Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1331/2023 18.05.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, X7 Mehdi qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "Çinar Trans” Məhdud Məsuliyyətli Cəmiyyətindən ona məxsus avtomobilə dəymiş maddi zərərə görə 350 (üç yüz əlli) manat, ekspert rəyi ilə bağlı ödənilmiş 50 (əlli) manat, cəmi 400 (dörd yüz) manat, mənəvi ziyanla bağlı 200 (iki yüz) manat pulun və iddia ərizəsinin verilməsi ilə bağlı ödənilmiş 30 (otuz) manat məbləğində pulun iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixdə özünə məxsus "Hyundai Elantra" markalı, **-RY-*** dövlət qeydiyyat nişanlı avtomobillə Azadlıq prospektində hərəkətdə olarkən 202 saylı marşrut xətti üzrə işləyən, cavabdeh "xxxx" MMC-yə məxsus **-JD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X3 qayda pozuntusuna yol verərək idarə etdiyi avtomobili ön sağ tərəfdən vuraraq yol nəqliyyat hadisəsi törətmişdir. Binəqədi rayon DYFŞ-si tərəfindən X3 barəsində xx.xx.2023-cü il tarixdə inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir və AR İnzibati Xətalar Məcəlləsinin 469.1. və 327.1-ci maddələri ilə 40 manat məbləğində cərimə edilmişdir. Müstəqil sığorta eksperti tərəfindən dəymiş ziyanın müəyyən edilməsi ilə bağlı avtomobilə baxış keçirilmişdir və ekspert rəyi verilmişdir. Ekspert rəyində ümumilikdə 350 (üç yüz əlli) manat maddi zərər dəyməsi müəyyən edilmişdir. Həmçinin ekspert rəyinin verilməsi ilə bağlı 50 (əlli manat) ödəniş etmişdir. Cavabdehdən dəfələrlə vurulmuş maddi ziyanı ödəməsini tələb etsə də əhəmiyyət verməmiş və maddi zərəri ödəməkdən yayınmışdır. Cavabdehə məxsus avtomobil sığortalanmadığı üçün sığorta ödənişi edilməmişdir. Cavabdehin təqsiri üzündən o, çox ciddi stress keçirmiş, əsəb gərginliyinə məruz qalmağı səbəbindən o mənəvi zərərə məruz qalmışdır. Qəza baş verən zaman, avtomaşın vurularkən qorxu hissi keçirmiş, maddi zərərə məruz qalmağı şüuruna mənfi psixoloji təsir etmişdir, sağlamlığı pozulmuşdur. Cavabdeh tərəfindən vurulmuş mənəvi zərəri 200 (iki yüz) manat məbləğində dəyərləndirir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin olunmasını xahiş etdi. Cavabdeh iclasının vaxtı və yeri barədə lazımi qаydаdа xəbərdar edilməsinə bахmаyаrаq məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə məlumаt vеrməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan xx.xx.2021-ci il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, "Hyundai Elantra" markalı, **-RY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı məxsusdur. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş Şəhərdaxili və Şəhərətrafı Sərnişin Daşıma Avtonəqliyyatı üçün yol vərəqəsinin surətindən görünür ki, X1 “İsuzu Citiport” Avtobus markalı, **-JD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi idarə edilmək üçün verilmişdir. Həmin yol vərəqəsinə əsasən, “İsuzu Citiport” Avtobus markalı, **-JD-*** dövlət qeydiyyat nişanlı avtobus texniki baxışdan keçmiş və xəttə çıxma icazəsi verilmişdir. İş materiallarında olan müstəqil ekspert “F.ş X6” oğlunun kassa mədaxil qəbzinin surətindən görünür ki, "Hyundai Elantra" markalı, **-RY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin ilkin qiymətləndirilməsi üçün 50 manat ödəniş edilmişdir. İş materiallarında olan müstəqil ekspert “F.ş X6” oğlunun xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, "Hyundai Elantra" markalı, **-RY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə avto yol nəqliyyat qəzası nəticəsində ümumilikdə 350 (üç yüz əlli) manat maddi zərər dəymişdir. İş materiallarında olan İXP ******* nömrəli, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə, saat 09:10 radələrində X3 tərəfindən idarə olunan “İsuzu Citiport” Avtobus markalı, **-JD-*** dövlət qeydiyyat nişanlı avtomobil (202 saylı marşrut avtobusu) Azadlıq prospektində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələbilərini pozmaqla İddiaçı idarə etdiyi "Hyundai Elantra" markalı, **-RY-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön sağ hissəsindən vurmuş və X3 Azərbaycan Respublikası İXM-nin 469.1 və 327.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində inzibati xəta haqqında protokol tərtib edilərək, 40 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan X4 Xidmətinin məhkəmə sorğusuna alınmış xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, X3 "xxxx" MMC-də əmək müqaviləsi əsasında işləyir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36.3-cü maddəsinə əsasən (Yol hərəkəti iştirakçılarının əsas vəzifələri və hüquqları) yol hərəkəti iştirakçıları üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinə (yol hərəkəti iştirakçılarının əsas vəzifələri və hüquqları) əsasən mexaniki nəqliyyat vasitəsinin sürücüsü yol hərəkəti Qaydalarına riayət etməli, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidir. Azərbaycan Respublikası Mülkü Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlik). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a istifadə edilməsi, tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər üçün yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Qeyd edilən Məcəllənin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqress) hüququ vardır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 aprel 2022-ci il tarixli Qərarında qeyd edilmişdir ki, əmək və ya mülki hüquq müqaviləsi üzrə əmək (xidməti) vəzifələrinin icra edilməsi ilə əlaqədar olaraq nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən vurulmuş zərərə görə işəgötürən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099-cu maddəsinə əsasən mülki hüquq məsuliyyəti daşıyır. Zərərin vurulmasında işçinin təqsiri olduğu halda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1114-cü maddəsinə uyğun olaraq zərərin əvəzini ödəmiş işəgötürən ona qarşı reqres tələb hüququna malikdir. Yüksək təhlükə mənbəyinin (nəqliyyat vasitəsi, mexanizm və i.a.) fəaliyyəti nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla sahiblik edən fiziki və ya hüquqi şəxslər daşıyırlar. Konstitusiya Məhkəməsinin mövqeyinə görə işəgötürənin məsuliyyətinin əsasını tapşırıq, əmr və göstərişlərinin icrası ilə bağlı görülən işin lazımi qaydada təşkil edilməməsi, tələb olunan diqqət və qayğının göstərilməməsi təşkil edir. Görüləcək işi zehni və fiziki qabiliyyətlərinə uyğun peşəkar şəxslərə (işçilərə) həvalə etmək, zəruri təlimat və tapşırıqlar vermək və icrasına nəzarət etmək obyektiv olaraq işəgötürənin vəzifəsidir. Məhz bu obyektiv vəzifənin lazımınca yerinə yetirilmiş olmaması baxımından qanunverici işəgötürənin işçisinin vurmuş olduğu zərərə görə məsuliyyətə cəlb edilməsini zəruri hesab etmişdir. Odur ki, Mülki Məcəllənin 1099-cu maddəsi öz mənafeyi üçün başqalarının əməyindən (xidmətlərindən) yararlanan şəxslərin – işəgötürənin həmin işin icrası ilə əlaqədar üçüncü şəxslərə dəymiş zərəri qarşılamaq öhdəliyini müəyyən etmişdir. Nəzərə alınmalıdır ki, bu halda işəgötürənin məsuliyyəti təqsirsiz məsuliyyətdir və bu məsuliyyət işəgötürənin mənafeyi üçün və onun nəzarəti altında görülən işin lazımi qaydada, zəruri ehtiyatlılığın tələb etdiyi tərzdə təşkil edilməməsindən irəli gəlir. Məqsəd işəgötürəni onun nəzarəti altında görülən işlərin yerinə yetirilməsi ilə əlaqədar yarana biləcək zərərləri, arzuolunmaz nəticələri önləyici (preventiv) tədbirləri görməyə məcbur etməklə üçüncü şəxsləri, bütövlükdə cəmiyyəti qorumaqdır. Məhkəmə qeyd edir ki, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla, xx.xx.2023-cü il tarixdə, saat 09:10 radələrində X3 tərəfindən idarə olunan “İsuzu Citiport” Avtobus markalı, **-JD-*** dövlət qeydiyyat nişanlı avtomobil (202 saylı marşrut avtobusu) Azadlıq prospektində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələbilərini pozmaqla İddiaçı idarə etdiyi "Hyundai Elantra" markalı, **-RY-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön sağ hissəsindən vurmuşdur. Hadisə nəticəsində "Hyundai Elantra" markalı, **-RY-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi İddiaçı maddi zərər dəyməsi öz təsdiqini tapmışdır. İddiaçı qeyd edilən maddi zərərin 350 manat olduğunu qeyd etmiş, həmin məbləğin cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmiş, eyni zamanda zərərin 350 manat olması ilə bağlı müstəqil ekspert rəyini məhkəməyə təqdim etmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi maddi zərərin tutulması hissəsində əsaslı olduğu üçün təmin olunmalı, baş vermiş yol nəqliyyat hadisəsi zamanı cavabdeh "xxxx" MMC-yə məxsus nəqliyyat vasitəsilə, həmin nəqliyyat vasitəsini istifadə edərkən qanunazidd əməlləri nəticəsində, iddiaçıya məxsus nəqliyyat vasitəsinin bərpa olunması üçün cavabdeh "xxxx" MMC-dən İddiaçı məxsus "Hyundai Elantra" markalı, **-RY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə vurulmuş zərərin əvəzi olaraq, ekspert rəyində qeyd edilən, 350 manat İddiaçı xeyrinə tutulmalıdır. Eyni zamanda məhkəmə mənəvi zərərin ödənilməsi tələbinə münasibətdə aşağıdakıları qeyd edir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Plenum eyni zamanda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Yuxarıda qeyd olunan qanunvericilik aktlarına əsasən məhkəmə qeyd edir ki, cavabdehin hər hansı hərəkəti nəticəsində iddiaçının iztirab çəkməsi, sarsıntı keçirməsi və s. kimi halların nəticəsində mənəvi zərərə məruz qalması sübut olunmur. Ona görə də iddia tələbi mənəvi zərərin tutulması hissəsində təmin olunmamalıdır. Bundan başqa məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 manat dövlət rüsumu və ekspert rəyinə görə ödənilmiş 50 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, cavabdeh "xxxx" MMC-dən İddiaçı xeyrinə maddi zərərə görə 350 (üç yüz əlli) manat, müstəqil ekspert rəyinə ödənilmiş 50 (əlli) manat və 30 (otuz) manat dövlət rüsumu tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" MMC-dən İddiaçı xeyrinə maddi zərərə görə 350 (üç yüz əlli) manat və müstəqil ekspert rəyinə ödənilmiş 50 (əlli) manat xərc olmaqla, cəmi 400 (dörd yüz) manat pul vəsaiti və 30 (otuz) manat dövlət rüsumu tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-1331/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1331/2023
18.05.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver