Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-137/2024 05.04.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Təhminə Nizami qızının katibliyi, İddiaçı vəkili Vəkil Fariz oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh MTK-ya qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MTK-dan vurduğu maddi ziyana görə 10 000 manat, mənəvi ziyana görə isə 10 000 manat olmaqla, ümumilikdə 20 000 manat pul vəsaitinin İddiaçı xeyrinə tutulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı və onunla birgə olan digər 4 nəfər şəxs, xx.xx.2022-ci il tarixində qonaq getdikləri ünvan 1 ünvanında (Cavabdeh MTK) yerləşən binanın 1-ci girişində yerləşən liftdə yaranmış nasazlıq nəticəsində müxtəlif növ xəsarətlər almışdır. Sözügedən hadisə baş verməzdən əvvəl liftə 2 nəfər böyük və 3 nəfər uşaq olmaqla ümumilikdə 5 nəfər daxil olmuşlar. Lift binanın 10-cu mərtəbəsinə qalxdı, qapıları açıldı, lakin dərhal yenidən bağlandı, sonra lift sürətlə düşməyə başladı və hansısa mərtəbədə zərblə nəyəsə çırpıldı. Bu zaman İddiaçı ağır xəsarət aldı. Sonra isə lift yenidən hərəkət etməyə başladı və yalnız həmin binanın sakinlərinin köməkliyi sayəsində onu 13-cü mərtəbədə durdurmaq mümkün oldu. Sakinlər liftin qapılarını açdılar və onları ordan çıxartdılar. Hadisə zamanı uşaqlar da daxil hamısı çox qorxdu, dəhşətli anlar yaşadı və indiyə kimi də psixoloji sarsıntının təsiri altındadırlar. Bu hadisə nəticəsində ən ağır xəsarəti İddiaçı aldı, ayaqlarının hər ikisi sındı. Lifdən çıxarıldıqdan sonra İddiaçı dərhal “Medi Club" klinikasına apardılar, orada ayaqları əməliyyat olundu və onlara inplant qoyuldu. Ümumilikdə həmin klinikada 5 gün müddətində qalmalı oldu. Həm klinika xərcləri, həm də sonrakı müalicəmlə bağlı bütün digər xərclər İddiaçı tərəfindən ödənilib. Özü yeriyə bilmədiyi üçün məcburən ona baxıcı tutmalı oldular və ona da 500 manat məbləğində əməkhaqqı ödəyir. Bu xəsarət səbəbindən işlədiyi Azərbaycan Beynəlxalq Bankının Əməliyyat Departamentinin Ödəniş sənədləri və sərəncamlarla iş şöbəsinin baş mütəxəssisi vəzifəni icra etmək qabiliyyətini də uzun müddətlik itirdi. Baş vermiş hadisə səbəbindən İddiaçı və onunla birgə olan digər şəxslər ciddi mənəvi sarsıntı keçirsə də, şəxsən İddiaçı ağır xəsarət alsa da cavabdeh tərəfindən onlara laqeyd münasibət bəslənmiş və heç bir köməklik göstərilməmişdir. Zərərçəkən olaraq hadisə zamanı İddiaçı yetirilmiş xəsarət nəticəsində sağlamlığının pozulması ilə bağlı “Medi Club" klinikasına, sonrakı müalicəyə, əlavə qidalanmaya, dava-dərman alınmasına, başqasının qulluğuna, yerimək üçün xüsusi tibbi vasitələrin əldə edilməsinə ümumilikdə 10 000 manat miqdarında pul xərcləyib və səhhətinin vəziyyətindən asılı olaraq yuxarıda sadalananlarla əlaqədar reabilitasiya və əlavə əməliyyatlar üçün daha da çox əlavə xərcləri olacaq. İddiaçı bu xidmətlərə və xüsusi qulluğa ehtiyacı olduğu “Medi Club" klinikası tərəfindən verilmiş müvafiq sənədlərlə təsdiq edilir. Eyni zamanda, sözügedən hadisə zamanı İddiaçı və onunla olan digər 4 şəxs mənəvi iztirablar da çəkmişlər və bunun nəticəsində İddiaçı mənəvi zərər də dəyib. Daha sonra iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə araşdırması zamanı verilmiş ekspert rəyinə əsasən iddia tələbinin həcmini artırdığını bildirərək, Cavabdeh MTK -dan vurduğu maddi ziyana görə 32000 manat, mənəvi ziyana görə isə 10000 manat olmaqla, ümumilikdə 42000 manat pul vəsaitinin İddiaçı xeyrinə tutulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmənin hazırlıq iclasında iştirak etmiş İddiaçı iddia ərizəsinə uyğun izahat verərək məhkəmə hazırlıq iclasının baxışa təyin edilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə iclasında İddiaçı vəkili Vəkil Fariz oğlu mülki işə cavabdehin nümayəndəsi iştirak etmədiyindən qiyabi icraat qaydasında baxılmasını və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclaslarının yeri və vaxtı barədə cavabdehə məlumat verilməsinə baxmayaraq cavabdeh heç bir səbəb təqdim etmədən məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-cı maddəsinin tələblərinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının işə qiyabi icraat qaydasında baxılmasına dair ərizəsini və cavabdehin lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclaslarında iştirak etməməsini nəzərə alaraq məhkəmə işə qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: a)Mülki işin materialları “Medi Club” Klinika tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş epikrizdə “əsas şikayətin analizi” panelində “deməsinə görə 2 saat öncə lift qırılmış, xəstə liftin içində ayaqları burxulmuş və yıxılmışdır, kəskin ağrısı başlamış, 103 TTY çağırılmış, ağrıkəsici vurulmuşdur” ; halı ağır, vəziyyəti məcburi uzanan, nəticə olaraq isə “xx/xx/2022 il tarixində operativ müdaxilə:1 Sol aşıq oynağında pərcimləşmış sınığın açıq reduksiyası və hər iki topuğun osteosintezi, qamış sJmüyün distal ucun lövhə ilə fiksasiyası 2.Sağ aşıq oynağında qamış sümüyün distal ucun yerini dəyişmiş sınığın ekstramedullyar osteosintezi” qeyd olunmuşdur. “Medi Club” Klinika tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş epikrizdə “əsas şikayətin analizi” panelində “deməsinə görə xx.xx.2022 il tarixdə lift qırılmış, xəstə liftin içində ayaqları burxulmuş və yıxılmışdır, kəskin ağrısı başlamış, 103 TTY çağırılmış, ağrıkəsici vurulmuşdur xx.xx.2022 il t. MC klinikasında operativ müalicə-hər iki aşıq oynağının osteosintez əməliyyat aparılıb Postoperativ zaman kafi olub, birincili sağalma” ; halı ağır, vəziyyəti məcburi uzanan, nəticə olaraq isə “ümumi keyitmə ilə, hor iki aşıq oynaqlarından metallik şuruplar vo lövhələr xaric edilib və xəstə Ambulator müalicəyə yazılır kafi vəziyətdə” qeyd olunmuşdur. “Medi Club” Klinika tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş qəbzdən görünür ki, 1 ədəd “distal tibia anterolateral anatomic locking plate 7hole left” üçün 300 manat, 1 ədəd “distal fibula posterolateral anatomic locking plate 5hole left” üçün 300 manat, 1 ədəd “3.5mm locking cortical screws 60mm” üçün 100 manat, 1 ədəd “3.5mm locking cortical screws 65mm” üçün 100 manat, 1 ədəd “3.5mm locking non cortical screws 55mm” üçün 100 manat, 1 ədəd “3.5mm locking non cortical screws 60mm” üçün 100 manat, 1 ədəd “3.5mm locking non cortical screws 65mm” üçün 100 manat olmaqla, cəmi 1100 manat ödəniş edilməsi qeyd olunmuşdur. “Medi Club” Klinika tərəfindən verilmiş qəbzlərdən görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdə yara sarğısı (böyük) və evdə göstərilmiş yardım üçün əlavə ödəniş daxil olmaqla 14,62 manat; xx.xx.2022-ci il tarixli hesab fakturaya əsasən 8,36 manat; gigiyenik vasitə üçün xx.xx.2022-ci il, xx.xx.2022-ci il tarixlərdə 7 manat; xx.xx.2022-ci il tarixdə isə 31,90 manat; ilkin travmatoloq-ortopedin konsultasiyası üçün xx.xx.2023-cü il, xx.xx.2023-cü il tarixdə 5,87 manat ; xx.xx.2023-cü il tarixdə topuq oynağının rentgenoqrafiyası üçün 5,20 manat ; xx.xx.2023-cü il tarixdə cərrahi əməliyyat önü panel üçün 6,14 manat, EKQ və oxunması üçün 1.64 manat, döş qəfəsinin düz proyeksiyada rentgenoqrafiyası üçün 2,36 manat ödəniş etmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X1” X2 tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş KEŞ_563 nömrəli ekspert rəyinə əsasən İddiaçı mütəxəssis müayinəsi zamanı hal-hazırda onda “Sağ qamış sümüyünün distal ucunun bitişmiş sınığı. Sol qamış və incik sümüyünün distal ucunun bitişmiş sınığı. Hər iki aşıq-baldır oynağının travmadan sonra osteoartrozu. Hər iki daban sümüyünün şporu, osteoparozu, daimi ağrı sindromu”nun olduğu müəyyən edilmişdir. Bununla əlaqədar onun fizioterapiya müalicəsinə ehtiyacı vardır. "xxxx" MMC tərəfindən 10 yanvar 2024-cü il tarixdə verilmiş ekspert rəyinə əsasən Ekspert qarşısında qoyulmuş suala uyğun olaraq Azərbaycandakı xərclər nəzərə alınmaqla müəyyən edlmişdir ki, ağır sümük zədələnməsi fonunda travmadan qaynaqlanan osteoparoz nəticəsində oynaqların hərəkətliliyinin itirilməsi əməliyyat vasitəsi ilə (oynağın və distal ucların dəyişdirilməsi, implantla əvəz edilməsi) qismən bərpa edilə bilər. Əməliyyatın icrası Azərbaycanda hər iki ətraf üzrə (ayaq) tətbiq edilir. Müalicə və ya əməliyyat xərcləri ümumi olaraq : sol qamış sümüyünün distal ucunun distal sınığı və aşıq baldır oynağının osteartrozu əməliyyatı üçün 15000 manat, sağ qamış sümüyünün distal ucunun distal sınığı və aşıq baldır oynağının osteartrozu əməliyyatı üçün 15000 manat, medikametoz və fizioterapevtik müalicə üçün il ərzində 2000 manat təşkil edir. Əməliyyat qiymətləri digər xərclərə görə 3% nisbətində müsbətə doğru dəyişə bilər. b)Məhkəmə tərəfindən müəyyən edilən hallar: İddiaçı “xx.xx.2023-cü il tarixdə liftdə yaranmış nasazlıq nəticəsində ayaqlarının zədə alması” şikayəti ilə “Medi Club” Klinikaya qəbula yazılmış və hər iyi qıçında osteosintez əməliyyatı aparılmışdır. Bununla yanaşı müxtəlif müayinə və müalicələr də aparılmış, nəticədə İddiaçı sağlamlığına dəyən zərərin aradan qaldırılması üçün çəkdiyi xərclərə görə ona maddi zərər vurulmuşdur. İddiaçı hazırda bu maddi zərərin və çəkdiyi mənəvi iztirablara görə mənəvi zərərin əvəzinin ödənilməsini nasazlıq yaranış liftin yerləşdiyi binanın tikintisini aparan MTK-dan tələb edir. Cavabdeh MTK baxılan mülki iş barəsində qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq iclaslarda nümayəndəsinin iştirakını təmin etməmiş, iddiaya hər hansı münasibət bildirməmişdir. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Azərbaycan Respublikası Mülki Məcəlləsinin : 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsulliyyəti daşıyır; 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir; 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir; Məhkəmə qeyd edir ki, binanın tikintinin qanunvericiliyə uyğun aparılması, o cümlədən binaya quraşdırılmış liftin qanunvericiliyin tələblərinə cavab verməsinə görə tikinti və quraşdırmanı həyata keçirən MTK cavabdehlik daşıyır. Hazırki halda iddiaçının sağlamlığına zərər vurulması və nəticədə ona maddi zərərin dəyməsi iş materialları ilə sübuta yetirilir. Lakin bu zərərin harada və hansı şəraitdə baş verməsi, həmçinin cavabdeh MTK-nin bu zərərə görə məsuliyyət daşımasını təsdiq edən sübutlar iddaçı tərəfindən məhkəməyə təqdim olunmamışdır. Bununla yanaşı məhkəmənin apardığı araşdırmalar, o cümlədən mənzil satışı ilə bağlı internet səhifələrində olan paylaşımlardan iddiaçının sağlamlığına zərərin vurulduğu liftin yerləşdiyi binanın - ünvan 1 ünvanın Cavabdeh MTK tərəfindən inşa edildiyi görünür. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 30 noyabr 2021-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Yaşayış binaları. Layihələndirmə normaları”nın əsasən yaşayış binasında liftlər Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 62-ci maddəsinin tələblərinə uyğun layihələndirilməlidir. Mərtəbələrdə mənzillərin ümumi sahəsindən asılı olaraq müxtəlif mərtəbəli yaşayış binalarının liftlə təchizatı üçün lazım olan sərnişin liftlərinin minimal sayı və hərəkət sürətinə dair minimal tələblər əlavə 1-də verilir. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 62-ci maddəsinə pilləkənlər, pilləkən qəfəsləri, alaqapı çıxış və girişləri, dəhlizlər, açıq keçidlər, rampalar və liftlər hərəkət üçün rahat və təhlükəsiz olmalıdır və onlardan əlilliyi olan şəxslərin istifadəsi üçün ağlabatan uyğunlaşma təmin edilməlidir. Həmin elementlər ehtimal edilən hərəkət sıxlığı üçün yetərli miqdarda quraşdırılmalı və təxliyə tədbirlərinin həyata keçirilməsi üçün əlverişli olmalıdır. Məhkəmə qeyd edir ki, iş materialları ilə iddiaçının sağlamlığına zərər vurulması, iddiaçının bu zərərin aradan qaldırılması üçün müayinə və müalicə xərclərinə görə maddi zərərin dəyməsi iş materialları ilə sübuta yetirilir. Eyni zamanda iş materiallarında olan müayinə və müalicə sənədlərindən iddiaçının fiziki iztirab keçirməsi və ona ağrıkəsici dərmanlar verilməsi aydın görünür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarında ifadə olunmuş mövqeyinə görə “mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Həmçinin, mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarından da göründüyü kimi, mənəvi zərər şəxsin pozulmuş hüququnun müstəqil nəticəsidir. «Pozulmuş hüquq» dedikdə məhkəməAzərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsində vurğulandığı kimi, «qanunla qorunan hüquq»ların pozulmasını nəzərdə tutur. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008ci il tarixli, 7 saylı qərarında da oxşar mövqe tutulmuşdur. Ali Məhkəmənin Plenumu hesab etmişdir ki, “zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur.” Məhkəmə hesab edir ki, iddiaçının aldığı xəsarət nəticəsində ağır fiziki iztirab keçirməsi iş materialları ilə öz təsdiqini tapdığından iddia tələbi mənəvi zərərin ödənilməsi hissəsində də təmin edilməlidir. Məhkəmə qeyd edir ki, qanunvericiliklə nəzərdə tutulmuş qaydada məlumatlandırılmış cavabdeh iddiaya hər hansı münasibət bildirmədiyindən, mülki iş üzrə çəkişmə prinsipinin təmin edilməsi və işin tam və hərtərəfli araşdırılması mümkün olmamışdır. Belə ki, Mülki Prosessual Məcəllədə çəkişmə prinsipi və Məcəllədə birbaşa göstərilməyən, lakin nəzərdə tutulan dispozitivlik prinsipi xüsusi yer tutur. Dispozitivlik prinsipi işdə iştirak edən şəxslərin prosesin əmələ gəlməsi, gedişatı və sona yetməsi ilə əlaqədar öz hüquqları barəsində sərbəst sərəncam verməsində ifadə olunur. Çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir. Məhkəmə onu da qeyd edir ki, cavabdehin mülki işdə nümayəndəsi vasitəsi ilə təmsil olunmaması səbəbindən mülki işin tam və hərtərəfli araşdırılması mümkün olmasa da, cavabdehin nümayəndəsinin iştirak etməməsi işə mahiyyəti üzrə baxılmasına və yekun aktın qəbul edilməsinə maneə olmamalıdır. Belə ki, iddiaçı məhz pozulmuş hüquqlarının müdafiəsinin təmin edilməsi üçün məhkəməyə müraciət etmişdir. Bu zaman lazımi qaydada xəbərdar edilmiş cavabdehin iddiaya hər hansı münasibətini bildirməməsi, məhkəmə iclaslarında nümayəndəsi vasitəsi ilə təmsil olunmaması iddiaçının pozulmuş hüquqlarının müdafiəsindən imtinaya əsas vermir, əks hal hüquqdan sui-istifadəyə şərait yaradır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin : 184.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iddia ərizəsinə etirazı və ya sübutları təqdim etməməsi işdə olan mövcud materiallar əsasında işə baxılmasına mane olmur. 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. 238.1-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Yuxarıda qeyd olunan normalardan aydın olduğu kimi, cavabdehin iddiaya münasibət bildirməməsi və iclaslarda nümayəndəsinin iştirakını təmin etməməsi, işə mahiyyəti üzrə baxılmasından imtina əsas vermir və bu zaman qanunvericilik məhkəməyə işə qiyabi icraat qaydasında baxılması səlahiyyəti verir. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh MTK -dan vurduğu maddi ziyana görə 32000 manat, mənəvi ziyana görə isə 10000 manat olmaqla, ümumilikdə 42000 manat pul vəsaiti İddiaçı xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı ödənilmiş dövlət rüsumunu tələb etmədiyindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh MTK -dan vurduğu maddi ziyana görə 32000 manat, mənəvi ziyana görə 10000 manat olmaqla, ümumilikdə 42000 manat pul vəsaiti İddiaçı xeyrinə tutulsun. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Cavabdeh qiyabi qətnaməni aldıqdan sonra 10 (on) gün müddətində qiyabi qətnamənin ləğv edilməsi üçün Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə ərizə verə bilər. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aytən Novruzova
Məhkəmə qərarları › İş №2(005)-137/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(005)-137/2024
05.04.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver