Məhkəmə qərarları › İş №2(005)-1565/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1565/2021

22.04.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1565/2021 22.04.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Əmirxanova Kəmalə Fərman qızının sədrliyi ilə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2, Cavabdeh nümayəndəsi və vəkili Vəkil, müstəqil tələb irəli sürməyən üçüncü şəxs “xxxx” ASC-nin nümayəndəsi Guseinov Gasanın iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər “xxxx” MMC və “xxxx” ASC cəlb edilməklə pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər “xxxx” MMC və “xxxx” ASC cəlb edilməklə pul tələbinə dair iddia iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı2 10.000 manat, əldən çıxmış fayda 1.000 manat, maddi və mənəvi ziyana görə 5.000 manat və İddiaçı1 8.500 manat, əldən çıxmış fayda 850 manat, maddi və mənəvi ziyana görə 5.000 manat alınaraq bizə qaytarılması barədə qətnamə qəbul etməyinizi xahiş etmişdir. İddiaçılar iddia tələblərini onunla əsaslandırmışdır ki, onlar bir məhəllədə bir böyümüş olduqları Cavabdeh (15 avqust 1993-cü il təvəllüdlü, ünvan 1 ünvanında qeydiyyatda olan Ş/V:AA******* FİN: xxxxxxx) onlara 2018-ci ilin yanvar ayında iş birliyi qurmaq təklif etmişdir. Qeyd etmişdir ki, müəyyən sahəyə yəni "xxxx” MMC-dən maşınlar əldə edərək onları taksi fəaliyyəti ilə məşğul olmaq üçün müxtəlif şəxslərə verərək onlardan qazanc əldə etmək olar, iddiaçılar ona inanaraq iş birliyi qurmaq şərti ilə öz mülkləri olan maşınları sataraq İddiaçı2 10.000 AZN manat, İddiaçı1 isə 8.500 manat sonuncuya pul vermişlər. İş birliyinin nəticəsi uzun müddət sürməmiş və onlara bir iki ay pul vermiş, lakin sonradan işin pisləşdiyi qeyd edərək qazancın olmadığını bildirmişdir. Onlar bunun nəticəsində pulu geri tələb edərək iş birliyinə son qoymasını tələb etmişlər. Sonuncu ona vaxt verilməsini xahiş etmiş, xahişini nəzərə alıb ailəsini, atasını və qardaşını yaxşı tanıdıqları üçün ona vaxt vermişlər, lakin vaxt keçdikcə pullarını geri qaytarmamışdır. Bundan sonra məhəllədə icarəyə götürdüyü ofisə gedərək pullarının geri qaytarılmasını tələb etdmiş, yenə də onlara pulun qaytarılması barədə vəd vermiş və vaxt istəmişdir. Onlar buna inanaraq gözləmişlər, lakin yenə bir müddət keçdikdən sonra məlum olmuşdur ki, cavabdeh ofisi təhvil vermiş və oranı tərk etmiş, onların telefon zənglərinə cavab verməyərək qaçıb gizlənmişdir. Atası Arzu olan şəxslə dəfələrlə zəng edərək pullarının qaytarılmasını tələb etsələr də, onu aldadaraq qaytarılmasına vəd versə də, sonradan telefon zənglərinə cavab verməmişdir. Qardaşı olan Fərid adlı şəxsə də zəng edərək atası Arzu və qardaşı Cavidə onunla əlaqə saxlanmasını xahiş etsə də, heç bir nəticə olmamışdır. Eyni zamanda Cavidin bu kimi cinayət epizodları çoxdur, başqa şəxslərdən pulun alınması və mənimsənilməsi halları artiq adi hala çevrilib və cəzasız qaldığına görə belə hallar tərkrarlanır. Qeyd olunmalıdır ki, tərəflərindən Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Bölməsinə şikayət edilsə belə bölmə işçiləri tərəfindən heç bir tədbir görülməmiş və materiallar Bakı şəhəri Nərimanov Polis idarəsinin İstintaq şöbəsinə göndərilmiş və orda da heç bir nəticə əldə edilməmiş və cinayət işinin başlanması rədd edilməsi barədə qərar 04 iyul 2019-cu il ta'ixdə qəbul edilmiş, göndərilmə məktubun tarixi 18 sentyabr 2019-cu il tarix qeyd edilmiş və məktub 12 oktyabr 2019-cu il tarixdə poçt vasitəsi ilə təqdim edilmişdir. Onlar bundan sonra qəbul edilmiş qərardan Bakı şəhəri Nərimanov Rayon Prokurorluğuna şikayət etmişdir. Bakı şəhəri Nərimanov Rayon Prokurorluğu 04 iyul 2019- cu il tarixdə qəbul edilmiş qərarları ləğv edərək əlavə araşdırmanın aparılması üçün Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin istintaq şöbəsinə göndərilmişdir, lakin yenə də bir nəticə əldə etməyərək onlar Bakı şəhəri Nərimanov Rayon Polis idarəsinin istintaq şöbəsinin müstəntiqi Rəşad Həsənov barəsində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etmişdir.Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi 6(005)-69/2020 saylı 04 avqust 2020-ci il tarixli qərarı ilə 29 dekabr 2019-cu il tarixli qərar qanunsuz hesab edilərək ləğv edilmişdir. Göndəriləndən sonra bu günədək müstəntiq Rəşad Həsənov heç bir araşdırma heç bir istintaq və ya axtarış tədbirləri görməmişdir. Onlar bundan başqa Bakı şəhəri Baş Polis İdarəsinə və Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə də şikayətlər etmişlər. Bu İdarələr də onarın şikayətinə baxmamış və araşdırmanın aparılması üçün Bakı şəhəri Nərimanov Rayon Polis idarəsinin İstintaq şöbəsinə göndərİmişdir. Əlavə olaraq bildirilmişdir ki, Cavabdeh barəsində Bakı şəhər Baş Polis İdarəsi və Bakı şəhər Səbail Rayon Polis İdarəsində müvafiq şikayətlər mövcutdur. Həmçinin həmin şəxs barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər olan "xxxx” MMC və “xxxx” ASC sonuncu barəsində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində iddia qaldırmışlar. Hesab edirlər ki, bu müddət ərzində onlara cavabdeh tərəfindən maddi və mənəvi ziyan vurulmuşdur. Bundan başqa iş birliyi qurmaq uçun yatırılan pulun əldən çixmış faydası (5 faiz bank uçot dərəcəsi) da qeyd edilməlidir, çünki yatıran pulun qazancı bu günə kimi olmamış və onlara ziyan dəymişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 məhkəmə iclasında ayrı-ayrılıqda iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdilər. Cavabdeh nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbinin əsassız olduğunu bildirərək iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs xxxx” ASC-nin nümayəndəsi Guseinov Gasan məhkəmə iclasında cavabdehin təmsil etdiyi şirkətlə bir neçə lizinq muqavilələrin bağlandığını və hal-hazırda ödənişlərin gecikdidiyini bildirdi. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs “xxxx”MMC -ə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasının gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə müstəqil tələb irəli sürməyən üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia əsassızdır və təmin edilməməlidir. Məhkəmə iclasında X2 şahid qismində ifadə verərək bildirdi ki, iddiaçılardan eşitdiyinə görə, onlar avtomobillərini sataraq pulunu cavabdehə vermişlər ki, o, maşınları icarəyə versin və icarədən hər ay onlara qazanç versin. Pulun verilməsini şəxsən görməmişdir. İş materiallarında olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin №6 (005)- 69/2020 saylı, 04.08.2020-ci il tarixli qərarından görünür ki, Nərimanov rayon Polis İdarəsinin istintaq şöbəsinin müstəntiqi, polis kapitanı X3 cinayət işinin başlanmasının rədd edilməsi haqqında 29 dekabr 2019-cu il tarixli qərarından İddiaçı2 və İddiaçı1 tərəfindən məhkəmə nəzarəti qaydasında verilmiş İddiaçı2 və İddiaçı1 şikayəti təmin edilmiş, Bakı şəhəri Nərimanov rayon Polis idarəsinin İstintaq şöbəsinin müstəntiqinin cinayət işinin başlanmasının rədd edilməsi haqqında 29 dekabr 2019-cu il tarixli qərarı qanunsuz hesab edilərək ləğv edilmiş, İddiaçı2 və İddiaçı1 şikayətində göstərdiyi xüsusatlarla bağlı əlavə araşdırma aparılması, qərarın icrasına nəzarət ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora tapşırılması qərara alınmışdır. İş materiallarında olan Nərimanov RPİ-nin 04 iyul 2019-cu il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Cavabdeh əməlində cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan Nərimanov Rayon Prokurorluğunun 26 oktyabr 2019-cu il tarixli qərardan görünür ki, İddiaçı1 Tofiq oğlunun ərizəsi əsasında Nərimanov RPl-nin istintaq şöbəsində toplanmış 698 saylı material üzrə müstəntiq Rəşad Həsənovun cinayət işinin başlanmasının rədd edilməsi barədə 16 mart 2019-cu il tarixli qərarı əsassız olduğundan ləğv edilmişdir. İş materiallarında olan Nərimanov Rayon Prokurorluğunun 26 oktyabr 2019-cu il tarixli qərarında görünür ki, İddiaçı2 ərizəsi əsasında Nərimanov RPl-nin istintaq şöbəsində toplanmış 697 saylı material üzrə müstəntiq Rəşad Həsənovun cinayət işinin başlanmasının rədd edilməsi barədə 04 iyul 2019-cu il tarixli qərarı əsassız olduğundan ləğv edilməlidir. İş materiallarında olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 18.11.2020-ci il tarixli qətnaməsindən görünür ki,”xxxx” MMC ilə Cavabdeh arasında 14 noyabr 2019-cu il tarixldə bağlanmış CAR-219 saylı daxili lizinq müqaviləsi ləğv edilmiş, Cavabdeh 14 noyabr 2019-cu il tarixli CAR-2019 saylı daxili lizinq müqaviləsinə əsasən lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 15 noyabr 2020-ci il tarixə 3406,22 manat gecikdirilmiş əsas borc, 11496 manat gecikdirilmiş faiz borcu və həmin günə hesablanmış 118 manat cərimə borcu, lizinq obyekti olan “Daewoo Gentra” markalı, **-AV-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpası üçün 2090 manat məbləğində pul vəsaiti olmaqla, ümumilikdə 6759,18 manat pul vəsaitinin və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun iddiaçı “xxxx”MMC-nin xeyrinə tutulması qət edilmişdir. Məhkəmə iddia ərizəsi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. İnsan hüquqlarının və X1 haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması təsbit edilmişdir. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 217.1 və 217.3-cü maddələri). İddia tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxslər “xxxx”MMC və “xxxx” ASC cəlb edilməklə pul tələbinə dair iddiası təmin edilməməlidir. Məhkəmə hesab edir ki, iddiaçılar irəli sürdüyü maddi ziyanın ödənilməsi barədə tələbləri əsaslandıra bilmədilər. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, maddi ziyanın ödənilməsi barədə iddia tələbləri təmin edilməməlidir. Məhkəmə tərəflərin mənəvi ziyan tələbləri ilə bağlı qeyd edir ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03.11.2008-ci il tarixli Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Plenumum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Plenum eyni zamanda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair 31 may 2002-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Məhkəmə hesab edir ki, hazırki işdə iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh hərəkətləri nəticəsində hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulmasını, eləcə də həmin pozuntu nəticəsində mənəvi sarsıntı və iztirab keçirmələrini təsdiq edə biləcək sübutlarını məhkəməyə təqdim etmədiyindən 5000 manat mənəvi ziyana görə pulun cavabdehdən alınaraq iddiaçılara ödənilməsinə dair iddia tələbi əsassızdır və təmin edilməməlidir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə hesab edir ki, iddia rədd edildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən iddia qaldılması üçün ödənilmiş 30 manat dövlət rüsumu iddiaçılara aid edilməlidir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxslər “xxxx” MMC və “xxxx” ASC cəlb edilməklə pul tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar