Məhkəmə qərarları › İş №2(005)-1345/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1345/2024

10.06.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1345/2024 10.06.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, İddiaçı X8 və onun vəkili Vəkil3, İddiaçı2, X4 iştirakları ilə, İddiaçılar X9 və İddiaçı2 cavabdehlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinə və Cavabdeh2nə qarşı “qərarın qanunsuz hesab edilməsi” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar X9 və İddiaçı2 cavabdehlər Bakı şəhəri Nərimanov rayon İcra şöbəsi və Cavabdeh2nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsinin icrasına mane olan Cavabdeh2 xx.xx.2023-cü il tarixli qərarının qanunsuz hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddia onunla əsaslandırılmışdır ki, anaları 12 yanvar 2017-ci il taixindən gözdən birinci qrup əlil olmaqla, Gözdən Əlillər Cəmiyyətinin üzvü olmuşdur. O, müvafiq sərəncam əsasında mənzil növbəsi ilə bağlı imtiyazlı siyahıya daxil edilmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4241/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə analarının iddiaları qismən təmin edilmiş, iddiaçı X5 ünvan 1 ünvanında inşa edilən yaşayış binasında birinci qrup əlil kimi mənzil verilməsi məsələsinə baxılmasının Cavabdeh2nə həvalə edilməsi qət edilmişdir. Anaları 2021-ci ildə vəfat etmişdir. Analarının qanun üzrə vərəsələri olmalarına baxmayaraq məhkəmə qətnaməsi bugünədək qanunsuz olaraq icra edilməmişdir. Belə ki, X13 İctamai Birliyi xx.xx.2023-cü il tarixli qərarı ilə əsassız olaraq məhkəmə qətnaməsinin icrasına mane olmuşdur. 2019-cu ildə məhkəmə qərarı ilə mənzilin verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulsa da, cavabdeh 2023-cü ildə mənzil vermək səlahiyyətinin olmadığına əsaslanaraq bundan imtina etmişdir. Halbuki məhkəmə qətnaməsi qəbul edlən dövrdə mənzillər Gözdən Əlillər Cəmiyyəti tərəfindən verilirdi. Həmçinin "xxxx" MMC tərəfindən 75 mənzil tikilərək Gözdən Əlillər Cəmiyyətinə verilmişdir. Cavabdehin göstərilən qərarı əsasında məhkəmə qətnaməsinin icrası mümkün olmamışdır və icra sənədi üzrə icraata xitam verilmişdir. Həmin qərar qanunsuz olmaqla, onların Konstitusiya ilə təsdiq edilmiş hüquqlarını pozur. Bu səbəbdən Cavabdeh2 xx.xx.2023-cü il tarixli qərarı məhkəmə tərəfindən qanunsuz hesab edilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçı X9 bildirmişdir ki, anası gözdən birinci qrup əlil olmaqla Gözdən Əlillər Cəmiyyətinin üzvü olmuşdur. O, 13 fevral 2013-cü ildən mənzil növbəsi üçün imtiyazlı siyahıya əlavə edilmişdir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə ona mənzilin verilməsi qət edilmiş, lakin cavabdeh xx.xx.2023-cü il tarixli qərarı ilə mənzilin verilməsi məsələsinə baxdıqlarını, bunun mümkün olmadığını bildirmişdir. Həmin qərara əsaslanaraq icra məmuru icra sənədi üzrə icraata xitam vermişdir. İcra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmurunun qərarından şikayət versə də, məhkəmə tərəfindən həmin iş hazırki işə görə dayandırılmışdır. Həmçinin qətnaməyə izah verilməsini xahiş etmiş, lakin məhkəmələr tərəfindən ərizələri təmin edilməmişdir və ona cavabdehin müvafiq qərarını mübahisələndirmək tövsiyə olunmuşdur. Cavabdehin mübahisələndirələn qərarı məhkəmə qərarının icrasına mane olduğuna görə iddiasının təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı2 eyni məzmunlu izahat verərək iddialarının təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı X8 vəkili Vəkil3 bildirmişdir ki, mübahisələndirilən qərar müdafiə etdiyi şəxsin hüquqlarını pozur, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrasına mane olur. Bu səbəbdən iddianın təmin edilməsini, qərarın qanunsuz hesab edilməsini xahiş etmişdir. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq, iddia tələbinin dəlillərini və işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, iddia aşağıda qeyd olunanlara əsasən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı2 xx.xx.1958-ci il tarixdə anadan olmuşdur. X14 Tarasoviç, anası X6; - Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4241/2019 saylı, xx.xx.2019cu il tarixli qətnaməsi ilə X1 Cavabdeh2nə qarşı mənzilin verilməsi tələbinə dair iddiası qismən təmin edilmiş, iddiaçı X5 ünvan 1 ünvanında inşa edilən yaşayış binasında birinci qrup əlil kimi mənzil verilməsi məsələsinə baxılmasının Cavabdeh2nə həvalə edilməsi qət edilmişdir; - Cavabdeh2 xx.xx.2020-ci il tarixli məktubunun surətindən görünür ki, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsinin icraata alınması barədə xx.xx.2020-ci il tarixli qərara əsasən Azərbaycan GƏC-in rəhbərliyi iddiaçı X2 mənzil növbəlik məsələsi və Bakı şəhəri Nərimanov rayonu, Faiq Yusifov 40 A ünvanında inşa edilən yaşayış binasında birinci dərəcəli gözdən əlil kimi mənzil verilməsi məsələsinə AZ GƏC-in ali orqanı olan İdarə Heyətində yenidən baxılmışdır. Mənzillərin verilməsi məsələsi 11 rayon İcra Hakimiyyəti və AZ GƏC ilə birgə yaradılacaq Komissiya tərəfindən həyata keçiriləcək və bu Komissiya yalnız layihədə nəzərdə tutulan yaşayış binaları tam tikilib başa çatmaq ərəfəsində yaradılır; - "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli məktubunun surətindən görünür ki, Cavabdeh2 sifarişi əsasında "xxxx" MMC tərəfindən ünvan 3 ünvanda, o cümlədən Cavabdeh2 çoxsaylı əlil üzvlərinin də yaşayış şəraitinin yaxşılaşdırılması məqsədilə 5 ədəd çoxmərtəbəli yaşayış binasının inşa edilməsi nəzərdə tutulmuş, bu məqsədlə Cavabdeh2 ilə "xxxx" MMC arasında bağlanmış “Yaşayış və qeyri-yaşayış sahələrinin tikintisi haqqında” xx.xx.2015-ci il tarixli müqavilə ilə Cavabdeh2nə, ümumilikdə təmirsiz 5 ədəd 3 otaqlı, 35 ədəd 2 otaqlı və 35 ədəd 1 otaqlı mənzil və ümumi sahəsi 500 kv.m. olan qeyri-yaşayış sahəsinin verilməsi, mənzillərin 40 ədədinin və ümumi sahəsi 500 kv.m. olan qeyri-yaşayış sahəsinin sözügedən 5 ədəd yaşayış binalarından, 35 ədədinin isə Cəmiyyətin Bakı şəhərində, digər ünvanlarda inşa etdiyi digər yaşayış binalarından verilməsi razılaşdırılmışdır. İlk olaraq 3 saylı binanın inşasına, başlanılmış, sonradan Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2019-cu il tarixli 01-Bt-1/633 saylı məktubu ilə yalnız 1, 2 və 4 saylı binaların inşasına razılıq verilmiş, 5 saylı binanın inşasına isə razılıq verilməmişdir. Digər tərəfdən layihədə hər bir yaşayış binasının mərtəbəliliyi 16+1 (mansard) nəzərdə tutulduğu halda 1, 2 və 4 saylı binaların tikintisinə icazə sənədində həmin binaların mərtəbəliliyi 14 mərtəbə göstərilmişdir. Nəticədə 5 saylı binanın tikintisinə ümumiyyətlə icazə verilməməsi, 1, 2 və 4 saylı binaların isə hər birindən 3 mərtəbənin (2 + mansard) ixtisar edilməsi şirkət üçün baş verəcəyini əvvəlcədən ehtimal edə bilmədiyimiz çətin bir vəziyyət yaratmışdır ki, bunun da nəticəsində şirkət olduqca böyük miqdarda maddi ziyanla üz-üzə qalmışdır. Belə bir çətin vəziyyətdə Cavabdeh2 ilə "xxxx" MMC arasında bağlanmış “Yaşayış və qeyri-yaşayış sahələrinin tikintisi haqqında” xx.xx.2015-ci il tarixli müqavilə üzrə Cavabdeh2nə verilməsi nəzərdə tutulmuş 75 ədəd mənzilin təqdim edilməsi mümkün deyildir. Odur ki, qeyd edilənləri nəzərə alaraq Cavabdeh2 ilə "xxxx" MMC arasında bağlanmış “Yaşayış və qeyri-yaşayış sahələrinin tikintisi haqqında” xx.xx.2015-ci il tarixli müqaviləyə Cavabdeh2nə veriləcək mənzillərin sayının azaldılması ilə bağlı yenidən baxılmasına münasibət bildirilməsi xahiş edilir. Layihə üzrə 5 saylı binanın inşasına, habelə 1, 2 və 4 saylı binaların tikintisinə icazə verilməmiş yuxarı mərtəbələrinin (2 mərtəbə + mansard) inşasının Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhəri Memarlıq və Şəhərsalma Baş idarəsi tərəfindən icazə verilərsə, 5 saylı bina və 1, 2 və 4 saylı binaların yuxarı mərtəbələri (2 mərtəbə + mansard) inşa edilərsə, müqavilə üzrə Cavabdeh2nə verilməsi razılaşdırılmış 75 ədəd mənzilin hamısı tərəfimizdən Cavabdeh2nə təqdim ediləcəkdir; - Qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2022-ci il tarixli şəhadətnamənin surətindən görünür ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş-X1 vərəsələri ünvan 5 ünvanında qeydiyyatda olan qızı İddiaçı1 və İddiaçı2 miras əmlakdan 1/2 hissədə irs almalıdır. Şəhadətnamə verilən miras əmlak - AR Bakı şəhəri İHTİ VƏ MHQİ tərəfindən xx.xx.2006cı il tarixdə X5 verilmiş 30/213794 saylı qeydə alma nömrəsi ilə 1424 nömrəli kitabın 213794-ci səhifəsində qeyd edilmiş qeydiyyat vəsiqəsinə əsasən ünvan 6 ünvanında yerləşən yaşayış sahəsi 14.6 kv.m, 1 otaqlı olan mənzildən ibarətdir. DƏDRX-dən əldə edilmiş xx.xx.2022-ci il tarixli qeydiyyat nömrəsi 05A4/36 olan arayışa əsasən vərəsəlik hüququ haqqında şəhadətnamə verilənədək ünvan 6 ünvanında yerləşən mənzil ipoteka ilə yüklü edilməmiş, həbs altında deyil və özgəninkiləşdirilməsinə qadağa qoyulmamışdır; - Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin xx.xx.2023-cü il tarixli qərarının surətindən görünür ki, gözdən əlil vətəndaşlara mənzil verilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2021-ci il tarixli 492 saylı qərarına əsasən Sosial Xidmətlər Agentliyinə verildiyi üçün mərhum A.Smolyaninovanın ailəsinin mənzil şəraiti ilə təmin olunmaları məsələsinə baxılması Az. GƏC-in səlahiyyətləri çərçivəsindən çıxarıldığına görə A.Smolyaninovanın ailəsinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinə müraciət edilməsi tövsiyyə edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış əlilliyi olan şəxs vəfat etdiyi halda həmin uçotun onun ailə üzvləri üçün saxlanılması” haqqında 2019-cu il 24 iyul tarixli, 322 nömrəli qərarının 1.2.2-ci bəndinin tələbinə əsasən əlilliyi olan şəxsin ailə üzvləri - Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsi ilə müəyyən edilən qanun üzrə vərəsələr sırasından olan və əlilliyi olan şəxs yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınarkən onun ailə üzvləri kimi qeydiyyata alınmış şəxslər sayılır. A.Smolyaninovanın müvafiq İcra Hakimiyyəti orqanı tərəfindən mənzil növbəsi haqqında sonuncu sərəncamında A.Smolyaninovanın ailə tərkibi 1 nəfər özü olaraq göstərilmişdir. Mərhum A.Smolyaninovanın ailə tərkibi müvafiq rayon İcra Hakimiyyəti orqanı tərəfindən bir nəfər (özü) təsdiqləndiyi üçün ailənin mənzil şəraiti ilə təmin edilməsi Sosial Xidmətlər Agentliyi tərəfindən rədd edilmişdir. A.Smolyaninovanın ailəsinə yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış əlilliyi olan şəxs vəfat etdiyinə görə müvafiq sərəncamın və ailə tərkibinin yenidən baxılması üçün yaşayış yeri üzrə İcra Hakimiyyətinə müraciət edilməsi tövsiyyə edilmişdir. Az. GƏC-nin xx.xx.2023-ci il tarixli İdarə Heyətinin qərarı hal-hazırda icraatda olan 2(005)-4241/2019 nömrəli xx.xx.2019-cu il tarixli icra sənədi üzrə xx.xx.2023-cü il tarixli, 117159/23 9613-15/1 saylı bildirişə əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Nərimanov rayon İcra şöbəsinə göndərilməsi qərara alınmışdır; - Sosial Xidmətlər Agentliyinin 20 oktyabr 2023-cü il tarixli məktubunun surətindən görünür ki, 13 dekabr 2019-cu il tarixli 2(005)-4241/2019 nömrəli icra sənədi üzrə iddiaçı X3 (mərhumun vərəsələrinin) mənzillə təmin olunması haqqında daxil olmuş 13 sentyabr 2023-cü il tarixli 117159/2310743-15/1 nömrəli məktuba Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyində aidiyyəti üzrə baxılmışdır. “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin, şəhid ailələrinin, Çernobil AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş və gözdən əlilliyi olan şəxslərin, habelə uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş məzunlarının mənzil-məişət şəraitinin yaxşılaşdırılması barədə əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 avqust 2021 -ci il tarixli 492s nömrəli Sərəncamı ilə həmin Sərəncamın qüvvəyə mindiyi tarixədək uçotda olan gözdən əlilliyi olan şəxslərin mənzil- məişət şəraitinin yaxşılaşdırılması nəzərdə tutulmuşdur. Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətindən mənzil növbəsinə dayanmış imtiyazlı şəxslər barədə Nazirliyə təqdim olunmuş siyahıda Lyubov və İddiaçı1ların mərhum anası birinci qrup gözdən əlil X3 20 fevral 2017-ci il tarixindən yaşayış sahəsinə ehtiyacı olan qismində uçotuna alındığı qeyd edilmişdir. Nazirliyin sifarişi ilə gözdən əlilliyi olan şəxslər üçün ünvan 7 ünvanında 13 mərtəbəli 132 mənzilli yaşayış binası inşa edilmiş və 2015-ci ildə istifadəyə verilmişdir. Həmin yaşayış binasındakı mənzillərin bölgüsünü həyata keçirmək məqsədi ilə Nazirlik üzrə 8 dekabr 2015-ci il tarixli 11/7-281 nömrəli əmrlə yaradılmış, yalnız sədri Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini, digər üzvləri isə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Bakı Şəhər İcra Hakimiyyətinin, Bakı şəhəri üzrə rayon icra hakimiyyətlərinin və Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin (AzGƏC) nümayəndələrindən ibarət olan Komissiya tərəfindən Bakı şəhərinin rayon icra hakimiyyətlərində mənzil növbəsinə dayanan şəxslərin növbəlilik siyahısı Azərbaycan Respublikası Mənzil Məcəlləsinə uyğun olaraq araşdırılmış və mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan gözdən əlilliyi olan şəxslər növbəliliklə mənzillə təmin edilmişdir. 2017-ci ildə mərhum A.Y.Smolyaninovaya gözdən əlillik təyin edildikdə həmin binadakı bütün mənzillər Nazirlik tərəfindən Bakı şəhəri üzrə rayon icra hakimiyyətlərində yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış gözdən əlilliyi olan şəxslərə mövcud qanunvericiliyə uyğun olaraq növbəlilik əsasında artıq təqdim edilmiş və həmin binada boş mənzil qalmamışdı. Həmçinin, Azərbaycan Respublikası Qaçqınların və X11 üzrə Dövlət Komitəsinin sifarişi ilə Abşeron rayonu, Pirəkeşkül ərazi dairəsində, Bakı şəhəri, Sabunçu rayonu, Ramana və Kürdəxanı qəsəbələrində, Qaradağ rayonu, Ümid qəsəbəsində, habelə Binəqədi rayonu, Xocəsən qəsəbəsində inşa edilmiş yaşayış komplekslərindəki çoxmərtəbəli binalarda yerləşən mənzillər Nazirlik tərəfindən yuxarıda qeyd edilən Sərəncamın icrası çərçivəsində Sərəncamla əhatə olunan imtiyazlı şəxslərə təqdim edilmişdir. A.Y.Smolyaninova Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində mənzillə təmin olunması ilə bağlı Nazirliyə və ya Nazirlik tabeliyində Sosial Xidmətlər Agentliyinə deyil, AzGƏC-ə qarşı iddia qaldırmış və iddia təmin edilərək sonuncunun üzərinə A.Y.Smolyaninovaya mənzil verilməsi öhdəliyi qoymuşdur. Bu səbəbdən də, borclu qismində Azərbaycan Gözdən Əlillər Cəmiyyəti çıxış etməlidir. O cümlədən, məhkəmə qətnaməsində qeyd edilən ərazidə Az GƏC-lə "xxxx" MTK arasında bağlanmış müvafiq müqaviləyə əsasən çoxmənzilli yaşayış binası inşa edilmişdir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikası “İcra haqqında” Qanunun müddəalarını nəzərə alaraq, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 13 dekabr 2019-cu il tarixli 2(005)-4241/2019 nömrəli qətnaməsinin icra edilməsi Agentliyin səlahiyyətləri xaricindədir; - "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli məktubunun surətindən görünür ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 4241/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə "xxxx" MMC tərəf deyildir və həmin icra sənədi üzrə tələbkara mənzil verilməsi məsələsi də Cavabdeh2nə aid olan məsələdir; - İcra sənədi üzrə icraata xitam verilməsi barədə xx.xx.2023-cü il tarixli qərarın surətindən görünür ki, Nərimanov Rayon Məhkəməsinin 2(005)-4241/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarı ilə icra sənədi üzrə icraata xitam verilmişdir. Qərar onunla əsaslandırılmışdır ki, tələb üzrə borclu Cavabdeh2 tərəfindən xx.xx.2023-cü il tarixli qərar qəbul olunmuş və mənzilin verilməsi məsələsinə baxılmışdır. Bununla da icra sənədinin icrası təmin edilmişdir; - "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli məktubunun surətindən görünür ki, Cavabdeh2 sifarişi əsasında "xxxx" MMC tərəfindən ünvan 8 ünvanında inşa edilən çoxmərtəbəli yaşayış binalarından Cavabdeh2nə ümumilikdə 19 ədəd 1 otaqlı mənzil verilməsi nəzərdə tutulmuşdur; - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubunun surətindən görünür ki, ünvan 9 ünvanında inşa edilmiş binaların (mənzillərin) dövlət reyestrində qeydiyyatdan keçməsi aşkar edilməmişdir; - Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1345/2024 saylı, xx.xx.2024cü il tarixli qərardadı ilə iddianın yolverilməzliyinə görə (inzibati məhkəmədə baxılması əsası ilə) icraata qəbul edilməsindən imtina edilsə də, sonradan iddiaçıların şikayəti əsasında, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin işə ümumi məhkəmədə baxılmalı olduğundan iddianın mümkün sayılmaması barədə xx.xx.2019-cu il tarixli qərardadı qanuni qüvvəyə mindiyindən şikayət təmin edilərək, iddia ərizəsi icraata qəbul edilmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçıların anaları X7 birinci qrup əlil olmaqla yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmışdır. Smolyaninova Aleksandra 2019-cu ildə Cavabdeh2nə qarşı mənzilin verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4241/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, iddiaçı X5 ünvan 1 ünvanında inşa edilən yaşayış binasında birinci qrup əlil kimi mənzil verilməsi məsələsinə baxılmasının Cavabdeh2nə həvalə edilməsi qət edilmişdir. X7 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Məhkəmə qətnaməsi icraya yönəldilmiş, lakin cavabdehin xx.xx.2023-cü il tarixli tarixli qərarı ilə mənzilin verilməsinin mümkün olmadığı qeyd edilmiş və A.Smolyaninovanın ailəsinə yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış əlilliyi olan şəxs vəfat etdiyinə görə müvafiq sərəncamın və ailə tərkibinin yenidən baxılması üçün yaşayış yeri üzrə İcra Hakimiyyətinə müraciət edilməsi tövsiyyə edilmişdir. Qərar onunla əsaslandırılmışdır ki, A.Smolyaninovanın müvafiq İcra Hakimiyyəti orqanı tərəfindən mənzil növbəsi haqqında sonuncu sərəncamında A.Smolyaninovanın ailə tərkibi 1 nəfər özü olaraq göstərilmişdir. Həmçinin qərarda göstərilmişdir ki, gözdən əlil vətəndaşlara mənzil verilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2021-ci il tarixli 492 saylı qərarına əsasən Sosial Xidmətlər Agentliyinə verildiyi üçün mənzilin verilməsi səlahiyyətləri xaricindədir. Həmin qərar əsasında cavabdeh tərəfindən mənzilin verilməsi məsələsinə baxılmasına əsaslanaraq icra sənədi üzrə icraata xitam verilmişdir. İddiaçılar tərəfindən icra sənədi üzrə icraata xitam verilməsi qərarından şikayət verilmişdir və məhkəmənin qərardadı ilə hazırki iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək həmin iş üzrə icraat dayandırılmışdır. Eyni zamanda iddiaçılar qətnaməyə izah verilməsini məhkəmədən xahiş etsələr də, ərizələri təmin edilməmişdir. Hazırda birinci qrup əlil olaraq yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış X1 vərəsələri olan iddiaçılar, Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin qeyd edilən qərarını mübahisəndirərək, qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrasına mane olduğundan və onların hüquqlarını pozduğundan qanunsuz hesab edilməsini xahiş edirlər. “Əlillərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsinə əsasən əlillər dövlətin hesabına mənzillə təmin edilirlər. İ qrup əlillərə mənzillər növbədənkənar verilir. Əlillərə verilən mənzillər əlillərin səhhəti nəzərə alınmaqla müəyyən edilən sanitariya texniki tələblərə uyğun gəlməlidir. Əlillərin mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxslər hesab edilməsinin əsasları, onlara mənzil növbəliyi Azərbaycan Respublikasının mənzil qanunvericiliyi ilə müəyyən edilir. Bu zaman İ qrup əlillər ailədə adambaşına 9 kvm və daha az yaşayış sahəsi ilə təmin edilmiş olduqda mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxslər sayılırlar. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 31ci maddəsinə görə əlilliyi olan şəxsin yaşayış sahəsinə ehtiyacı olan hesab edilməsinin əsasları və yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması qaydaları Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilir. Yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış əlilliyi olan şəxs vəfat etdiyi halda həmin uçot onun ailə üzvləri üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada saxlanılır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 55-ci maddəsinə uyğun olaraq, vətəndaşlar uçot yeri üzrə uçotdan çıxmaq barədə ərizə verdikdə; vətəndaşların sosial kirayə müqaviləsi əsasında yaşayış sahəsi əldə etmələrinə hüquq yaradan əsaslar aradan qaldırıldıqda; vətəndaşlar digər inzibati ərazi vahidi tərkibindəki yaşayış məntəqəsində yaşamağa çıxdıqda; qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının qanunvericilik aktlarına əsasən yaşayış sahəsinin əldə edilməsi üçün güzəştli ipoteka krediti verildikdə; müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq bələdiyyə tərəfindən vətəndaşlara yaşayış sahəsinin tikintisi üçün torpaq sahəsi verildikdə; uçota alınmanı həyata keçirən orqana təqdim edilmiş sənədlərdə həqiqətə uyğun olmayan və uçota alınmaq üçün əsas olmuş məlumatlar aşkar edildikdə; Bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla vətəndaş vəfat etdikdə vətəndaşlar yaşayış sahəsinə ehtiyacı olan qismində uçotdan çıxarılır. Vətəndaşların uçotdan çıxarılması üçün əsaslar müəyyən edildiyi gündən yaşayış sahəsinə ehtiyacı olan vətəndaşları uçota almış orqan tərəfindən otuz iş günündən gec olmayaraq onların uçotdan çıxarılması haqqında qərar qəbul edilməlidir. Həmin qərarda mütləq bu Məcəllənin 55.1-ci maddəsi ilə nəzərdə tutulmuş hallara istinad etməklə uçotdan çıxarılmanın əsasları göstərilməlidir. Yaşayış sahəsinə ehtiyacı olan vətəndaşların uçotdan çıxarılması haqqında qərar qəbul edildiyi vaxtdan üç iş günündən gec olmayaraq barələrində qərar qəbul edilmiş şəxslərə verilir və ya göndərilir. Həmin qərardan qeyd edilən vətəndaşlar tərəfindən məhkəmə qaydasında şikayət verilə bilər. Yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış əlilliyi olan şəxs vəfat etdiyi halda, həmin uçotun onun ailə üzvləri üçün saxlanılması qaydası “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilir. Hazırki iş materiallarından görünür ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4241/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, iddiaçı X5 ünvan 1 ünvanında inşa edilən yaşayış binasından birinci qrup əlil kimi mənzil verilməsi məsələsinə baxılmasının Cavabdeh2nə həvalə edilməsi qət edilmişdir. Qətnamənin qanuni qüvvəyə minməsindən sonra vəfat etmiş (xx.xx.2021-ci il tarixdə) X1 vərəsələri hazırki mülki iş üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2dır. Qətnamənin qəbul edilməsindən 4 il müddət keçməsinə baxmayaraq icra edilməmişdir. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə əsasən, dövət vərəsəlik hüququna təminat verir. Vərəsəlik hüququna təminat miras qoymağı, yəni vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahiblənməyi nəzərdə tutur. Miras əmlakın dairəsini müəyyən edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə müvafiq olaraq, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Miras aktivi şəxsin sahib olduğu hüquqlar, miras passivi isə onun etməli olduğu öhdəliklər hesab olunur. Məcəllənin 1153-cü maddəsinə əsasən, şəxsi xarakter daşıyan və yalnız miras qoyana mənsub ola bilən əmlak hüquqları və vəzifələr, habelə qanunda və ya müqavilədə nəzərdə tutulan, yalnız şəxsin sağlığında qüvvədə olan və onun ölümü ilə xitam verilən hüquq və vəzifələr mirasın tərkibinə daxil deyildir. Vərəsəlik dedikdə, ölümündən sonra fiziki şəxsin başqa şəxslərə verilə bilən mirasının digər şəxslərə keçməsi başa düşülür. Mirasın keçməsi vərəsəlik hüquq normalarında göstərilən qaydada həyata keçirilir. Hazırki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə mənzilin verilməsi məsələsinə baxılması Cavabdeh2nə həvalə edilmişdir. Həmin qətnamənin “qət etdi” hissəsində mənzilin verilməsi məsələsinə baxılması qeyd edilsə də qətnamənin məzmunundan aydın olur ki, qətnamə ilə iddiaçıya mənzil verilməsi cavabdehə həvalə edilmişdir. Əks yanaşma qeyri-müəyyən vəziyyət yaratmaqla, hüquqi müəyyənlik prinsipinin və qanunvericinin məhkəmə qətnamələrinin aydın və icra edilə bilən olması tələblərinin pozulmasına səbəb olardı. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə verilməsi həvalə edilmiş mənzili tələb etmək hüququ isə başqasına verilə bilən hüquq olmaqla, miras qoyanın miras kütləsinə daxildir. Lakin buna baxmayaraq Cavabdeh2 məhkəmə qərarının icra edilməsindən imtina edilməsi xarakteri daşıyan xx.xx.2023-cü il tarixli qərarı ilə müvafiq İcra Hakimiyyəti orqanı tərəfindən mənzil növbəsi haqqında sonuncu sərəncamında A.Smolyaninovanın ailə tərkibinin 1 nəfər özü olaraq göstərildiyinə istinad etmişdir. Halbuki qətnamə iddiaçıların analarının sağlığında qəbul edilmiş və qanuni qüvvəsini almışdır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə görə Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Nəzərə alınmalıdır ki, qanunverici icra sənədlərinin icrası müddətlərini və bununla bağlı edilməli hərəkətlərin ardıcıllığını, icra etməməyə görə məsuliyyət məsələsini, eləcə də icra sənədinin icrasının mümkün olmaması zamanı qəbul edilməli qərarlarla bağlı məsələləri hərtərəfli tənzimləyir. Bu mənada, icra tədbirləri təsirli və qanunvericiliklə müəyyən edilmiş ardıcıllığa uyğun olmalıdır. Hər bir halda, qərar xeyrinə çıxarılmış tərəf onun icrası ilə bağlı ağlabatan müddətləri keçəcək həddə qeyri-müəyyən vəziyyətdə saxlanılmamalıdır. Belə hallar ümumən ədalət mühakiməsinə inamı sarsıda bilər. Məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.4cü maddəsinin şərh edilməsinə dair” 4 iyul 2014-cü il tarixli Qərarı). İnsan hüquqları üzrə Avropa Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. Ağılasığmaz haldır ki, tərəflərə verilən ədalətli, açıq və ağlabatan müddətdə məhkəmə araşdırması kimi prosessual təminatları ətraflı təsvir edən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsi məhkəmə qərarlarının icrasını təmin etməmiş olsun. Həmin maddənin yalnız məhkəməyə müraciət etmək hüququ və məhkəmə iclasının aparılmasına aid edilməsi iştirakçı dövlətlərin Konvensiyaya qoşularkən üzərlərinə götürdükləri öhdəliklərlə bağlı qəbuledilməz vəziyyət yarada bilər. Ona görə də hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin mənasına görə “məhkəmə araşdırması”nın ayrılmaz tərkib hissəsi hesab edilməlidir (Hornsbi Yunanıstana qarşı iş üzrə 19 mart 1997ci il tarixli Qərar). Hazırki iş üzrə isə qeyd edildiyi kimi, məhkəmə qətnaməsi qanuni qüvvəyə minmiş və xx.xx.2019-cu il tarixli icra sənədi verilmişdir. İcra sənədinin verilməsindən 2 il sonra tələbkar vəfat etmişdir. Qanunvericinin icra sənədinin 1 ay ərzində icra edilməli olması tələbinə baxmayaraq həmin müddət ərzində icra sənədi icra edilməmişdir. Belə ki, “İcra haqqında” Qanunun 13.1.1-ci maddəsinə əsasən məhkəmələrin qərarları əsasında verilən icra vərəqələri bir ay ərzində icraya yönəlməlidir. Cavabdeh özününün təqsiri ucbatından ağlabatan müddət ərzində icra edilməyən icra sənədi üzrə tələbkarın vəfat etməsinə əsaslanaraq, tələbkarın hüquqi varislərinin olmasına baxmayaraq xx.xx.2023-cü il tarixli qərarı ilə qətnamənin icra edilməsindən imtina etmişdir. Eyni zamanda mübahisələndirilən qərarında göstərmişdir ki, gözdən əlil vətəndaşlara mənzil verilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2021-ci il tarixli 492 saylı qərarına əsasən Sosial Xidmətlər Agentliyinə verildiyi üçün mənzilin verilməsi səlahiyyətləri xaricindədir. Halbuki icra edilməli olan məhkəmə qətnaməsi həmin tarixdən 2 il əvvəl qəbul edilmişdir və həmin qətnamə ilə mənzil verilməsi məsələsinə baxılması məhz Cavabdeh2nə həvalə edilmişdir. İş materiallarına təqdim edilmiş sübutlardan da göründüyü kimi Cavabdeh2 sifarişi əsasında əlillərin yaşayış şəraitinin yaxşılaşdırılması məqsədilə çoxmərtəbəli yaşayış binası inşa edilmişdir. Beləliklə, cavabdeh hüquqlarından sui-istifadə edərək iddiaçıları məhkəmə qərarının icra edilməsi ilə bağlı qeyri-müəyyən vəziyyətdə saxlamaqla, hüquqi əsası olmayan hallara istinad edərək mənzilin verilməsinin mümkün olmaması barədə qərar qəbul etmiş, bununla da iddiaçıların Konstitusiya və qanunlarla təsbit edilmiş hüquqlarını pozmuşdur. Konstitusiyanın 72-ci maddəsinin İİ hissəsinə və 80-cı maddəsinə görə isə, hər bir şəxs, Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur. Qanunvericilikdə nəzərdə tutulmuş qeyd edilən normalar vasitəsilə əslində bütün hüquq və vəzifələrin həyata keçirilməsinə müəyyən hədd və məhdudiyyət qoyulmuşdur. Hüquqdan sui-istifadə halının mövcudluğu üçün, ilk növbədə, şəxs müvafiq hüquqdan məqsədi xaricində istifadə etməli və bu hal ədalətsiz nəticənin yaranmasına gətirib çıxarmalıdır (Konstitusiya Məhkəməsi Plenumunun X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli Qərarı). Nəzərə alınmalıdır ki, məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Qanuni qüvvəyə minmiş məhkəmə aktlarının məcburiliyi onların bütün dövlət orqanları və vəzifəli şəxslər tərəfindən qanunla müəyyən edilmiş qaydada hər hansı haldan asılı olmayaraq icra edilməsini nəzərdə tutmaqla yanaşı, belə aktların qanunsuz və əsassız olması ehtimalları ilə bağlı icra məhdudiyyətlərinin yaradılmasını və maneələrin törədilməsini qadağan edir. Hazırki iş üzrə mübahisələndirilən qərar isə qanuni qüvvəyə minmiş məhkəmə aktının icrasına maneə yaradır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh2 Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4241/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinin icrası ilə əlaqədar qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərarı qanunsuz hesab edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh2 Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4241/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinin icrası ilə əlaqədar qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərarı qanunsuz hesab edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən sonra 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar