Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1558/2024 03.05.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi Məhkəmə iclas katibi Mayılzadə Gülzadə Çingiz qızının katibliyi, Cavabdeh1 nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh X8 və Cavabdeh1 qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh X7 və X5 qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X3 məxsus ünvan 1 ünvanında yerləşən 57 saylı, həmçinin həmin ünvanda yerləşən və X5 məxsus 60 saylı mənzillərdən axıdılan suyun nəticəsində yararsız hala düşmüş ünvan 1 ünvanında yerləşən 54 saylı mənzilin təmir işləri üçün tələb olunan 1000 manat məbləğində pulun, 500 manat mənəvi ziyanın, ona göstərilmiş hüquqi xidmətlə əlaqədar ödənilmiş 150 manat pulun, cəmi 1650 manat məbləğində vəsaitinin, habelə ödənilmiş 36.50 manat məbləğində dövlət rüsumunun cavabdehlerdən tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı ərizə ilə müraciət edərək, cavabdeh X5 qarşı şikayət və tələbi olmadığını bildirmiş, X4 cavabdehlərdən siyahısından çıxarılmasını xahiş etmişdir. Bundan başqa iddiaçı ərizə ilə müraciət edərək, iş üzrə cavabdehin əsl cavabdehlərlə əvəz edilməsini, yəni cavabdehlər X8 və Cavabdeh1 ilə əvəz edilməsini xahiş etmiş, X8 850 manat ödəniş etdiyini və ona qarşı tələbinin olmadığını bildirmişdir. Eyni zamanda iddia tələbini maddi ziyan hissəsində dəqiqləşdirərək, ekspert rəyinə uyğun olaraq, 1699 manat hesablanmasını və Cavabdeh1 849 manat pulun tutulmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən 54 saylı mənzil onun mülkiyyətindədir. Belə ki, mülkiyyət hüququmun qeydiyyata alınmasına dair ÖM № 042554 saylı qeydiyyat vəsiqəsi mövcuddur. Qeyd edilməlidir ki, ünvan 1 ünvanında yerləşən 57 və 60 saylı mənzillərdən su axıntısı nəticəsində ona məxsus 54 saylı mənzil yararsız hala düşmüş və nəticədə ona xeyli miqdarda maddi ziyan vurulmuşdur. Mənzilinin cari vəziyyəti ilə bağlı foto-şəkillər hazırkı iddia ərizəsinə əlavə edilir. Bununla yanaşı, 134 saylı MKİS-in mühəndisi S.Sadıqov və həmin qurumun işçiləri E.Mehdiyevin və Z.Fərəcovun iştirakı ilə 57-60 saylı mənzillərdən suyun onun mənzilinə axmasına dair xx.xx.2022-ci il tarixli akt tərtib edilmişdir. Mənzilə vurulmuş ziyanın aradan qaldarılmasına dair cavabdehlərə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, onlar tərəfindən heç bir hərəkət edilməmiş və qeyd olunan xoşagəlməz halın təkrarlanmasına yol verilmişdir. Cavabdehlər tərəfindən ona vurulmuş zərər 1000 manat məbləğində qiymətləndirilir. Cavabdehlərin davranışları ona böyük mənəvi sarsıntı və izdirab yaşamağına səbəb olmuşdur, onların əməli nəticəsində onun səhhətində ciddi mənfi dəyişikliklər baş vermişdir. Cavabdehlərin qanunsuz əməlləri nəticəsində ona dəymiş mənəvi ziyanı 500 manat məbləğində qiymətləndirir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi X7 iddia tələbini qismən qəbul etdiyini, 850 manat ödəməyə etiraz etmədiyini, lakin həmin məbləği hissə-hissə ödəyə biləcəyini bildirmişdir. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə mülki işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - 124 saylı MKİS əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli aktdan məlum olur ki, F.Yusifov küçəsi, ev 16, mənzil 54 ünvanında yaşayan İddiaçı tərəfindən MKİS-nə ərizə ilə müraciət edərək, ondan yuxarı mərtəbədə mənzil 57-60 ünvanında yaşayan sakinlər tərəfindən onun mənzilinə su axıdıldığını bildirmişdir. MKİS tərəfindən mənzilə texniki baxış keçirilmiş, baxış zamanı məlum olmuşdur ki, mənzil 54-ə aşağıdakı ziyan dəymişdir. Mənzilin tavanı, bəzəy işləri, divar kağızları zədələnmişdir. - 21 iyun 2022-ci il tarixli hüquqi yardımın göstərilməsi haqqında 193 nömrəli müqavilədən görünür ki, İddiaçı ilə Əhmədova Aysel arasında hüquqi yardımın göstərilməsi ilə bağlı müqavilə bağlanmışdır. - AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, ünvan 1, 57 saylı mənzil xx.xx.2019-cu il tarixdə X6 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. ünvan 1, 60 saylı mənzil xx.xx.2018-ci il tarixdə X4 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. - AR ƏMDK yanında DƏDRX tərəfindən verilən çıxarışın surətindən məlum olur ki, ünvan 1, 57 saylı mənzil Cavabdeh1 tam payda xüsusi mülkiyyətindədir. Bu barədə xx.xx.2023cü il tarixdə ********** nömrəli qeyd aparılmışdır. - Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2023-cü il tarixində vəfat etmiş X1 vərəsələri Cavabdeh2 Məhəməd qızı, Cavabdeh1dır və onların hər biri miras əmlakdan ½ irs almalıdır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/6424 nömrəli ekspert rəyindən görünür ki, ünvan 1 ünvanında yerləşən 54 mənzildə su sızma nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün görülməli bərpa işlərinin təqribi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 1699 manat məbləğində müəyyən olunur. Ödəniş qəbzindən görünür ki, İddiaçı tərəfindən 36,50 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1108.2-ci maddəsin əsasən, yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. 1115-ci maddəsinə görə isə, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Zərər vurmadan irəli gələn öhdəliklər zərərçəkmişin əmlak və şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində yaranır, mütləq xarakter daşıyır, zərər vuranın hesabına və yaxud qanunla üzərinə zərərin əvəzinin ödənilməsi vəzifəsi qoyulan başqa şəxslərin hesabına qeyd edilən hüquqların tam bərpa olunmasının təmin edilməsinə yönəlir. Mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur: 1) törədilmiş əməlin hüquqa zidd olması; 2) əməlin təqsirli olaraq törədilməsi; 3) törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması; 4) zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması. Beləliklə, mülki qanunvericiliyin normalarını pozan əməli təqsirli olaraq törətmiş şəxs həmin hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyəti daşıyır. Lakin istər mülki hüquq nəzəriyyəsində, istərsə də qanunvericilikdə bəzi hallar üçün təqsirsiz olaraq da mülki hüquq məsuliyyətinin yaranmasının mümkünlüyü qəbul edilmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 18 aprel 2022-ci il tarixli Qərarı). Qeyd olunanlar baxımından deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbi məhz sadalanan dispozisiya şərtlərinin mövcudluğu halında təmin olunmalıdır. Hazırkı mülki iş üzrə zərərin baş verməsi, yəni iddiaçının evinə suyun axıdılması nəticəsində ona zərər dəyməsi, suyun cavabdehə məxsus mənzildən axıdılması iş üzrə tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir. Belə ki, iddiaçının evinə su sızmasının məhz cavabdehin təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verdiyi qənaətinə iş materiallarına əlavə edilmiş aktlara və ekspert rəyinə əsasən gəlmək mümkündür və iddiaçının maddi ziyanın ödənilməsi tələbi üzrə irəli sürdüyü hallar müvafiq tələbin qanuni əsasının dispozitiv şərtləri ilə uzlaşmaqdadır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbinin hüquqi əsası, yəni mülki qanunvericiliyin mülki hüquq pozuntusu nəticəsində dəymiş ziyanın ödənilməsinə dair müddəalarının dispozisiya şərtlərinin mövcudluğu sübuta yetirildiyindən iş materialları əsas götürülməklə iddia qismən təmin edilməlidir. İş materiallarından olan qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2023-cü il tarixində vəfat etmiş X1 vərəsələri Cavabdeh2 Məhəməd qızı, Cavabdeh1dır. X8 öz üzərinə düşən öhdəliyi icra etdiyindən, iddiaçıya dəymiş ziyanı qarşılamaq Cavabdeh1 üzərinə düşür. Belə ki, Cavabdeh1 məxsus mənzildən cavabdehin səhlənkarlığına görə İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən 54 saylı mənzili su basmış, nəticədə sonuncunun əmlakına maddi ziyan dəymişdir. İddiaçı əmlakına dəymiş ziyanın əvəzini cavabdehlərdən tələb etsə də, cavabdeh X8 öz üzərinə düşən öhdəliyi yerinə yetirərək, 850 manat ödəniş etmiş, digər Cavabdeh1 isə dəymiş ziyanın əvəzini ödəməkdən yayınmışdır. Məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Hazırki işdə olan ekspert rəyinin qeyri-mötəbər olması ilə bağlı hər hansı əsas iş materiallarında mövcud deyildir. Nəzərə alınmalıdır ki, mülki məhkəmə icraatının prinsiplərinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçıya vurulmuş maddi ziyanın həcmi ilə bağlı məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 21.1 və 21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi xx.xx.2023-cü il tarixli, 10/6424 nömrəli ekspert rəyində zərərin həcmi 1699 manat müəyyən edildiyi qeyd edilmişdir. Məhkəmə ekspert rəyini qanunvericiliyə zidd verildiyini göstərən heç bir hal müəyyən etmədiyindən, həmin məbləğin ağlabatan olduğunu, bu halı təkzib edən hər hansı bir sübutun mövcud olmadığını nəzərə alaraq hesab edir ki, vurulmuş zərərin əvəzi olaraq ekspert rəyində göstərilmiş məbləğ əsas götürülməklə cavabdeh X8 tərəfindən ödənilən 850 manat məbləğində pul və cavabdehin nümayəndəsinin iddia tələbini maddi ziyan hissəsində etiraf etməsi nəzərə alınmalı, qalan 849 manat pul Cavabdeh1 tutularaq iddiaçıya ödənilməlidir. İddiaçının mənəvi ziyana görə 500 manat məbləğində pulun ödənilməsi tələbi ilə bağlı aşağıdakılar qeyd olunmalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2002-ci il tarixli Qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” 24 aprel 2020-ci il tarixli Qərarında əks olunmuş hüquqi mövqeyə uyğun olaraq, mənəvi təzminat hüquqa zidd əməl ilə zərərçəkənin mənəvi və ya fiziki bütövlüyünə edilən təcavüz nəticəsində meydana gələn ağrı və iztirabın, mənəvi sarsıntının unudulması, yaşama sevinci və arzusunun təkrar qazanılması, pozulan mənəvi tarazlığın yenidən bərpa edilməsi üçün bərabərləşdirmə vasitəsidir. Mənəvi zərərə görə ödənilən təzminat şəxsin keçirdiyi sarsıntı və iztirabın müəyyən dərəcədə yumşaldılmasına, pozulan mənəvi tarazlığın bərpa edilməsinə yönəlmiş olur. Bundan əlavə, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarının 10-cu bəndinə əsasən, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Həmçinin İnsan hüquqları üzrə Avropa Məhkəməsinin mənəvi ziyanın məbləği ilə bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın məbləğinin müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm zərərçəkən şəxsin şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahatlıq, məyusluq hissələrini, stressləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi “Koinq Almaniyaya qarşı” işdə ərizəçiyə “mənəvi narahatlıq yetirilməsinə”, “Artiko İtaliyaya qarşı” işdə “tənhalıq və kimsəsizlik hisslərinə”, “Younq, Camesə qarşı” işdə “alçaldıcı və təhqiredici hərəkətlərə” görə mənəvi zərər ödənilməsi qərarına gəlmişdir. Göründüyü kimi, mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən edilir (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2002-ci il 31 may tarixli Qərarı). Beləliklə, məhkəmə mənəvi zərərin ödənilməsi ilə bağlı qeyd edir ki, iddiaçı ona mənəvi zərərin dəyməsi ilə bağlı müvafiq sübutları məhkməyə təqdim etməmişdir. İddiaçıya dəymiş mənəvi zərərin nədən ibarət olması müəyyən edilmədiyindən iddia bu hissədə təmin edilə bilməz. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Dövlət rüsumunun ödənilməsi barədə qəbz əsasında müəyyən edilmişdir ki, iddiaçı iddia ərizəsinin verilməsinə görə 36,50 manat məbləğində pul ödəmişdir. İddiaçının tələbinin qismən təmin edildiyindən çəkilmiş məhkəmə xərci də həmin nisbətdə tərəflərə aid edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 tərəfindən iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən 54 saylı mənzilə dəymiş maddi zərərin əvəzi olaraq 849 manat məbləğində pul və 19 manat dövlət rüsumu Cavabdeh1 alınaraq iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iddiaçının hüquqi yardım üçün ödənilmiş 150 manat pulun tələb edilməsi ilə bağlı qeyd edir ki, AR MPM-nin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İddiaçı tərəfindən Hüquqi yardımın göstərilməsi haqqında 21 iyun 2022-ci il tarixli, 193 saylı müqavilə təqdim edilsə də, 150 manat pul məbləğinin həqiqətən iddiaçı tərəfindən ödənilməsi barədə hər hansı qəbz təqdim edilməmişdir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, iddiaçının hüquqi yardımla bağlı çəkdiyi xərcləri cavabdehdən tutula bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinın 115-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 tərəfindən İddiaçı məxsus ünvan 1, 54 saylı mənzilə dəymiş maddi zərərin əvəzi olaraq 849 manat məbləğində pul və 19 manat dövlət rüsumu Cavabdeh1 alınaraq İddiaçı xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə
Məhkəmə qərarları › İş №2(005)-1558/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1558/2024
03.05.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver