Məhkəmə qərarları › İş №2(005)-1304/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1304/2023

04.04.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1304/2023 04.04.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X1, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə qarşı “kommunal güzəşt” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məcburi köçkün kimi məskunlaşdığı qeyri-yaşayış sahəsini qış mövsümü dövründə (hər cari ilin 15 noyabrdan 15 aprelinə kimi) isidilməsi üçün istifadə edilməli təbii qaz sərfiyyatını orta hesabla 720 manat olmaqla ARDNŞ-nin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 17 aprel 2020-ci ildən ƏƏSMN-in Məşğulluq Agentliyinin alt sistemində “işsiz” kimi qeydiyyata düşsə də, indiyə qədər heç bir işlə təmin olunmamışdır. İ Qarabağ döyüşləri iştirakçısı olduğundan 80 manat sosial müavinət məcburi köçkün olduğuna görə də 60 manat maddi yardım müavinətindən başqa heç bir gəlir mənbəyi yoxdur. İstehlak səbətinin 245 manat olduğunu nəzərə alaraq, hazırda maddi problemlərlə üzləşmişdir. Bu səbəbdən xüsusilə qış aylarında əlavə maddi xərc səbəbindən hazırki iddia ilə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənlərin nəzərə alınmasını və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbinin dəlillərinə uyğun şəkildə izahat verərək, iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin nümayəndəsi X5 iddia ərizəsinə yazılı etiraz təqdim edərək, Azərbaycan Respublikası qonşu Gürcüstan Respublikasında çoxşaxəli kommersiya fəaliyyəti həyata keçirməklə yanaşı, bir sıra yerli sosial layihələrə, o cümlədən müxtəlif dini təyinatlı təşkilatların təmənnasız qazla təmin edilməsi təşəbbüsünə qoşulmuşdur. Bu, xarici ölkələrdə fəaliyyət göstərən iri neft şirkətlərinin və qlobal sərmayədarların yerli dövlət və özünüidarə orqanlarına dəstək göstərməsi sahəsində geniş yayılmış təcrübəyə əsaslanır. Həmçinin, Azərbaycan hökumətinin bu istiqamətdə böyük işlər gördüyünü və dini tolerantlıq siyasətini əsas götürən SOCAR, Qafqaz Müsəlmanları İdarəsinin dini təyinatlı ibadət və ziyarət yerlərinin təmənnasız olaraq qazla təmin edilməsi barədə təşəbbüsünü nəzərə alaraq, Respublikamızda da dini qurumlara müvafiq dəstək göstərməsini məqsədəuyğun hesab etmiş və aidiyyəti dövlət qurumları ilə razılaşdırmaqla, 2014-cü ilin yanvar ayının 1-dən etibarən, dini təyinatlı ibadət və ziyarət yerlərinə ilin müvafiq mövsümlərində təmənnasız təbii qazın verilməsini təmin etmişdir. Məcburi köçkün olduğu nəzərə alınaraq, İddiaçının da pulsuz təbii qazla təmin edilməsi barədə iddia ərizəsində qaldırdığı məsələ ilə əlaqədar isə bildirirəm ki, “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 yanvar tarixli 1206 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 14 fevral 2017-ci il tarixli 1243 nömrəli Fərmanının 1.1-ci bəndi ilə, 1206 nömrəli Fərmanın 1-ci hissəsində “məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər” sözlərindən sonra“(fərdi qaydada sayğacların quraşdırılması və texniki istismarı mümkün olmayan, habelə təbii qazla təmin olunmayan sıx müvəqqəti məskunlaşma yerlərində faktiki yaşayan məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər istisna olmaqla)” sözləri əlavə edilmiş və məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər (fərdi qaydada sayğacların quraşdırılması və texniki istismarı mümkün olmayan, habelə təbii qazla təmin olunmayan sıx müvəqqəti məskunlaşma yerlərində faktiki yaşayan məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər istisna olmaqla) üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə 2017-ci il 1 yanvar tarixindən hər bir məcburi köçkün və onlara bərabər tutulan şəxslər üçün 60,0 (altmış) manat məbləğində vahid aylıq müavinət müəyyən edilmişdir. Qeyd olunanlara əsasən, məhkəmədən iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verib hesab edir ki, iddia rədd olunmalıdır. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı Regional Qazın Satışı Departamentinin xx.xx.2022-ci il tarixli məktubunun məzmunundan görünür ki, mövcud qanunvericiliklə qeyd olunan məsələyə uyğun güzəşt nəzərdə tutulmadığından İddiaçı müraciəti təmin edilməmişdir; AR ƏƏSMN-nin X2 Sistemi Məşğulluq haqqında arayışına əsasən İddiaçı xx.xx.2022-ci il tarixdən “işsiz” statusundadır. xx.xx.2014-cü il tarixli vəsiqənin surətindən görünür ki, İddiaçı İ Qarabağ müharibəsi iştirakçısıdır. Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin xx.xx.2014-cü il tarixli məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, İddiaçı Füzuli rayonundan məcburi köçkündür. Azərbaycan Respublikasının Konstitusiyasının 72-ci maddəsinə əsasən: I. Dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. II. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. III. Qanunu bilməmək məsuliyyətdən azad etmir. Həmçinin Azərbaycan Respublikasının Konstitusiyasının 73-cü maddəsinə əsasən: İ. Qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. İİ. Heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında Azərbaycan Respublikası Qanunun: 4-cü maddəsinə əsasən Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər (bundan sonra - “məcburi köçkünlər” adlandırılacaq) barəsində aşağıdakı sosial müdafiə tədbirləri tətbiq edilir: müvəqqəti yaşayış sahəsi ilə təmin edilməsi; məşğulluğun təmin edilməsi; sosial təminat; tibbi təminat; təhsil hüququnun təmin edilməsi; nəqliyyat və mənzil-kommunal və digər güzəştləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə məcburi köçkünlərə digər sosial müdafiə tədbirləri də müəyyən edilə bilər. Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər (fərdi qaydada sayğacların quraşdırılması və texniki istismarı mümkün olmayan, habelə təbii qazla təmin olunmayan sıx müvəqqəti məskunlaşma yerlərində faktiki yaşayan məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər istisna olmaqla) üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə 2017-ci il 1 yanvar tarixindən hər bir məcburi köçkün və onlara bərabər tutulan şəxslər üçün 60,0 (altmış) manat məbləğində vahid aylıq müavinət müəyyən edilmişdir. Qanunvericiliyin mahiyyətindən göründüyü kimi, vergi və digər dövlət ödənişləri tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Həmçinin qanunvericilikdə vergi immunitetinə malik subyektlər dairəsi konkret təsbit edilmişdir. Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi tədbirləri çərçivəsində həyata keçirilən tədbirlərdən görünür ki, yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə 2017-ci il 1 yanvar tarixindən hər bir məcburi köçkün və onlara bərabər tutulan şəxslər üçün 60,0 (altmış) manat məbləğində vahid aylıq müavinət müəyyən edilmişdir. Hazırkı iddia tələbi ilə bağlı olaraq həmçinin nəzərə alınmalıdır ki, qanunverici iş üzrə sübutetmə yükünü tərəflər arasında bölüşdürmüşdür. Baxılan mübahisə üzrə iddiaçı üzərinə düşən sübutetmə yükü ilk öncə iddiaçının vergi ödənişlərindən azad edilməsi əsaslarının sübut edilməsindən ibarətdir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində qeyd edilir ki, sübutların mümkünlüyü əsasən milli qanuvericiliklə tənzimlənən məsələ olduğundan məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Məhkəmə eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77-ci maddəsinin tələblərinə istinadən iddiaçı iddia tələbinin hüquqi əsasını əsaslandıra bilməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bununla belə, məhkəmə istinad edilən maddi hüquq normalarının tələblərini rəhbər tutub, iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verib, belə qənaətə gəlir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə qarşı “kommunal güzəşt” tələbinə dair iddia rədd edilməlidır. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 124-cü və 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə qarşı “kommunal güzəşt” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar