Məhkəmə qərarları › İş №2(005)-1508/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-1508/2024

16.02.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-1508/2024 16.02.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızı, İddiaçı cavabdehlər Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyətinə və Cavabdeh2nə qarşı “tikilinin qanuna zidd olması faktının təsdiq edilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyətinə və Cavabdeh2nə qarşı “tikilinin qanuna zidd olması faktının təsdiq edilməsi” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, keçiriəcək məhkəmə ekspertizasının rəyini də nəzərə alaraq, cavabdeh MMC-nin Təbriz küçəsi ev 34 ünvanında inşa etdiyi 13 mərtəbəli binanın ünvandakı “B” (118,4 m2) tikilisinə münasibətdə ARTŞM-nin 69-cu maddəsinin ara məsafəsi (tikililər arasında) tələbinə zidd olması faktının təsdiq edilməsini, “B” (118,4 m2) tikilisinin altında və üstündə, yerin (həyətin) sıfır səviyyəsində isə cəmi 1,1 metr aralıda, sözügedən 13 mərtəbəli binanı inşa edilməsinə rəsmi icazə vermiş qanuna zidd layihəni təsdiq etmiş cavabdeh N.Nərimanov R.İ.S-nin hərəkətinin qanuna zidd hesab edilməsini, məsuliyyətinin müəyyən edilməsini, Cavabdeh2 MMC-nin ünvanın hüquq sahiblərindən cəmi 2 nəfəri ilə imzaladığı sazişlərin Konstitusiyanın 29-cu (hissə İİ), Mülki Məcəllənin 144-cü, 152.5-ci, 215.4-cü, 215.5-ci maddələrinin tələblərinə zidd olmasının təsdiq edilməsini, Sərəncamın (161 saylı xx.xx.2019) Təbriz küçəsi ev 34 ünvanına aid hissəsi Konstitusiyanın 71-ci, 148-ci, 149-cu maddələrinin tələblərinə zidd olduğu, 439 saylı, xx.xx.2015-ci il tarixli Fərmanla müəyyən olunmuş hüquqların həyata keçirilməsini məhdudlaşdırdığını təsdiq edilməsini, qeyd edilən qanun pozuntuları nəzərə alınmaqla, MMC-nin ünvanında inşa etdiyi tikilinin qanunsuz tikili elan edilməsini, bütün məhkəmə xərclərinin cavabdehlərə aid edilməsini, əməllərində cinayət tərkibi olduğunu nəzərə alaraq cavabdehlərin barəsində AR MPM-nin 265.4-cü maddəsi tətbiq edilərək prokurora xəbər verilməsi barədə xüsusi qərardad qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsinin həmin Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər bir neçə əsasla geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsi mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq forma və məzmuna riayət edilmədən təqdim edilmişdir. Mülki-prosessual qanunvericilikdə məhkəməyə müraciətin müxtəlif prosessual formaları (iddia ərizəsi, ərizə, vəsatət, apellyasiya şikayəti və s.) nəzərdə tutulur. İddia icraatı qaydasında məhkəməyə müraciətin prosessual forması kimi isə iddia ərizəsi ilə müraciət göstərilmişdir. Hazırki iddia ərizəsində Maraqlı şəxs maraqlı tərəf (maraqlı şəxs) kimi göstərilmişdir. Qanunvericiliklə tərəflər – iddiaçı, cavabdeh və üçüncü şəxslər iddia icraatında (MPM-nin 12-23-cü fəsilləri), ərizəçi və maraqlı şəxslər isə xüsusi icraat qaydasında baxılan işlər (MPM-nin 30-40-1-ci fəsilləri) üzrə əsas iştirakçılardır. Göründüyü kimi “maraqlı şəxs” iddia icraatında deyil, xüsusi icraat qaydasında ərizəçilərin verdiyi tələblər üzrə baxılan işlərdə iştirak edirlər. İddia ərizəsində iddiaçının maraqlı şəxs qismində hər hansı fiziki şəxsi işə cəlb etməsi iddia ərizəsinin forma və məzmununa uyğun deyildir. Digər tərəfdən iddia icraatı qaydasında tələb dedikdə iddiaçının müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur etmək məqsədilə cavabdehlərə qarşı yönələn xahişi başa düşülür. İddiaçı, Cavabdeh2 MMC tərəfindən inşa edilmiş binanın qanunsuz tikili elan edilməsini, tikilinin ARŞTM-nin 69-cu maddəsinin tələbinə zidd olması faktının müəyyən edilməsini xahiş etmiş, cavabdehə qarşı hər hansı bir tələb irəli sürməmişdir. Bu isə iddia icraatı qaydasında verilmiş iddia ərizəsinin qanunvericiliklə müəyyən edilmiş məzmununa uyğun deyildir. Hüquqi əhəmiyyəti olan faktların müəyyən olunmasına məhkəmə tərəfindən ərizəçinin “ərizə”sinə əsasən, xüsusi icraat qaydasında ərizəçi və maraqlı şəxslərin iştirakı ilə baxılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. - 149.2.3-cü maddəsinə əsasən, iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb ərizədə göstərilməlidir. - 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. -306.1-ci maddəsinə əsasən məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin 30-40-6-cı fəsillərində ikinci bölməsinin üçüncü yarımbölməsində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. -307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. -307.2 və 307.2.6-cı maddələrinə əsasən məhkəmə mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının müəyyən edilməsi barədə işlərə baxır; -310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 1.2-ci bəndinə əsasən, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Bununla belə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Yenidən ərizə ilə məhkəməyə müraciət edildiyi təqdirdə qeyd olunanlar iddiaçı tərəfindən nəzərə alınmalıdır. Digər tərəfdən iddiaçının sadaladığı tələblər qeyri-müəyyəndir. İddia ərizəsinin “xahiş olunur” hissəsində bir neçə iddia tələbi ardıcıl sıralansa da, iddiaçının göstərilən tələblərlə hansı hüquqi nəticələrə nail olmaq istəməsi anlaşılan deyildir. Həmçinin iddiaçı tərəfindən iddia tələbi bir neçə cavabdehə qarşı yönəldilməklə, birbiri ilə əlaqədar olmayan bir neçə tələb bir iddia ərizəsində birləşdirilmişdir. Azərbaycan Respublikası MPM-nin 149.3-cü maddəsinə əsasən iddiaçı bir-biri ilə bağlı olan bir neçə tələbi bir iddia ərizəsində birləşdirməyə haqlıdır. Həmin Məcəllənin 152.1.7-ci maddəsinə görə bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Eyni zamanda iddia ərizəsi qanunvericiliyin tələbinə uyğun olaraq verilməli və ona uyğun olaraq dövlət rüsümu ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: -150.1-ci maddəsinə əsasən, iddia ərizəsinə aşağıdakı sənədlər əlavə edilir: 150.1.2. dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd; - 152.1.5-ci maddəsinə əsasən, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. -108.1.1-ci maddəsinə əsasən, iddia ərizəsi verildikdə mülki məhkəmə icraatında dövlət rüsumu ödənilir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 8.2-ci maddəsinin tələbinə görə, qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat dövlət rüsumu ödənilir. Məhkəmə qeyd edir ki, qanunvericiliyə uyğun olaraq, iddia ərizəsi (habelə xüsusi icraat qaydasında ərizə) verildikdə dövlət rüsumunun ödənilməsi nəzərdə tutulmasına baxmayaraq, İddiaçı tərəfindən dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd, habelə onun dövlət rüsumundan azad olmasını təsdiq edən sübutlar ərizəyə əlavə edilməmişdir. Odur ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı, iddiaçıya nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsini: -152.2-ci maddəsinə görə iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. - 152.3-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. - 152.4-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə yuxarıda göstərilən maddi hüquq normalarının tələblərinə əsasən İddiaçı cavabdehlər Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyətinə və Cavabdeh2nə qarşı “tikilinin qanuna zidd olması faktının təsdiq edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı və iddiaçıya izah edilməlidir ki, o, qeyd olunan nöqsanları aradan qaldırdıqdan sonra müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 152.1.7, 152.2, 268- 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyətinə və Cavabdeh2nə qarşı “tikilinin qanuna zidd olması faktının təsdiq edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada məhkəməyə müraciət etməyə mane olmur. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar