Məhkəmə qərarları › İş №2(005)-1502/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1502/2021

02.06.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1502/2021 02.06.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X3, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdehnə, X15, X30 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs “xxxx” MMC-nə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən İddiaçı xeyrinə vurulmuş maddi ziyana görə 31.973 manat, mənəvi zərərə görə 50.000 manat olmaqla, cəmi 81.973 manat pulun və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 2018-ci ilin yanvar ayının əvvəllərində həmkəndliləri Nurəddin Qurbanov (Tel.:***-***-**-**) və Ceyhun Zeynalovla birlikdə Beyləqan rayonundan Bakı şəhərinə gələrək, sonuncunun qohumu, X13 həkimi Niyaməddin həkimə (Tel.: ***-***-**-**) müraciət etmişdir. Niyaməddin həkimə xəstəliyi ilə bağlı ətraflı məlumat vermiş, bundan sonra Niyaməddin həkim onu doppler müayinəsindən keçmək üçün "Grand Hospital”a göndərmişdir. İddiaçı 23.01.2018-ci il tarixdə “Grand Hospital”da müayinəyə görə 80 manat ödəyərək, doppler müayinəsindən keçdikdən və nəticələrini Niyaməddin həkimə göstərdikdən sonra həkim ondan 100 manat almış və daha sonra ona bildirmişdir ki, bu xəstəliyin Azərbaycanda ən güclü müalicə həkimi, Cavabdeh MMC-nin tərkibində fəaliyyət göstərmiş “xxxx” hospitalın uroloq-androloqu professor X8r (Tel.: ***-***-**-**) və yalnız o, bu xəstəliyi müalicə edə bilər. Bundan sonra Niyaməddin həkim onu rayona göndərib daha sonra çağıracağını bildirmişdir. Ertəsi gün Niyaməddin həkim ona zəng edib bildirmişdir ki, həkim - professor Qardaşxan Mamedovla danışıb, Q.Mamedov, 11.000 (on bir min) manata əməliyyatla onu tam sağalda bilər. O, bu məbləğin həddən artıq çox olduğunu bildirdikdə, Niyaməddin həkim ona həmin əməliyyatın 16-17 min qiyməti olduğunu, professor Qardaşxan Mamedovdan xahiş etdiyinə görə ona bu əməliyyatı 11.000 (on bir min) manata edə biləcəyini bildirmişdir. Bundan sonra o, məcbur olub Niyaməddin həkimin şərti ilə razılaşmışdır. Həmin məbləği düzəltmək üçün iddiaçı məcbur olub, 26.01.2018-ci il tarixdə "xxxx" ASC-nin Beyləqan rayon filialından 41 ay müddətinə 27,84 faizlə 3.350 manat (faizlə birlikdə 5.279 manat) öz adına, həyat yoldaşı X12 adına isə 48 ay müddətinə 27,84 faizlə 3.500 manat (faizlə birlikdə 5.870 manat), həmçinin 300 manatlıq 1 kartla kreditə pul götürmüşdür. Bundan başqa, qohumu Laçın rayonundan olan məcburi köçkün, Qarabağ müharibəsi iştirakçısı Gündüz Əhmədovdan (Tel.: 050-435*50-53) isə 3.000 (üç min) manat borc götürmüşdür. Pul düzəlmədiyinə görə, məcbur olub yeganə inəyini 1.200 (bir min iki yüz) manata satmışdır. Evdə olan pulu da götürüb, 11.000 (on bir min) manatı düzəldib, bu barədə Niyaməddin həkimə məlumat vermişdir. Niyaməddin həkim ona bildirmişdir ki, pulun 6.000 manatını götür, gəl Bakıya, Qardaşxan həkim ona baxsın, sonra qalan pulu da gətirər. İddiaçı 6.000 manatını götürüb, təqribən yanvar ayının son günlərində həmkəndliləri Ceyhun Zeynalov və Nurəddin Qurbanov ilə birlikdə Bakıya gəlmiş və həmin 6.000 manatı onların və Niyaməddin həkimin yanında Qardaşxan həkimə vermişdir. Bundan sonra Qardaşxan həkim ona bildirmişdir ki, 08.02.2018-ci il tarixdə pulun qalan 5.000 manatını da götürüb gəlsin Bakıya, analizləri versin, 09.02.2018-ci il tarixdə əməliyyat olunacaq. O da Qardaşxan həkimin dediyi kimi etmişdir. 08.02.2018-ci il tarixdə Bakıya gəlib, pulun qalan 5.000 manatını, yenə də həmkəndlilərinin yanında Qardaşxan həkimə vermiş, qalan 300 manatı isə özündə saxlamışdır. Beləliklə, 08.02.2018-ci il tarixdə Cavabdeh MMC-nin tərkibində fəaliyyət göstərmiş “xxxx” hospitalda analizləri vermiş, 09.02.2018-ci il tarixdə isə birinci dəfə əməliyyat olunmuşdur. Həmin vaxt Niyaməddin həkim də orada olmuşdur. Cərrahi əməliyyat Qardaşxan həkim və sonuncunun dediyinə görə Türkiyədən gələn həkim Bülənt Alıcı tərəfindən birgə həyata keçirilmişdir. Belə ki, cərrahi əməliyyat zamanı o, narkozda olmuş, cərrahi əməliyyatın ertəsi günü, yəni 10.02.2018-ci il tarixdə Qardaşxan həkim ona bildirmişdir ki, əməliyyat qurtarıb, onu “xxxx Hospitalında saxlaya bilməzlər, buranı tərk edib kəndə, öz evinə getməlidir, 10 gün ərzində sarğı dəyişdirilməlidir, bunu da evdə həyat yoldaşı edə bilər. İddiaçı Qardaşxan həkimə bildirmişdir ki, “axı o dünən əməliyyat olunub, kəskin ağrıları var, heç olmasa bir neçə gün xəstəxana şəraitində qalmasına imkan versinlər, bir az düzəlib, sonra gedər”. Qardaşxan həkim isə ona bildirmişdi ki, mütləq xəstəxananı tərk etməlidir. Məcbur olub “xxxx Hospital”ı tərk edib kəndə getmək istəsələr də, bu dəfə onu və həmkəndliləri Ceyhun Zeynalov və Nurəddin Qurbanovu “X17 adlı işçisi xəstəxananı tərk etməyə qoymamışdır. Belə ki, Günay adlı işçi onlara bildirmişdir ki, ya pulun qalan 300 manatını verməlidir, ya da onları buraxa bilməzlər. Məcbur olub “X17 adlı işçisinə pulun qalan 300 manatını da vermişlər. Bundan sonra o, Qardaşxan həkimdən əməliyyat olunmasına görə “xxxx Hospital”a ödənilməsi üçün ona verdiyi 11.000 (on bir min) manat vəsaitin kassa-mədaxil qəbzinin və müayinə-müalicə sənədlərinin nüsxəsinin ona verilməsini tələb etmişdir. Qardaşxan həkim isə bildirmişdir ki, bir müddət sonra gələr, əməliyyatın nəticələrinə baxarkən kassa-mədaxil qəbzini və sənədləri verəcəklər. Bundan sonra o, həmkəndliləri Ceyhun Zeynalov və Nurəddin Qurbanovla birlikdə rayona getmişdir. Evə gedəndən sonra ağrıları kəskinləşmişdir. Belə məlum olmuşdur ki, əməliyyat zamanı stend düzgün qoyulmayıb. O, hər gün ağrılarının kəskinləşməsi ilə bağlı həmin həkimlərlə telefon əlaqəsi saxlayır, onlar isə iddiaçıya bildirmişlər ki, 1 ay ərzində hər şey tam düzələcək, 1 aydan sonra Bakıya gələr. İddiaçı onların dediyi kimi etmiş və 09.03.2018-ci il tarixdə Bakıya gəlmişdir. Onu müayinə edib və 15 günə hər şeyin düzələcəyini bildirmişlər ki, “bayramdan sonra yenidən Bakıya gəlsin. Həmin vaxt o, yenə Qardaşxan həkimdən ona verdiyi 11.000 (on bir min) manat vəsaitin kassa-mədaxil qəbzinin və müayinə-müalicə sənədlərinin nüsxəsinin verilməsini tələb etmiş, o, isə bildirmişdir ki, bayramdan sonra gələndə verər. O, bayramdan sonra, yəni 27.03.2018-ci il tarixdə yenidən Bakıya gəlmiş və səhhətinin düzəlmək əvəzinə, əksinə, daha da ağırlaşdığını bildirmişdir. Qardaşxan həkim yenə ona müayinə etmiş və həmin vaxt Türkiyədə olan həkim Bülənt Alıcı ilə, həmçinin Niyaməddin həkimlə telefon əlaqəsi saxlamışdır. Qardaşxan həkim həmin həkimlərlə telefon əlaqəsi saxladıqdan sonra, həmin vaxt həmkəndlilərinin yanında cərrahi əməliyyatın uğursuz olduğunu özü etiraf etmişdir. Lakin o, bildirmişdir ki, cərrahi əməliyyatın uğursuz olduğuna görə təkcə o deyil, hamı məsuliyyət daşıyır, buna görə də təkrar əməliyyat edəcəklər. Beləliklə, birinci əməliyyat nəticəsində səhhəti daha da ağırlaşdığından, 30.04.2018-ci il tarixdə həkimlər Qardaşxan Mamedov və Bülənt Alıcı tərəfindən ikinci dəfə əməliyyat olunmuşdur. Lakin yenə də ağırlaşmalar davam etmiş və bu günə qədər o əziyyət çəkir. Hər iki əməliyyat Qardaşxan Mamedov və Bülənt Alıcı tərəfindən icra edilməsi 09.02.2018-ci il tarixli ******* nömrəli və 30.04.2018-ci il tarixli 00779393 nömrəli xəstəlik tarixi ilə müəyyən olunur, həmçinin həmin xəstəlik tarixinin “əməliyyatı apardı" bölməsində “Prof. Dr. Bülənt Alıcı, “Q.Mamedov” adlarının qeyd olunduğu müəyyən olunur. Bildirir ki, əməliyyatdan sonra o, uzun müddət həmin həkimlərin göstərişi ilə hər gün ağrıkəsici dərmanlar və antibiotiklər qəbul etmiş, və hal-hazırda da dərmanlar qəbul edir, həmin dərmanlara da 2.100 (iki min yüz) manatdan artıq pul xərcləmişdir. Qeyd edir ki, əməliyyatın fəsadları ilə bağlı o, müayinə üçün İran İslam Respublikasına getmiş, bununla əlaqədar yol-nəqliyyat və müayinəyə 500 manat xərcləmişdir. İran İslam Respublikasında isə ona əməliyyatın fəsadlarının aradan qaldırılması üçün 2 dəfə təkrar əməliyyat aparılmalı olduğu və buna görə ən azı 28000 manat məbləğində xərc tələb olunduğu bildirilmişdir. Azərbaycan Respublikasında isə əməliyyatın fəsadlarının qismən aradan qaldırılması üçün 2 dəfə təkrar əməliyyatın aparılmasına 10500 manat məbləğində xərc tələb olunur. Yol, analiz və dərman xərcləri həmin məbləğə aid deyil. Maddi vəziyətinin son dərəcə ağır olması ilə əlaqədar o, Azərbaycan Respublikasında təkrar əməliyyatın aparılmasına, özü də təqribən 3 dəfə ucuz qiymətə əməliyyatın aparılmasına üstünlük vermiş, bu məqsədlə 28.01.2021-ci il tarixdə “Lui Paster” Klinikasında müayinə olunmuş və müayinəyə 131 manat ödəniş etmişdir. Qeyd ki, həmin əməliyyatların birincisi 01.02.2021-ci il tarixə təyin olunmuş, ikinci əməliyyat isə həkimlərin məsləhət bildiyi vaxtda aparılacaqdır. Məlumat üçün bildirir ki, üzərində ikinci əməliyyatın aparılmasından sonra həmin həkimlər onunla heç vaxt maraqlanmamışlar, daha doğrusu, bunu istəməmişlər. Hesab edir ki, məhkəmə zəruri hesab edərsə, əməliyyatın fəsadlarının aradan qaldırılması üçün təkrar əməliyyatların aparılmasına görə nə qədər pul vəsaitinin tələb olunmasını müəyyən etmək üçün iş üzrə müvafiq ekspertiza təyin edilməsi barədə qərardad qəbul edilə bilər. Bildirir ki, tərəfindən 30 mart 2018-ci il tarixdən bu günə qədər aidiyyəti orqanlara saysız-hesabsız müraciətlər edilmişdir. Nəticədə 17.07.2018-ci il tarixdə Nərimanov rayon Prokuroru tərəfindən toplanmış material üzrə CM-in 314.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmış, cinayət işi bu günə qədər müstəntiq Təbriz Atakişiyevin icraatındadır. Həmin cinayət işi üzrə ekspertiza rəyləri, şahid ifadələri alınmış və o, 24.07.2018-ci il tarixli qərarla zərərçəkmiş şəxs qismində tanınmışdır. Uzun sürən istintaqdan sonra, nəhayət 05.08.2020-ci il tarixli qərarla həkim Bülənt Alıcı təqsirləndirilən şəxs qismində cəlb olunmuş və Azərbaycan Respublikasının hüdudlarından kənarda olduğundan, barəsində axtarış elan olunmuş və cinayət işi üzrə icraat dayandırılmışdır. Onun üçün bu günə qədər müəmmalı olaraq qalan hal isə odur ki, həkim Qardaşxan Mamedov nə cinayət işi üzrə istintaq, nə də inzibati iş üzrə məhkəmə tərəfindən təqsirli bilinməmişdir. Bununla belə, qeyd edir ki, cinayət işi üzrə ekspertiza rəyi verilməsinə görə müayinə üçün ATU Tədris- Cərrahiyyə Klinikasına göndərildim və həmin Klinikaya müayinələrə görə 137 (135+2) manat ödəmişdir. Bildirir ki, aidiyyəti orqanlara müraciətlərinin onun iştirakı ilə araşdırılmasına görə Beyləqan rayonundan Bakı şəhərinə və geriyə 20 dəfə (3 dəfə Azərbaycan Respublikası Baş Prokuroruluğuna, 1 dəfə Bakı şəhər Prokurorluğuna, 4 dəfə Nərimanov rayon Prokuroruluğuna, 6 dəfə müayinəyə, 4 dəfə “xxxx Hospitalda, 2 dəfə Bakı şəhərinə ekspertiza müəssisəsinə) gedib gəlmişdir. Bu məqsədlə hər dəfə həmkəndlisi Nurəddin Qurbanova 70 manat, cəmi 1400 manat vermiş, həmin müddətdə sürücü ilə birlikdə yemək xərcləri isə hər dəfə ən azı 30 manat olmaqla, cəmi 600 manat təşkil edib. Məlumat üçün onu da bildirir ki, cavabdehlərin ona qarşı hərəkətləri barədə aidiyyəti orqanlara teleqramların göndərilməsinə görə bu günə qədər poçt xidmətinə 311 manat, 321 müracətin məktubla göndərilməsinə görə isə poçt xidmətinə 702 manat pul vəsaiti ödəmişdir. Beləliklə, ona dəymiş maddi ziyanın məbləği ümumilikdə 31.973 manat təşkil edir. Qeyd edir ki, məhz 3 ilə yaxın müddət ərzində aidiyyəti orqanlara müraciət etdikdən sonra Cavabdeh MMC inzibati məsuliyyətə cəlb edilmişdir. Belə ki, Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin Nərimanov rayon prokurorluğu ilə birlikdə apardığı araşdırmalar nəticəsində Nərimanov rayonunda yerləşən Cavabdeh MMC-nin tərkibində fəaliyyət göstərmiş “xxxx” hospitalının qanunsuz fəaliyyəti nəticəsində İddiaçı hüquqlarına və sağlamlıqlarına xələl vurulması faktları aşkar edilmiş, Azərbaycan Respublikası Baş Prokurorunun müavini Elmar Camalov tərəfindən Azərbaycan Respublikası İXM-in 192.1 (İşəgötürən tərəfindən Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin tələbləri pozulmaqla iş icazəsi alınmadan əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin işə cəlb edilməsinə görə) və 578.1-ci (Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə) maddələri ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraat baxılması üçün aidiyyəti üzrə Nərimanov rayon məhkəməsinə göndərilmiş, Nərimanov Rayon Məhkəməsinin (hakim Tural Ələkbərov) inzibati xəta haqqında iş üzrə 03.09.2020-ci il tarixli, 3(005)-1512/2020 saylı qərarı ilə Cavabdeh MMC İXM-in 192.1 -ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 25.000 manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Beləliklə, mübahisəsiz qaydada müəyyən olunur ki, iddiaçı xəstəliklə əlaqədar Cavabdeh MMC-nin tərkibində fəaliyyət göstərmiş “xxxx HospitaF’da həkim Qardaşxan Mamedov tərəfindən müayinə edilmiş, həkimlər Qardaşxan Mamedov və Bülənt Alıcı tərəfindən 2018-ci ildə iki dəfə əməliyyat edilmiş, hüquqi şəxs Cavabdeh MMC onu təmsil etmək və onun adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs X22 MMC-nin direktoru vəzifəsində işləyərkən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən və Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin tələbləri pozulmaqla iş icazəsi alınmadan fiziki şəxs - əcnəbi həkim Bülənt Alıcını 09.02.2018-ci il və 30.04.2018-ci il tarixlərdə Cavabdeh MMC-nin tərkibində fəaliyyət göstərmiş “xxxx Hospitar'da İddiaçı əməliyyatının həyata keçirilməsinə cəlb etmiş, həmin əməliyyatlar zamanı həkimlərin ehtiyatsızlığı nəticəsində səhvinə görə iddiaçının qanunla qorunan mənafelərinə mühüm zərər vurulmuş, bu hal, qanuni qüvvəyə minmiş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 03.09.2020-ci il tarixli, 3(005)-1512/2020 saylı qərarı ilə, həmçinin təqsirləndirilən şəxs qismində cəlb olunma barədə qərarda öz təsdiqini tapmışdır. Hesab edir ki, iddiaçıya maddi və mənəvi ziyanın vurulması obyektiv həqiqət kimi qəbul edilməlidir. Həmçinin hesab edir ki, məhkəmə zəruri hesab edərsə, iddia ərizəsində adı çəkilən şəxslərin, o cümlədən həyat yoldaşı X19, qohumu Gündüz Əhmədov, həmkəndlisi Nurəddin Qurbanovun birinci instansiya məhkəməsində şahid qismində dindirilməsinin təmin edilməsi, həmçinin iddia ərizəsində göstərilən halların müəyyən edilməsi üçün Nərimanov rayon Prokurorluğundan ********* saylı cinayət işinin tələb edilməsi barədə müvafiq qərar qəbul edilməlidir. Vəsatətin sonuncu hissəsi ilə bağlı bildirməyi zəruri hesab edir ki, ********* saylı cinayət işi üzrə istintaq yekunlaşmadığına görə cinayət işinin materialları ilə tanış ola və təbii ki, zəruri sənədlərin surətini ala bilmir. Məhz bu səbəbdən hesab edirik ki, işin həqiqi hallarının tam müəyyən edilməsi üçün məhkəmə tərəfindən Nərimanov rayon Prokurorluğundan ********* saylı cinayət işinin tələb edilməsi zəruridir. Qeyd edir ki, bu günə qədər cavabdehin məni bu vəziyyətə salmasının nəticəsində ona dəymiş ziyanın ödənilməsi təmin edilməmişdir. Hesab edir ki, ona dəymiş maddi ziyanın, həmçinin mənəvi ziyanın cavabdehdən tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməlidir. Ona görə ki, cavabdehin hərəkətlər nəticəsində ona mənəvi zərər də dəymişdir. Belə ki, o, 3 ildən artıqdır ki, cavabdehin hərəkətləri nəticəsində əsəb, stres və gərginlik keçirir, ən əsası isə ailəsinin yanında mənəvi sarsıntı keçirir və iztirablar çəkir. Belə ki, səhv və uğursuz əməliyyat nəticəsində, faktiki olaraq o, kişiliyindən məhrum olmuşdur. Təbii ki, heç kimə sirr deyildir ki, bir kişi üçün ailəsi yanında bundan ağır hal ola bilməz. Hesab edir ki, göstərilənlər nəticəsində iddiaçının çəkdiyi mənəvi ağrının hər hansı pul vəsaiti ilə azaldılması və sağlamlığının tam qaytarılması mümkün olmasa da, mövcud şəraitdə pul kompensasiyası vasitəsi ilə o, təsəlli ala bilər. Ona dəymiş mənəvi ziyanın dəyərini 50.000 manat məbləğində qiymətləndirir və həmin məbləği də cavabdehdən tələb edir. Beləliklə, hesab edir ki, cavabdehdən iddiaçı X9 xeyrinə vurulmuş maddi ziyana görə 31.973 manat, mənəvi zərərə görə 50000 manat olmaqla, cəmi 81.973 manat pulun tutulması və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmalıdır. Daha sonra İddiaçı 16.05.2021-ci il tarixdə cavabdeh qismində cəlb edilmə və iddianın dəyişdirilməsinə dair ərizə təqdim edərək, X5 və X28 cavabdeh qismində cəlb edilməsi barədə və cavabdehlər Cavabdeh MMC, X15 və X29 İddiaçı xeyrinə vurulmuş maddi ziyana görə 31.973 manat, mənəvi zərərə görə 50.000 manat olmaqla, cəmi 81.973 manat pulun və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında ayrı-ayrılıqda iddia tələbini müdafiə edərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlər və müstəqil tələb irəli sürməyən üçüncü şəxs “xxxx” MMC məhkəmə iclasına gəlməmiş, münayəndələrinin iştirakını təmin etməmiş və səbəbləri barədə də məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlər və üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahaını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 3(005)-1512/2020 saylı 03.09.2020-ci il tarixli qərarının məzmunundan və surətindən görünür ki, “Cavabdeh" MMC Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək və barəsində 25000 (iyirmi beş min) manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilməsi qərara alınmışdır. Bakı şəhəri Nərimanov rayon prokurorluğunun müstəntiqi, İİİ dərəcəli hüquqşünas X4 24 iyul 2018-ci il tarixli qərarının surətindən görünür ki, ********* №-li cinayət işinin materiallarını nəzərdən keçirib İddiaçı ********* №-li cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınması və ona hüquq və vəzifələrini izah edilməsi qərara alınmışdır. Bakı şəhəri Nərimanov rayon prokurorluğunun müstəntiqi, İİ dərəcəli hüquqşünas X4 05 avqust 2020-ci il tarixli qərarının surətindən görünür ki, ********* №-li cinayət işi üzrə X7 Azərbaycan Respublikası CM-nin 314.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunması və ona həmin maddə üzrə ittihamın elan edilməsi, qərarın X2 elan edilməsi və ittihamın mahiyyətinin ona izah edilməsi, təqsirləndirilən şəxsə onun hüquq və vəzifələrini izah edilməsi, təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərarın surəti, habelə hüquq və vəzifələrə dair yazılı bildiriş təqsirləndirilən şəxsə verilməsi və qərarın surətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi qərara alınmışdır. Beyləqan rayon İHB-nın Əhmədli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin 19.01.2021-ci il tarixli 34№-li arayışdan görünür ki, həqiqətən İddiaçı Beyləqan rayonu Əhmədli kəndində yaşayır. Onun Bakı şəhərində əməliyyat olunması ilə əlaqədar olaraq 2018-ci ilin yanvar ayında Əhmədli kənd inzibati ərazi dairəsində 4-saylı Təsərrüfatbaşına kitabda qeydiyyatda olan bir baş yanı balalı inəyini bir min iki yüz manata Əhmədli kənd sakini X1. “xxxx” ASC-nin 22.01.2021-ci il tarixli 1073 №-li arayışından görünür ki, arayış verilir, “xxxx” ASC-nin Beyləqan rayon filialı tərəfindən X21 ondan ötrü ki, sizə 26.01.2018-cu il tarixində 140CLM********** saylı kredit kontraktına əsasən illik 27.84 %-lə 48 ay müddətinə 3500 AZN (üç min beş yüz manat) məbləğində Gündəlik tələbat kredit verilmişdir, 22.01.2021-ci il tarixinə faizsiz 786.96 (yeddi yüz səksən altı manat 96 qəpik) kredit borcu qalmışdır. 22.01.2021 -cu il tarixinə heç bir faiz və cərimə borcu yoxdur. “xxxx” ASC-nin 22.01.2021-ci il tarixli 1074 №-li arayışından görünür ki, arayış verilir, “xxxx” ASC-nin Beyləqan rayon filialı tərəfindən İddiaçı ondan ötəri ki, sizə 26.01.2018-cu il tarixində 140CLM********** saylı kredit kontraktına əsasən illik 27.84 %-lə 42 ay müddətinə 3350 AZN (üç min üç yüz əlli manat) məbləğində kredit verilmişdir, 22.01.2021-ci il tarixinə faizsiz 692.30 (altı yüz doxsan iki manat 30 qəpik) kredit borcu qalmışdır. 22.01.2021- ci il tarixinə heç bir faiz və cərimə borcu yoxdur. İşdə olan ödəniş qəbzlərindən görünür ki, İddiaçı tibbi müayinələrin aparılması üçün müxtəlif məbləğlərdə ödənişlər etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı səhhətində yaranmış problem ilə əlaqədar Cavabdeh MMC-nin tərkibində fəaliyyət göstərmiş “xxxx” hospitalın uroloq-androloqu professor X10 müraciət etmiş və həkimlər X15, X34 tərəfindən əməliyyat olunmuşdur. Lakin əməliyyat uğursuz olduğundan 2-ci dəfə təkrarən eyni həkimlər tərəfindən əməliyyat olunmuşdur. Buna baxmayaraq səhhətində ağırlaşmalar davam etmiş hazırda da ağrılarının azalması üçün ağrıkəsici dərmanlar, antibiotiklər qəbul edir. Aparılmış əməliyyatların uğursuz olması işdə olan “Cavabdeh" MMC-nin Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək və barəsində 25000 (iyirmi beş min) manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilməsinə dair Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 3(005)-1512/2020 saylı 03.09.2020-ci il tarixli qərarı, İddiaçı ********* №-li cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınması barədə barədə qərar və ********* №-li cinayət işi üzrə X7 Azərbaycan Respublikası CM-nin 314.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunması və ona həmin maddə üzrə ittihamın elan edilməsi barədə Bakı şəhəri Nərimanov rayon prokurorluğunun müstəntiqi, İİİ dərəcəli hüquqşünas X4 qərarları ilə sübut edilmişdir. İddiaçı qeyd edilən əməliyyatların həyata keçirilməsi, əməliyyatdan öncəki və sonrakı müalicələr üçün lazım olan pul vəsaitini qarşılamaq üçün özü və həyat yoldaşının adına kreditlər götürmüş, damazlıq heyvanını satmışıdır. Bu halı İddiaçı, bankdan və Beyləqan rayon İHB-nın Əhmədli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsindən aldığı arayışlarla məhkəmədə sübuta yetirmişdir. Hazırda iddiaçı məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh MMC, X15 və X29 İddiaçı xeyrinə vurulmuş maddi ziyana görə 31.973 manat, mənəvi zərərə görə 50.000 manat olmaqla, cəmi 81.973 manat pulun və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə ilk növbədə iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin İ hissəsin əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Məhkəmə araşdırmasında müəyyən edilmişdir ki, iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətində həkimlər X15, X34 tərəfindən icra edilmiş hər iki əməliyyatın uğursuz olması və aparılmış əməliyyat nəticəsində ona maddi və mənəvi ziyan dəydiyini bildirir, iddia ərizəsində sadaladığı əsaslara görə həmin məbləğin ona ödənilməsini xahiş edir. Məhkəmə qеyd еdir ki, iddiа tələbinin qаnuni əsаsını mülki qаnunvеriciliyin mülki hüquq pоzuntusu ilə bаğlı müddəаlаrı təşkil еdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1.-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafıə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarmı pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fıziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir; 1097.3-cü maddəsinə əsasən, qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər; 1112-ci maddəsinə əsasən, tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir; 1113.1-ci maddəsinə əsasən, birlikdə mülki hüquq pozuntusu törətmiş şəxslər vurulmuş zərər üçün zərərçəkən qarşısında birgə məsuliyyət daşıyırlar. Məhkəmə qeyd edir ki, iddia tələbi üzrə mübahisələndirilən faktlar təqdim edilmiş sübutlarla tam olaraq sübuta yetmiş, Cavabdehndə həkimlər X15, X34 tərfindən aparılan əməliyyatlar nəticəsində İddiaçı sağlamlığına zərər vurulmuşdur. Məhkəmə bu nəticəyə gələrkən qeyd etməyi zəruri hesab edir ki, bu halın aparılmış qüsurlu cərrahiyyə əməliyyatının nəticəsində yaranması mümkündür. Məhkəmə hesab edir ki, İddiaçı xeyrinə maddi ziyana görə 31.973 manat məhz Cavabdehndən tutulmalı, həmin məbləgdə dair sübutlar məhkəməyə təqdim olunmuş, digər cavabdehlərə münasibətdə iddia təmin olunmamalıdır. Bundan başqa İddiaçı deliktlərin nəticəsi olaraq keçirdiyi mənəvi zərərə görə 50.000 (əlli min) manat məbləğində pul vəsaitinin cavabdeh şəxsdən onun xeyrinə tutulmasını xahiş etmişdir. Məhkəmə bununla bağlı aşağıdakıları qeyd edir: “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarateri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. Vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarının göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Həmin Qərаrındа Plenum izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Həmin Qərаrın 10-cu bəndində Plenum izah etmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Həmin Qərаrın 11-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1128.1-ci maddəsinə müvafiq olaraq malın, işin və ya xidmətin konstruksiya, resept və digər qüsurları (keyfiyyətsiz məhsul) nəticəsində, habelə mala (işə, xidmətə) dair yanlış və ya yarımçıq informasiya nəticəsində fiziki şəxsin həyatına, sağlamlığına və ya əmlakına dəyən zərərin əvəzini malın satıcısı və ya istehsalçısı, işi görmüş və ya xidməti göstərmiş şəxs (icraçı), təqsirli olubolmadığına və zərərçəkənin onlar ilə müqavilə münasibətlərində olub-olmadığına baxmayaraq ödəməlidirlər. Məhkəmələr nəzərə almalıdırlar ki, mənəvi zərər mənəvi sarsıntı və iztirabların əvəzinin ödənilməsinə yönəldildiyi üçün istehlakçıların hüquqları pozulduğu hallarda mənəvi zərərin məbləği malın (işin, xidmətin) dəyərindən deyil, istehlakçının məruz qaldığı mənəvi sarsıntı və ya iztirablardan asılı olaraq müəyyən edilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “mənəvi ziyanla” bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahtlıq, məyusluq hissələrini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi “Koinq Almaniyaya qarşı” işdə ərizəçiyə “mənəvi narahatlıq yetirilməsinə”, “Artiko İtaliyaya qarşı” işdə “tənhalıq və kimsəsizlik hisslərinə”, “Younq, Cames və X11rşı” işdə “alçaldıcı və təhqiredici hərəkətlərə” görə mənəvi zərər ödənilməsi qərarına gəlmişdir. Göründüyü kimi, “İnsan Hüquqlarının və X14 haqqında” Konvensiyanın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə, onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Aparılan əməliyyatlar nəticəsində İddiaçı sağlamlığına zərər vurulduğundan onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi və sarsıntılar keçirməsi danılmazdır. Belə ki, cavabdehin qüsurlu cərrahi əməliyyatı nəticəsində İddiaçı səhhətində problemlər əmələ gəlmiş, bu isə öz növbəsində iddiaçının mənəvi əzab çəkmisi ilə nəticələnmişdir. Ona görə də məhkəmə işin hallarını nəzərə alaraq, Cavabdehndən mənəvi ziyana görə 1000 (bir min) manat məbləğində pulun İddiaçı xeyrinə tutulmasını əsaslı və ədalətli hesab edir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdehndən maddi zərərə görə 31.973 (otuz bir min doqquz yüz yetmiş üç) manat və mənəvi zərər görə 1.000 (bir min) manat və ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehndən maddi zərərə görə 31.973 (otuz bir min doqquz yüz yetmiş üç) manat və mənəvi zərər görə 1.000 (bir min) manat və ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar