Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1551/2023 15.11.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı mülki iş üzrə (açar sözlər: mənzilə dair istifadə hüquqlarının itirilməsi) Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “mənzilə dair istifadə hüquqlarının itirilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: I. İşin mahiyyəti: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “mənzilə dair istifadə hüquqlarının itirilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 (xx.xx.1970-ci il doğum tarixli), Cavabdeh2 (xx.xx.1975-ci il doğum tarixli), Cavabdeh3 (xx.xx.1995-ci il doğum tarixli), Cavabdeh4 (xx.xx.1998-ci il doğum tarixli), Bakı şəhəri, B/X28 14 nömrəli evə dair istifadə hüququnun itirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, B/Şor, Daş Karxanası ev 14 nömrəli mənzil xüsusi mülkiyyət hüququ əsasında iddiaçıya məxsusdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət reyestrindən ******* Seriya RX №-li Çıxarışa əsasən, Bakı şəhəri, B/Şor, Daş Karxanası ev 14 nömrəli mənzil tam şəkildə iddiaçının mülkiyyətinə verilmişdir. Cavabdeh1 artıq 10 ildən artıqdır ki, digər cavabdehlərlə birlikdə ona məxsus evdə yaşamırlar. Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №-li arayışdan da görünür ki, Cavabdeh1 (xx.xx.1970-ci il doğum tarixli), Cavabdeh2 (xx.xx.1975-ci İl doğum tarixli), Cavabdeh3 (xx.xx.1995-ci İİ doğum tarixli), Cavabdeh4 (xx.xx.1998-ci il doğum tarixli), ona məxsus Bakı şəhəri, B/X28 ev 14 nömrəli mənzildə qeydiyyatdadırlar. Lakin ona məxsus evden pasport qeydiyyatıdan çıxmırlar bu isə mülkiyyətçi kimi hüquqlarını pozur. Cavabdehlərin həmin mənzildə qeydiyyatı formal xarakter daşıyır. Belə ki, müvafiq sorğular göndərilmişdir. "xxxx" ASC-nin 16 fevral 2023-cü il tarixli № 13-13/2-1/16-944/2023 saylı cavab məktubuna əsasən məlum olmuşdur ki, Səhmdar cəmiyyətinin elektron bazasında Cavabdeh1 ünvan 1 ünvanında 24 noyabr 2005-ci il tarixdə **********3190Q nömrəli abunə kodu ilə qeydiyyata alınmışdır. Eləcə də "xxxx" ASC-nin 16 fevral 2023-cü il tarixli № 13-13/2-1/16-947/2023 saylı cavab məktubuna əsasən məlum olmuşdur ki, Səhmdar cəmiyyətinin elektron bazasında Cavabdeh4 ünvan 2 ünvanında (Göyçay şəhəri, M.Ə.Rəsulzadə küçəsi, ev 49, mənzil 2 a) 21 iyul 2020-ci il tarixdə **********1370 nömrəli abunə kodu ilə qeydiyyata alınmışdır. Eyni zamanda “Azəriqaz" İB-nin 07 fevral 2023-cü il tarixli 14-2-2-593/2023 saylı cavab məktubuna əsasən Cavabdeh1 (abonent kodu: **********00060, sayğac nömrəsi: **********130, ünvan: ünvan 4ısı kimi İB-nin abonentlərin uçot bazasında qeydiyyatdadır. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 “Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdehlər Cavabdeh1 (xx.xx.1970-ci il doğum tarixli), Cavabdeh2 (xx.xx.1975-ci il doğum tarixli) Bakı şəhəri, B/X28 14 nömrəli evə dair istifadə hüququnun itirilməsi, Cavabdeh3 (xx.xx.1995-ci il doğum tarixli), Cavabdeh4 (xx.xx.1998-ci il doğum tarixli) Bakı şəhəri, B/X28 14 nömrəli evə dair istifadə hüququnun olmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbinin dəqiqləşdirilməsi barədə yazılı ərizə təqdim edərək, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 iddiaçıya məxsus mənzildən istifadə hüquqlarının itirilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. II. Tərəflərin mövqeləri: Əvvəlki məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək bildirmişdir ki, mübahisəli əmlak mülkiyyət hüququ əsasında iddiaçıya məxsusdur. Cavabdehlər birinci məhkəmə prosesində 10 ildən artıq müddətdir ki, evdən məcburi surətdə çıxarıldıqlarını bildirmiş, lakin buna dair sübutları məhkəməyə təqdim etməmişlər. 10 ildən artıq müddət keçməsinə baxmayaraq köçürülmə tələbi ilə bağlı hər hansı iddia tələbi ilə məhkəməyə müraciət etməmişdirlər. Bununla yanaşı, əmlak vərəsəlik qaydasında keçərkən qarşı tərəf payından imtina etmişdir və onun mülkiyyət hüququ itirilmiş hesab olunur. Əvvəlki məhkəmə iclasında iştirak etmiş iddiaçı bildirmişdir ki, mübahisəli mənzilin mülkiyyətçisidir. 3 oğlu, 3 qızı var. Cavabdehlərlə bir yerdə yaşamışdırlar, daha sonra cavabdeh evin balaca və dar olduğunu, bu səbəbdən köçəcəklərini bildirmişdir. Cavabdehin pulu var idi, ev isə dar idi. 23 ildir ki onlar özlərinə ev almışdırlar. Hətta başqa bir yerdə də evləri var. Evdən özləri çıxıblar. Həmin vaxt “Vahid bank”a pul qoymuşdurlar ki, ev alsınlar. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh1 izahatında bildirmişdir ki, həmin evdə 1990-cı ildən qeydiyyatdadır. 10 ildən çoxdur ki, həmin evdən çıxmışdır. Əvvəl kirayədə yaşamış, lakin sonra başqa bir evə köçmüşdür. Həmin ev isə öz adına deyildir. Balaca bacısı ailə qurduqda anası ona bildirmişdir ki, evi onun adına imtina etsin. Hüquqi savadı olmadığı üçün imtinanın nə olduğunu bilməmişdir. Qardaşı da şahiddir ki, ona ancaq sənədi imzalamasını demişdirlər. Onlardan xahiş etmişdir ki, evdən çıxarsalar da, heç olmasa qeydiyyatda qalsın. Özü idman müəllimi vəzifəsində işləyir. Evdən məcbur şəkildə çıxarılmış, neçə illər kirayə mənzildə yaşamışdırlar. İki oğlan övladlarının ikisi də İİ qrup əlildir, özü isə Qarabağ veteranıdır. Hazırda qıraq bir yerdə Dərnəgül yolunda bir otaqlı evdə yaşayır, harada ki, heç kim yaşamaz. Ev sənədsiz evdir və şəxsən öz adına əmlakı yoxdur. Övladlarına görə dövlətdən dərmanlar alır. Qeydiyyatı olmadan yaşaya bilməz, harasa qeydiyyata düşməyi mütləqdir. Qeydiyyatdan çıxarılarsa, dərmanları ala bilməyəcək. Yaşadıqları ev sənədsiz olduğu üçün həmin evə qeydiyyata düşə bilmir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh2 bildirmişdir ki, qaynanası, yəni iddiaçı onları evdən qovmuşdur. Yoldaşının digər qardaşlarına əmlak vermiş, lakin yoldaşına heçnə verməmişdirlər. Onu və övladlarını çölə atmışdırlar. Bir oğlu ruhi xəstədir, digəri isə əlildir. 10 ildən çoxdur ki, iddiaçı həmin evdən onları qovmuşdur. Daha sonra 1 ay bacısıgildə yaşamışdır. Bundan sonra kirayə mənzilə çıxmışdırlar. Həmin ərəfədə pul yığıb, faizə borc götürərək hazırki qeydiyyatsız evi almışdırlar. Evin sənədi olmamışdır. Övladı ruhi xəstəlikdən əziyyət çəkdikdiyindən həmin evi satıb çıxmışdırlar. Maddi imkanları yoxdur və uşaqlara görə dərman alırlar. Bununla əlaqədar hər hansı mənzildə qeydiyyatda olmaqları mütləqdir. Əgər bunu təmin etsələr, iddia ilə razı olarlar. Hazırda “Ulduz” metrostansiyası ərazisində yaşayırlar. Həmin ev oğlunun adınadır və evə dair hər hansı sənəd yoxdur. Mənzildən nə zaman çıxarıldıqlarını isə tam dəqiq xatırlamır, bunun üstündən uzun müddət keçib. Bu zaman oğlu təxminən 5-ci sinifdə oxuyurdu. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdehin vəkili bildirmişdir ki, iddia qeydiyyatdan çıxarılma ilə bağlıdır. Tərəflər arasındakı nikah köhnə qanunverciliyin qüvvədə olduğu vaxt bağlanılıb. Cavabdeh2 həmin evə gəlin köçüb, qeydiyyata düşüb. Oradan çıxarılması ancaq kompensasiya yolu ilə mümkündür. Cavabdehlərin evi qeydiyyatsız evdir. Qeydiyyata düşmək mümkün deyildir. III. İşin faktiki halları: İş materiallarında olan: - Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyat idarəsindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Böyük Şor qəsəbəsi, Daş Karxanası küçəsindəki 3 otaqlı 14 saylı fərdi yaşayış evi X6 məxsusdur. Bu barədə 64 saylı reyestr kitabında 9624 səhifədə xx.xx.2004-cü il tarixdə qeydiyyat aparılmışdır. - AZ-İ seriyalı 691767 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X13 22 iyun 2014-cü il tarixdə Bakı şəhərində vəfat etmişdir. - X7, Cavabdeh1, X8, X1, X2, X18 tərəfindən notariat kontoruna ünvanlanmış xx.xx.2014-cü il tarixli ərizələrdən görünür ki, qeyd olunan şəxslər xx.xx.2014-cü ildə vəfat etmiş X3 miras qalmış əmlakı qəbul etmədiklərini, etmək istəmədiklərini, heç bir pay istəmədiklərini, adlarının vərəsəlik hüququ haqqında şəhadətnaməyə salınmasını istəmədiklərini bildirmiş, bununla bağlı gələcəkdə heç bir iddia və tələblərinin olmayacağını qeyd etmişlər. - Bakı şəhəri 9 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli Şəhadətnamədən görünür ki, xx.xx.2014-cü il tarixdə vəfat etmiş X4 vərəsəsi Bakı şəhəri, B/X28 ev 14 ünvanında qeydiyyatda olan arvadı - İddiaçıdır. Şəhadətnamə verilən miras əmlak Bakı şəhər, Nərimanov rayonu, B/X28 ev 14 ünvanında yerləşən 3 otaqlı yaşayış sahəsi 47 kv.m ümumi sahəsi 111 kv.m olan mərhum X6 məxsus olan fərdi yaşayış evindən ibarətdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyetsri Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* saylı çıxarışdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, B/X28 ev 14 ünvanında yerləşən mənzil xx.xx.2015-ci il tarixdən xüsusi mülkiyyət hüququ üzrə İddiaçı tam mülkiyyətindədir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli xx.xx.2022-ci il tarixli arayışından görünür ki, İddiaçı 20 iyun 2005-ci il tarixdən Bakı şəhəri, Nərimanov rayonu, B/X28 ev 14 ünvanında qeydiyyatdadır. Ünvanda qeydiyyatda olan digər şəxslər Cavabdeh4, Cavabdeh2, X7, X15, X16, X5, Cavabdeh3, Cavabdeh1, X9r. - Vİ-JQ № 398993 saylı nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh1 və X10 arasında 01 oktyabr 1994-cü il tarixdə nikah bağlanmışdır. - XİX-JQ 310970 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh3 xx xxxx 1995-ci ildə anadan olmuşdur. Onun atası Cavabdeh1, anası Cavabdeh2dır. - AZ-İ № 066537 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh4 xx xxxx 1998-ci ildə anadan olmuşdur. Onun atası Cavabdeh1, anası Cavabdeh2dır. - 101385 №-li vəsiqədən görünür ki, Cavabdeh3 ikinci qrup əlillik verilmişdir. - AR Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında DSMF Nərimanov rayon şöbəsi tərəfindən verilmiş 013097 saylı vəsiqədən görünür ki, Cavabdeh4 18 oktyabr 2018-ci il tarixdə müddətsiz ikinci qrup əlillik verilmişdir. - AR Daxili İşlər Nazirliyi tərəfindən verilmiş 025545 saylı vəsiqədən görünür ki, Cavabdeh1 xx.xx.2006-cı il tarixdə müharibə veteranları üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququ verən vəsiqə verilmişdir. - "xxxx" ASC-nin 16 fevral 2023-cü il tarixli № 13-13/2-1/16-944/2023 saylı məktubundan görünür ki, Səhmdar cəmiyyətinin elektron bazasında Cavabdeh1 ünvan 1 ünvanında 24 noyabr 2005-ci il tarixdə **********3190Q nömrəli abunə kodu ilə qeydiyyata alınmışdır. X11 abonent olaraq qeydiyyata alınmasına dair hər hansı bir məlumat aşkar edilməmişdir. - "xxxx" ASC-nin 16 fevral 2023-cü il tarixli № 13-13/2-1/16-947/2023 saylı məktubundan görünür ki, Səhmdar cəmiyyətinin elektron bazasında Cavabdeh4 ünvan 2 ünvanında (Göyçay şəhəri, M.Ə.Rəsulzadə küçəsi, ev 49, mənzil 2 a) 21 iyul 2020-ci il tarixdə **********1370 nömrəli abunə kodu ilə qeydiyyata alınmışdır. X11 abonent olaraq qeydiyyata alınmasına dair hər hansı bir məlumat aşkar edilməmişdir. - “Azəriqaz" İB-nin 07 fevral 2023-cü il tarixli 14-2-2-593/2023 saylı məktubundan görünür ki, Cavabdeh1 (abonent kodu: **********00060, sayğac nömrəsi: **********130, ünvan: ünvan 8ısı kimi İB-nin abonentlərin uçot bazasında qeydiyyatdadır. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Baş Polis İdarəsi Nərimanov Rayon Polis İdarəsi tərəfindən “Arbitrium” vəkil bürosuna ünvanlanmış xx.xx.2023-cü il tarixli 50/2-14517 saylı məktubdan görünür ki, Cavabdeh1 xx.xx.2010-cu il tarixdə, Cavabdeh2 xx.xx.2005-ci il tarixdə, Cavabdeh3 xx.xx.2012-ci il tarixdə və Cavabdeh4 xx.xx.2012-ci il tarixdə ünvan 10 ünvanına pasport qeydiyyatına alınmışlar. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Baş Polis İdarəsi Nərimanov Rayon Polis İdarəsi tərəfindən Nərimanov Rayon Məhkəməsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli 50/2-19379 saylı məktubdan görünür ki, Cavabdeh1 xx.xx.2005-ci il tarixdə, Cavabdeh2 xx.xx.2005-ci il tarixdə, Cavabdeh3 xx.xx.2012-ci il tarixdə və Cavabdeh4 xx.xx.2012-ci il tarixdə ünvan 10 ünvanına pasport qeydiyyatına alınmışlar. - "xxxx" MMC-nin Bakı şəhəri, Nərimanov rayonu Ağa Nemətulla və Təbriz küçələrinin kəsişməsində və yaxın ərazilərdə mənzil kirayəsinin qiymətləndirmə arayışından görünür ki, həmin ərazidə ortalama minimum iki otaq sayı nəzərə alınmaqla orta kirayə qiyməti 662 manat təşkil etmişdir. IV. Məhkəmə baxışının hədləri: Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. V. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə, tərəflərin və onların nümayəndə və vəkillərinin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olumuşdur ki, Bakı şəhəri, Nərimanov rayonu, B/X28 ev 14 ünvanında yerləşən mənzil qanun üzrə vərəsəlik şəhadətnaməsinə əsasən İddiaçı mülkiyyətindədir və iddiaçının qeyd olunan daşınmaz əmlaka dair mülkiyyət hüquqları xx.xx.2015-ci il tarixdən dövlət qeydiyyatına alınmışdır. Hazırda iddiaçı xüsusi mülkiyyətində olan mənzildə daimi qeydiyyatda olan Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 istifadə hüquqlarına xitam verilməsi ilə bağlı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesində ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallara onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşıb-uzlaşmamasına hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 228.5-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən də, “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.” Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” 4 aprel 1996-cı il Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 5-ci bəndinə əsasən şəxsin yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə o, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən qeydiyyatdan çıxarılır. xx.xx.2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin: 53-cü maddəsinə əsasən, icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. 54-cü maddəsinə əsasən, icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. 60-cı maddəsinə əsasən, icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanır. Şəxsin, müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi, kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Cavabdeh1 1994-cü il tarixdə Cavabdeh2 ilə nikaha daxil olmuş, həmin evə gəlin köçmüşdür. Onların 1995-ci il və 1998-ci ildə iki övladları anadan olmuşdur. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 xx.xx.2005-ci il tarixdən, Cavabdeh3 xx.xx.2012-ci il tarixdən, Cavabdeh4 xx.xx.2012-ci il tarixdən Bakı şəhəri, Nərimanov rayonu, B/X28 ev 14 ünvanında yerləşən mənzilə qeydiyyata alınmışdır. Onlar 2013-cü ildən mübahisəli mənzili daimi əsaslarla tərk etmişdir. Cavabdehlər hazırda Bakı şəhərində yaşayırlar. Bunu məhkəmə iclasında dindirilmiş iş üzrə tərəflərin izahatları və iş materialları təsdiq edir. Belə ki, Cavabdeh1 məhkəmə iclaslarında izahatında bildirmişdir ki, mübahisəli ünvanda 1990-cı ildən əvvəl qeydiyyata düşmüşdür. 10 ildən çoxdur ki, həmin evdən çıxmışdır. Onları anası məcburi olaraq evdən çıxarmışdır. Mənzili anasının adına imtina edərkən onlara bildirmişdir ki, mənzildən çıxarsalar da, heç olmasa qeydiyyatda qalsın. Bundan sonra ailəsi ilə birlikdə müxtəlif ünvanlarda kirayə qalmışdırlar. Hazırda yaşadıqları evin sənədi yoxdur. Ev oğlunun adınadır. Cavabdeh2 isə məhkəmə iclaslarında bildirmişdir ki, 10 ildən çoxdur ki, iddiaçı həmin evdən onları qovmuşdur. Bundan sonra kirayə mənzilə çıxmış, pul yığaraq və faizə borc götürərək ev almışdırlar. Daha sonra həmin evi satıb kirayə mənzilə köçmüşdürlər. Hazırda “Ulduz” metrostansiyası ərazisində yaşayırlar. Bu ev oğlunun adınadır və evə dair hər hansı sənəd yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Göründüyü kimi cavabdehlər 2013-cü il tarixdən etibarən mübahisəli mənzili daimi olaraq tərk etmiş və başqa ünvanda daimi yaşamağa başlamışdırlar. İddiaçı cavabdehlərin öz istəkləri ilə mənzildən çıxdıqlarını bildirmişdir. Cavabdehlər isə qeyd olunan mənzildən iddiaçı tərəfindən məcburi çıxarıldıqlarını bildirsələr də, bununla bağlı hər hansı bir sübut təqdim etməmiş, keçən uzun müddət ərzində mənzilə köçməyə cəhd etməmiş, bu barədə tələb (mənzilə köçürülmə və s.) irəli sürməmişdirlər. Məhkəmə araşdırması zamanı da cavabdehlərin belə bir tələbi olmamışdır. Hətta cavabdeh övladlarının dərmanı ilə əlaqədar olaraq mənzildə qeydiyyatda olmalarının mütləq olduğunu, əgər bu təmin edilərsə iddia ilə razı olacaqlarını bildirmişdir. Bununla yanaşı, iş materiallarından görünür ki, mübahisəli mənzil xx.xx.2014-cü il tarixdə vəfat etmiş iddiaçının həyat yoldaşı - Cavabdeh1 atası X4 mirası olmuşdur. Mərhumun vərəsələri, o cümlədən Cavabdeh1 notariat kontoruna ünvanlanmış xx.xx.2014-cü il tarixli ərizəsi ilə qeyd X3 miras qalmış əmlakı - Bakı şəhəri, Nərimanov rayonu, B/X28 ev 14 ünvanda yerləşən mənzili qəbul etmədiyini, qəbul etmək istəmədiyini, heç bir pay istəmədiyini, adının vərəsəlik hüququ haqqında şəhadətnaməyə salınmasını istəmədiyini bildirmiş, bununla bağlı gələcəkdə heç bir iddia və tələbinin olmayacağını qeyd etmişdir. Bununla da, mübahisəli mənzil qanun üzrə vərəsəlik şəhadətnaməsinə əsasən yalnız iddiaçının adına tam paylı mülkiyyət kimi qeydə alınmışdır. Bu halın özü də təsdiq edir ki, cavabdeh mənzili müvəqqəti deyil, daimi olaraq tərk etmiş, mənzillə əlaqəsi kəsildiyi üçün o, mənzildəki payından da anasının – iddiaçının xeyrinə imtina etmişdir. Qeyd olunan hallar isə cavabdehlərin iddiaçı tərəfindən məcburi şəkildə mənzilən çıxarılması halını əsaslı şübhə altına alır. Cavabdehlərin mübahisəli mənzilin iddiaçının mülkiyyətinə keçənədək uzun müddət mübahisəli mənzildə yaşamaması və yuxarıda qeyd olunan hallar onların özünə başqa daimi yaşayış yeri seçməsi qənaətinə gəlməyə imkan verir. Digər cavabdehlər isə anadan olandan öz valideynləri ilə birlikdə yaşamış, 2013-cü ildə onlarla birlikdə mənzildən çıxmışdırlar. Hazırda da valideynləri ilə birlikdə yaşayırlar. Cavabdehlərə kompensasiya verilmədən onların mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsinin yolverilməzliyi barədə cavabdehin nümayəndəsi və vəkilinin mövqeyi üzrə bildirilməlidir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli qərarında formalaşdırdığı mövqeyə görə, “Mülki Məcəllənin 228.5-ci maddəsində istifadə hüququnun mahiyyət etibarilə servitut olduğu nəzərə alınaraq qeyd olunmalıdır ki, bu hüququn kompensasiya odəmədən xitamı zamanı Mülki Məcəllənin "Servituta xitam verilməsi" adlanan 262-ci maddəsinin müddəalarının analogiya üzrə tətbiq edilməsi mümkün sayılmalıdır. Mülki Məcəllənin 262.2-ci maddəsinə əsasən, yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Burada nəzərə almaq lazımdır ki, Mülki Məcəllənin 262.2-ci maddəsinin mənasına görə, Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququnun həyata keçirilməməsi öz-özlüyündə (müstəqil olaraq) həmin hüququn xitamı üçün əsas deyil. Lakin uzun müddət ərzində və davamlı olaraq bu hüquqdan könüllü istifadə edilməməsi servitutun qoyulduğu əsasların aradan qalxdığı faktının müəyyən olunması üçün xüsusi əhəmiyyət daşıyır. Məsələnin belə həlli eyni zamanda Konstitusiyanın 29-cu maddəsində təsbit olunmuş mülkiyyət hüququnun əsassız məhdudlaşdırılmasının qarşısını alar. Belə ki, həmin hüququ məhdudlaşdıran hər bir tədbirin qanuni əsası olmalıdır. Buna müvafiq olaraq həmin əsasın aradan qalxdığına baxmayaraq, məhdudiyyətin həyata keçirilməsinin davam etdirilməsi mülkiyyət hüququnun pozulmasına səbəb olar. Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verərkən hər bir halda müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığını gözləyərək, konstitusiya hüquqlarının əsassız və həddindən artıq məhdudlaşdırılmasının qarşısını almalıdırlar. Buna görə də məhkəmələr tərəfindən bu mübahisələrə baxılarkən işin faktiki halları dəqiq müəyyənləşdirilməli və araşdırılmalı, o cümlədən yaşayış binasının tərkib hissəsindən istifadə hüququ həyata keçirilmədikdə, onun səbəbləri aydınlaşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli qərarından da göründüyü kimi, yaşayış sahəsindən istifadə hüququna kompensasiya verilməklə və ya kompensasiya verilmədən xitam verilməsinin əsaslarını müəyyən etmiş, kompensasiya verilməli olmasının və ya olmamasının əsası kimi də yaşayış sahəsinə ehtiyac amilinin müəyyən olunmalı olduğunu, bu tip mübahisələrə baxılarkən məhkəmələr tərəfindən işin faktiki hallarının, o cümlədən istifadə hüququnun həyata keçirilməməsinin səbəblərinin dəqiq və hərtərəfli araşdırılmalı və məhkəmə aktında əsaslandırılmalı olduğu xüsusi vurğulanmışdır. Cavabdehlər 10 ildən uzun müddətdir ki, mübahisəli mənzildə deyil digər ünvanlarda yaşayırlar. Eyni zamanda hazırki günədək mübahisəli mənzilə köçüb yaşamaqla bağlı hər hansı iddiaları olmamışdır. Hazırda da cavabdehlər mübahisəli fərdi yaşayış evində yaşamırlar. Məhkəmə araşdırması zamanı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 yaşayış sahəsinə ehtiyacları olduğunu bildirməmiş, Bakı şəhəri ərazisində yaşadıqlarını, həmin evin oğullarının adına olduğunu qeyd etməklə iddiaya etiraz etmə əsaslarını yalnız mənzildə qeydiyyatda olma zərurəti ilə əlaqələndirmişlər. Beləliklə cavabdehlərin mübahisəli mənzildə qeydiyyatda olsalar da, uzun müddət mübahisəli mənzildə deyil, digər yaşayış sahələrində yaşamaları, hazırda yaşayış sahəsinə ehtiyacları olması halının aradan qalxması iş materialları və tərəflərin izahatları ilə təsdiq olunur. Onların mənzildə qeydiyyatda olmaları iddiaçının öz mülkiyyətində olan evdən sərbəst şəkildə istifadəsinə maneə yaradır. Belə olan halda iddiaçının iddiası əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.20-ci maddəsinə əsasən, məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə hesab edir ki, iddia tələbi üzrə ödənilmiş dövlət rüsumu iddia tələbi üzrə iddiaçının rüsumun ödənilməsinə dair tələbi olmadığından onun özünə aid edilməlidir. Beləliklə məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 Bakı şəhəri, B/X28 14 nömrəli evə dair istifadə hüquqları itirilməlidir. VI. Nəticə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 Bakı şəhəri, B/X28 14 nömrəli evə dair istifadə hüquqları itirilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Səbinə Nuriyeva
Məhkəmə qərarları › İş №2(005)-1551/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1551/2023
15.11.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver