödənilməsi öhdəliyi həvalə edilsin. “xxxx” MMC-dən 16.09.2019-cu il tarixli QY-008 №-li müqavilə üzrə ödənilməmiş 4200 manat məbləğində kirayə haqqı İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar