Məhkəmə qərarları › İş №2(005)-154/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-154/2024

05.06.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-154/2024 05.06.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Məhkəmə iclas katibi Mayılzadə Gülzadə Çingiz qızının katibliyi, İddiaçı, Cavabdeh MTK-nın nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh MTK-ya qarşı “maneələrin aradan qaldırılması və mülkiyyət hüququnun bərpası” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmənin hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MTK-ya qarşı maneələrin aradan qaldırılması və mülkiyyət hüququnun bərpası tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "Məqam” MTK-nın Nərimanov rayonu, Xətai prospekti 73A (əvvəlki ünvan Xətai prospekti 43) ünvanı ərazisində apardığı qazıntı, söküntü və svay vurma işləri zamanı obyektinin Xətai prospektində olan giriş-çıxışında olan maneələrin (qanunsuz bağlanmış girişçıxışın açılması) Cavabdeh MTK tərəfindən aradan qaldırılması və Cavabdeh MTK tərəfindən pozulmuş mülkiyyət hüququnun bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandıırlmışdır ki, Nərimanov rayonu, Xətai prospekti 73A ünvanında yerləşən sahəsi 75 kv.m olan və layihə əsasında 92,83 kv.m torəaq sahəsi üzərində yeni tikilən qeyri-yaşayış sahəsi mənim xüsusi mülkiyyətindədir. Ona məxsus qeyri-yaşayış obyektinin Xətai prospektinə görünüş hissəsi 7 (yeddi) metrəyə yaxındır, yer səthinə bərabərdir, yanı və üstü açıqdır. Qeyri-yaşayış sahəsi ticarət obyekti kimi fəaliyyət göstərirdi.16-20 noyabr 2022-ci il tarixlərində Cavabdeh MTK-nın əməkdaşları obyektin qarşısını hasarlamağa cəhd göstərən zaman obyektin hasarlanması kimi qeyri-qanuni hərəkətlərinin qarşısı tərəfindən alınmışdır. 36 saylı MKİS tərəfindən verilmiş xx.xx.2023cü il tarixli 36/202 saylı arayışa əsasən Ş.l.Xətai prospekti 73A ünvanında olan əmlakın əvvəlki ünvanı Ş.l.Xətai prospekti 43 olmuşdur. MTK-nın rəhbəri Elnur adlı şəxslə söhbət edən zaman əraziləri aldığını və həmin ərazidə 4 mərtəbəli (1-ci mərtəbə olaraq yeraltı qaraj və üzərində 3 mərtəbə) ticarət obyektinin tikiləcəyini bildirdi. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2020-ci il tarixli 36 nömrəli Sərəncamı ilə MTK-ya verilmiş layihə mənə təqdim edilən zaman müəyyən etdim ki, aparılan tikinti layihəyə uyğun aparılmır. Belə ki, layihənin Təsnifat bölməsinin 3-cü hissəsində bir mərtəbəli qeyri-yaşayış binası nəzərdə tutulduğu halda MTK dörd mərtəbəli bina tikir. söküntü və tikinti işləri elə formada aparılır ki, onun obyektinin zərər görmə ehtimalı var. Bu söküntü və tikinti işlərinin belə aparılması məqsədli şəkildə planlaşdırılmışdır. Belə ki, MTK-nın məqsədi obyektinin zərər görməsi və bu yolla dəyərdəyməzinə əmlakını ələ keçirməkdir. MTK-nın rəhbəri Elnur adlı şəxs söhbət zamanı qeyd olunan ərazidə 12 metr dərinliyində qazıntı işlərinin aparılmasının nəzərdə tutulduğunu və mənə məxsus qeyri-yaşayış obyektinin uçma, dağılma riskinin olmasını dəfələrlə bildirmişdir. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə şikayət ərizəsi ilə müraciət edərək “Məqam" MTK-nın. şəhərsalma və tikinti normalarının tələblərinə riayət edilmədən tikinti işlərinin aparılması ilə yanaşı obyektin özbaşına sökülməsi cəhdləri ilə bağlı qarşısının alınmasını xahiş etmişdim. Komitə yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2023-cü il tarixli məktubuna əsasən bildirilmişdir ki, “ baxış zamanı sözügedən ünvanda bir müddət öncə söküntü işlərinin aparıldığı müşahidə edilmişdir. Eyni zamanda bu hal ilə bağlı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə müraciət edərək MTK-nın qanunsuz hərəkətlərinin araşdırılması və layihəyə uyğun tikintinin aparılmasına nəzarət edilməsini xahiş etmişəm. Məktuba Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyində baxılmış və xx.xx.2023-cü il tarixli 3-18-2/2-1-6xx-xx/2023 saylı cavab məktubuna əsasən bildirilmişdir ki, Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2020-ci il tarixli 163 nömrəli sərəncamı ilə həmin ərazidə yerləşən torpaq sahəsi icarə əsasında “Məqam" MTK-nın istifadəsinə verilmiş və Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən 2 girişli 2 zirzəmili 16 mərtəbəli, 2 ədəd 2 zirzəmili 1 mərtəbəli qeyri-yaşayış binası və avtodayanacağın tikintisinə icazə verilmişdir. Hal-hazırda yaşayış binasında fasad işləri, qeyri-yaşayış binası, avtodayanacağın təməl ətrafı svay vurma işləri aparılır. Hazırda ticarət obyektim aylardır ki, fəaliyyət göstərmir. Bunun səbəbi MTK-nın qanunsuz hərəkətləri nəticəsində obyektin arxa qapısının giriş-çıxışının yararsız hala gətirilməsi, qapının üstündə quraşdırılmış təxminən 5 kv.m dəmir dam örtüyünün sökülməsi, eyni zamanda giriş-çıxış üçün nəzərdə tutulmuş eni 3 metrəyə yaxın dəmir darvazanın sökülməklə yolun Xətai prospektinə giriş-çıxışının çəpərlənməsi, bağlanması olmuşdur. MTK-nın bu cür qanunsuz hərəkətləri kiçik sahibkar kimi onun fəaliyyəti dayandırmağa, obyektdə çalışan insanların işsiz qalmasına səbəb olmuşdur. Məhkəmə iclasında Cavabdeh MTK-nın nümayəndəsi və vəkili Vəkil şifahi vəsatət verərək, tərəflər arasında Bakı Kommersiya Məhkəməsində qeyri-yaşayış obyektindən çıxarılma və s. tələblərə dair mübahisə olduğunu, həm iddiaçının, həm də cavabdehin VÖEN-i olduğunu, hazırki mübahisənin kommersiya mübahisəsi olduğunu bildirmiş və mülki işin aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı işin aidiyəti üzrə göndərilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə mülki işin materialları ilə birlikdə nəzərdən keçirib mülki işin aidiyyəti üzrə baxılması üçün göndərilməsi qənaətinə gəlir. Belə ki, “AZEMİS” elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, həm İddiaçı, həm də Cavabdeh MTK vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) mövcuddur. İddia ərizəsinin məzmunundan və tərəflərin izahatlarından görünür ki, iddiaçı və cavabdeh sahibkarlıq fəaliyyəti ilə məşğul olurlar və tərəflər arasında yaranan münasibətlər sahibkarlıq fəaliyyətindən irəli gələn münasibətlərdir. Beləliklə, hazırki iş üzrə işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla mübahisənin kommersiya məhkəməsinə aid olduğu müəyyənləşdirilir. Belə ki, Mülki Məcəllənin 13-cü maddəsinə görə, sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, əmtəə satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. “Sahibkarlıq fəaliyyəti haqqında” AR Qanununun 1-ci maddəsi də sahibkarlıq fəaliyyətini şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyət kimi xarakterizə edir. Göründüyü kimi, qanunvericiliyin sahibkarlıq fəaliyyətinə verdiyi anlayışın xüsusi dispozitiv şərti, başlıca meyarı bu fəaliyyətin əsas məqsədinin mənfəət (gəlir) götürülməsindən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 25.1 və 26.1-ci maddələrinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə isə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Mülki işin materiallarından göründüyü kimi, tərəflər arasında yaranmış münasibətləri məhkəmə nəzərdən keçirdib müəyyən etmişdir ki, bu münasibətlər kommersiya xarakteri daşıyır. Bu səbəbdən hazırkı iddia tələbi üzrə mübahisəyə aidiyyəti kommersiya məhkəməsində baxılması məqsədəmüvafiqdir. Məhkəmə bu qənaətə gələrkən onu da nəzərə alır ki, tərəflərin arasında digər kommersiya mübahisəsi üzrə iş Bakı Kommersiya məhkəməsinin icraatındadır və işlərə eyni məhkəmədə baxılması mübahisənin daha tez və obyektiv həllinə şərait yaradacaqdır. Həmin Məcəllənin 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli Qərarının: 12-ci bəndinə əsasən məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. 13-cü bəndinə görə isə əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrıayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. 16-cı bəndinə əsasən, işin məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı kommersiya məhkəməsində baxılmalı olan işlərin mümkün subyekt tərkibi və predmeti ilə bağlı qiymətləndirmənin həyata keçirilməsi zamanı MPM-in 30-cu maddəsinin tələblərinin nəzərə alınmalı olması da diqqətdən kənarda qalmamalıdır. Belə ki, həmin maddənin əvvəlki redaksiyasından fərqli olaraq hazırda qüvvədə olan redaksiyaya əsasən bir-biri ilə əlaqədar olan bir neçə tələbin birləşdirilməsi zamanı onlardan bir qisminin ümumi məhkəməyə, digərlərinin isə kommersiya məhkəməsinə aid olduğu halda, tələblərə artıq ümumi deyil, kommersiya məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikasının qanunvericiliyi aidiyyətin pozulmasına qadağa qoyur. Konstitusiyanın 62-ci maddəsinə müvafiq olaraq, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Qeyd olunan normada nəzərdə tutulmuş “qanunla müəyyən edilmiş məhkəmə” müddəası işlərin aidiyyət qaydalarını, qanuni məhkəmə tərkibinin mövcudluğunu və s. subyektiv elementləri ehtiva edir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının 10 iyun 1997-ci il tarixli Qanununun 15-ci maddəsində deyilir ki, işlərin Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş məhkəmə aidiyyətinin dəyişdirilməsi və ya əsassız olaraq qanuni hakimin icraatından alınması qadağandır Azərbaycan Respublikası MPM-nin 31.1-ci maddəsinə əsasən, aidiyyət qaydalarının pozulmasına yol verilmir. Beləliklə məhkəmə hesab edir ki, tərəflərin hər ikisinin vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) olması, üzrə işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 263-264, 267-268 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh MTK-ya qarşı "maneələrin aradan qaldırılması və mülkiyyət hüququnun bərpası" tələbinə dair iddia ərizəsi üzrə mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan 10 gün müddətində elektron kabinet vasitəsilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Mehriban Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar