Məhkəmə qərarları › İş №2(005)-136/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-136/2023

23.02.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-136/2023 23.02.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, X11 Mehdi qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh MTK-nın nümayəndəsi X4, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 nümayəndələri və vəkilləri Vəkil3 və Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh MTK-nə qarşı X5 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə “müqavilə üzrə öhdəliyin icrası” tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MTK-nə qarşı “müqavilə üzrə öhdəliyin icrası” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MTK ilə aralarında bağlanmış xx.xx.2019-cu il tarixli 20 saylı alqı-satqı müqaviləsinə əsasən ünvan 1 ünvanında inşa edilmiş 6 bloklu çoxmənzilli binanın 1-ci blok 10-cu mərtəbəsində, girişdən sol tərəfdə yerləşən sahəsi 150 kv.m olan 4 otaqlı mənzilin ona təhvil verilməsi, mənzilin boşaldılması, mənzildən istifadəyə maneələr törədilməsinin cavabdehə qadağan edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh MTK tərəfindən ünvan 2 ünvanında inşa edilmiş 6 bloklu çoxmənzilli binanın 1-ci blok 10-cu mərtəbəsində girişdən sol tərəfdə yerləşən sahəsi 150 kv.m olan 4 otaqlı mənzili 20 iyun 2019-cu il tarixdə 20 saylı müqavilə əsasında dəyərini tam ödəməklə almışdır. Mənzilə görə tərəfindən Cavabdeh MTK-nə hər kv.m üçün 1.250 manat olmaqla, cəmi 150 kv.m sahə üçün 187.500 manat pul ödənilmişdir. Bir müddət bundan əvvəl Cavabdeh MTK-dən mənzil alan şəxslər arasında narazılıqların olduğu, eyni mənzillərin bir-neçə nəfərə satıldığı halları baş verməyə başladı. Onun da aldığı mənzilin qapısının dəyişdirildiyini gördü. Cavabdehə müraciət etdikdə, maliyyə problemləri olduğunu deyib, bütün problemləri tezliklə həll ediləcəklərini bildirdilər. Lakin cavabdeh bu günə kimi verdiyi sözü, beləlikə də müqavilə üzrə öhdəliyini yerinə yetirməmişdir. Daha sonra iddiaçının nümayəndəsi və vəkili Vəkil1 məhkəməyə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə müvafiq qaydada ərizə təqdim edərək, Cavabdeh MTK ilə iddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli 20 saylı alqı-satqı müqaviləsinə əsasən ünvan 1 ünvanında inşa edilmiş 6 bloklu çoxmənzilli binanın 1-ci blok 10-cu mərtəbəsində, girişdən sol tərəfdə yerləşən sahəsi 150 kv.m olan 4 otaqlı mənzilin iddiaçıya təhvil verilməsi və mənzildən istifadəyə maneələr törədilməsinin cavabdehə qadağan edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, mənzilin qapısı dəyişdirilsə də mənzil boşdur. Bundan başqa, Afiyət Təhməzovanın aldığı mənzil əvvəlcə binanın aşağı mərtəbəsində olmuşdur. Həmin mənzil mübahisəli olduğundan İddiaçı satılmış mənzilə dair sonradan onun adına formal müqavilə bağlanmışdır. Üçüncü şəxs tərəfindən məhkəməyə təqdim edilmiş müqavilənin tarixində düzəliş olması aydın görünür. İddiaçı iddia edir ki, A.Təhməzovanın müqaviləsinin tarixi 2021-ci ildir və 2019-cu ilə düzəliş edilmişdir. Onu da qeyd edir ki, hazırkı iş üzrə cavabdeh olan Cavabdeh MTK-nin rəhbəri X2 gedən binanın eyni mənzillərini bir neçə şəxsə təkrar satdığına, müqavilələrdə saxtakarlıq etdiyinə, vətəndaşları aldatdığına görə barəsində AR Baş Prokuroru yanında KQMBİ tərəfindən AR CM-nin 178.3.2-ci və 308.2-ci maddələri ilə cinayət işi başlanmış və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə həbs edilmiş, sonradan həbsdə saxlama müddəti uzadılmışdır. Cavabdeh MTK-nin rəhbərinin audio və video yazılarından təsdiq edilir ki, A.Təhməzovanın mənzili binanın 10-cu mərtəbəsində olmamışdır. Sonradan vaxt qazanmaq, onları müvəqqəti sakitləşdirmək üçün 2021-ci il tarixli müqavilədə 2019-cu il yazılaraq düzəliş edilmişdir. Tərəfindən məhkəməyə təqdim edilmiş müqavilədə MTK tərəfindən müqaviləni MTK-nin sədri T.Məhəmmədovun imzaladığı görünür. xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasında Nofəl Hacıyev iddiaçının müqaviləsinin onun tərəfindən imzalandığını bildirmiş və eyni zamanda buna səlahiyyətinin olduğunu, onun adına 2018-ci ildən etibarnamə verildiyini göstərmiş və həmin etibarnaməni barəsində aparılan cinayət işinin materiallarına təqdim etdiyini demişdir. Daha sonra məhkəmə iclasında sədrlik edənin göstərişi ilə mübahisə edilən mənzilə dair müqavilələr cavabdehin nümayəndəsi kimi məhkəmədə izahat verən Nofəl Hacıyevə təqdim edilmişdir. N.Hacıyev müqavilələrə baxaraq, mənzillərin üst-üstə düşmədiyini, ayrı-ayrı mənzillər olduğunu, 10-cu mərtəbənin sol və sağ tərəfində yerləşdiyini bildirmişdir. Eyni zamanda bildirir ki, tərəfindən sübut kimi təqdim edilmiş və məhkəmə iclasında nümayiş etdirilən video görüntüyə baxdıqda görmüşlər ki, Afiyət Təhməzovanın müqaviləsində də eyniylə Nofəl Hacıyevin imzası vardır və müqavilənin tarixi xx.xx.2021-ci il tarixədir. Müqavilənin arxasındakı, əllə yazılmış qeydlərin özü tərəfindən icra edildiyini Nofəl Hacıyev təsdiq etmişdir. Həmin qeydlərdən də görünür ki, mənzilin dəyərinin 50.000 manat hissəsi xx.xx.2021-ci ildə ödənilmişdir. Bu da A.Təhməzova tərəfindən məhkəməyə təqdim edilmiş 160.000 manat pulun guya xx.xx.2019-cu ildə ödənilməsini inkar edir. Nəzərə alınmalıdır ki, iddiaçı tərəfindən MTK-nə 185.000 manat pul ödənilmiş və bu barədə müvafiq maliyyə arayışı verilmişdir. Sorğu-sual zamanı Nofəl Hacıyev video görüntüdə və audioyazıdakı görüntünün və səsin ona məxsus olduğunu təsdiq etmiş və dialoq zamanı söylədiklərinin həqiqət olduğunu etiraf etmişdir. Həmin sübutların tədqiqi zamanı hər hansı bir hala etiraz etməmişdir. Nofəl Hacıyevin barəsində aparılan cinayət işində hazırkı mülki iş üzrə mübahisə edilən binanın 10-cu mərtəbəsindəki mənzilin ilk qanuni sahibi İddiaçı hesab edilmişdir. Bunu xx.xx.2023-cü ildə İctimai televiziyada yayımlanan “Sabaha saxlamayaq” verlişində AR Baş prokurorluğu yanında KQMBİ-nin ictintaq idarəsinin rəis müavini də İddiaçı adını çəkməklə təsdiq etmişdir.Qeyd olunanlara əsasən məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh MTK-nın nümayəndəsi X8 iddia tələbini qismən qəbul edərək, çoxsaylı belə mənzillərin satıldığını, hazırda bütün zərərçəkmişlərin siyahısının hazırlandığını və onlara dəymiş ziyanın ödəniləcəyini bildirdi. Əlavə olaraq qeyd etdi ki, onun müqavilə imzalamaq səlahiyyəti olmuşdur, belə ki, MTK-nın sədri tərəfindən onun adına etibarnamə verilmişdir. Bundan əlavə qeyd etdi ki, blokdan girəndə sol tərəfdə yerləşən mənzillərin sahəsi daha böyük olur, yəni 160 kv.metr, sağda yerləşən isə 150 kv.metr təşkil edir. Üç otaqlı mənzillər yalnız dəhlizin lap başında yerləşənlərdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında iddia tələbini etiraf etmədi və izahatında bildirdi ki, iddiaçı, X3 məxsus olan mənzili mübahisələndirir. İddiaçının iddia etdiyi ünvan 1, 6 bloklu çoxmənzilli bina 1-ci blok 10-cu mərtəbə girişdən sol tərəfdə yerləşən 160 kv.metr olan 3 otaqlı mənzilə X1 xx.xx.2019-cu il tarixli 53 saylı müqaviləsi, maliyyə arayışı, kassa mədaxil orderinin qəbzi və və Cavabdeh MTK üzvlərinin ümumi iclasının 53 saylı protokolundan çıxarış var. X5 mübahisəli mənzilin dəyərini tam şəkildə ödəməklə almış, mənzildə ilkin təmir işləri apararaq mənzilə dəmir-seyf giriş qapısı qoymuşdur. İddiaçının müqaviləsi xx.xx.2019-cu il tarixdə səlahiyyətləri olmayan şəxs tərəfindən bağlanmış (bu müqaviləni bağlayan Nofəl adında şəxsin Cavabdeh MTK-nin adından belə özü də MTK-nın sədri Talış Məmmədov adından hər hansı bir müqavilə bağlamaq hüququ olmamış ona belə bir hüquq yalnız Bakı şəhəri 53 saylı notariat ofisində xx.xx.2019-cu il tarixdə rəsmiləşdirilmiş etibarnamə əsasında verilmişdir. İddiaçı məhkəməyə təqdim etdiyi 20 nömrəli müqavilədə isə müqavilənin tarixi xx.xx.2019-cu ildir. Göründüyü kimi hal-hazırda məhkəməyə şahid qismində gətirilməsi istənilən şəxs dələduzluq əməli ilə bağlı təqsirləndirilir və onun heç bir səlahiyyəti olmadan fiziki şəxs qismində başqasının adından belə bir müqavilə bağladığı iddia edilirsə onda şəxsən özü İddiaçı qarşısında məsuliyyət daşıyır, ona görə də cavabdeh şəxs kimi onun özü iddiaçının qarşısında cavab verməlidir), mənzilin nömrəsi göstərilməmiş, ilk səhifəsinə imza edilməmiş, qeydiyyatdan keçməmiş, faktiki 3 otaq olduğu halda 4 otaq kimi qeyd edilmiş, kassa mədaxil orderinin qəbzi olmayan ödənişə istinad etməklə mötəbər olmayan sübutlara əsaslanır. Həmçinin, X4 barəsində davam edən cinayət işi üzrə A.Təhməzova deyil, iddiaçı zərərçəkmiş şəxs qismində tanınmışdır. Bu bir daha onu göstərir ki, A.Təhməzova ilə bağlanmış müqavilə üzrə sonuncuya satılmış mənzil mübahisələndirilmir. Qeyd olunanlara əsasən iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 nümayəndəsi və vəkili Vəkil3 məhkəmə iclasında iddia tələbini etiraf etmədi, digər nümayəndənin izahatındakı xüsusatları təsdiq edərək, iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. -Cavabdeh MTK ilə İddiaçı arasında bağlanılmış xx.xx.2019-cu il tarixli 20 saylı müqaviləyə əsasən İddiaçı ünvan 2 ünvanında inşa olunan çoxmərtəbəli yaşayış binasının 1-ci blok 10-cu mərtəbə ümumi sahəsi 150 kv.m olan 4 otaqdan ibarət mənzili 187.500 manat dəyərində almaq üçün müraciət etmiş və tərəflər arasında müqavilə bağlanılmışdır. -maliyyə arayışının surətindən görünür ki, ünvan 2 ünvanında inşa olunan çoxmərtəbəli yaşayış binasının 1-ci giriş 10-cu mərtəbə ümumi sahəsi 150 kv.m olan 4 otaqdan ibarət mənzilin dəyəri olan 187.500 manat İddiaçı tərəfindən tam ödənilmişdir, MTK-nə borcu yoxdur. -Cavabdeh MTK ilə X5 arasında bağlanılmış xx.xx.2019-cu il tarixli 53 saylı müqaviləyə əsasən X5 ünvan 2 ünvanında inşa olunan çoxmərtəbəli yaşayış binasının 1ci blok 10-cu mərtəbə ümumi sahəsi 160 kv.m olan 3 otaqdan ibarət 58 nömrəli mənzili mənzili 160.000 manat dəyərində almaq üçün müraciət etmiş və tərəflər arasında müqavilə bağlanılmışdır. -xx.xx.2019-cu il tarixli maliyyə arayışının surətindən görünür ki, ünvan 2 ünvanında inşa olunan çoxmərtəbəli yaşayış binasının 1-ci giriş 10-cu mərtəbə ümumi sahəsi 160 kv.m olan 3 otaqdan ibarət 58 saylı mənzilin dəyəri olan 160.000 manat X5 tərəfindən tam ödənilmişdir, MTK-nə borcu yoxdur. -Cavabdeh MTK-nin xx.xx.2019-cu il tarixli kassa mədaxil orderinin qəbzinin surətindən görünür ki, X5 tərəfindən kassaya 160.000 manat məbləğində pul mədaxil edilmişdir. -Bakı şəhəri Nərimanov rayon İcra Şöbəsinin icra məmurları Zamiq Kazımov, Elizamin İsayev, hal şahidləri Elnurə Ağamirzəyeva, Murad Tağıyev və tələbkarın nümayəndəsi Cabir Süleymanlılının iştirakı ilə tərtib edilmiş xx.xx.2022-ci il tarixli aktın surətindən görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin MTT(005)-159/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar ünvan 2 ünvanında inşa olunan 6 bloklu çoxmərtəbəli yaşayış binasının 1-ci giriş 10-cu mərtəbə ümumi sahəsi 150 kv.m olan 4 otaqdan ibarət mənzilə baxış keçirilmişdir. Mənzildə giriş qapısının quraşdırıldığı müəyyən olunmuşdur. Özünü komendant kimi təqdim edən Rövşən Hacıyev tərəfindən qapının açılması təmin olunmuş, mənzilin təmirsiz olması müəyyən olunmuşdur. İcra sənədi üzrə mənzildə təmir işlərinin qadağan edilməsi R.Hacıyevə elan olunmuşdur. -Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 4(001)-891/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.4, 308.2 və 313-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Cavabdeh MTKnin təsisçisi və rəhbəri X4 barəsində həbs qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. -xx.xx.2019-cu il tarixli etibarnamənin surətindən görünür ki, Cavabdeh MTK-nin adından X6 harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar digər hərəkətləri etməyi X7 etibar etmişdir. Məhkəmə tərəfindən mübahisəli mənzilə yerli baxış keçirilən zaman müəyyən olunmuşdur ki, Bakı şəhəri, Nərimanov rayonu, İbrahimpaşa Dadaşov küçəsi, ev 57A 1-ci blok 10-cu mərtəbədə girişdən sol tərəfdə yerləşən mənzildə baxış keçirilərkən müəyyən olundu ki, həmin mənzilin girişində dəmir qapı qoyulub. Həmin mənzil dəhlizin lap başında yerləşir. Özünü üçüncü şəxsin oğlu kimi təqdim edən şəxs qapının açarlarını unutduğundan, həmin qapını dəmir vasitəsilə açdıqdan sonra içəri daxil olmaq mümkün oldu. Mənzilə daxil olduqdan sonra müəyyən olundu ki, mənzilin içərisində kərpicdən arakəsmə divarlar hörülüb, mənzil təmirsizdir. Həmin mənzildə ümumilikdə 4 pəncərə vardır, arakəsmələrdən görünür ki, mənzil 3 otaqlıdır. Üçüncü şəxs X1 nümayəndəsi və vəkili Vəkil2 qeyd etdi ki, mənzildə aparılan kiçik təmir işləri onun təmsil etdiyi şəxsə aiddir. Mənzilə dəmir qapı da onun tərəfindən qoyulmuşdur. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Əvvəla, tərəflərin arasında bağlanmış xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixli müqavilələrdə tərəflər özlərini “alıcı” və “satıcı” qismində tanımışdır. Müqavilə subyektlerinin mülki dövriyyədə hansı sifətdə iştirak etməsi onların iradəsindən asılıdır və təbii ki, müqavilə əsasında yaratmaq istədikləri məhz “alicı” və “satıcı” olaraq münasibətlərə girdiyi, buna uyğun hüquq və vəzifələr müəyyən edən alqı-satqı müqaviləsi bağlaması şübhəsizdir. İddiaçı, müstəqil tələb irəli sürməyən üçüncü şəxs və cavabdeh MTK arasında bağlanmış müqavilələrin 1-ci bəndində qeyd olunmuşdur ki, “alıcı”, Cavabdeh MTK-nin ünvan 2 ünvanında tikdiyi 6 bloklu çoxmərtəbəli yaşayış binasının 1-ci giriş 10-cu mərtəbə ümumi sahəsi 150/160 kv.m olan 3/4 otaqdan ibarət mənzili almaq üçün “satıcı”ya müraciət edir və tərəflər arasında bu müqavilə bağlanır. Göründüyü kimi, tərəflərin iradəsi aralarında alqı-satqı müqaviləsi bağlanmasına yönəlmişdir. Bu halda həmin müqavilənin alqı-satqı müqaviləsi deyil, podrat müqaviləsi kimi qiymətləndirilməsi barədə gəlinən nəticə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 404-cü maddəsində müəyyən olunmuş müqavilənin təfsiri qaydalarına əsaslanmalıdır. Belə ki, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır (Mülki Məcəllənin 404.1 və 404.2-ci maddələri). Əgər müqavilənin ayrı-ayrı ifadələri müxtəlif cür təfsir edilə bilərsə, müqaviləni bağlamış tərəflərin yaşayış yerində adətən qəbul olunmuş mənaya üstünlük verilir. Tərəflərin yaşayış yerləri müxtəlif olduqda, akseptantın yaşayış yeri həlledici sayılır. Müqavilədə bir-birini istisna edən və ya çoxmənalı ifadələr olduqda, müqavilənin məzmununa digərlərindən daha çox uyğun gələn mənaya üstünlük verilməlidir. Qarışıq müqavilələr təfsir edilərkən, icranın mahiyyətinə daha yaxın olan və ona uyğun gələn müqavilələr haqqında normalar tətbiq edilir (Mülki Məcəllənin 404.3-404.5-ci maddələri). Məhkəmə təcrübəsində analoji mübahisələr məhz Mülki Məcəllənin 452-ci maddəsinin müddəaları əsasında həll olunur. Həmin normaya görə fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. Kreditor öhdəliyin predmeti olan əmlakın ona verilməsini tələb etmək əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Belə olan halda, mənzilə mülkiyyət hüququnu əmlaka dair hüquq yaradan müqaviləni birinci bağlamış şəxs əldə edir. Eyni zamanda, əmlakın dəyərini ödəmiş şəxsin tələb hüququ əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Qeyd olunan hüquq normasında “mülkiyyət hüququ ilə verilmə" anlayışı əmlak üzərində sərəncam vermək hüququnu yaradan hüquqmüəyyənedici sənədə əsasən mülkiyyətə verilmə ilə bərabər, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmayan sahiblik və istifadəyə verilməni də əhatə edir. Həmin maddənin tələblərinə görə mənzil üçüncü şəxsin sahibliyinə və istifadəsinə verildiyindən iddiaçının həmin mənzili tələb hüququ aradan qalxmış olur. Yuxarıda qeyd edildiyi kimi, mübahisəli mənzilin üçüncü şəxsin sahibliyi və istifadəsində olması müəyyən edilmişdir. Belə ki, mübahisəli mənzilə dair müqavilə iddiaçıdan əvvəl A.Təhməzova ilə bağlanmış və mənzil ilkin olaraq sonuncunun istifadəsinə verilmişdir. A.Təhməzova tərəfindən mənzildə təmir işlərinə başlanılmışdır. Bu hal yerli baxış zamanı da təsdiq olunmuşdur. İddiaçı A.Təhməzovanın mənzilə sahiblənməsinin qanunsuz olması halını sübuta yetirə bilməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, hazırkı iddia Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 452-ci maddəsinə uyğun həll edilməli, İddiaçı Cavabdeh MTK-nə qarşı X5 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə “müqavilə üzrə öhdəliyin icrası” tələbinə dair iddiası təmin edilməməli, eyni zamanda, iddiaçıya vurulmuş ziyanın ödənilməsi tələbinə dair Cavabdeh MTK-nə qarşı iddia tələbi ilə məhkəməyə müraciət etmək hüquqi izah edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh MTK-nin təsisçisi və rəhbəri X4 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.4, 308.2 və 313-cü maddələri ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işinin istintaqı davam edir və həmin cinayət işi üzrə iddiaçı zərərçəkmiş şəxs qismində tanınmışdır. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia təmin edilmədiyindən, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh MTK-nə qarşı X5 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə “müqavilə üzrə öhdəliyin icrası” tələbinə dair iddiası təmin edilməsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar