Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1475/2021 12.03.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əliyeva Nurlana Sahib qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 MTK-ya qarşı (Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “pulun geri qaytarılması, kooperativ mənzil-tikinti haqqında müqavilənin qismən etibarsız hesab edilməsi və reyestrdən çıxarışın ləğv edilməsi” tələbinə dair iddiasına dair mülki işə məhkəmənin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 MTK-ya qarşı (Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “pulun geri qaytarılması, kooperativ mənzil-tikinti haqqında müqavilənin qismən etibarsız hesab edilməsi və reyestrdən çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 29750 manat pul vəsaitinin tutularaq ona ödənilməsi, Bakı şəhəri, Xətai prospekti, 40a saylı yaşayış binasının 2-ci giriş, 13-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 119 kv.m olan (yaşayış sahəsi 63.7 kv.m) 2 otaqlı 95 saylı mənzilə dair ‘‘Cavabdeh3” MTK ilə Cavabdeh2 arasında xx xxx 2018-ci ildə bağlanılmış “kooperativ mənzil tikinti haqqında” 278 saylı müqavilə qismən, yəni mənzilin Cavabdeh2 tərəfindən alınması hissəsində etibarsız hesab edilməsi, həmin müqavilə əsasında 95 saylı mənzilin daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh2 adına ********** nömrəsi ilə aparılmış qeydiyyatın etibarsız hesab edilməsi və dövlət reyestrindən çıxarışın ləğv edilməsi, iddiaçının Bakı şəhəri, Xətai prospekti, 40a saylı yaşayış binasının 2-ci giriş, 13-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 119 kv.m olan (yaşayış sahəsi 63,7 kv.m) 2 otaqlı 95 saylı mənzil üzərində mülkiyyət hüququnun tanınması barədə ədalətli qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı ilə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 arasında uzun müddət dostluq və işgüzar münasibətlər mövcud olmuş, hər zaman aralarında pul və ticarət ilə bağlı problem olmamışdır. Belə ki, iddiaçı əvvəlcə Cavabdeh1 tanımış, sonuncu isə iddiaçını Niyaməddin ilə tanış etmiş, bundan sonrakı müddətdə hər ikisi ilə dostluq münasibətləri davam etmiş, bir-birinin xeyir işlərində yaxından iştirak edib, hər zaman bir-birinə maddi və mənəvi dəstək olmuşlar. Cavabdeh1 ilə söhbət zamanı sonuncu Niyaməddinin ucuz qiymətə yeni tikilmiş binalarda mənzil satan dost-danışının olduğunu, onun vasitəsilə özünə ucuz qiymətə mənzil aldığını, lazım gələrsə ona da ucuz qiymətə mənzil tapmağa kömək etmək imkanı olduğunu bildirdi. İddiaçı həmin vaxt oğlunun institutu oxuduğunu və gələcəkdə ailə qurması üçün mənzil sahəsi almağa ehtiyacı olduğunu nəzərə alıb, ucuq qiymətə olduğu təqdirdə mənzil almağının mümkün olduğunu dedi. Aralarında bununla bağlı təxminən 2 ay söhbət getdi. 2018-ci ilin əvvəllərində Niyaməddin iddiaçıya Bakı şəhəri Xətai prospektində “Cavabdeh3" MTK tərəfindən tikilmiş hündür mərtəbəli binada ucuz qiymətə yeni mənzil olmasını və “Cavabdeh3" MTK–da yaxın dostunun işlədiyini bildirdi, bir müddət sonra vaxtını təyin edib hər üçü deyilən ünvanda yerləşən mənzilə baxdılar. Həmin vaxt mənzilin yerləşmə yeri xoşuna gəldiyi üçün, binanın 2-ci giriş 13-cü mərtəbəsində satışa çıxarılmış, ümumi sahəsi 119 kv.m olan 2 otaqlı 95 saylı mənzili almaq qərarına gəldi. Həmin vaxt şirkət əməkdaşı həmin mənzilin hər 1 kv.m dəyərinin 2000 manat olduğunu bildirdi, Niyaməddin isə mənzili öz adına alacağı təqdirdə, hər kv.m görə 1500 manatdan almasının mümkün olduğunu, sonradan isə cüzi ödəniş etməklə onun adına sənədləşdirəcəyini bildirmişdir. İddiaçı onun sözlərinə inandı, ailə üzvlərinə də məsləhətləşdikdən sonra, 2018- ci ilin may ayının əvvəllərində mənzilin alınması üçün 175000 (bir yüz yetmiş beş min) manat məbləğində pulu Cavabdeh1 ilə Cavabdeh2 verdi, Niyaməddin isə həmin pulu sayıb ona narahat olmamağı bildirdi. İddiaçı pulun məbləğinin çox olduğu üçün ona qəbz verilməsini tələb etdi, sonuncu isə heç bir etiraz etmədən öz dəst xətti ilə qəbz yazaraq, 95 saylı mənzili 1 il müddətində sənədləşdirib onun adına keçirəcəyini qeyd etdi. Onların danışıqların üstündən 1 ildən artıq keçməsinə baxmayaraq, cavabdehlərin 95 saylı mənzili iddiaçının adına sənədləşdirmədiklərindən narahat olduğum, həmçinin ailə üzvlərinin də narahatlıqlarını nəzərə alıb yenidən həmin şəxslərlə görüşdü. Bu zaman Niyaməddin ona əlavə olaraq pul lazım olduğunu, mənzilin alınması üçün hər kv.m-nə görə 1750 manat öz cibindən ödəniş etdiyi üçün, iddiaçıdan əlavə olaraq 29750 manat verməyini istədi. İddiaçı məcbur qalıb həmin məbləği düzəldib 2020-ci il 10 noyabr tarixində hər iki şəxsə verdi, bu zaman pulun verilməsi barədə qəbz istəsə də, həmin vaxt üzərilkərində qələm və kağız olmadığı üçüm hər ikisi tələsdiklərini bildirib iddiaçının vanından ayrıldılar. Bu söhbətlərinin üstündən təxminən 10 gün keçəndən sonra cavabdehlərdən bir xəbər çıxmadığını görüb, iddiaçı mənzilin yerləşdiyi MTK-ya gəldi. Araşdırma zamanı məlum oldu ki, adıma alınmış 95 saylı mənzlin müqaviləsi onun əvəzinə xx xxx 2018-ci ildə Cavabdeh2 ilə bağlanılmış, sonuncu isə həmin mənzili öz adına daşınmaz əmlakın dövlət reyestrində ********** nömrəsi ilə qeydiyyata aldırıb adına çıxarış almışdır. Halbuki, mənzil iddiaçının maddi vəsaiti hesabına alınıb, tərəfindən təmir olunub və faktiki də onun istifadəsində olmasına baxmayaraq, cavabdeh müqaviləni və çıxarışı adına yazdırıb, mənzili iddiaçının adına sənədləşdirməməklə onun mənzil üzərində mülkiyyət hüquqlarımı pozmuşdur. İddiaçı mənzilin müqaviləsində hər kv.m görə 1500 manat yazıldığını bildirib əlavə ödədiyi 29750 manat pulunu da geri qaytarmalarını tələb etsə də, sonuncular həmin pulu qaytarmaqdan və mənzili onun adına sənədləşdirməkdən imtina edib, onun telefonlarına cavab vermədilər, hazırda da onların harada olmalarından məlumatı yoxdur. Bu barədə aidiyyəti üzrə hüquq-mühafizə orqanlarına müraciət etsə də, iddiaçıya mübahisənin mülki məsələ olduğu üçün məhkəməyə müraciət etməyini tövsiyə etdilər. Göründüyü kimi, müqavilə üzrə ödənişlər iddiaçı tərəfindən edildiyi, mübahisəli mənzil faktiki ona verildiyi, mənzil onun tərəfindən təmir edildiyi, ən sonda iddiaçının faktiki sahibliyində və istifadəsində olduğu halda, mənizlin sənədlərini Cavabdeh2 öz adına keçirmiş, bununla da saxtakarlıq edərək, mülkiyyət hüquqlarının pozulmasına səbəb olmuşdur. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsi ilə eyni məzmunlu izahat verib, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehlər və üçüncü şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyərək, onların izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan xx.xx.2018-ci il tarixli, 278 saylı “Kooperativ Mənzil Tikinti Haqqında Müqavilə”yə əsasən, Cavabdeh3 MTK, sonralar “Kooperativi” adlanacaq, Kooperativin Nizamnaməsinə əsasən hərəkət edən, onun sədri X1 şəxsində bir tərəfdən də “Payçı” adlanacaq Cavabdeh2 razılaşaraq bu müqaviləni bağlamışlar. Müqavilənin 2.2-ci bəndinə əsasən “Koopertaiv” müqavilədə göstərilən yaşayış binasını inşa etməyi öz öhdəsinə götürür, “Payçı” mənzili qəbul etməyi və mənzilin müəyyən edilmiş dəyərinin ödəməyi öhdəsinə götürür. İş materiallarında olan xx.xx.2018-ci il tarixli maliyyə arayışından görünür ki, Bakı şəhəri Xətai prospekti 40a ünvanında yerləşən kooperativ yaşayış binası Cavabdeh3 MTK-ya məxsusdur. Bu bunanın İİ (iki) giriş, Xİİİ (on üç) mərtəbə, ümumi sahəsi 119 kv.m, yaşayış sahəsi 63.7 kv.m olan 2 otaqlı, 95 saylı mənzilin pay dəyəri payçı Cavabdeh2 tərəfindən tam ödənilmişdir. MTK_ya borcu yoxdur. Məhkəmə araşdırması zamanı müəyyən edilir ki, xx.xx.2018-ci il tarixli, 278 saylı “Kooperativ Mənzil Tikinti Haqqında Müqavilə”yə əsasən, Cavabdeh3 MTK, sonralar “Kooperativi” adlanacaq, Kooperativin Nizamnaməsinə əsasən hərəkət edən, onun sədri X1 şəxsində bir tərəfdən də “Payçı” adlanacaq Cavabdeh2 razılaşaraq bu müqaviləni bağlamışlar. Müqavilənin 2.2-ci bəndinə əsasən “Koopertaiv” müqavilədə göstərilən yaşayış binasını inşa etməyi öz öhdəsinə, “Payçı” mənzili qəbul etməyi və mənzilin müəyyən edilmiş dəyərinin ödəməyi öhdəsinə götürmüşdür. Həmçinin Bakı şəhəri Xətai prospekti 40a ünvanında yerləşən kooperativ yaşayış binası Cavabdeh3 MTK-ya məxsusdur. Bu bunanın İİ (iki) giriş, Xİİİ (on üç) mərtəbə, ümumi sahəsi 119 kv.m, yaşayış sahəsi 63.7 kv.m olan 2 otaqlı, 95 saylı mənzilin pay dəyəri payçı Cavabdeh2 tərəfindən tam ödənilmişdir. Hazırda iddiaçı iddia edir ki, mənzil iddiaçının maddi vəsaiti hesabına alınıb, tərəfindən təmir olunub və faktiki də onun istifadəsində olmasına baxmayaraq, cavabdeh müqaviləni və çıxarışı adına yazdırıb, mənzili iddiaçının adına sənədləşdirməməklə onun mənzil üzərində mülkiyyət hüquqlarını pozmuşdur. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur; "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun: 8.0-cı və 8.0.4-cü maddələrinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarları daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir; 139-1.1-ci, 139-1.1.3-cü və 139-1.1.4-cü maddələrinə əsasən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ərarvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı, habelə qanuni qüvvəyə minmiş məhkəmə qərarları daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur; Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən də, “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.” Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 339.2. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “B.Qasımovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxx 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2019-cu il tarixli qərarında qeyd olunur ki, ... Nəzərə alınmalıdır ki, hər hansı əqdin, o cümlədən alğı-satqı müqaviləsinin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Beləliklə, Mülki Məcəllənin 337 və 339-cu maddələrinə uyğun olaraq, aldatma bilərəkdən öz hərəkətləri ilə başqa şəxslərdə səhv fikir formalaşdırmaq və ya onların səhv fikirlərinin davam etməsinə səbəb olmaqla onların bu fikrə görə iradə ifadə etməyə sövq edilməsi və bunun nəticəsində əqdin bağlanılması hallarını ifadə edir. Aldatma səbəbi ilə əqdin etibarsız hesab edilməsi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: Aldadan tərəf müqavilənin bağlanılması və xüsusi ilə də müqavilənin bağlanılmasına dair aparılan müzakirələr zamanı müəyyən məsələlər barəsində yalan məlumat verir və ya vicdanlılıq vəzifəsinə görə məlumat verməli olduğu məsələlər barəsində qəsdən məlumat vermir; Aldadıcı hərəkət əqdin digər tərəfinin həqiqəti bildiyi təqdirdə bağlamayacağı və ya müəyyən şərtlərlə bağlamayacağı bir müqavilənin bağlanmasına və ya əlverişsiz şərtlərlə bağlanmasına yönəlməlidir. Yəni, müəyyən bir müqavilənin bağlanılmasını təmin etmək üçün yalan məlumat verməklə əqdin digər tərəfində qəsdən həqiqətə uyğun olmayan bir qənaət formlaşdırılmış olmalıdır; Bundan başqa qeyd olunur ki, məhkəmələrdə hər hansı müqavilənin aldadılma nəticəsində bağlanması məsələsinə baxılarkən tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri müəyyən edilməlidir. Belə ki, Mülki Məcəllənin 324.5-ci maddəsinə əsasən, iradə ifadəsinin təfsiri zamanı onun hüquqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Həmçinin, Məcəllənin 404-cü maddəsi müqavilə şərtlərinin təfsiri zamanı məhkəmənin təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsinin nəzərə alınmalı olduğunu müəyyən etmişdir. Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair xx xxxx 2019-cu il Qərarına əsasən... Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Konstitusiya Məhkəməsi Plenumunun həmin qərarda formalaşdırdığı hüquqi mövqeyə görə... çəkişmə prinsipinin əsasını həmçinin tərəflərin prosessual hüquq bərabərliyi prinsipi təşkil edir. Bu prinsipə görə, tərəflər öz hüquq və mənafelərini müdafiə etmək üçün hüquqi cəhətdən tam bərabər imkana malik olmalıdırlar. Bu imkanlar qanunla və məhkəmə tərəfindən təmin edilir. Mülki prosessual qanunvericilik tərəflərə eyni hüquqlar verir. Buna görə də prosesdə tərəflərdən heç biri prosessual hüquqların həcminə görə digəri qarşısında üstünlüyə malik deyildir. Tərəflərin prosessual bərabərliyi prosesin çəkişmə prinsipi əsasında həyata keçirilməsinə şərait yaradır...Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir....Yuxarıda qeyd edildiyi kimi, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır... Sübutların qiymətləndirilməsi faktların müəyyənləşdirilməsi imkanına dair məntiqi fəaliyyətdir və işdə olan sübutlar əsasında işin həll olunması deməkdir... Bununla bağlı olaraq Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi vacib bilir ki, Konstitusiyada təsbit olunmuş tərəflərin çəkişməsi prinsipi və əsl (obyektiv) həqiqət bir araya sığmayan məfhumlardır. Məhkəmə yuxarıda sadalanan qanunvericilik müddəalarına əsasən hesab edir ki, Cavabdeh2 ilə Cavabdeh3 MTK arasında Bakı şəhəri, Xətai prospekti, 40a saylı yaşayış binasının 2-ci giriş, 13-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 119 kv.m olan (yaşayış sahəsi 63.7 kv.m) 2 otaqlı 95 saylı mənzilə dair ‘‘Cavabdeh3” MTK ilə Cavabdeh2 arasında xx xxx 2018-ci ildə bağlanılmış “kooperativ mənzil tikinti haqqında” 278 saylı müqavilə qismən, yəni mənzilin Cavabdeh2 tərəfindən alınması hissəsində qismən etibarsız hesab edilməlidir. Belə olan təqdirdə iddiaçının maddi vəsaiti hesabına alınmış, tərəfindən təmir olunmuş və faktiki istifadəsində olan Bakı şəhəri, Xətai prospekti, 40a saylı yaşayış binasının 2-ci giriş, 13-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 119 kv.m olan (yaşayış sahəsi 63.7 kv.m) 2 otaqlı 95 saylı mənzil üzərində Cavabdeh2 mülkiyyət hüququ ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılması üçün əsas məhz Cavabdeh3 MTK arasında bağlanılmış xx xxx 2018-ci tarixli “kooperativ mənzil tikinti haqqında” 278 saylı müqavilə olmuşdur. Həmin müqavilə də məhkəmə tərəfindən etibarsız hesab edilmişdir. Bu səbəbdən də həmin müqavilə əsasında 95 saylı mənzilin daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh2 adına ********** nömrəsi ilə aparılmış qeydiyyat etibarsız hesab edilməli və dövlət reyestrindən çıxarış ləğv edilməlidir. Bununla yanaşı məhkəmə, iddiaçının mübahisəli mənzil üzərində mülkiyyət hüququnun tanınması tələbinə münasibətdə isə bildirir ki, həmin hissədə iddia tələbi qanunauyğun olmadığından, yəni həmin məsələ müvafiq dövlət orqanının səlahiyyətinə aid olduğundan təmin edilə bilməz. Bundan başqa məhkəmə iddiaçının “cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 29750 manat pul vəsaitinin tutulması” tələbinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.Həmin Məcəllənin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir.Adı çəkilən Məcəllənin 80cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki,iddiaçı tərəfindən cavabdehlərə 29750 manat həcmində pul vəsaitinin verilməsi ilə bağlı mütəbər sübutlar təqdim edilməmiş, eyni zamanda məhkəmə araşdırması zamanı da sübuta yetirilməmişdir. Bu səbəbdən də məhkəmə həmin hissədə iddia tələbini əsassız hesab etməklə, təmin edilməməsi qənaətinə gəlir. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Məhkəmə sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Cavabdeh2 ilə Cavabdeh3 MTK arasında Bakı şəhəri, Xətai prospekti, 40a saylı yaşayış binasının 2-ci giriş, 13-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 119 kv.m olan (yaşayış sahəsi 63.7 kv.m) 2 otaqlı 95 saylı mənzilə dair ‘‘Cavabdeh3” MTK ilə Cavabdeh2 arasında xx xxx 2018-ci ildə bağlanılmış “Kooperativ mənzil tikinti haqqında” 278 saylı müqavilə qismən, yəni mənzilin Cavabdeh2 tərəfindən alınması hissəsində etibarsız hesab edilməli, “Kooperativ mənzil tikinti haqqında” 278 saylı, xx xxx 2018-ci tarixli müqavilə əsasında 95 saylı mənzilin daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh2 adına ********** nömrəsi ilə aparılmış qeydiyyat etibarsız hesab edilməli və dövlət reyestrindən çıxarış ləğv edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh2 ilə Cavabdeh3 MTK arasında Bakı şəhəri, Xətai prospekti, 40a saylı yaşayış binasının 2-ci giriş, 13-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 119 kv.m olan (yaşayış sahəsi 63.7 kv.m) 2 otaqlı 95 saylı mənzilə dair ‘‘Cavabdeh3” MTK ilə Cavabdeh2 arasında xx xxx 2018-ci ildə bağlanılmış “Kooperativ mənzil tikinti haqqında” 278 saylı müqavilə qismən, yəni mənzilin Cavabdeh2 tərəfindən alınması hissəsində etibarsız hesab edilsin. “Kooperativ mənzil tikinti haqqında” 278 saylı, xx xxx 2018-ci tarixli müqavilə əsasında 95 saylı mənzilin daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh2 adına ********** nömrəsi ilə aparılmış qeydiyyat etibarsız hesab edilsin və dövlət reyestrindən çıxarış ləğv edilsin. İddia tələbləri qalan hissədə təmin edilməsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-1475/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1475/2021
12.03.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi -
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver