Məhkəmə qərarları › İş №2(005)-1542/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1542/2020

16.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1542/2020 16.06.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, məhkəmə iclas katibi x2, İddiaçı Sığorta Şirkəti ASC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Sığorta Şirkəti ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 MMC-yə qarşı subroqasiya qaydasında pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Sığorta Şirkəti ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, x1 məxsus və İddiaçı Sığorta Şirkətində sığortalanmış “Hyundai İX 35” markalı, ** RC *** dövlət qeydiyyat nişanlı avtomobilə vurulan ziyanın əvəzində 11000 (on bir min manat 0 qəpik) manat sığorta ödənişi məbləği və bu iddia ərizəsinin verilməsi ilə bağlı 30,40 (otuz manat 40 qəpik) dövlət rüsumu, cəmi 11030.40 (on bir min otuz manat 40 qəpik) manat cavabdehlər Cavabdeh2 və Cavabdeh1 MMC-dən tutularaq İddiaçı Sığorta Şirkətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı Sığorta Şirkəti ASC iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, 2(005)-1542/2020 saylı mülki iş üzrə İddiaçı sığorta ASC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 MMC-yə qarşı subroqasiya tələbi üzrə Nərimanov rayon məhkəməsinə verilmiş iddia ərizəsindəki texniki yanlışlıqlara aşağıdakı kimi düzəliş edilməsi - iddia ərizəsinin lll-cü abzasında olan “x5" sözləri "Cavabdeh2” kimi, iddia ərizəsinin V-ci abzasın ikinci cümləsindəki “5000" rəqəmi “5500 (beş min beş yüz)” kimi, iddia ərizəsinin Vll-ci abzasında olan “1608” rəqəmi “11000 (on bir min)” kimi oxunması, habelə müvafiq dəyişikliklər nəzərə alınmaqla iddia tələbinin qalan hissədə dəyişdirilmədən saxlanılması və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıcxarılması xahiş olunmuşdur. İddiaçı Sığorta Şirkəti ASC iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh2.19.112014-cü il tarixdə idarə etdiyi “Kamaz” markalı, ** AM *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, İnşaatçılar prospektində manevretmə qaydasını pozaraq x1 məxsus və İddiaçı Sığorta Şirkətində sığortalanmış “Hyundai İX 35" markalı, ** RC *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə sonuncuya maddi ziyan vurmuşdur. Hadisədən sonra məlum olmuşdur ki, “Kamaz" markalı, ** AM *** dövlət qeydiyyat nişanlı avtomobilin hadisə tarixində icbari sığorta şəhadətnaməsi olmamışdır. İcbari sığortalar haqqında qanunun 25-ci maddəsinə əsasən Cavabdeh1 MMC-nin mülkiyyətində olan ‘Kamaz” markalı, ** AM *** dövlət qeydiyyat nişanlı avtomobilin icbari sığorta şəhadətnaməsi olmadığı üçün ödənilmiş sığorta məbləği cavabdehdən tutulmalıdır. Belə ki həmin qanunun 53.2-ci maddəsinə əsasən, avtonəqliyyat vasitəsinin sahibi mülkiyyətində olan, avtonəqliyyat vasitəsi lizinq predmeti olduqda, lizinq müqaviləsi əsasında istifadə etdiyi avtonəqliyyat vasitəsinin istifadəsi nəticəsində üçüncü şəxslərə dəyə biləcək zərərlə bağlı həmin avtonəqliyyat vasitəsinin sahiblərinin mülki məsuliyyətini, bu Qanunun 8.3-cü maddəsini nəzərə almaqla, icbari qaydada sığorta etdirməlidir.Baş vermiş yol nəqliyyat hadisəsində x3 təqsirli olması DYPİ-nin YPXA-nin inzibati tənbeh vermə haqqında qərarında öz əksini tapmışdır. Zərərin qiymətləndirilməsinə dair 03.12.2014-cü il tarixli akta uyğun olaraq, “Hyundai İX 35” markalı, ** RC *** dövlət qeydiyyat nişanlı avtomobilə 12820 (on iki min səkkiz yüz iyirmi manat 0 qəpik) manat zərər təyin edilmişdir. AR Maliyyə Nazirliyi ilə 30.01.2010-cu il tarixində razılaşdırılmış “Avtonəqliyyat vasitələrinin könüllü sığortası qaydaları” na əsasən hadisə nəticəsində avtonəqliyyat vasitəsinin təmiri üçün tələb olunan pul vəsaiti onun sığorta məbləğinin 75%ni və ya ondan daha artıq məbləği təşkil etməsi halında, avtonəqliyyat vasitəsi tam məhv olmuş sayılır. İddiaçı Sığorta Şirkətinin avtomobilin qalıqlarına olan hüquqlarından imtina etməsi şərti ilə, avtomobilin sığorta hadisəsinin baş vermə anından əvvəlki bazar qiyməti olan 16 800 AZN-dən (on altı min səkkiz yüz manat 0 qəpik) (03.12.2014-cü il tarixli Akta əsasən) avtomobilin yol-nəqliyyat qəzasından sonrakı qalıq dəyəri 5000 AZN (beş min manat 0 qəpik) (03.12.2014-cü il tarixli Akta əsasən) və 300 AZN (üç yüz 11000 (on bir min manat 0 qəpik) manat zərər təyin olunmuşdur.MİP-123076-B05 saylı sığorta müqaviləsinin 012560 saylı sığorta aktına əsasən İddiaçı Sığorta Şirkəti sığortalıya 300 AZN (üç yüz manat qəpik) manat azadolma məbləği çıxmaqla 11000 (on bir min manat 0 qəpik) manat sığorta ödənişi həyata keçirmişdir.Aşağıda göstərilənlərə əsasən hesab edirik ki, qeyd olunan yol nəqliyyat hadisəsi nəticəsində İddiaçı sığorta şirkətinə qalan 1608 (bir min altı yüz manat 0 qəpik) manat zərər məbləği qanunvericilikdə nəzərdə tutulmuş qaydada cavabdehdən alınaraq İddiaçının xeyrinə tutulmalıdır. İddiaçı Sığorta Şirkəti ASC-nin nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verib iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş 09.12.2014-cü il tarixli sığorta aktının təsdiq edilmiş surətindən görünür ki, “Hyundai İX 35” markalı, ** RC *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 11000 manat müəyyən edilmiş və 10.12.2014-cü il tarixli kassa məxaric orderindən göründüyü kimi ödənilmişdir. İş materiallarında olan icbari sığorta müaviləsinə dair məlumatdan görünür ki, “Hyundai İX 35” markalı, ** RC *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi İddiaçı Sığorta Şirkəti ASC tərəfindən sığortalanmışdır. İş materiallarına əlavə edilmiş AR DİN BDYPİ-nin 05.02.20-ci il tarixli məktubunun surətindən görünür ki, “KAMAZ 53229 Ş DƏ KO 427 03 YÜK” markalı, ** AM *** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh1 MMC-yə məxsusdur. İş materiallarına əlavə edilmiş 04.03.2015-ci il tarixli inzibati xəta haqqında protokolun surətindən görünür ki, Cavabdeh2 idarə etdiyi “KAMAZ 53229 Ş DƏ KO 427 03 YÜK” markalı, ** AM *** dövlət qeydiyyat nişanlı avtomobillə törətdiyi inzibati xətaya görə İXMnin 151.1-ci maddəsinə əsasən 40 manat cərimə edilmişdir. İş materiallarında olan 03.12.2014-cü il tarixli qüsur aktından görünür ki, “Hyundai İX 35” markalı, ** RC *** dövlət qeydiyyat nişanlı avtomobilə ümumilikdə 12820 manat məbləğində ziyan dəymişdir. Bazar qiyməti 16800 manat, hadisədən sonra avtomobilin qalıq dəyəri 5500 manat. İş materiallarına əlavə edilmiş 18-19 noyabr 2014-cü il tarixli yol vərəqindən görünür ki, “KAMAZ 53229 Ş DƏ KO 427 03 YÜK” markalı, ** AM *** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh1 MMC tərəfindən Cavabdeh2 Yasamal MKTB Balaxanı marşrutu üzrə verilmişdir. İş materiallarına əlavə edilmiş Cavabdeh1 MMC-yə və Cavabdeh2 ünvanlanmış 09.01.2020-ci il tarixli xəbərdarlıq məktublarından görünür ki, nəzərinizə çatdırırıq ki, zərər məbləğini qeyd edilən müddət (10 iş günü) ərzində şirkətimizə ödəməsəniz İddiaçı Sığorta Şirkəti ASC müvafiq iddia ərizəsi ilə Məhkəmə orqanlarına müraciət edəcəkdir və bununla bağlı bütün məhkəmə xərcləri Sizdən tutulacaqdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan 3-cü şəxsə qarşı malik olduğu hüquqlarından və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi ( iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığortaçı ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Qeyd olunan Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və ( və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Azərbaycan Respublikası Mülkü Məcəlləsinin: 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlik). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1099.1-ci maddəsinə əsasən, Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. 1099.2-ci maddəsinə əsasən, Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a istifadə edilməsi, tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər üçün yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1108.2-ci maddəsinə əsasən, yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. 1108.3-cü maddəsinə əsasən yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1-ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqress) hüququ vardır. Beləliklə, məhkəmədə müəyyən edilir ki, Cavabdeh2 19.112014-cü il tarixdə idarə etdiyi “Kamaz” markalı, ** AM *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, İnşaatçılar prospektində manevretmə qaydasını pozaraq x1 məxsus və İddiaçı Sığorta Şirkətində sığortalanmış “Hyundai İX 35" markalı, ** RC *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə sonuncuya maddi ziyan vurmuşdur. Cavabdeh2 idarə etdiyi “KAMAZ 53229 Ş DƏ KO 427 03 YÜK” markalı, ** AM *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi Cavabdeh1 MMC tərəfindən verilmiş yol vərəqəsi əsasında idarə edilmişdir. Hyundai İX 35" markalı, ** RC *** dövlət qeydiyyat nişanlı avtomobilin təmiri üçün tələb olunan pul vəsaiti (12820 manat) onun sığorta məbləğinin 75%-ni təşkil etdiyindən iddiaçı avtomobilin qalıqlarına olan hüquqlarından imtina etmiş və dəymiş zərərə görə cəmi 11000 manat sığorta ödənişi etmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı x7 Səhmdar Cəmiyyəti tərəfindən sığortalının avtomaşının təmiri üçün Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 936-cı maddəsinə əsasən vurulmuş zərərin əvəzi qismində 11000 AZN həcmində pulu geriyə tələb etmək (subroqasiya) hüququ yarandığından iddia qismən əsaslıdır və qismən təmin edilməli, Cavabdeh1 MMC-dən subroqasiya qaydasında 11000 manat məbləğində dəymiş ziyan tutularaq İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə ödənilməlidir. Məhkəmə digər cavabdehə münasibətdə iddia tələbini əsassız hesab edir. Belə ki, “KAMAZ 53229 Ş DƏ KO 427 03 YÜK” markalı, ** AM *** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh2 tərəfindən yol vərəqəsinə əsasən idarə edilmiş, qeyd olunan avtomobil Cavabdeh1 MMC-yə məxsus olmaqla, yol vərəqəsi onun tərəfindən Cavabdeh2 verilmiş, belə ki, cavabdehlər arasında işçi işəğötürən münasibətləri mövcud olmuşdur. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu cavabdeh alınaraq iddiaçıya ödənilməlidir. Qeyd olunanlara əsasən məhkəmə iddia tələbi qismən əsaslı hesab edir və Cavabdeh1 MMC-dən 11000 manat sığorta ödənişinin və 30,40 məbləğində dövlət rüsumunun, cəmi 11030,40 manat pulun İddiaçı Sığorta Şirkəti ASC-nin hesabına ödənilməsi qənaətinə gəlir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia qismən təmin edilsin. Cavabdeh1 MMC-dən dəymiş ziyanın əvəzində 11000 manat sığorta ödənişi məbləği və 30,40 manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar